Məhkəmə qərarları › İş №1(005)-244/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-244/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-244/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Presedent» Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Nərimanov rayonu, İ.Abışov küçəsi PMK 16-da məskunlaşan, xx.xx.2023-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanında yerləşən qapı-pəncərə sexinin həyətinə giriş qapısının üzərində olan asma qıfılı sındırma yolu ilə qanunsuz daxil olaraq həyətdən Zərərçəkmiş şəxs məxsus, 01 ədəd 2001-ci il buraxılışlı, «BMW» markalı, 320 modelli avtomobilə aid 2000 mm3 həcimli motoru gizli yolla talayıb zərərçəkmiş şəxsə 1800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən qapı-pəncərə sexinin qarşısından keçərkən sexin həyətində avtomobil motoru olduğunu görmüş, bundan sonra gecə gəlib həmin motoru oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində metal yığdığı əl arabasını da götürüb həmin sexin qarşısına gəlmiş, sexin həyətinin giriş qapısının üzərində olan asma qıfılı özü ilə gətirdiyi çəkiclə sındırmış və sexin həyətinə daxil olmuşdur. Daha sonra həmin motoru dartaraq əl arabasının üzərinə qoymuş və arabanı sürüb yaşadığı həyətə gətirmiş, sabahı gün həmin motoru satmaq üçün sındıraraq hissələrə ayırmış, bu vaxt onunla eyni həyətdə yaşayan əmisi oğlu Razim gəlmiş və motoru haradan aldığını soruşmuş, o, da Razimə motoru tapdığını demiş və motoru yaxınlıqda olan metal qəbulu məntəqəsinə aparmasına köməklik etməsini xahiş etmişdir. Çünki, əlil olduğu üçün motoru arabaya qoymağa çətinlik çəkmişdir. Razim də etiraz etməyərək ona köməklik etmiş və birlikdə həmin motoru evlərinin yaxınlığında yerləşən, Pənah adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə gətirmişdir. Pənah motoru haradan əldə etdiyini soruşmuş, o da tapdığını, oğurluq olmadığını bildirmişdir. Pənah hissələrə bölünmüş motoru cəmi 120 manat pul verə biləcəyini demiş, o da razılaşmış və ondan 120 manat pulu götürüb evə getmişdir. Növbəti gün Pənah həmin motoru onun həyətinə gətirərək polis əməkdaşları tərəfindən ona zəng olunduğunu və həmin motorun oğurluq olmasını öyrəndiyini demişdir. O, da Pənahdan aldığı 120 manatı ona geri qaytarmış, 24 yanvar 2023-cü il tarixdə polis əməkdaşları gəlib onu bölməyə dəvət etmişlər. Oğurluq etdiyini səmimi etiraf etmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2021-ci ilin mart-aprel ayına kimi "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən sexdə fəaliyyət göstərdiyini, həmin ərəfədə dostu Yahya Səlimovun adına olan, faktiki olaraq ona məxsus olmuş **-FE-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, 2.000 mm3 ölçülü motoru olan BMW markalı avtomobilinin olduğunu, təxminən 2021-ci ilin əvvəllərində avtomobilin üzərində olan həmin motoru dəyişərək yerinə 2.500 mm3 ölçülü turbo motor qoyduğunu, avtomobilin üzərində olan 2.000 mm3 ölçülü motoru isə çıxarıb həmin vaxt işlədiyi Nərimanov rayonu, İ.Abışov küçəsi 16 ünvanında yerləşən sexin həyətində saxladığını bildirmişdir. Sonradan "xxxx" MMC-nin Binəqədi qəsəbəsində daha böyük emalatxana icarəyə götürərək oraya köçdüyünü, lakin, həmin emalatxananı icrayə götürən Sədi adlı şəxsdən motorun orada saxlaması üçün icazə alaraq orada salamışdır. xx.xx.2023-cü il tarixdə qeyd olunan sexin icarədarı olan Sədi adlı şəxsin ona zəng edərək motorun oğurlanması barədə məlumat verdiyini, həmin motorun oğurlanması nəticəsində ona 1800 manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o təqsirləndirilən şəxslə barışmış və ona dəymiş maddi ziyan tam çəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Babayev X8 rayonu, İ.Abışov küçəsi 16 ünvanında yerləşən 150 m2 sahəsi olan qeyri-yaşayış sahəsini 21 iyul 2021-ci ildən etibarən icarəyə götürüb şüşə sexi kimi işlədtdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs də həmin vaxtdan etibarən tanıyır. Belə ki, Sübhan ondan əvvəl həmin sexdə çalışmış, sexi təhvil verib çıxdıqdan sonra isə sexin həyətində onun bir ədəd avtomobil motoru qalmış, həmin vaxt Sübhan motorun müvəqqəti olaraq orada qalmasını xahiş etmiş və uyğun vaxtda gəlib götürəcəyini bildirmişdir. O, da Sübhana razılıq vermiş, motoru sexin həyətində sanitar qovşağın qarşısına qoymuşdur. O vaxtdan Sübhan gəlib motoru götürməmiş və elə qoyduğu yerdə də qalmışdır. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində sexi bağlayıb evə getmiş, sexdən çıxanda həmin sexin giriş qapısını, həm də sexin həyətinin giriş qapısını qıfılla bağlamış, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə bazar günü olduğundan işləməmiş, buna görə də sexə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində işə gələndə sexin həyətinə giriş qapısının qıfılının sındırıldığını görmüş, həmin vaxt oğurluq olduğundan şübhələnmiş, həyətə daxil olduqda isə sexin giriş qapısının bağlı olduğunu görmüşdür. Lakin, sexin həyətində olan Sübhana məxsus motorun orada olmadığını, motorun oğurlandığını aşkar etmişdir. Buna görə də dərhal Sübhana zəng edib bu barədə məlumat vermiş, Sübhan da ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ərizə yazmış, daha sonra motoru oğurlayan şəxsin müəyyən edilərək saxlanıldığını və motorun da tapıldığını eşitmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə şahid olan Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi iclas zalında elan edilmişdir. O, bildirmişdir ki, təxminən 12 ildir ki, metal alqı-satqısı ilə məşğul olur, Nərimanov rayonu, İ.Abışov küçəsi 16 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürüb orada metal qəbulu ilə məşğul olur, Fərid və Razim adlı şəxsləri təxminən 5-6 ildir ki, tanıyır. Belə ki, onlar işlədiyi yerlə qonşuluqda yaşayırlar və qohumdurlar, daha doğrusu Razimlə Fərid əmi uşaqlarıdır, onlarla aralarında heç bir qərəzli münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Fərid əmisi oğlu Razimlə birlikdə onun iş yerinə gəlmiş, əl arabasında sınmış, hissələrə bölünmüş vəziyyətdə olan avtomobil matoru gətirmiş, metal qəbul edərkən hər kəsdən soruşduğu kimi Fəriddən də həmin motorun oğurluq olub-olmadığını soruşmuş, Fərid isə motorun oğurluq olmadığını demişdir. Motorun materialı “DurAlminium” olduğu üçün söhbət zamanı o, həmin materialın 1 kiloqramını 2 manat 20 qəpiyə ala biləcəyimi demiş, daha sonra motoru tərəzidə çəkərək ümumi çəkisinin 54 kq olduğunu müəyyən etmiş və Fəridə ümumilikdə 120 manat pul verib həmin motoru almışdır. Sabahı gün, yəni xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-dən ona zəng olunaraq avtomobil motoru alıb-almadığını soruşmuşlar, o da qonşuluqda yaşayan Fərid adlı şəxsin bir gün əvvəl ona sınmış vəziyyətdə olan avtomobil motoru satdığını demiş, həmin vaxt ona həmin motorun oğurluq yolu ilə əldə edilməsi məlum olmuş, Fəridin telefonu olmadığı üçün o, dərhal Razimə zəng edib bu barədə məlumat vermiş, Razim isə motorun oğurluq olmasından məlumatsız olduğunu bildirmiş, daha sonra o, həmin motoru arabada Fəridgilin həyətinə gətirib ona geri qaytarmış və Fəriddən 120 manat pulunu geri almışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə şahid olan X1 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclas zalında elan edilmişdir. Onun ifadəsi təqsirləndirilən Təqsirləndirilən şəxs ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, oğurluq hadisə Nərimanov rayonu, İ.Abışov küçəsi 16 ünvanında yerləşən qapı-pəncərə sexində baş vermişdir. Məhkəmədə tədqiq edilən “İfadənin yerində yoxlanılması” haqqında 24 yanvar 2023cü il tarixli protokoldan və foto cədvəllərdən, həmçinin DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov rayonu, İ.Abışov küçəsi 16 ünvanında yerləşən qapı pənəcərə sexinin giriş qapısını özü ilə gətirdiyi çəkic ilə sındıraraq içəridə olan “BMW” markalı avtomobilə məxsus motoru oğurlamışdır. Məhkəmədə tədqiq edilən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin” məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 mart 2023-cü il tarixli, 9/1444 saylı ekspertiza rəyinə əsasən ekspertizaya təqdim edilən 01 ədəd 2001-ci il buraxışlı, BMW 320 markalı (46 kuza) markalı avtomobilə məxsus 2000 mm³ həcmli işlək vəziyyətdə olan mühərrikin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü il yanvar ayına orta bazar qiyməti təxminən 1500,0 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Qaraoğlan oğlunun istintaqa verdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 mart 2023-cü il tarixli, 9/1444 saylı ekspertiza rəyi ilə razılamamış və ona dəymiş olan maddi ziyanın 8500 manat məbləğində olması ilə bağlı məlumat vermişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən İİİ qrup əlilə verilən 110 manat məbləğində sosial müabinət ödənişi təyin edilmişdir. Məhkəmədə tədqiq edilən “Maddi sübut kimi tanınma” haqqında 25 mart 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd 2001-ci il buraxışlı, BMW 320 markalı (46 kuza) markalı avtomobilə məxsus 2000 mm³ həcmli motor sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bundan əlavə oğurluq görüntülərini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin01 ədəd 2001-ci il buraxışlı, BMW 320 markalı (46 kuza) markalı avtomobilə məxsus 2000 mm³ həcmli moturun qiyməti 1800 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət törətməkdə şühbəli olan şəxsin tutulması” haqqında 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2023-cü il tarixində qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Resoublikası DİN BƏSSİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxsin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş olan 1800 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş ilə barışmasını, törətmiş olduğu cinayət əməli nəticəsində ona dəymiş ziyanı tam şəkildə ödəməsini, üçüncü qrup sağlamlıq imkanı məhdud şəxs olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, 01 ədəd 2001-ci il buraxışlı, BMW 320 markalı (46 kuza) markalı avtomobilə məxsus 2000 mm³ həcmli motorun Zərərçəkmiş şəxs təhvil verilməsi, həmçinin Təqsirləndirilən şəxs törədilmiş oğurluq cinayət əməli nəticəsində zərəçəkmiş şəxs dəymiş ümumilikdə 1800 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən verilməsi nəzərə alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (24-26 yanvar 2023-cü il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 01 ədəd 2001-ci il buraxışlı, BMW 320 markalı (46 kuza) markalı avtomobilə məxsus 2000 mm³ həcmli motor Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – oğurluq görüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. "Presiedent" Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar