Məhkəmə qərarları › İş №1(005)-246/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-246/2022

04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-246/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X4 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X4 X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X5 bərəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148ci maddələrilə cinayət işinin başlanmasına və onun cinayət məsuliyyətinə cəlb olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, 06.01.2022-ci il saat 14:54-də kütləvi informasiya vasitəsi olan "Bizimyol.info" internet portalında "Sabiq deputatdan misilsiz "danışıq qabiliyyəti": "Sən kimsən ki, mənə sual verəsən" - Fotolar" başlıqlı, 06.01.2022-ci il saat 08:31-də "Qafqazinfo.az" internet saytında "xxxx"ın sahibi olan eks-deputata qarşı ağır ittihamlar - Fotolar" başlıqlı və 31.01.2022-ci il saat 09:30 - Qafqazinfo.az" internet saytında "Nəriman Əliyev barəsindəki bütün iddialara cavab verdi" başlıqlı yazılarda barəsində şikayət etdiyi X5 onun barəsində böhtan xarakterli açıqlama vermiş və onu üç epizodda heç bir hüquqi əsası olmadan müxtəlif növ cinayətlərdə ittiham etmişdir. Əvvəlcədən qeyd edir ki, o, uzun illər Nəriman Əliyevin təsisçisi olduğu "xxxx" MMC-də xəzinədar vəzifəsində çalışmış və ötən ilin sentyabr ayında Əmək Məcəlləsinin 68-ci maddəsilə öz təşəbbüsü əsasında könüllü şəkildə işdən çıxmışdır. Bundan sonra onun bir neçə qanunsuz əməlləri barədə müxtəlif dövlət orqanlarına habelə KİV-ə məlumatlar verdiyindən Nəriman Əliyev onu cəzalandırmaq məqsədilə müxtəlif dövlət orqanlarına guya onun mal və mülkünü talamaqda ittiham edərək şikayətlər etmişdir. Etdiyi şikayətlər heç bir halda sübuta yetmədiyindən buna əsəbləşən N.Əliyev yalan dolu ittihamlarını mətbuat vasitəsilə səsləndirməklə onu nüfuzdən salmağa çalışmış və buna nail olmuşdur. Konkret olaraq üç epizodda onu 312.1, 179.1, 179.2.1, 179.2.3, 179.4, 177.1, 177.2.1 və 177.4-cü maddələrilə ittiham etmiş və bunu ictimailəşdirmişdir. X9, onun əmlakını talamaqda və ya digər qanunsuz əməllərdə ittiham etmək istəyirsə bu zaman o, hüquq mühafizə orqanlarına şikayət etməlidir. Nəriman Əliyev DİN-ə şikayət etsə də heç bir halda onu DİN-ə dəvət etməmiş və ondan izahat belə almamışlar. Təkcə 30.01.2022-ci il tarixində Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə N.Əliyevin şikayəti əsasında dəvət edilmiş və ona qarşı səsləndirilən ittihamları rədd edərək sübutlar tələb etmişdir. Heç bir sübut olmadığından izahatı alınaraq sərbəst buraxılmışdır. Onun barəsində N.Əliyevdə yaranan şübhələr əsas vermir ki, barəsində KİV-ə böhtan xarakterli məlumatlar verib konkret maddələrlə onu ittiham etsin. Nəriman Əliyev barəsində özünün dediyi kimi hər hansı hüquq mühafizə orqanına şikayət veribsə bəs nə üçün iki aydır barəsində heç bir maddə ilə cinayət işı açılmayıb? CPM-də göstərilir ki, Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etməli vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bundan başqa CPM-nin 21-ci maddəsində göstərilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri sübuta yetirilməyibsə və bu bərədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Butun bunlar nəzərə alınmaqla demək olar ki, Nəriman Əliyevin onun barəsində KİV-ə dediyi böhtanları bilə-bilə edib və heç bir halda əsaslı mənbələri olmayıb. Bundan başqa N.Əliyev onun barəsində böhtan dolu məlumatları saytlara verərkən onun çoxaldılması və daha çox insan içində şərəf və ləyaqətini alçatmaq hədəfinə nail olmaq üçün sonuncu 31.01.2022-ci il saat 09:30 - "Qafqazinfo.az" internet saytında "Nəriman Əliyev barəsindəki bütün iddialara cavab verdi" başlıqlı yazının linkin işçilərinin feysbuk səhifəsində yayımlanmasına müvəffəq olmuşdur. Belə ki, sonuncu yazının linkini onun rəhbəri olduğu ''Ştutqart'' MMC-nin işçiləri öz profillərində yaymış və onu daha çox xüsusilə tanıdığı insanlar arasında nüfuzdan salmışdır. Ona vurulmuş maddi zərər ondan ibarətdir ki, bu xəbərlər paylaşıldıqdan sonra avtomobil ehtiyat hissələri sahəsi üzrə heç bir şirkət onu işə götürməmişdir. Bununla da o, işsiz qalmış və ailəsini dolandırmaqda çətinlik çəkmişdir. Habelə, bu xəbərlərdən sonra ağır onkoloji xəstə və eyni zamanda açıq ürək əməliyyatı keçirmiş anası Bəturə Sultanovanın xəstəliyi daha da şiddətlənmiş və əlavə müalicəyə ehtiyac duyulmuşdur. İşsiz biri olduğundan artmış müalicə xərclərini borc hesabına qarşılamışdır. Bütün bunlar nəzərə alınmaqla ümumilikdə bu xəbərlərin KİV-də yer alması nəticəsində ona müəyyən məbləğdə maddi ziyan dəymişdir Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X8 şikayətin məzmununu müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 vəkili X6 şikayəti qəbul etməyərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Lakin, X1 Nəriman Əlibala oğlunun CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxsin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma (CM-147.2), təhqir (CM-148) cinayət əməllərini törətməsinə yönələn hərəkətlərini hər bir cinayət əməlinə münasibətdə konkret qeyd etməmiş, bununla da CPM-in 283.3.2 və 293.3.3-cü maddələrinin tələblərini pozmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmalarsı barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar