Məhkəmə qərarları › İş №1(005)-250/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-250/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-250/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1967-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi maraq niyyətilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi ödəniş gününə milli manat məzənnəsi ilə ödənilmiş 24000,00 ABŞ dolları məbləğində mübahisəli mənzilin dəyəri və 6107,00 manat məbləğində mübahisəli mənzilin təmiri üçün sərf olunmuş pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsinə dair, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-76/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500,00 manat məbləğində cərimə olunmasına baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, icra sənədindəki tələblərin icra edilməsi üçün ona xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunsa da, qeyd edilən borcu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmiş ərinin tanışıdır. 2011-ci ildə Zərərçəkmiş şəxs ünvan 2 mənzil 20 ünvanda yerləşən, ümumi sahəsi 140,98 kv metr olan 3 otaqlı mənzilə köçüb yaşamışdır. Həmin mənzilin 46,87 kv metri onun mülkiyyətində olmuş və faktiki olaraq kirayə vermişdir. Lakin Zərərçəkmiş şəxs evin pulunu hissə-hissə ödəməklə kürəkəninin həmin evi almaq istədiyini bildirmişdir. Bu məqsədlə notariusa getdikdə onlara bildirilmişdir ki, evi nağd qaydada almaq lazımdır, bu səbəbdən evin alqı-satqısı alınmamışdır. Zərərçəkmiş şəxs tərəfindən hər ay 300-400 manat ödənilməsi nəzərdə tutulsa da, bu pul da tam ödənilməmişdir. 2012-ci ildə onurğa sümüyündən ağır əməliyyat keçirmiş, təxminən 2-3 il müddətində xəstə olduğu üçün kirayə haqqı ilə maraqlanmamışdır. Bundan sonra qonşulardan eşitmişdir ki, Zərərçəkmiş şəxs ailəsi qonşulara problem yaradır. Onlar kirayə haqqı ödəmədiyi və problemlər yaratdığı üçün Zərərçəkmiş şəxs və onun ailəsinin evdən çıxmasını tələb etmiş, lakin sonuncular evdən çıxmamışdır. Zərərçəkmiş şəxs evdən çıxarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. Zərərçəkmiş şəxs da qarşılıqlı olaraq mənkəməyə pul tələbi ilə iddia ərizəsi vermişdir ki, guya evə görə verdiyi pulu tələb edir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs və ailəsinin mənzildən çıxarılması və eyni zamanda ondan 24000 ABŞ dollarının və əlavə olaraq 6107 manat təmir pulunun Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin ailə məcburi qaydada onun evindən çıxarılmışdır. Lakin pulun ödənilməsinə dair qətnaməni ədalətsiz hesab edir, belə ki, Zərərçəkmiş şəxs tərəfindən ona 7 il müddətində təxminən 4500 manat məbləğində pul verilmişdir. Aynurdan, məhkəmə qətnaməsində göstərildiyi qədər pul almamış, bu səbəbdən qətnaməni özünün barəsində olan hissədə ədalətsiz hesab edir. Daha sonra verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Qanuni qüvvəyə minmiş qətnaməni icra etmədyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 500 manat cərimə olunmuşdur. Özü İİ qrup əlildir, pensiyası 230 manatdır, himayəsində təqaüdçü olan qoca və xəstə anası vardır. Əvvəllər mühasib işləsə də, hazırda işsizdir. Qətnaməni ədalətsiz hesab etsə də, bu borcu pensiyası hesabına ödəməyə razıdır. Həmin məbləği birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Onun hərəkətlərində qərəzlilik yoxdur, sadəcə maddi durumu ona icra sənədini icra etməyə imkan vermir. Zərərçəkmiş şəxsə ödənilməli olan məbləğdən ibtidai istintaq dövründə 1095 manat, məhkəmə baxışı zamanı isə 500 manat ödəmişdir. Yekunda barəsində ağır cəza verilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən tanıyır. Təqsirləndirilən şəxs evi ona kirayə verməsi və kirayə haqqının 400 manat olması barədə sözləri tamamilə yalandır. Həmidova X4 qəsəbəsi, A.Rzayev küçəsi ev 75, 20 nömrəli mənzilini aylıq ödənişlə kreditə satmaq istədiyini ona bildirmişdir. Mənzillə bağlı Təqsirləndirilən şəxs ilə görüşüb danışmış və mənzilə baxış keçirmişdir. Mənzil yaşayış üçün yararsız vəziyyətdə olsa da, təklif onun üçün normal və əlçatan olmuşdur. Belə ki, onun birdəfəlik ödəniş edib mənzil almağa maddi imkanı olmamışdır. Təqsirləndirilən şəxs ilə mənzilin dəyərinin 25000 ABŞ dolları olması və hər ay 500 ABŞ dolları ödəməklə məbləğ tamamlanandan sonra mənzilə dair alqı-satqının rəsmiləşdirilməsi barədə razılaşmışlar. Bununla bağlı Təqsirləndirilən şəxs qısa mətnli razılaşma tərtib edib imzalamış və daha sonra da ödənişlə bağlı əlyazması ilə qeydlər edib ona vermişdir. Mənzilə görə razılaşma zamanı məlum olmuşdur ki, eyni qayda ilə mənzil onlardan qabaq başqasına satılmış, lakin iki ay sonra həmin şəxs mənzili almaqdan imtina etmiş, ona görə də ödədiyi pulu qaytarmaq üçün ilkin olaraq ondan 1000 ABŞ dolları tələbinə razılaşmış və həmin məbləği, sonrakı aylarda isə hər ayın 1-i günü 500 ABŞ dolları Təqsirləndirilən şəxs ödəmişdir. Razılaşmadan sonra Təqsirləndirilən şəxs mənzilin açarlarını ona vermiş və o, hissə-hissə mənzili təmir etdirmişdir. Ev yaşamaq üçün yararsız olduğundan həmin evdə bir gün də olsa yaşamamışdır. O, evin təmirinə ümumilikdə 7000 manat pul xərcləmişdir. 2016-cı ilin mart ayında 25000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs ödənilməsi tamamlandıqdan sonra alqı-satqının rəsmiləşdirilməsini Təqsirləndirilən şəxs tələb edəndə, sonuncu bir müddət müxtəlif bəhanələrlə notariat kontoruna getməkdən yayınmış, sonra isə mənzilin alqı-satqısını rəsmiləşdirməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs onları aldatdığı üçün polisə şikayət etmiş, şikayətdən sonra Təqsirləndirilən şəxs onların evdən çıxarılması və pul tələbi ilə məhkəməyə iddia ərizəsi vermişdir. Bununla əlaqədar o, evə görə verdiyi 25000 ABŞ dollarını və evin təmirinə görə xərclədiyi 7000 manat pulun qaytarılması üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-76/2017 nömrəli qətnaməsi ilə onun evdən çıxarılması və Təqsirləndirilən şəxs tərəfindən ona 24000 ABŞ dolları və mübahisəli evin təmirinə görə 6107 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs bu qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş, lakin Suraxanı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İcra sənədini icra etmədiyi üçün Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 500 manat cərimə edilmişdir. Təqsirləndirilən şəxs özünün İİ qrup əlil olduğunu bildirərək məsuliyyətdən boyun qaçırmaq istəyir. Təqsirləndirilən şəxs öz adına olan mənzilləri məhkəmə qətnaməsi çıxandan sonra anasının adına rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın Təqsirləndirilən şəxs təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs 2011-ci ildən tanıyır. Təqsirləndirilən şəxs Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi ev 75, 20 nömrəli mənzilini aylıq ödənişlə kreditlə satmaq istədiyini onlara bildirmişdir. Mənzillə bağlı Təqsirləndirilən şəxs ilə görüşüb mənzilə baxış keçirmişlər. Mənzil yaşayış üçün yararsız vəziyyətdə olsa da, təklif normal və əlçatan olmuşdur. Çünki birdəfəlik ödəniş edib mənzili almağa maddi imkanları olmamışdır. Təqsirləndirilən şəxs ilə mənzilin dəyərinin 25000 ABŞ dolları olması və hər ay 500 ABŞ dolları ödəməklə məbləğ tamamlanandan sonra mənzilə dair alqı-satqının rəsmiləşdiriləcəyi barədə razılaşmışlar. Bununla bağlı Təqsirləndirilən şəxs qısa mətnli razılaşma tərtib edib imzalamış və daha sonra da ödənişlə bağlı əlyazması ilə qeydlər edib onlara vermişdir. Mənzilə görə razılaşma zamanı məlum olmuşdur ki, eyni qayda ilə mənzil onlardan qabaq başqasına satılmış, lakin iki ay sonra həmin şəxs mənzili almaqdan imtina etmişdir. Onlar razılaşdıqdan sonra Təqsirləndirilən şəxs mənzilin açarlarını anasına vermiş və onlar mənzili təmir etdirmişdir. Evin təmirinə 7000 manat pul xərcləmiş və 2016-cı ilin mart ayında 25000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs ödəyib qurtarmışlar. Daha sonra Təqsirləndirilən şəxs mənzilin onların adına rəsmiləşdirilməsini tələb edəndə sonuncu bundan imtina etmişdir. Təqsirləndirilən şəxs onları aldatdığı üçün polisə şikayət etmişlər. Şikayətdən sonra Təqsirləndirilən şəxs onların evdən çıxarılması və pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bununla əlaqədar anası da Təqsirləndirilən şəxs qarşı evə görə verdiyi 25000 ABŞ dollarının və evin təmirinə görə xərclədikləri 7000 manat pulun qaytarılması üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-76/2017 nömrəli qətnaməsi ilə onların evdən çıxarılması və Təqsirləndirilən şəxs anasına 24000 ABŞ dollarının və mübahisəli evin təmirinə görə 6107 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs bu qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət versə də, onun şikayəti təmin edilməmişdir. İcra zamanı Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 500 manat cərimə edilmişdir. Təqsirləndirilən şəxs öz adına olan mənzilləri anasının adına rəsmiləşdirməklə, qətnamənin icra olunmasına maneə yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən tanıyır. Təqsirləndirilən şəxs Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi ev 75, 20 nömrəli mənzilini aylıq ödənişlə kreditə satdığını X3 bilmiş, həmin mənzili almaq istədiyini demiş və bu işdə bir ağsaqqal kimi iştirak etməyi ondan xahiş etmişdir. O, bir polis əməkdaşı kimi məsuliyyəti dərk edərək, mənzillə bağlı Təqsirləndirilən şəxs ilə görüşüb birlikdə mənzilə baxış keçirmişdir. Mənzil yaşayış üçün yararsız vəziyyətdə olsa da, təklif Aynur üçün normal və əlçatan olmuşdur. Çünki Zərərçəkmiş şəxs birdəfəlik ödəyib mənzil almağa maddi imkanı olmamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mənzilin dəyərinin 25000 ABŞ dolları olması və bu məbləği hissə-hissə olmaqla hər ay 500 ABŞ dolları ödəməklə bağlamaq barədə razılaşmışlar. Həmin məbləğ tam ödənildikdən sonra mənzilin alqı-satqısı rəsmiləşdirilməli idi. Bununla bağlı Təqsirləndirilən şəxs vərəqdə qısa mətnli razılaşma tərtib edib imzalamışdır. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, bu evin alqı-satqısında Aynura zamindir və əgər Aynur razılaşdıqları kimi hər ay ödəniş etməsə, pulu özü ödəyəcəkdir. Razılaşmadan sonra Təqsirləndirilən şəxs mənzilin açarlarını Zərərçəkmiş şəxs vermiş, sonuncular bir müddət sonra hissə-hissə mənzili təmir etdirmişlər. Ev yaşamaq üçün yararsız olduğundan həmin evdə Zərərçəkmiş şəxs bir gün belə yaşamamış, lakin evin təmirinə ümumilikdə 7000 manat xərcləmişdir. 2016-cı ilin mart ayında 25000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs ödənilməsi tamamlandıqdan sonra mənzilin alqı-satqısının rəsmiləşdirilməsini Təqsirləndirilən şəxs tələb edəndə, sonuncu müxtəlif bəhanələrlə bundan yayınmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evdən çıxarılması və pul tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Bununla əlaqədar Zərərçəkmiş şəxs da evə görə verdiyi 25000 ABŞ dollarının və evin təmirinə görə xərclədiyi 7000 manat pulun qaytarılması üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-76/2017 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs evdən çıxarılması və Təqsirləndirilən şəxs isə 24000 ABŞ dollarının və mübahisəli evin təmirinə görə 6107 manat məbləğində pulun tutulması qət edilmişdir. Təqsirləndirilən şəxs öz adına olan mənzilləri məhkəmə qətnaməsi çıxandan sonra anasının adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-76/2017 nömrəli qətnaməsi üzrə xx.xx.2018-ci il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə icraata qəbul edilərək könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(005)- 1765/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 500 manat məbləğində cərimə edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X6 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(010)-76/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində mübahisəli mənzil üçün ödənilmiş pul vəsaiti və 6107 manat mübahisəli mənzilin təmiri üçün sərf olunmuş pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Suraxanı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(010)-76/2017 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-233/2019 saylı, xx xxxx 2019cu il tarixli qərardadından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs Nərimanov rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır; “Borclunun axtarılması haqqında” xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və saxlanılaraq şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Nərimanov rayon İcra şöbəsinə təhvil verilməsi qərara alınmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-374/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası təmin edilənədək ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1765/2019 saylı, xx xxxx 2019cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; 125919-15-20-1 nömrəli, xx xxxxxx 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icra edilməsi üçün yenidən müddət təyin olunmuş və o, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(010)- 76/2017 saylı, xx xxx 2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(010)-76/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1765/2019 saylı, xx xxxx 2019-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə icra sənədini qərəzli olaraq icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” xx xxxxxx 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(010)-76/2017 saylı, xx xxx 2017-ci il tarixli icra sənədini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra da icra sənədini icra etməmə kimi hərəkətlərini davam etdirməklə, icra sənədi üzrə tələb olunan məbləği ödəməmişdir. Bu da Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış və icrası məcburi sayılan məhkəmə qərarının qərəzli olaraq icra etməməsini bir daha təsdiq edir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; törətdiyi əməli etiraf etməsini; İİ qrup əlil olmasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı X11 Komissiyasının xx.xx.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatı və Bakı şəhəri, Nərimanov rayonu, 8 saylı şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 964 nömrəli kartadan qısa çıxarışı); ziyanın bir qismini ödəməsini (əsas: iş materiallarında olan ödəniş qəbzləri); qadın olmasını. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarının 10-cu bəndinə əsasən qərəzli olaraq icra sənədlərini icra etməyən şəxslərə CM-də nəzərdə tutulan cəzaların təyini zamanı məhkəmələr cəzanın məqsədini diqqətdə saxlamalı, CM-in 70-ci maddəsində nəzərdə tutulan “şərti məhkum etmə” institutundan istifadə və bu zaman məhkumun üzərinə icra ilə bağlı öhdəlik qoyulması məsələsi müzakirə edilməlidir. Adı çəkilən Plenum qərarına, həmçinin CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmçinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(010)-76/2017 saylı, xx xxx 2017-ci il tarixli icra vərəqəsi üzrə ödənilməmiş qalıq borcun tələbkar şəxsin xeyrinə ödəməsi vəzifələri qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X1 iştirak etdiyi 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmçinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-76/2017 nömrəli icra vərəqəsi üzrə ödənilməmiş qalıq borcun tələbkar şəxsin xeyrinə ödəməsi vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. X5 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 22 (iyirmi iki) iş saatı üçün cəmi 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına (Benefisiar hesab – AZ41AİİB******************** xxxxxxxxxxxx ASC Cəfər Cabbarlı filialı, Kod-200048, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ******************** S.W.İ.F.T. KOD: Alİ BAZ2X) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar