Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-250/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, 14 dekabr 1984-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Şahid2 küçəsi, ev 203B, mənzil 8 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Bakı İstintaq Təcridxanasında saxlanıldığı zaman onunla bir kamerada saxlanılan Şahid4 ilə tanış olub, 2020-ci ilin mart ayında azadlığa çıxdıqdan sonra sonuncunun arvadı Zərərçəkmiş şəxs və oğlu Şahid2 ilə telefon əlaqəsi saxlayıb görüşdükdə Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinin yaxın qohumu ilə dost olmasını, həmin şəxsin köməkliyi ilə özünün azadlığa çıxmasını, həmin şəxsin vasitəsilə Şahid4 kömək edib onu əvvəlcə «ev dustaqlığı»na buraxdıracağına, sonra isə yaşı ilə əlaqədar əfv etdirəcəyinə yalandan vəd verib inandırmaqla aldadaraq 05 oktyabr 2020-ci il tarixdə ünvan 2 ünvanında Bakı Ağır Cinayətlər Məhkəməsinin qaşısında Zərərçəkmiş şəxs 17.000 manat, 07 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 143 ünvanında yerləşən «Dubay Cars» avtosalonunun qarşısında Şahid2 3.000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, 20.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə ifadə verməkdən imtina etmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli hökmü ilə bəraət verilmiş və məhkəmə iclas zalından dərhal azadlığa buraxılmışdır. Bakı İstintaq Təcridxanasında həbsdə olan zaman saxlanıldığı kamerada Şahid4 ilə tanış olmuşdur. Şahid4 barəsində həbs qətimkan tədbiri seçilərək barəsində cinayət işinin istintaqı aparılırmış. O, Şahid4 ilə 6 ay birlikdə eyni kamerada saxlanılmışdır. O, azadlığa çıxmamışdan 2 həftə öncə anası rəhmətə getmiş və Ələddinin ailəsinin onun anasının yas mərasimində iştirakını eşitmişdir. Ələddinlə mehriban münasibətləri olduğundan o, onun arvadı Zərərçəkmiş şəxs ilə bir neçə dəfə telefonla əlaqə saxlamış və görüşərək minnətdarlığını bildirmişdir. Şahid4 oğlu Samir ondan borc pul istəmiş və o, iki dəfə 700 və 200 manat olmaqla, yəni 900 manat pulu sentyabr və oktyabr ayında Samirə vermişdir. Daha sonra Ələddinin arvadı və oğlu ona bildirmişlər ki, bankdan pul götürərək Ələddinin azadlığa çıxması üçün bir nəfərə vermişlər və hazırda həmin şəxsi tapa bilmirlər. Onlara daha sonra məlum olmuşdur ki, həmin pulu alan Ələddinin uzun müddət sevgi münasibətinin olduğu qadın almışdır. Bu zaman Ələddinin ailəsi ondan həmin qadın haqqında məlumat verməsini istəmişlər, əks halda onun qadınla əlbir olduğunu düşünəcəklərini demişlər. O, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazıları barədə verilən suala cavab olaraq bildirmişdir ki, həmin səsin dəqiq ona aid olmasını deyə bilmir, orada qeyd edilən danışıqları xatırlamır. Lakin Zərərçəkmiş şəxs bir dəfə onunla hansısa miqdarda pullarının olmasını və həyat yoldaşının çıxarılmasının mümkünlüyü barədə onunla məsləhətləşmişdir. Həmin söhbətin məzmunu yadında deyil. Ondan hər hansı bir məbləğdə pul götürməmiş, ona hər hansı məbləğdə pul təklif olunmamışdır. Eyni zamanda bidirmişdir ki, Zərərçəkmiş şəxs oğlundan pul götürməmiş, onun məhkəməsinin davam etməsindən istifadə edib ondan pul qoparmaq istəyirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid4 2019-cu ilin oktyabr ayında barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onunla Bakı İstintaq Təcridxanasında saxlanılan zaman bir kamerada olan Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin vaxtdan da oğlu Samir həmin Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında azadlığa çıxdıqdan sonra təxminən 2020-ci ilin sentyabr ayında oğlu Samirə zəng vurub danışdıqda demişdir ki, guya o, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin oğlu ilə dostdur, onun köməkliyi ilə azadlığa çıxıb, həyat yoldaşı Şahid4 da köməklik edə bilər.Telefonda Samir ondan nə qədər pula işi düzəldə biləcəyini soruşduqda o, təxminən 20-30 min manata işi düzəldə biləcəyini bildirmişdir. Oğlu Samir onunla telefonla danışıb Bakıya gəldikdə görüşəcəklərini bildirmişdir. 05 oktyabr 2020-ci il tarixdə Bakıya gəldikləri zaman Təqsirləndirilən şəxs oğlu Samirə zəng vurub harada olduqlarını və nə vaxt Bakıya gələcəklərini soruşmuş, oğlu Samir Bakıya gəldiklərini, yolda olduqlarını bildirmiş, onda Təqsirləndirilən şəxs oğlu Samirlə görüşmək istədiyini bildirmişdir. Bakıya çatdıqdan sonra Təqsirləndirilən şəxs oğlu Samirlə və onunla telefonla danışan zaman bildirmişdir ki, 20.000 manata həyat yoldaşının işini Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin oğlu ilə həll edəcəyini, həyat yoldaşının 70 yaşı tamam olduğu üyün 65 yaşdan yuxarı şəxslər amnistə düşdüyünü, onu öncə ev dustaqlığına buraxdıracağına, sonra isə əfv elətdirəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs dediyi məbləğlə razılaşmayıb, cəmi 17.000 manat pulunun olduğunu, artıq olmadığını bildirmişdir. Həmin gün, yəni 05 oktyabr tarixdə oğlu Cəmilin maşını ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına gedib 17.000 manat pulu ona vermiş və həmin vaxt onun səsini də telefona yazmışdır. 17.000 manat verdikdə Təqsirləndirilən şəxs demişdir ki, guya Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin oğlu ilə yaxın münasibəti vardır, lakin pulu ona verib-verməyəcəyini deməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs demişdir ki, 3000 manat pul çatmır, mən nə deyin, götürməsə sənə xəbər edəcəm. Təqsirləndirilən şəxs 17000 manat pulu aldıqdan sonra Ağır Cinayətlər Məhkəməsinin binasına daxil olub, təxminən 10-15 dəqiqə sonra çıxıb demişdir ki, pulu həmin adama çatdırmış, həmçinin demişdir ki, «bir neçə gün sonra prosesdə buraxacaqlar, səbirli olun». Bir gün sonra Samir zəng vurub pulun qalan 3.000 manatını istəmiş, o, qohumu Səadətdən 3.000 manat borc pul alıb 07 oktyabr 2020-ci il tarixdə həmin pulu oğlu Samirə vermiş, həmin vaxt Təqsirləndirilən şəxs oğlu Samirin avtomobilində olmuş, pulu aldıqdan sonra onlar getmiş, bir qədər sonra Təqsirləndirilən şəxs zəng vurmuş, o demişdir ki, oğlu Samirdən pulu götürüb, «arxayın olun, hər şey yaxşı olacaq, iş danışılıb», guya pulu gec verdikləri üçün ayın 8-də başqa adam buraxılacaq ona görə də həyat yoldaşını gələn prosesdə buraxacaqlar. Təxminən iki həftə sonra Təqsirləndirilən şəxs gəlib demişdir ki, «prosesi təxirə saldırmaq lazımdır vəkilinizə xahiş edin məhkəməyə gəlməsin məhkəmə təxirə salınsın, o, növbəti prosesdə buraxılması üçün danışmışdır».Təxminən 15 gün sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, «vəkiliniz ev dustaqlığına vəsatət versin danışmışam buraxacaqlar». Odur ki, vəkildən xahiş etmişdir ki, yenə ev dustaqlığına vəsatət versin, buraxacaqlar, vəkilləri yenə vəsatət versə də, lakin məhkəmə təmin etməmişdir. Bundan sonra hər dəfə Təqsirləndirilən şəxslə danışıb işin nə yerdə olduğunu soruşanda o, hər dəfə söz vermişdir ki, «narahat olmayın, gələn dəfə buraxacaqlar». Artıq 2020-ci ilin noyabr ayında pandemiya ilə əlaqədar olaraq məhkəmələr təxirə salındıqda Samir demişdir ki, «narahat olmayın məhkəmə olacaq buraxdıracağam». Bu minvalla Təqsirləndirilən şəxs onları aldadıb heç bir iş görməmiş, aldığı 20.000 manat pulu da mənimsəyərək indiyə kimi qaytarmamışdır. Ondan pulunu tələb edib şikayət edəcəyini bildirdikdə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsində işinin hazırda baxıldığını bildirərək şikayət etməmələrini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bibisi oğlu Şahid4 həyat yoldaşıdır, bibisi oğlu Ələddin cinayət işi üzrə həbs olunmuşdur. Zərərçəkmiş şəxs ilə tez-tez əlaqə saxlayıb bibisi oğlunun işinin nə yerdə olduğunu soruşduqda Flora demişdir ki, Bakı İstintaq Təcridxanasında əri Şahid4 ilə bir kamerada saxlanılan Samir adlı şəxs azadlığa çıxdıqdan sonra onlarla əlaqə saxlayıb deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində işləyən yaxın dostu var və onun vasitəsilə azadlığa çıxıb və həmin şəxsin köməkliyi ilə də Ələddinə köməklik edib onu buraxdıracaq. Həmin Samir adlı şəxs Floradan 20.000 manat pul istəyib. Flora ona 17.000 manat pul verib, həmin Samir adlı şəxs qalan 3.000 manat pulun da verilməsini istəyib. Floragil isə 3.000 manatı tapa bilməlikləri üçün ondan borca 3.000 manat pul istəmiş və o da 07 oktyabr tarixdə Flora ilə evlərinin yanında görüşüb həmin pulu ona vermişdir. Flora isə həmin pulu qeyd etdiyi Samir adlı şəxsə vermişdir. Bir müddət sonra Flora ilə telefonla danışanda işin nə yerdə olmasını soruşmuş, Flora demişdir ki, iş hələ uzanır. Samirdən isə bir xəbər yoxdur, zənglərə cavab vermir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.1 və 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra saxlanıldığı kamerada olan Təqsirləndirilən şəxslə tanış olmuş, onunla 6 ay bir kamerada olmuş və onunla tanışlığı da həmin vaxtdan başlayıb, aralarında yaxşı münasibətlər yaranmışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Həmin vaxt Samirin barəsində olan cinayət işinə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. 2020-ci ilin mart ayında Samir bəraət alaraq azadlığa çıxmış, o, azadlığa çıxmazdan əvvəl demişdir ki, onun işinə də köməklik edə bilər, onu da azadlığa çıxara bilər. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra onun arvadı Zərərçəkmiş şəxs və oğlu Şahid2la görüşüb onları inandırıb ki, özünün məhkəmə sistemində nüfuzlu tanışları var və onların köməkliyi ilə azadlığa çıxıb və həmin şəxslərin köməkliyi ilə onu da azadlığa çıxarda bilər, bunun üçün 20.000 manat pul lazımdır və həmin pulu da onlardan almışdır. Təqsirləndirilən şəxs onlara deyib ki, onun yaşı 65-dən yuxarı olduğu üçün əfv etdirəcək. Samir pul aldıqdan sonra onu heç kim görməyib və daha sonra məlum olmuşdur ki, arvadı Floranı aldadıb, bundan sonra ondan pulu geri istəsələr də hazırki vaxta kimi Təqsirləndirilən şəxs 20.000 manat pulu ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 iş üzrə Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-130/2020 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə ittiham olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi üçün bəraət verilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı faylda olan danışıqların, yəni fonoqramda olan səslərin Zərərçəkmiş şəxs, onun oğlu Şahid2 və Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Cəmil: Gəl otur. Flora: Saymışam, aparatdan çıxıb, on yeddi mindir, üstdəki yeddi mində xırdalar var. Cəmil: Burdadır, zəng vurdun, nə deyir? Samir: Yox, yığmamışam, dedim qoy gəlim, sonra yığaram. Cəmil: Pul gec xırdalandı. Flora: Vəkil ilə dəqiq olsun, nə deyək, nə danışaq? Cəmil: Vəkilə nə deyəcəyik, qoy danışsın. Flora: O yana nə qədər təxirə salmaq lazımdır, yəni yaşı tamam olsun, yoxsa bir-iki gün qalsa da olar? Samir: Yaşı nə vaxt tamam olur? Flora: İyirmisidir, on iki gün edir. Samir: Əsas odur ki, bir gündən, iki gündən heç nə olmaz. Adam yoran odur, özü də çox tələsir, deyirəm telefonda danışma, deyirəm danışmışam, birinin yanında deyib eləyər, elə bil ki, belə söhbət yoxdur. Belə söhbət var ki, borc verəndə hər şeyi gərək adam fikirləşsin. Flora: Gəncəyə getmək zaddı, yoxsa indi Samir: Pandemiya hamısı qarışdı, 6-da mən getməliyəm. Flora: Saat neçədir? 6-a qalıb, bizi bank gecikdirdi, pulu elə orda xırdaladıq. Samir: Xala versəm götürməsə nə təhər edək? Flora: Nə təhəri? Allaha and olsun pis gündəyik, evin şüşələri dağılıb. Cəmil: Maşını da kreditə qoyub pul götürə bilmirəm. Maşın lizinqdədir. Samir: Birdən olmadı elə, mən neyləyim? Mənə onu deyin. Cəmil: Vallah yoxdur, hər ay maşına 1300 manat pul köçürürəm, 4-5 aydır ki, köçürməmişəm, lizinq də avtomobili geri istəyir. Flora: Yenə bayaq özü çöldə idi, problemlərini özü həll edirdi, Gəncədə heç hara işləmir, beş aydır ki, bir dənə yerdən bir qəpik gəlmir. Samir: Mənim tanıdığım adamlar var, pul vermişəm, zəng eləyirəm, deyirlər vallah heç nə edə bilmirəm. Flora: Biz də o gündəyik, bax mamamın goru, dünən zəng eləmişəm o adama, yəni 16.000 manat verəcəyi var, demişəm ki, əlinə nə düşsə gətir ver. Samir: deyirlər yaxşı-yaxşı, bu ayın axırı, gələn ayın axırı, belə-belə gəlib yeddi aya çıxıb. Pul vermişdim. O pul 40.000 manatdır. Tutuldum içəri girdim, bir dəfə yığdım, dedi Allah qapını açsın. Bu dəqiqə vəziyyət çox pisdir. İndi də çıxmışam, yenə də min manat belə vermir ki, deyim ki, bu insan verir. Elə qıcıqlandırır. Samir: Gəncədə də saat 9-dan sonra çıxmaq yoxdur? Flora: Hə yoxdur. Cəmil: Hə. Samir: Bəli, mən burdayam, qaqa yaxşı-yaxşı. Cəmil: Nə deyir qadan alım? Samir: Deyir qəbul şöbəsinin qabağına keçsin. xx.xx.2021-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və şahid X1 ilə üzləşməkdən və protokolu imzalamaqdan səbəbsiz olaraq imtina etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-130/2020 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə ittiham olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi üçün bəraət verilmiş və o, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli, 4/321 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manatdır. Ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində mübahisəli fonoqramlardakı danışıqların yazılı mətn hissələri əldə olunmuş və aşağıda verilmişdir: K1 - Bunu vəkilə demiyin. Desin ki, bir dənə sən vaxt al ki, məhkəməni təxirə sal vaxt al ki, xaricdə bizim tanışımız var o gəlib danışacaq. Ona qədər vaxt alsın. Bilməsin ki, danışmısız eləmisiz. Q1 - Yox, nə deyim? Yəni olmasın məhkəmə? K1- Məhkəmə təxirə getsin. Q1 – Aha. Onda vəkilin biri gəlməsin. K1- Vəkilin biri gəlməsin, biri vəsatət versin ki, işnən təzə tanış oluram mən. İşi oxumalıyam. Onda vaxt verirlər ona. 10 gün vaxt verirlər. O, 10 gün müddətində də bunun 1 ili də tamam olur, yaşı da tamam olurda. Q1- 1-ci məhkəmə olmasın deməli? K1- Aha. 03:08 - 03:26 Q1 - Mən bax dönə-dönə xasiyyətin bilirəm də özbaşına gedir onnan danışır, bunnan danışır. K1- Bilirəm Q1 - Mən dönə-dönə dedim ki, Samir ona denən bir adamnan heç nə danışmasın. K1- Bax bunu eləsin amma çünki bunnan gələn hadisə. Yəni 8-i məhkəmə yoxdu bunun. Q1 – Yəni 8-i məhkəmə yoxdu bunun. K1 – Bu eləməlidir. Çünki hakim elədi ki... 00:00-00:20 K1 - Fərid bir dəyqə Fərid mən sənə söz demişəm. Q1 - Ay qadan alım, ay qurban olum, sən mənnən danışanda deyəndə mənim pulumu almısan pulumu istiyirəm, mən sənnən ayrı heç nə istəmirəm. K1 - Ya siznən danışacıq, Yox siznən danışacıq vsyo, bir dəyqə siznən danış, bir dəyqə siznən danışır K2 – Yoxe burda nə məsələ var ki? (unison danışıq) 02:33 - 03:11 K2 - Qardaş sən bunun qardaşısanda düzdü? K3- Hə quran haqqı heç nə başa düşmədim. K2 – Allaha and olsun 10 il ona iş verdirəcəm. Bax Allaha and olsun. Adım Mirhüseyndi. Sən xeyir tapmayacaqsan. K3 – Mirhüseyn alıb sənnən, alıb? K2 – Alıb Allaha and olsun 20.000 pul alıb K3 – Alıbsa 10 il yox e 20 il də yatacaq K2 – Qurana and olsun 20.000 pulumuzu alıb K3 – Alıbsa 20 il də yatacaq K2 – 4 aydır bizi fırlayır Allaha and olsun K3 – Deyirəm iki balamın meyidini görüm ki, 24-ü mən bu söhbəti eşitmişəm K3 – 25-i də dişim əməliyyat olub. Gəl istəyirsən işığa göstərim. Q1 – Allah şəfa versin K2 – Hər dəfə gəlir bizi fırlayır burda. Hər dəfə fərlayır gəlir K1 – Səs yazanı bəri çıxart yalannan K2 – Ə sənin səsin yazılmalıdı da K1 – Hanı? Hanı səsim göstər Q1 – Göstərəcəm məhkəmədə 00:51 - 01:30 K1 – Aparıb verəcəm ona, deyəcəm ki, budur vəziyyət. Qəbul eləsə desə ki, hə hə. Desə ki, belədir. K2 – Qurana and olsun... Bax Quran haqqı.. K1 – Sən məni başa, bilirsən nətəri K2 – Bilirəm bilirəm. Qadan alım mən də sənin bir böyük qardaşın. Ona başa sal denən ki, almamışdan qabaq allaha and olsun K1 – Bilirəm, bu mənə dedi ki, otaqlarına buraxmırlar. Həqiqətən eləyirik, prosta indi deyir mən bunu aparıb qoyacam. Deyəcəm ki, Samirin demişəm ki, qardaşımgildən qaynının qohumudur da, arvad tərəfdən qohumu. Çünki o, papamgili zadı tanıyır K2 – Bilirəm hə 00:38 - 01:00 Q1- Prosta gecikdik orda bir az K2 – Götür qadan alım say elə K1 – Saymısan da? Q1 – Yox saymışıq, aparatdan çıxıbdı K2 – Hə hə 17.000-dir prosta bir az xırda da var Q1 – Üstdəki 7000də xırdalar var K2 – Burdadır? Zəng vurdun? Nə deyir? K1 – Yox yığmamışam, dedim qoy gəlim sonra yığım da K2 – Bir az şey gecikdirdiye bizi pul gec xırdaladı 04:33 - 05:35 K1- Ümumiyyətlə bu iş barəsində heç kimə deməyin Q1 – Hə olar K1 – Xala versəm götürməsə nətər eləyək? Q1 – Nətəri? Siz şey eləyin baxın allaha and olsun bir az da deyin gəncədəndir K1 – Bax yenə deyirəm e atamın goru haqqı deyəcəm. Deyəcəm ki, qardaşımın qaynının qohumudur K2 – Denən ki, evin. Allaha and olsun bütün evin şüşələri Q1 – Düz böyrümüzdüye, bütün ev silkələndi, şüşələr dağılıb hamısı K2 – Pis gündəyik allaha and olsun, quran haqqı Q1 – Yanı pis gündəyik vallah yoxsa belə. Özü də elə mamentə gəldi düşdü ki, heç hara əlim də çatmadıye. Bax elə gəlmişəm sağolsun burda tanış adam var K1 – Yox deyərəm. Deyərəm birdən desə ki K2 – Maşını da qoyub götürə bilmirəm bankdan. Bilirsən nətəri kreditdədir. Başa düşdün? Bu işə görə bunu da qoyub kreditə lizinqə pul götürmüşəm. Yoxsa qoyub nədiye, orda iki min, üç min? K1 – Yox, vabşe ümumiyyətlə deyirəm e. Deyirəm birdən olmadı belə, oldu belə. Onda mən neyniyim? Onu deyin mənə K2 – Vallah yoxdur da. Denən yoxlarıdı. “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs səs yazısı olan 02 ədəd CD disk maddi sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərə çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatnının dəyəri 300 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-250/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-250/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver