Məhkəmə qərarları › İş №1(005)-250/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-250/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-250/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Ağdam rayonu, Abdalgülablı kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi Yataqxana 53 A ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilim Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanda fəaliyət göstərən “Medistyle” Hospital klinikasının inzibati binasının “Süni tənəfüs” aparatları yerləşən otağına, qanunsuz daxil olub, Süni tənəfüs aparatlarının bir ədədinin dəyəri 160 manat olmaqla, 9 ədəd “Priz Oksigen” hissəsini, bir ədədinin dəyəri 95 manat olmaqla, 8 ədəd “Babrov” adlı divara bərkidilmək üçün nəzərdə tutulan hissəsini, bir ədədinin dəyəri 120 manat olmaqla 4 ədəd “Babrov” balon hissəsini, bir ədədinin dəyəri 250 manat olan “Oksigen” panelini, bir ədədinin dəyəri 45 manat olmaqla 4 ədəd panel krantını, bir ədədinin dəyəri 60 manat olmaqla 13 ədəd mis borunu (trupka), bir ədədinin dəyəri 85 manat olmaqla 4 ədəd “hava prizi” cihazlarını, bir ədədinin dəyəri 350 manat olan 01 ədəd hava kompressorunun mühərrikini və bir ədədinin dəyəri 600 manat olan 01 ədəd “Nissan” navara markalı kondensioner mühərrikini gizli olaraq talayıb ümumilikdə 5180 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hər gün Bakı şəhərinin müxtəlif rayonlarında küçələrdə, tikinti obyektlərində zibilliklərdə olan dəmir tullantılarını yığıb araba ilə aparıb metal qəbulu məntəqələrinə satıb çörək pulu qazanır. Hər gün olduğu kimi 16 dekabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yerləşən “Medistyle” Hospitalın “Oksigen” aparatlarının yerləşdiyi otağın qapısının açıq oduğunu görmüş, ətrafda heç kimin olmadığından və eyni zamanda heç kimə demədən, heç kəsdən icazə almadan “Oksigen” aparatlarının yerləşdiyi otağa daxil olmuşdur. Otaqda qeyd etdiyi "Oksigen” aparatlarına məxsus olan dəmir hissələrin olduğunu görmüş, həmin dəmir hissələri bir neçə dəfəyə otaqdan çıxarıb oğurlayıb özü ilə gətirdiyi arabanın üstünə qoyub həmin yerdən uzaqlaşmışdır. Həmin əldə etdiyi dəmir hissələri aparıb Dərnəgül qəsəbəsində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə satmış və əldə etdiyi pulları isə öz ehtiyacları üçün xərcləmişdir. 03 yanvar 2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb şifahi formada sorğu sual edilən zaman o, tam səmimi olaraq bildirmişdir ki, 16 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Nərimarov rayonu, Albert Aqarunov küçəsi 16 ünvanının qarşısından keçərkən bu zaman həmin ünvanda yerləşən “Medistyle” Hospitalın “Oksigen” aparatlarının yerləşdiyi otağın qapısının açıq oduğunu görmüş ətrafda heç kimin olmadığından və eyni zamanda heç kimə demədən, heç kəsdən icazə almadan “Oksigen” aparatlarının yerləşdiyi otağa daxil olmuşdur. Otaqda qeyd etdiyi “Oksigen" aparatlarına məxsus olan dəmir hissələrin olduğunu görmüş, həmin dəmir hissələri bir neçə dəfəyə otaqdan çıxarıb oğurlayıb ozü ilə gətirdiyi arabanın üstünə qoyub həmin yerdən uzaqlaşmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o “Medistyle" Hospital klinikada mühafizə rəisi vəzifəsində işləyir. 21 dekabr 2022-ci il tarixdə "Medistyle" Hospital klinikasına məxsus Oksigen aparatlarının yerləşdiyi otağın işçisi ona yaxınlaşıb Oksigen aparatlarının hissələrinin yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. O, bu sözdən sonra dərhal “Medistyle” Hospiıal klinikaya məxsus olan müşahidə kameralarına baxmağa başlamış və görmüşdür ki, 16 dekabr 2022-ci il tarixdə saat 17 radələrində bir nəfər naməlum şəxs klinikanın qarşısından keçən zaman özü ilə gətirdiyi yük arabasını klinikanın qarşısında saxlamış, “Medistyle" Hospital klinikaya məxsus "Oksigen” aparatlarının yerləşdiyi otağa daxil olur və otaqdan "Oksigen" aparatlarına məxsus olan hissələri bir neçə dəfəyə daşıyıb klinikanın qarşısında saxladığı arabanın üzərinə qoyub oğurlayıb oradan uzaqlaşmışdır. Bundan sonra o, elə həmin günü, yəni 21 dekabr 2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət etmiş və izahat yazmışdır. Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı gəlib hadisə yerinə baxış keçirib protokol yazmış və foto şəkil çəkib getmişdir. Bundan başqa baş vermiş oğurluq hadisəsi zamanı nümayəndəsi olduğu "Medistayl" klinikaya ümumilikdə 5180 manat maddi ziyan dəydiyini bildirmişdir. Belə ki, Oksigen aparatlarına məxsus olan bir ədədi 160 manat olmaqla 9 ədəd "Priz Oksigen” hissəsi, bir ədədi 95 manat olmaqla 8 ədəd “Babrov” divar üçün nəzərdə tutulan hissəsi, bir ədədi 120 manat olmaqla 4 ədəd “Babrov” balon hissəsi, bir ədəd 250 manat dəyərində “Oksigen" paneli, bir ədədi 45 manat olmaqla 4 ədəd panel krantı, bir ədədi 60 manat olmaqla 13 ədəd mis boru (trupka), bir ədədi 85 manat olmaqla 4 ədəd "hava prizi”, bir ədəd 350 manat dəyərində hava kompressorunun mühərriki və bir ədəd 600 manat dəyərində "Nissan” navara markalı kondensioner mühərriki oğurlanmış və ümumilikdə 5180 manat maddi ziyan dəydiyini bildirmişdir. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslə barışdıqlarını, onlara vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cinayət işinin 10-cu vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Nümayəndə şikayət ərizəsi əsasında hadisə yerinə gəlmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov 16 ünvanıdır. Hadisə yeri yolun sağ hissəsi “Hospitalın” zirzəmisidir. Cinayət işinin 27-28-ci vərəqələrində olan 03 yanvar 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 38-ci vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” 04 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs klinikadan oğurluq edərkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks edildiyi 1 ədəd ağ rəngli CD diskinə baxış keçirilmişdir. Həmin diskdə olan 1 ədəd fayla baxış keçirilən zaman müəyyən olundu ki, video çəkiliş xx.xx.2022-ci il tarixdə gündüz saat 17 radələrində aparılmışdır. Faylı açdıqda video görüntü ümumilikdə 01 dəqiqə 03 saniyə davam edir, həmin video görüntüdə isə vət. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gündüz saat 17 radələrində "Medistayle” MMC-nin klinikanın “Oksigen" apartları yerləşən otağına 3 dəfə düşərək “Oksigen" aparatlarının hissələrini götürüb (oğurlayıb) özü ilə gətirdiyi arabanın üzərinə yığıb aparması video görüntüsü aşkar olunur. Cinayət işinin 82-84-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin sçeilməsi barədə” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X1 barəsində həbs qətimkan tədbinrin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Yavər Məmmədlinin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, X1 qərar elan edilməklə həbsdə saxlanıldığıNərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 85-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 93-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, onlara vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş zayanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar