Məhkəmə qərarları › İş №1(005)-250/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-250/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-250/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsindən yaranmış asılılığını təmin etmək niyyəti ilə xx.xx.2024-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində tanışı İbrahim Rüstəmxanlıdan satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin 1-ci siyahısı»na daxil edilmiş narkotik vasitə hesab edilən xeyli miqdarda 39,50 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı 300 manata əldə etmiş və cibində saxlamaqla Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evə daşımış və həmin gün saat 14:50 dəqiqədə Azərbaycan Respublikası DİN- in BMCMİnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanaraq ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-in BMCMİ-nə gətirildikdən dərhal sonra orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara gödəkçənin sol yan cibindən bir ədəd sellofan bağlamada 39,50 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən alsa da sonradan İbrahim adlı şəxslə tanış olmuş və ondan müxtəlif məbləğlərdə pul müqabilində özünün istifadəsi üçün almağa başlamışdır. Sonuncu dəfə saxlanılan gün İbrahimdən 300 manat müqabilində 39 qram nəşə almışdır. Polis əməkdaşları tərəfindən Hövsan qəsəbəsində saxlanılaraq Baş İdarəyə gətirilmişdir. İdarədə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili X5 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü ildə Bakı şəhəri, Hövsan qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və işlədiyi Baş İdarənin əməliyyat-müvəkkili Şahid2, Şahid3 və onun daxil olduğu əməliyyat qrupu təşkil olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evinin yaxınlığında olacağı müəyyən edilmişdir. Bununla əlaqədar saat 14:50-də həmin ünvana getmişlər. Həmin saatda eyni ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmişlər. Ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsə özünü təqdim etməyi təklif edəndə o Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış edilmiş və BMCMİ-nə dəvət etmişlər. Baş İdarədə xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmiş və Təqsirləndirilən şəxs üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin cibindən 1 ədəd sellofan büküm, şalvarının sağ cibindən isə 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm iştirakçıların iştirakı ilə açılanda bitki mənşəli, yaşıl rəngli, spesifik iyə məxsus narkotik vasitə marixuanaya oxşar maddə aşkar olunaraq götürülmüşdür. Həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı saxlanıldığı gün İbrahim adlı şəxsdən 300 manata öz istifadəsi üçün almasını, satış niyyəti olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 şahid qismində dindirilmiş X5 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 14:50-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 19 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul olunmuş qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:50-də yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb könüllü təqdim etmişdir. Təqdim edilmiş narkotikə bənzər kütləni bu gün, yəni xx.xx.2024-cü il tarixdə İbrahim adlı şəxsdən 300 manata aldığını bildirmişdir. Həmin sellofan büküm zərfə qoyaraq qablaşdırılmış və möhürlənərək imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 yanvar 2024-cü il tarixli, 7/108 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi –39,50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli, 4(005)- 72/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 19 yanvar 2024-cü il tarixli, saat 14:50dən hesablanması qərara alınmışdır. “Maddi sübut hesab edilməsi haqqında” 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 30,40 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 xx.xx.2024-cü il tarixli, 1092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Şəxsi axtariş prosesinin görüntülərinə baxış keçirilməsi barədə” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb könüllü təqdim edir. Təqdim edilmiş narkotikə bənzər kütləni bu gün, yəni xx.xx.2024-cü il tarixdə İbrahim adlı şəxsdən 300 manata aldığını bildirir. Həmin sellofan büküm zərfə qoyaraq qablaşdırılaraq möhürlənərək imzalanır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli 586 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. “Sübutların təhlil, bir-biri ilə müqayisə edilməsi, əmələ hüquqi qiymət verilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinə hissəvi xitam verilməsi barədə” 28 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, şəxsi axtarış prosesinin əks olunduğu bir ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. “Telefonla ötürülən məlumatlara baxış keçirilməsi barədə” 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb edən bir hal aşkar edilməmişdir. İş üzrə dövlət ittihamçısının vəsatətinə əsasən məhkəmənin 01 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısı və qəbul olunan və göndərilən SMS-lərin siyahısı və SMS mətnlərinin məzmunu barədə məlumatlar "xxxx" MMC-dən əldə edilmişdir. Məhkəməyə müvafiq mobil operatordan təqdim edilmiş sənədlərə baxış keçirilən zaman təqsirləndirilən şəxsin əməlində başqa bir cinayət tərkibinin əlamətləri aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və həmin halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM- 93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 30,40 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM-132), cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri - 78,0 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.(CPM-198.1.). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 30,40 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar