Məhkəmə qərarları › İş №1(005)-251/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-251/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-251/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs'’ qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sora - CM) 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakına gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində tanışları Şahid1 və Şahid2 ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsi hesab edilən obyektin qapısının qıfılını güc tətbiq edərək armatur parçası ilə sındırmaqla açaraq qanunsuz daxil olub obyektdə Zərərçəkmiş şəxs məxsus olan təmir alətlərini, yəni 80 manat dəyərində üzərində “Hummer drill” yazıları olan 1 ədəd orta ölçülü perforator, 15 manat dəyərində “AEG” markalı 1 ədəd kiçik ölçülü drel, 30 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd qara rəngli orta ölçülü drel, 80 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd yaşıl rəngli böyük ölçülü perforator, 40 manat dəyərində “Laser lever” markalı 1 ədəd lazer aparatı, 80 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd laqonda, 25 manat dəyərində 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.), 25 manat dəyərində “Candan” markalı 1 ədəd plastik boru ütüsü, hər biri 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində olan 6 ədəd yanğından mühafizə detektoru, 40 manat dəyərində “Bylion cable reel” markalı 1 ədəd Türkiyə istehsalı olan 40 metr uzunluqlu 3x2,5 mm2 ölçülü elektrik uzadıcısı, 90 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd drelperforator, 300 manat dəyərində “Makita” markalı 1 ədəd perforator, 250 manat dəyərində “Arçee” markalı 1 ədəd 230 mm-lik böyük laqonda, 150 manat dəyərində “Avromaxs” markalı 1 ədəd qarışdırıcı böyük drel, 250 manat dəyərində “AEG” markalı 1 ədəd drel, 50 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd vint fırlayan drel, 140 manat dəyərində “Arçee” markalı 1 ədəd elektroqarışdırıcı, 45 manat dəyərində “Avromaxs” markalı 1 ədəd drel, 65 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd 50 metrlik elektrik uzadıcısı, 30 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd 50 metrlik elektrik uzadıcısı, ümumi dəyəri 180 manat olan 1 metri 1 manat 20 qəpik olmaqla 150 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, ümumi dəyəri 975 manat olan 1 metri 1 manat 50 qəpik olmaqla 650 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, ümumi dəyəri 400 manat olan 1 metri 20 manat olmaqla 20 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, 15 manat dəyərində 10 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd yumşaq elektrik naqilini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 3.385 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərində olarkən tanışı Yalçın ilə rastlaşmışdır. Aralarında olan söhbət əsnasında Yalçın ona pulu olmadığını, qardaşının işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən təmir olunan obyektdə təmir ləvazimatları olduğunu bildirmiş və pul qazanmaq üçün oğurluq etməyi təklif etmişdir. Onlar razılaşdıqdan sonra Yalçınla birlikdə yol ilə gedərkən Yalçının tanışı gül satmaqla məşğul olan Natiqi görmüşlər. Yalçın Natiqə də təklif etmişdir ki, əvvəl işlədiyi obyektdə təmir ləvazimatları var, birlikdə gedib onları götürsünlər. Onlar razılaşdıqdan sonra onun təklifi ilə taksi sürücüsü işləyən İntiqam ilə Sumqayıt şəhərində görüşərək birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən obyektə getmişlər. İntiqam idarə etdiyi “Opel” markalı avtomobildə onları gözləmişdir. Bir müddətdən sonra Yalçın obyektin qapısının kilidini armatur parçası ilə açmış, daha sonra o, Natiq və Yalçınla birlikdə obyektə daxil olmuşdur. Oradan təmir alətləri, yəni prefarator, drel, laqonda, miksir, naqillər, uzadıcı və s. götürərək “Opel” markalı avtomobilə qoyub oradan uzaqlaşaraq Sumqayıt şəhərinə aparıb Yalçının yaşadığı evin həyətinə yerləşdirmişlər. Bundan sonra Yalçın Natiqlə birlikdə oğurladıqları naqilləri Sumqayıt şəhərində mis qəbulu yerinə 460 manat qarşılığında satmışdır. Həmin puldan Yalçın 140 manat özünə götürmüş, 120 manat ona, 120 manat isə Natiqə vermişdir. O, 120 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Onlar qalan pulu birlikdə yeyib-içməyə xərcləmişlər. Taksi sürücüsü İntiqamın oğurluq hadisəsinin baş verməsindən heç bir məlumatı olmamışdır. Onlar İntiqama taksi pulu olaraq 15 manat pul və uzadıcı vermişlər. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən özünə məxsus olan qeyri-yaşayış sahəsi hesab edilən boş obyekti təmir etdirdiyindən təmir-tikinti işlərində lazım olan avadanlıqlar həmin obyektdə saxlanılmışdır. 06 fevral 2021-ci il tarixdə saat təxminən 19:00 radələrində obyektin qapısını kilidlə bağlayaraq getmişdir. 08.02.2021-ci il tarixdə saat təxminən 09:00 radələrində həmin obyektə yaxınlaşan zaman müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər obyektin qapısının kilidini sındıraraq içəriyə daxil olmuş, orada olan təmir alətlərini oğurlamışdır. Kamera görüntülərinə baxan zaman müəyyən olmuşdur ki, naməlum şəxslər 06.02.2021-ci il tarixdə saat təxminən 20:00 radələrində obyektin qapısını sındıraraq obyektə daxil olub oradan təmir alətlərini, yəni prefarator, drel, laqonda, miksir, ütü, naqillər, uzadıcı və s. oğurlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3.385 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət nəticəsində dəymiş olan ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə tanışı Yalçın birinci dəfə gördüyü Nurlanla onun yaşadığı ünvanın qarşısına gəlmiş və ona bildirmişdir ki, qardaşının hal-hazırda, özünün isə əvvəllər işlədiyi Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən qeyri-yaşayış sahəsi hesab olunan obyektdə təmir alətləri var və onları oğurlamaq olar. Onlarla oğurluq barədə razılığa gəldikdən sonra Nurlanın təklifi ilə taksi sürücüsü işləyən İntiqamla Sumqayıt şəhərində görüşərək birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən obyektə getmişlər. İntiqam idarə etdiyi “Opel” markalı avtomobildə onları gözləmişdir. Bir müddətdən sonra Yalçın obyektin qapısının kilidini armatur parçası ilə açmış, daha sonra o, Yalçın və Nurlanla birlikdə obyektə daxil olmuşdur. Oradan təmir alətləri, yəni prefarator, drel, laqonda, mikser, naqillər, uzadıcı və başqa əşyalar götürərək “Opel” markalı avtomobilə qoyub oradan uzaqlaşaraq Sumqayıt şəhərinə aparıb Yalçının yaşadığı evin həyətinə yerləşdirmişlər. Bundan sonra Yalçın oğurladıqları naqilləri Sumqayıt şəhərində mis qəbulu yerinə 460 manat qarşılığında satmışdır. Yalçın naqilləri mis qəbulu yerinə satan zaman o, Yalçının yanında olmuşdur. Həmin puldan Yalçın ona 120 manat pul vermiş, 140 manat özünə götürmüş, 120 manat isə Nurlana vermişdir. Ona çatan 120 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Onlar qalan pulu birlikdə yeyib-içməyə xərcləmişlər. Taksi sürücüsü İntiqamın oğurluq hadisəsinin baş verməsindən heç bir məlumatı olmamış və onlar ona taksi pulu olaraq 15 manat pul, bundan başqa uzadıcı vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 yanvar 2021-ci il tarixdən 2 fevral 2021-ci il tarixə kimi olan müddət ərzində ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab olunan obyektdə qardaşı X2 ilə birlikdə fəhlə işləmişdir. 06 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərində olarkən tanışı Nurlanla rastlaşmışdır. Aralarında olan söhbət əsnasında Nurlana bildirmişdir ki, pulu yoxdur və təklif etmişdir ki, qardaşının işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən təmir olunan obyektdə təmir ləvazimatları var, onları oradan götürsələr şəxsi ehtiyaclarını ödəmək üçün pul qazana bilərlər. Nurlanla razılaşdıqdan sonra birlikdə yolla gedərkən gül satmaqla məşğul olan Natiqi görmüş və Natiqə də təklif etmişdir ki, əvvəl işlədiyi obyektdə təmir ləvazimatları var, birlikdə gedib onları götürsünlər. Onlar razılaşdıqdan sonra Nurlanın təklifi ilə taksi sürücüsü işləyən İntiqamla Sumqayıt şəhərində görüşərək birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən obyektə getmişlər. İntiqam idarə etdiyi “Opel” markalı avtomobildə onları gözləmişdir. Bir müddətdən sonra obyektin qapısının kilidini armatur parçası ilə açmışlar, daha sonra o, Natiq və Nurlanla birlikdə obyektə daxil olmuşdur. Oradan təmir alətləri, yəni prefarator, drel, laqonda, mikser, naqillər, uzadıcı və s. götürərək “Opel” markalı avtomobilə qoyub oradan uzaqlaşaraq Sumqayıt şəhərinə aparıb onun yaşadığı evin həyətinə yerləşdirmişlər. Bundan sonra 07 fevral 2021-ci il tarixdə o, oğurladıqları naqilləri Sumqayıt şəhərində mis qəbulu yerinə 460 manat qarşılığında satmışdır. O, naqilləri mis qəbulu yerinə satan zaman Natiq yanında olmuşdur. Həmin puldan 140 manat özünə götürmüş, 120 manat Nurlana, 120 manat isə Natiqə vermişdir. O, 140 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Onlar qalan pulu birlikdə yeyib-içməyə xərcləmişlər. Həmçinin, taksi sürücüsü İntiqamın oğurluq hadisəsinin baş verməsindən heç bir məlumatı olmamış və ona taksi pulu olaraq 15 manat pul, bundan başqa uzadıcı vermişlər. Oğurluq nəticəsində əldə etmiş olduqları təmir ləvazimatlarından bir qismini Sumqayıt şəhərində yerləşən əşya bazarında tanımadığı şəxslərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 fevral 2021-ci il tarixdə saat 14:45-də işdə olan zaman iki nəfər şəxs kəsilmiş vəziyyətdə olan kabelləri iş yerinə gətirərək satmaq istədikləri bildirmişlər. O, həmin kabellərin oğurluq olubolmamasını soruşmuş, onlar isə kabellərin oğurluq olmadığını bildirmişlər. Bundan sonra o, həmin kabelləri çəkmiş və kabellər 63 kiloqram təşkil etmişdir. O, kabellərin qarşılığında 200 manat pul verə biləcəyini demişdir. Onlar razılaşdıqdan sonra Şahid2 həmin kabellərin oğurluq olmamasını təsdiq etmək üçün öz şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etmiş və həmin kağızın üzərində kabellərin oğurluq olmadığını imzası ilə təsdiq etmişdir. Şahid2 gələn zaman Şahid1 da onun yanında olmuşdur. O, həmin kağıza Şahid1 da adını qeyd etmişdir. Həmin günü 2 saat sonra Şahid2 tək yenidən onun işlədiyi əlvan metalın qəbulu yerinə gələrək yenidən kabel satmaq istədiyini bildirmişdir. Həmin kabellər çox, həmçinin top şəklində olduğundan oğurluq ola biləcəyindən qorxmuş və onları almamışdır. O, Şahid2 həmin kabelləri necə əldə etməsi barədə soruşduqda, sonuncu işlədiyi yerdən görmüş olduğu işin qarşılığında verdiklərini bildirmişdir. İttiham aktının siyahısında şahid qismində qeyd edilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olsa da, məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 06 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərində olarkən 3 nəfər şəxs ona yaxınlaşaraq Bakı şəhəri, Nərimanov rayonuna gedib orada olan təmir ləvazimatarını götürərək qayıtmalı olduqlarını bildirmişlər. O, 15 manat qarşılığında onları ora aparıb qaytaracağını bildirmişdir. Onlar razılaşdıqdan sonra o, həmin şəxsləri idarə etdiyi “Opel Astra” markalı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən qeyri-yaşayış sahəsi hesab olunan obyektin qarşısına gətirmişdir. Daha sonra onlar obyektə daxil olmuş, o isə avtomobilində əyləşib onları gözləmişdir. Onlar orada olan təmir ləvazimatlarını avtomobilinə qoymuşlar. Bundan sonra onlar avtomobilə əyləşib, yenidən Sumqayıt şəhərinə qayıtmış və həmin təmir ləvazimatlarını Sumqayıt şəhərində əşya bazarının yaxınlığında yerləşən həyət evinə yerləşdirmişlər. Bundan sonra onlar ona xidmət haqqı olaraq 15 manat pul vermiş və bundan başqa həmin təmir ləvazimatlarının içində olan uzadıcı ona lazım olduğu üçün xahişi ilə onlardan almışdır. Lakin, həmin uzadıcı istifadəyə yararsız olduğu üçün zibil yeşiyinə atmışdır. Həmin vaxtı baş vermiş oğurluq hadisəsindən onun heç bir xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sübutların qiymətləndirilməsi haqqında” 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş, oğurluq hadisəsinin baş verdiyi ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən obyektin yaxınlığında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur; “Hadisə yerinə baxış keçirilməsi barədə” 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin təhqiqatçısı X4 hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yeri Nərimanov rayonu, F.Yusifov küçəsi 165 saylı binanın 1-ci mərtəbəsində yerləşən ticarət obyektidir. Həmin obyektin şüşə pəncərəsi və qapıları var. Pəncərənin üstündə “icarəyə verilir” yazısı yazılıb. Qapıdan içəri daxil olarkən müəyyən olunmuşdur ki, həmin obyekt təmir olunmaqda olan ticarət obyektidir, küçə tərəfdən qapı plyonka ilə əhatə olunmuşdur. Şüşə qapıdan daxil olarkən təmir-tikinti alətlərinin olduğu müəyyən olundu. Düz istiqamətdə 2-ci mərtəbəyə pilləkan qalxır, sağ tərəfdə isə zirzəmiyə giriş var. Şikayətçi qeyd etmişdir ki, naməlum şəxslər tərəfindən obyektin daxilindən təmir alətləri (drel, laqonda, ütü və s.) oğurlanmışdır; “Könüllü təqdim etmə haqqında” 11 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin təhqiqatçısı X4 şübhəli şəxs Şahid2 və hal şahidlərinin iştirakı ilə protokol tərtib etmiş və şübhəli şəxs Şahid2 yaşadığı ünvan 3 ünvanında baxış keçirtmişdir. Baxış keçirilən zaman müəyyən olundu ki, baxış keçirilən ev birmərtəbəli həyət evidir. Həyətə daxil olduqdan sonra düz istiqamətdə metaldan olmaqla qara rəngli boya ilə boyanmış evin giriş qapısı yerləşir. Giriş qapısından evin dəhlizinə daxil olduqda dəhlizə 3 taxta materialdan olan qapılar açılır. Həmin ev 3 otaqdan, 1 mətbəxdən və 1 sanuzeldən ibarətdir. Şübhəli şəxs Şahid2 düz istiqamətdə yerləşən taxta materialdan qapını açmaqla otağa daxil oldu. Otağın işığı yanmır. Süni işıqlanma ilə müəyyən olundu ki, otaqda ağ rəngli sellofan torbalar var. Həmin sellofan torbalara baxış keçirilən zaman 3 ədəd drel, bir ədəd laqonda, 1 ədəd üzərində “lazer level” yazısı olan lazer aparatı, müxtəlif tipli naqillər, bir ədəd qutuda müxtəlif tipli təmir alətləri, bir ədəd ütü, altı ədəd yanğından mühafizə siqnalları müəyyən olundu. Şahid2 könüllü şəkildə həmin alətləri təqdim etdi və bildirdi ki, oğurladığı əşyalardır; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 12 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-179/2021 nömrəli, 13 fevral 2021ci il tarixli qərarından görünür ki, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “İfadənin yerində yoxlanılması haqqında” 13 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 icraatında olan CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs ifadəsini müdafiəçisi 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə dəqiqləşdirmək məqsədilə yerində yoxlamışdır. İstintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs əvvəllər haqqında ifadə verdiyi və hazırda ifadə verə biləcəyi şəraiti, yerləri göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra onun istiqamətləndirməsi ilə ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən obyektə qanunsuz daxil olaraq obyektdə yerləşən təmir alətləri, yəni prefarator, drel, laqonda, mikser, naqillər, uzadıcını və s. gizli yolla talamaqla oğurluq etdikləri hadisə yerini əyani olaraq göstərdi; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 20 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/915 nömrəli, 18 mart 2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza təhqiqatına təqdim edilmiş müxtəlif adda malların 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 445 manat müəyyən edilir. O, cümlədən, 1 ədəd üzərində “Hummer drill” yazıları olan orta ölçülü, istifadədə olmuş perforator - 80 manat, 1 ədəd üzərində “AEG” yazıları olan, istifadədə olmuş, kiçik ölçülü drel -15 manat, 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş, qara rəngli orta ölçülü drel - 30 manat, 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş, yaşıl rəngli böyük ölçülü perforator - 80 manat, 1 qutu üzərində “Laser Lever” yazıları olan, istifadədə olmuş lazer aparatı - 40 manat, 1 ədəd markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş laqonda - 80 manat, 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.) - 25 manat, 1 ədəc “Candan” markalı, istifadədə olmuş plastik boru ütüsü - 25 manat, 6 ədəd istifadədə olmuş yanğından mühafizə detektoru - 30 manat (6 ədəd x 5 manat), 1 ədəd Türkiyə istehsalı olan, üzərində “bylion cable reel” yazıları olan, 40 m uzunluqlu 3x2,5 mm2 ölçülü istifadədə olmuş elektrik uzadıcısı - 40 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır; “Maddi sübut kimi tanıma haqqında” 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd orta ölçülü perforator, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd qara rəngli orta ölçülü drel, 1 ədəd yaşıl rəngli böyük ölçülü perforator, 1 ədəd lazer aparatı, 1 ədəd laqonda, 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.), 1 ədəd plastik boru ütüsü, 6 ədəd yanğından mühafizə detektoru və 1 ədəd 40 metr uzunluqlu elektrik uzadıcısı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və həmin əşyaların Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır; “Əşyalara baxış keçirilməsi barədə” 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 icraatında CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə iş üzrə 13.02.2021-ci il tarixli qərarla təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi alındıqdan sonra həmin təmir alətlərinə baxış keçirtmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18.03.2021-ci il tarixli 9/915 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təhqiqatına təqdim edilmiş müxtəlif adda malların 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 445 manat müəyyən edilir. O, cümlədən, 1 ədəd üzərində “Hummer drill” yazıları olan orta ölçülü, istifadədə olmuş perforator - 80 manat, 1 ədəd üzərində “AEG” yazıları olan, istifadədə olmuş, kiçik ölçülü drel -15 manat, 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş, qara rəngli orta ölçülü drel - 30 manat, 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş, yaşıl rəngli böyük ölçülü perforator - 80 manat, 1 qutu üzərində “Laser Lever” yazıları olan, istifadədə olmuş lazer aparatı - 40 manat, 1 ədəd markalanmasına dair heç bir məlumat olmayan istifadədə olmuş laqonda - 80 manat, 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.) - 25 manat, 1 ədəc “Candan” markalı, istifadədə olmuş plastik boru ütüsü - 25 manat, 6 ədəd istifadədə olmuş yanğından mühafizə detektoru - 30 manat (6 ədəd x 5 manat), 1 ədəd Türkiyə istehsalı olan, üzərində “bylion cable reel” yazıları olan, 40 m uzunluqlu 3x2,5 mm2 ölçülü istifadədə olmuş elektrik uzadıcısı - 40 manat. Zərərçəkmiş şəxs ona məxsus olan təmir alətlərinin ərizə və ifadəsində qeyd etdiyi qiymətlərdən az olması ilə bağlı heç bir etirazının olmamasını və həmin təmir alətlərinin işlənmiş olmalarını əsas gətirərək ekspertin rəyi ilə razı olduğunu bildirmişdir. Bundan əlavə oğurlanmış digər təmir alətləri, yəni Zərərçəkmiş şəxs qeyd etdiyi kimi 90 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd drel-perforator, 300 manat dəyərində “Makita” markalı 1 ədəd perforator, 250 manat dəyərində “Arçee” markalı 1 ədəd 230 mm-lik böyük laqonda, 150 manat dəyərində “Avromaxs” markalı 1 ədəd qarışdırıcı böyük drel, 250 manat dəyərində “AEG” markalı 1 ədəd drel, 50 manat dəyərində markalanmasına dair heç bir bir məlumat olmayan 1 ədəd vint fırlayan drel, 140 manat dəyərində “Arçee” markalı 1 ədəd ektroqarışdırıcı, 45 manat dəyərində “Avromaxs” markalı 1 ədəd drel, 65 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd 50 metrlik elektrik uzadıcısı, 30 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd 50 metrlik elektrik uzadıcısı, ümumi dəyəri 180 manat olan, 1 metri 1 manat 20 qəpik olmaqla 150 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, ümumi dəyəri 975 manat olan 1 metri 1 manat 50 qəpik olmaqla 650 metrlik markalanmasına dair məlumat olmayan 1 ədəd elektrik naqili, ümumi dəyəri 400 manat olan 1 metri 20 manat olmaqla 20 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd elektrik naqili, 15 manat dəyərində 10 metrlik markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd yumşaq elektrik naqili oğurlanaraq satılmışdır. Həmin əşyaları müəyyən edib ekspertizaya təqdim etmək mümkün olmadığından qiymətləri Zərərçəkmiş şəxs göstərdiyi qaydada hesablanmalıdır. Odur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə dəymiş ziyan hesablanaraq 3.385 manat təşkil etdiyi müəyyən edilmişdir; Zərərçəkmiş şəxs tərəfindən imzalanmış 08 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, o, özünə məxsus təmir alətlərini, yəni 1 ədəd orta ölçülü perforator, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd qara rəngli orta ölçülü drel, 1 ədəd yaşıl rəngli böyük ölçülü perferator, 1 ədəd lazer aparatı, 1 ədəd laqonda, 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.), 1 ədəd plastik boru ütüsü, 6 ədəd yanğından mühafizə detektoru, 1 ədəd 40 metr uzunluqlu elektrik uzadıcısını təhvil almış və qeyd edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli, 9/915 nömrəli ekspert rəyi ilə tanış olmuşdur. Təmir alətlərinin rəydə göstərilən qiymətləri ilə əlaqədar olaraq heç bir etirazı yoxdur. Ola bilsin ki, həmin təmir alətləri köhnəlmiş olduğundan qiymətləri daha az göstərilmişdir; “Axtarışda olan şəxsin tutulması barədə” 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmişdir; “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur; “Şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 17 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-251/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır; Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-326/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barədə həbs etmənin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (210730476 nömrəli cinayət işi üzrə); Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-231/2021 nömrəli, 18 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Şahid2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şahid1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; himayəsində 25.08.2016-cı il təvəllüdlü azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan AZE seriyalı 11229127 nömrəli şəxsiyyət vəsiqəsinin surəti). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 68.1.1-1-ci maddəsinə əsasən həbsdə saxlanıldığı 3 (üç) gün (12.02.2021- 13.02.2021;15.04.2021-17.04.2021), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 251/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Daha sonra, yəni 13 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı ilə digər bir cinayət işi üzrə (210730476 nömrəli cinayət işi üzrə) CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-651/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda icraatdadır və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-251/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınsa da, onun barəsində həbs qətimkan tədbiri Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-326/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qərarı ilə təqsirləndirildiyi CMin 234.1-ci maddəsi ilə istintaqı aparılan digər cinayət işi üzrə seçilmişdir, yəni Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdən digər cinayət işi üzrə həbsdə saxlanılır. Həmçinin, bu hal iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin 080-117113 nömrəli, 21 iyul 2021-ci il tarixli məktubunda da öz əksini tapmışdır. Yəni, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə həbsdə saxlanıldığı müddət bu iş üzrə nəzərə alına bilməz. Hazırda isə Təqsirləndirilən şəxs bu iş üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini nəzərə alaraq onun barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair 4(060)-326/2021 nömrəli, 13.07.2021-ci il tarixli qərarı nəzərə alınmalıdır. İş üzrə maddi sübut - 1 ədəd orta ölçülü perforator, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd qara rəngli orta ölçülü drel, 1 ədəd yaşıl rəngli böyük ölçülü perforator, 1 ədəd lazer aparatı, 1 ədəd laqonda, 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.), 1 ədəd plastik boru ütüsü, 6 ədəd yanğından mühafizə detektoru və 1 ədəd 40 metr uzunluqlu elektrik uzadıcısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, cinayət işi üzrə keçirilmiş ekspertiza xərcinə münasibətdə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-231/2021 nömrəli, 18 iyun 2021-ci il tarixli hökmü ilə 9/915 nömrəli, 18 mart 2021-ci il tarixli tədqiqatın dəyəri, yəni 50 manat müştərək qaydada təqsirləndirilən şəxslər Şahid1 və Şahid2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) gün (12.02.2021-13.02.2021; 15.04.2021- 17.04.2021), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair 4(060)-326/2021 nömrəli, 13.07.2021-ci il tarixli qərarı nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 1 ədəd orta ölçülü perforator, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd qara rəngli orta ölçülü drel, 1 ədəd yaşıl rəngli böyük ölçülü perforator, 1 ədəd lazer aparatı, 1 ədəd laqonda, 1 qutu müxtəlif təmir alətləri (çəkic, laqonda daşı, eynək, kəlbətin və s.), 1 ədəd plastik boru ütüsü, 6 ədəd yanğından mühafizə detektoru və 1 ədəd 40 metr uzunluqlu elektrik uzadıcısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar