Məhkəmə qərarları › İş №1(005)-252/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-252/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-252/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Şirvan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 63 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 22 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.738 qram olan psıxiotrop maddə metafetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx xxx 2020-ci il tarixdə saat 19:50 radələrində Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 3 ünvanında fəaliyyət göstərən “Nənəmin Təndiri" mağazasının qarşısında saxlanılaraq Nərimanov RPİ-nın inzibati binasına gətirilib şəxsi axtar ş keçirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan ağ-qara-sarı rəngli gödəkçənin sol yan cibindən şəffaf rəngli polietilenə bükülmüş çəkisi 0,738 qram olan psixiotrop maddə metafetamın aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvanda olarkən "İnstagram" sosial şəbəkəsində adını xatırlamadığı səhifələrin birində psixiotropların satışı ilə bağlı elan görmüşdür. Həmin səhifədə əlaqə saxlanılması üçün +95-***-***-**-** Whatsapp nömrəsi göstərilmişdir. Həmin nömrə ilə əlaqə saxladıqda özünü Mehdi adlı İran vətəndaşı kimi təqdim edən şəxsə şəxsi istifadəsi üçün metamfetamin lazım olmasını demişdir. Daha sonra Mehdi adlı şəxs narkotik vasitə əldə edilməsi üçün “Kapital Banka” məxsus kartın hesabına 90 manat köçürməli olmasını və bundan sonra narkotik vasitənin haradan götürəcəyi barədə ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra o evdən çıxaraq yaxınlıqda olan “Milli Ön” terminalı vasitəsi ilə həmin hesaba 90 manat pul köçürmüşdür. Təxminən 1 saat sonra isə Mehdi adlı şəxs ona metamfetaminin “DSK" yolunda yolun kənar hissesində gizlətdiyi yerin şəkilini göndərmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin ünvana gedərək metafetamini yolun kənarından götürərək istifadə etməsi üçün əynində olan godəkçənin cibinə qoymuşdur. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə saat 19:50 radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Nənəmin Təndiri” mağazasının yaxınlığında piyada gəzən zaman 3 nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə üstünə baxış keçirilərkən ağ-qara-sarı rəngli godəkçəsinin cibindən psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmişdir. Daha sonra orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nərimanov rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs psixotrop maddə əldə edib üzərində saxlaması barədə Nərimanov rayon Polis İdarəsinin psixotroplərə mübarizə bölməsinə daxıl olmuş əməliyyat məlumatı əsasında sonuncunu ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün idarənin rəisinə raportla məruzə etdiyini, alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başladığını bildirmişdir. Qabaqcadan hazırlanmış plana əsasən tədbirə cəlb edilmiş idarənin Cinayət-Axtarış Şöbəsinin cinayət axtarış üzrə sabiq kiçik inspektoru X1 və Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xx.xx.2020-ci il tarixdə 20 radələrində Nərimanov rayonu, A.Nemətulla küçəsi 182 ünvanının yaxınlığına gedərək orada gözləmə mövqeyi seçdiklərini, aradan 5-10 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs gördükdə ona yaxınlaşıb özlərini polis əməkdaşlari olmaları kimi təqdim etdiklərini, Təqsirləndirilən şəxs Nərimanov rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. Bu vaxt idarənin Təhqiqat Şöbəsinin təhqiqalçısı, polis mayoru Samir İslamovun qərarı ilə Verdiktum Vəkil Bürosunun vəkili X2 təhqiqatçı Samir İslamov üçün ayrılmış otağa dəvət edərək olanları onlara danışdıqlarını, sonra təhqiqatçı X3 Əliyevə hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edib şəxsi axtarış keçiriləcəyi barədə məlumat verəndə Təqsirləndirilən şəxs əynindəki ağ-qara-sarı rəngli gödəkçənin sol yan cibindən şəffaf rəngli polietilenə bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etdiyini, bundan başqa həmin gödəkcənin sağ yan cibindən 1 ədəd üzərində “İphone 7” markalı telefon, "Winston" markalı siqaret, üzərində “Sılver- original” yazısı olan alışqan və qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq pul əskinazlarını çıxarıb könüllü olaraq təhvil verdiyini bildirmişdir. Həmin vaxt təhqiqatçı bükümün içərisində nəyin olduğu soruşanda Təqsirləndirilən şəxs səmimi olaraq bükümün içərisində psixiotrop maddə-metafetamin olduğunu, həmin metafetamini saxlanmağından bır neçə saat əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində evinin yaxınlığında olarkən yerdən polietilenə bükülmüş halda tapdığını demişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsnin üzərindən digər hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata götürmək haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 5(005)- 402/2020 nömrəli qərarından görünür ki, “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 oğlu tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Vaqif Müslümov tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (i.v. 9-10); Şübhəli şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 20-21); Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynində olan sarı-ağ-qara rəngli idman gödəkçəsinin sol cibindən şəffaf polietilenə bükülmüş 01 (bir) ədəd bükülünü könüllü olaraq təqdim etmiş və təqdim etdiyi bükülünün içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. (i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/701 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs 5 (imza)..” və s, qeydlər olan zərfdəki 1 ədəd bükümdə ağ rəngli kristal hissəciklərdən ibarət maddə, təmiz çəkisi 0,738 qram olan psixotrop maddə metamfetamindir. QEYD: metamfetaminin təmiz çəkisi-0,738 qr., tədqiqata sərf edildi-0,050 qr., qalıq-0,688 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 108.46 manatdır. (i.v. 40-44); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 54-55); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin istintaq Şöbəsinin müstəntiqi Rüstəm Diniyevin xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (i.v. 70-72); Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 73- 75); Maddi sübut kimi tanımaq haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və təmiz çəkisi 0,738 qram olan psixotrop maddə- metamfetamin maddi sübut kimi tanınmış, psixotrop maddəmetamfetaminin məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonrakı qalığı, yəni 0,688 qramı müvafiq məhkəmənin yekun qərarınadək Nərimanov RPİ-də məsul saxlanışa verilmişdir. (i.v. 77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-ci il tarixli 1301 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intokasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 95-96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 108); Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd DVD-R formatlı disk maddi sübut növü kimi qiymətləndirilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/701 saylı və narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1301 saylı rəyi sübut növü qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 111-115). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, həmçinin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatlarının dəyəri 108.46 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan və Nərimanov Rayon Polis İdarəsində saxlanılan psixotrop maddənin qalığı – 0,688 qram metamfetamin məhv edilməli, 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu müddət cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan psixotrop maddənin qalığı – 0,688 qram metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar