Məhkəmə qərarları › İş №1(005)-252/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-252/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-252/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun vəkili- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs2 və onun vəkili- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1992-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 11 mart 2021-ci il tarixdə saat 02:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən binanın birinci mərtəbəsindəki saxlanc yerinin qapısının kilidini sındırmaqla içəriyə qanunsuz daxil olub oradan 160 manat dəyərində “Adamex” markalı, “Young” modelli, çəhrayı rəngli uşaq arabası, 40 manat dəyərində Vietnam istehsalı “Samsung” markalı, “SC5251” modelli tozsoran, 150 manat dəyərində markalanmasına dair heç bir melumat olmayan qaz sobası və 130 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan qab yuma avadanlığını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 480 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 11 mart 2021-ci il tarixdə saat 02:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən binanın birinci mərtəbəsindəki saxlanc yerinin qapısının kilidini sındırmaqla içəriyə qanunsuz daxil olub oradan 160 manat dəyərində “Adamex” markalı, “Young” modelli, çəhrayı rəngli uşaq arabası, 40 manat dəyərində Vietnam istehsalı “Samsung” markalı, “SC5251” modelli tozsoran, 150 manat dəyərində markalanmasına dair heç bir melumat olmayan qaz sobası və 130 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan qab yuma avadanlığını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 480 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11.03.2021-ci il tarixdə saat təxminən 02:30 radələrində tanışı Xaliqlə dəmir yığmaq üçün Bakı şəhəri Nərimanov rayonu, Kaveroçkin küçəsi 34 saylı binanın qarşısında olmuşlar. Bu zaman onlar çox yorulduğundan içməyə su axtarırmışlar. Oradan keçən zaman binanın birinci mərtəbəsindəki dəmir qapını görmüşlər. Xaliq elə bilmişdir ki, ora istixanadır. Qapının üzərində kilid var idi. Lakin, kilid bağlanmamış sadəcə taxılı vəziyyətdə olmuşdur. Çox yorğun olduqları üçün istirahət etmək məqsədi ilə Xaliq qapını açıb içəri daxil olmuşdur. O isə çöldə yığdıqları metalların yanında dayanmışdır. Xaliq içərisində tozsoran, uşaq arabasını götürüb qapının qarşısına çıxartmış və ona demişdir ki, əşyaları uşaq arabasına yükləyib aparsınlar. Daha sonra Xaliqlə birlikdə oradan uzaqlaşaraq kirayə yaşadığı evə getmişlər. Gecəni Xaliqlə birlikdə onun evində qalmışlar. Səhəri gün o, çıxıb getmiş və Xaliq də birlikdə yığdıqları dəmirləri metal qəbulu məntəqəsinə 6 manata satmışdır. Həmin pulu aralarında bölərək şəxsi ehtiyacları üçün xərcləmişlər. Son olaraq məhkəmədən zərər çəkmiş şəxsə dəymiş zərərin əvəzini tam ödədiyini, ona qarşı şikayətin və tələbin olmamasını, əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alınmasını bildirmiş və məhkəmədən barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 11.03.2021-ci il tarixdə saat təxminən 02:30 radələrində tanışı Şahinlə dəmir yığmaq üçün Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi 34 saylı binanın qarşısında olmuşlar. Bu zaman o, çox yorulmuş və içməyə su axtarmışdır. Onlar ordan keçən zaman binanın birinci mərtəbəsində dəmir qapını görüb elə bilmişdir ki, ora istixanadır. Qapının üzərində kilid var idi. Lakin, kilid bağlanmamış sadəcə taxılı vəziyyətdə olmuşdur. O, çox yorğun olduğu üçün istirahət etmək məqsədi ilə qapını açıb içəri daxil olmuş və orada bir sıra əşyaların olduğunu görmüşdür. Şahin çöldə yığdıqları metalların yanında dayanmışdır. O, içərisində tozsoran olan uşaq arabasını götürüb qapının qarşısına çıxartmış və Şahinə demişdir ki, əşyaları uşaq arabasına yükləyib aparsınlar. Daha sonra Şahinlə birlikdə oradan uzaqlaşaraq onun kirayə yaşadığı evə getmişlər. Gecəni Şahinlə birlikdə onun evində qalmışlar. Səhəri gün Şahin çıxıb getmiş və o da birlikdə yığdıqları dəmirləri metal qəbulu məntəqəsinə 6 manata satmışdır. Həmin pulu aralarında bölərək şəxsi ehtiyacları üçün xərcləmişlər. O, oğurluq nəticəsində əldə etdikləri tozsoranı tanışı Anar adlı şəxsin evinə aparıb qoymuşdur ki, sonradan götürüb istifadə etsin. 13.03.2021 -ci il tarixdə isə oğurladıqları uşaq arabası ilə evə qayıdarkən yolda tanışı Vüsal adlı şəxsə rast gəlmişdir. Vüsal uşaq arabasını görüb, ondan arabanı satıb-satmadığını soruşmuşdur. O da, satmaq istədiyini bildirmiş və onlar 10 manata razılaşmışlar. Vüsal ona 10 manat pul verib uşaq arabasını götürmüşdür. O, əldə ediyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Son olaraq məhkəmədən zərər çəkmiş şəxsə dəymiş zərərin əvəzini tam ödədiyini, ona qarşı şikayətin və tələbin olmamasını, əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alınmasını bildirmiş və məhkəmədən barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11.03.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində həyətdə olan zaman saxlanc yerinin qapısındakı kilidin sındırılmış olduğunu görmüşdür. Oraya daxil olan zaman görmüşdür ki, naməlum şəxs və ya şəxslər saxlanc yerinin qapısının kilidini sındırmaqla içəriyə qanunsuz daxil olub oradan 1 ədəd dəyəri uşaq arabasını, 1 ədəd tozsoranı, 1 ədəd qaz sobasını və 1 ədəd qab yuma avadanlığını oğurlamışdır. Saxlanc yerinin qapısının kilidi sındırıldığından istifadəyə yararsız olduğu üçün o, həmin kilidi zibil yeşiyinə ataraq yenisi ilə əvəz etmişdir. Son olaraq təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyi üçün onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15.03.2021-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 4(005)- 294/2021 saylı qərarından görünür ki, R CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 15 mart 2021-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 4(005)- 295/2021 saylı qərarından görünür ki, R CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 15 mart 2021-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 25.03.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Qazax rayon məhkəməsinin 19.12.2011-ci il tarixli hökmü ilə AR CM-nin 234.2, 93.1.4-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.08.2015-ci ildə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 25.03.2021-ci il tarixli cavabından görünür ki, Gözəlov X7 Rayon Xalq Məhkəməsinin 04.11.1997-ci il tarixli hökmü ilə AR CM-in 99, 106.2, 38-ci maddə ilə təqsirli bilinib 01 il müddətə qazancının 10% dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, Biləsuvar Rayon Xalq Məhkəməsinin 12.01.1999-cu il tarixli hökmü ilə AR CM-in 93-3-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin 16.11.1999-cu il tarixli qərarı ilə hökm ləğv edilərək yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmış, Saatlı rayon Məhkəməsinin 28.03.2001-ci il tarixli hökmü ilə AR CM-in 93-3-cü maddənin 2-ci hissəsi, 70.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 il müddətə şərti olaraq tətbiq edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 15.02.2002-ci il tarixli hökmü ilə AR CM-in 132, 177.2.2, 177.2.3, 221.3, 66-cı maddələri ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli hökmü ilə AR CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2021-ci il tarixli 9/1838 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təhqiqatına təqdim edilmiş istifadədə olmuş malların 2021 -ci ilin mart ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd “Adamex” markalı “Young” modelli, çəhrayı rəngli uşaq arabası - 160 manat, 1 ədəd 2012-ci il Vietnam istehsalı “Samsung” markalı “SC5251” modelli tozsoran - 40 manat. Aparılan ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Maddi sübut kimi tanınma haqqında 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd uşaq arabası və 01 ədəd tozsoran iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. Əşyalara baxış keçirilməsi haqqında 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus olan əşyaların ərizə və ifadəsində qeyd etdiyi qiymətlərdən az olması ilə bağlı heç bir etirazının olmamasını və hamin əşyaların işlənmiş olmalarını əsas gətirərək ekspertin rəyi ilə razı olduğunu bildirmişdir. Bundan əlavə oğurlanmış digər əşyaları yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd etdiyi kimi yəni 150 manat olan 1 ədəd qaz sobası və 130 manat olan 1 ədəd qab yuma avadanlığı oğurlanaraq satılmışdır. Həmin əşyaları müəyyən edib ekspertizaya təqdim etmək mümkün olmadığından qiymətləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdiyi qaydada hesablanmalıdır. Odur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə dəymiş ziyan hesablanaraq 480 manat təşkil etdiyi müəyyən edilmişdir. 27.04.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd uşaq arabasını və 01 ədəd tozsoranı təhvil almışdır. Sübutların qiymətləndirilməsi 29.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yenidən ittiham elan edilməsi və s. qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. AR Ədliyyə Nazirliyi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı 17 iyun 2021-ci il tarixli 04-01\2021 nömrəli məktubdan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 7(022)-81/2020 nömrəli, 30.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsi 240 saat ictimai işlər növündə cəza ilə əvəz edilmişdir. Həmin qərar 25.01.2021-ci il tarixdə icraya daxil olmuş və hazırki tarixədək Təqsirləndirilən şəxs2 həmin ictimai işlər cəzasını çəkməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Ona dəymiş zərər tam olaraq ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və onunla barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasın və ağırlaşdıran halların olmamasın, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə tam birləşdirilməklə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 AR CM-in 128-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1000 manat cərimə cəzası məhkəmənin 30.12.2020-ci il tarixli qərarı ilə 240 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəlki hökmlə təyin olunmuş ictimai işləri cəzasının çəkilməmiş hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.2-ci maddəsi nəzərə alınmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya tam birləşdirərək qəti cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlərin dörd saatı bərabər tutulur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə 15.03.2021-ci il tarixdən 17.06.2021-ci il tarixədək tutulduğu cəmi 03 (üç) ay 02 (iki) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və onunla barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasın və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. AR Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə 15.03.2021-ci il tarixdən 17.06.2021-ci il tarixədək tutulduğu cəmi 03 (üç) ay 02 (iki) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut 01 ədəd Adamex markalı, Young modelli, çəhrayı rəngli uşaq arabasının və 01 ədəd 2012-ci il Vietnam istehsalı “Samsung” markalı, “SC5251” modelli tozsoranın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 və X6 məhkəmədə iştirak etdikləri 25 (iyirmi beş) saata görə hər birinə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 7(022)-81/2020 nömrəli, 30.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 240 saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlər cəzasının dörd saat bərabər tutularaq, 60 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15.03.2021-ci il tarixdən 17.06.2021-ci il tarixədək tutulduğu cəmi 03 (üç) ay 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 6 (altı) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15.03.2021-ci il tarixdən 17.06.2021-ci il tarixədək tutulduğu cəmi 03 (üç) ay 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 6 (altı) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qazax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd Adamex markalı, Young modelli, çəhrayı rəngli uşaq arabasının və 01 ədəd 2012-ci il Vietnam istehsalı “Samsung” markalı, “SC5251” modelli tozsoranın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 və X6 məhkəmədə iştirak etdikləri 25 (iyirmi beş) saata görə hər birinə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar