Məhkəmə qərarları › İş №1(005)-253/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-253/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-253/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatsız yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan 1,926 qram çəkidə narkotik vasitə heroin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan 0,993 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə saat 18:45-də qeyd olunan ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 20:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 01 ədəd bükümdə 1,925 qram çəkidə olan xeyli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,993 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək, lakin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, 29 yanvar 2024-cü il tarixdə saat 18- 19 radələrində ünvan 3 ünvanın qarşısında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və “kokos” kimi tanıdığı narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 02 ədəd şəffaf sellofan bükülüləri, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefonunu və 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş plastik pul kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə polis əməkdaşları tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk əvvəl təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilmişdir. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açılmışdır. Həmin şəffaf sellofan bükümlərin birinin içərisində psixotrop maddə metafetamin, digərində isə narkotik vasitə heroinin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümlərdə olan maddələri “patı” və “kakos” adı ilə tanıdığını, həmin maddələri təxminən 4 aydır ki “instagram” sosial şəbəkəsində tanış olduğu “Əhməd” adı ilə tanıdığı şəxsə online qaydada 125 manat pul ödənişi edərək şəxsi istifadəsi üçün aldığını, həmin maddələrin pulunu online qaydada ödədikdən sonra xx.xx.2024-cü il tarixdə "Əhməd” adlı şəxsin dediyi məkana gedərək oradan götürdüyünü, əvvəllər də bir dəfə “Əhməd” adlı şəxsdən narkotik vasitə və psixotrop maddə aldığını, həmçinin narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, təqdim etdiyi 02 ədəd bükümdə olan maddələrin onda olduğunu heç kimin bilmədiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetamin və 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Bundan əlavə üzərində aşkar edilmiş 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş üzərində "birkart” yazısı olan plastik pul kartına baxış keçirilmişdir. Həmin plastik pul kartının özünə aid olduğunu bildirmişdir. Bundan sonra üstündən aşkar edilmiş mobil telefon və 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş plastik pul kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra isə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində bildirmişdir ki, 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkilləri X6 və X8 daxil edilmişdir. 29 yanvar 2024-cü il tarixdə saat 18-19 radələrində Təqsirləndirilən şəxs Nizami rayonu, Ə.Vəliyev küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 18:45də qeyd olunan ünvanın yaxınlığında Ramın Həsənova oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qış gödəkcəsinin cibindən 02 ədəd sellofan bükümü, əynində olan şalvarının cibindən 01 ədəd mobil telefonu, və 01 ədəd bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış zamanı bükümlərin birinin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, digərində isə narkotik vasitə heroinə oxşar kütlə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və 01 ədəd bank kartı götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri “patı" və “kokos” kimi tanıdığını, həmin maddələri “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu “Əhməd” adlı şəxsdən onlayn qaydada 125 manata aldığını, xx.xx.2024-cü il tarixdə “Əhmədin dediyi ünvana gedərək götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 02 ədəd şəffaf sellofan bükülüləri, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş plastik pul kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlandı. İlk əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirildi. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldı. Həmi şəffaf sellofan bükümlərin birinin içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metafetaminə oxşar maddə olması və digərində isə tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə, heroinə oxşar maddənin olması müəyyən edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümlərdə olan maddələri “patı" və “kakos” adı ilə tanıdığını, həmin maddələri təxminən 4 aydırki “instagram” sosial şəbəkəsində tanış olduğu “Əhməd” adı ilə tanıdığı şəxsə online qaydada 125 manat pul ödənişi edərək şəxsi istifadəsi üçün aldığını, həmin maddələrin pulunu online qaydada ödədikdən sonra xx.xx.2024-cü il tarixdə “Əhməd” adlı şəxsin dediyi məkana gedərək oradan götürdüyünü, əvvəllər də bir dəfə “Əhməd” adlı şəxsdən narkotik vasitə və psixotrop maddə aldığını, həmçinin narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu, bu maddənin onda olduğunu heç kimin bilmədiyini, həmin maddələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetaminə oxşar maddə və 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Daxili işlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefona baxış keçirildi. Baxış zamanı həmin mobil telefonun özünə aid olduğunu, içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirdi. Bundan əlavə üzərində aşkar edilmiş 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş üzərində “birkart” yazısı olan və rəqəmləri aydın şəkildə oxunmayan plastik pul kartına baxış keçirildi. Təqsirləndirilən şəxs həmin plastik pul kartının özünə aid olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş içərisində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefon və 01 ədəd “Kapital Bank ASC” tərəfindən verilmiş plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən götürüldü. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,926 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,993 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 90-94-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-146/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 29 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 95-96-cı vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,876 qram qalmış narkotik vasitə heroin və qalıq çəkisi 0,943 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələləri həll edilənədək saxlanmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o Bakı Şəhər Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin 1-ci bəndində və 145-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 10 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 128-129-cu vərəqələrində olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi X3 Azərbaycan Respublikası CPM-in 85, 134.2.1 və 236.1-ci maddələrini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 iyul 2023-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş və həmin mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 19:39:13 və 19:43:56-də aşağıdakı məzmunda SMS-lər göndərilmişdir: - ay bırat cavab verda. bərkə s****lər məni olmadı ki sən oturub kola cəkirsen; - yekə oğlansan adama sənöl vurursan ki taksiyə minirəm indidə norkaman kimi hərəkət edirsən gəlmirsən denən gəlmirəm. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 21:25:33-də aşağıdakı məzmunda SMS göndərilmişdir: - o gətirdiyivə 70 manat vermisən yaxşı. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 10:16:56-da aşağıdakı məzmunda SMS göndərilmişdir: - ramin qapının üstündə elde packası var onun icındə pulu vur karta. Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokol tərtib olunmuş və "xxxx" MMC-dən götürülmüş CD disk həmin protokola əlavə edilmişdir. Cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1812 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli rəngli qış gödəkçəsinin sol yan cibindən 02 ədəd şəffaf sellofan bükülülərin içərisindən narkotik vasitə olan heroinin və psixotropik maddə olan metamfetaminin aşkar edilərək aşkar götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,876 qram narkotik vasitə olan heroin və ümumi qalığı 0,943 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar