Məhkəmə qərarları › İş №1(005)-255/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-255/2020

23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-255/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs1 və nümayəndəsi və vəkili X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1988-ci ildə Füzuli rayonu, Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 19:30 radələrində, ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlərin pozulması zəmnində, yəni Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 keçmiş həyat yoldaşı ilə yaxın münasibəti səbəbindən aralarında yaranmış mübahisə zamanı, yumruqla Zərərçəkmiş şəxs1 baş nahiyyəsindən vurub ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, ənsə nahiyyəsinin şişkinli hematoması və yumuşaq toxumalarının əzilməsi ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 19:30 radələrində, ünvan 2 ünvanında qardaşı Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 aralarında yaranmış dava dalaşa müdaxilə edib, Zərərçəkmiş şəxs1 təpiklə vuran zaman, Zərərçəkmiş şəxs2 onu tutub saxlaması səbəbindən Zərərçəkmiş şəxs2 qəsdən əli ilə hər iki üzündən, təpiklə sol bud nahiyyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs2 sol göz ətrafının şişkinli hematoması, göz qapaqlarının daralması, gözün ağlı qişasına qansızma, sol budun hərəkət məhdudluğu ilə müşayət olunan şişkinli hematoması, yəni sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. Təxminən 5-6 ay öncə İlqarın həyat yoldaşı ilə aralarında yaxın münasibəti olmuşdur. Bundan sonra İlqarın onunla qərəzli münasibəti yaranmışdır. Qonşuluqda yaşadığına görə o, əlavə problem yaranmaması üçün İlqarın onu görməməsinə çalışmışdır. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində o idarə etdiyi “Ford Transit” markalı avtomaşınla evə getmişdir. Bu zaman İlqarın idarə etdiyi “Mercedes-Benz C” markalı avtomaşınını görmüşdür. İlqar onu görüb avtomaşının istiqamətini dəyişib arxası ilə gəlməyə başlamışdır. O, İlqara əhəmiyyət vermədən evinin qarşısında avtomaşınını saxlamışdır. Avtomaşından endikdə İlqarın da öz avtomaşınından enərək arxasınca gəldiyini görmüşdür. Həmin vaxt qardaşı Şaiq də dostu Araz ilə məhəllədə olmuşdur. İlqar onun üzərinə hücum edib heç bir söz demədən əlində olan açar ilə onun baş nahiyyəsindən vurmuşdur. Şaiq də Araz ilə onların yanına gəlib onları aralamağa çalışmışlar. Araz onun baş nahiyyəsindən qan gəldiyini görüb bint almağa getmişdir. Həmin vaxt İlqarın atası, anası və bacısı Bənövşə arxadan qardaşı Şaiqin üzərinə hücum etmişlər. İlqarın atası Süleymanın əlində taxta parçası olmuşdur və o, həmin taxta parçası ilə Şaiqi vurmuşdur. İlqarın anası ilə bacısı Bənövşə isə Şaiqin paltarından tutub dartmışlar. Səs-küyə qonşular gəlmişlər. Qonşular onları aralaşdırmışlar. Bundan sonra İlqar evə tərəf qaçmışdır. Atası Süleyman, anası Gülsənəm və bacısı Bənövşə də onun arxasınca evə getmişdir. Onlar nalayiq ifadələrlə söyüşlər söymüşlər. Onlara əhəmiyyət verməmişlər, qardaşı və o evə getmişlər. Evdə isə hər ikisinin xəsarət aldığını görüb o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə haqqında məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs1 Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. Təxminən 5-6 ay öncə İlqarın həyat yoldaşı ilə qardaşı Şamonun arasında şəxsi münasibət olmuşdur. O işdə Şamonun heç bir günahı olmamışdır. Bundan sonra İlqarın onlarla qərəzli münasibəti yaranmışdır. Qonşuluqda yaşadıqlarına görə əlavə problem yaranmaması üçün qardaşı İlqar ilə üzbə-üz gəlməməyə çalışmışdır. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələriııdə o, həyətdə olmuşdur. Dostu Araz da onun yanında olmuşdur. Bu zaman qardaşının idarə eldiyi “Ford Transit” markalı avtomaşınla evə gəldiyini görmüşdür. İlqar da idarə etdiyi “Mercedes-Benz C” markalı avtomaşınla Şamonun arxasınca gəlmişdir. Şamo avtomobilini saxlayıb aşağı düşmüşdür. İlqar da avtomobilini saxlayıb aşağı düşmüş və qaçaraq Şamonun üzərinə hücum edib əlində açar ilə Şamonun baş nahiyyəsindən vurmuşdur. O, tez Araz ilə birlikdə onların yanına gedib Şamonu vurmaması üçün İlqarı tutub saxlamışdır. Araz Şamonun başından qan gəldiyini görüb bint almağa getmişdir. Həmin vaxt qəfildən arxadan ona zərbələr dəydiyini görmüşdür. Arxaya çöndükdə İlqarın atası Süleyman, anası Gülsənəm və bacısı Bənövşənin onun üzərinə hücum etdiyini görmüşdür. İlqarın atası Süleymanın əlində taxta parçası olmuşdur. O, sağ əlini önə vermişdir ki, baş və sifət nahiyyəsinə zərbələr dəyməsin. Lakin taxta parçası onun sağ əlindən dəymiş və o sağ əlindən xəsarət almışdır. Süleyman onun ayağına da taxta ilə vurmuşdur. Bundan sonra İlqar qaçaraq oradan getmişdir. Atası Süleyman, anası Gülsənəm və bacısı Bənövşə də onun arxasınca evə getmişlər. Səs-küyə qonşular yığışmışdır. O, qardaşı Şamo ilə evə gedərkən İlqar və atası həyət evlərindəki qarajın üzərinə çıxaraq qarajın üzərində olan şüşə parçalarını onlara atmağa başlamışlar. Lakin həmin şüşələr onlara dəyməmişdir. Onlar əhəmiyyət verməmiş evə getmişlər. Evdə isə hər ikisinin xəsarət aldığını görüb qardaşı 102 xidmətinə zəng edib baş vermiş hadisə haqqında məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs2 Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 ilə qonşudurlar. Dava dalaş olmamışdan təxminən 5-6 ay öncə həyat yoldaşı ilə Şamonun arasında şəxsi münasibət olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində o, bacısı oğlu Əli ilə birlikdə idarə etdiyi “Mersedes-Benz” markalı avtomobil ilə yaşadığı evdən Montin qəsəbəsində yerləşən “Araz” marketə doğru hərkət edən zaman, qarşıdan markasını və dövlət qeydiyyat nömrəsini bilmədiyi bir nəfərin avtomobilin gecə işıqlarını gücləndirmiş halda ona tərəf sürdüyünü görmüşdür. O da gecə işıqlarını gücləndirdikdə avtomobili idarə edən şəxsin Şamo olduğunu görmüşdür. Şamo həmin vaxt ona əli ilə nalayiq işarə göstərmişdir. O da Şamonun nə üçün ona o cür hərəkət etdiyini soruşmaq üçün qarşıdan geriyə dönüb Şamonun arxasınca getmişdir. Yaşadığı evin yaxınlığında Şamo avtomobilini saxlamışdır. O da avtomobili saxlamış, lakin avtomobili işlək vəziyyətdə qoymuş, açarı isə üzərində qalmışdır. O, avtomobildən düşüb Şamonun üzərinə getmiş və onunla aralarında sözlə mübahisə yaranmışdır. Söhbət zamanı Şamonun qardaşı Şaiq onun üzərinə getmiş, onunla kobud danışaraq paltarının sinəsindən tutmuşdur. Həmin vaxt Şamo da arxadan onun baş nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. O, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. O, yenidən ayağa qalxmaq isdədikdə Şamo yenidən onun boynunun arxa hissəsindən yumruqla bir neçə dəfə vurmağa başlamışdır. Zərbənin təsirindən o yerə yıxılan zaman, Şaiq onun üzərinə gələrək təpiklə sol budundan təpikləməyə başlamışdır. Bunu görən bacısı oğlu Əli Şaiqin ayağından tutaraq “dayımı vurma” demişdir. Şaiq isə Əlini şillə və təpiklə vurmuşdur. O, özünə gəldikdən sonra bacısı Bənövşənin onu yerdən qaldırıb evə apardığını görmüşdür. Həmin vaxt atası Süleyman da gəlmişdir. O, evə getdikdən sonra polis əməkdaşları və təcili tibbi yardım işçiləri gəlmişlər. Həkimlər onun halının pis olduğunu görüb onu 3 saylı klinik xəstəxanaya aparmışlar. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısıdır. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində o, dayısının idarə etdiyi avtomobil ilə gedərkən yaşadıqları məhəllədə Şamo idarə etdiyi avtomobil ilə onların qarşısına çıxmışdır. Şamo dayısına yol verməyib gülüb getmişdir. Dayısı İlqar da Şamonun arxasınca getmişdir. Dayısı avtomobilini məhəllədə saxlayıb avtomobildən düşmüşdür. Şamo da avtomobildən düşüb dayısının yanına gəlmişdir. Onlar mübahisə etməyə başlamışlar. Həmin vaxt Şamonun qardaşı Şaiq də onların yanına gəlmişdir. O da evə gedib anası Bənövşəyə Şamo və Şaiqin dayısı İlqar ilə dava etdiklərini demişdir. Anası Bənövşə və nənəsi Gülsənəm ilə birlikdə o dayısının yanına getmişdir. Həmin vaxt Şamo ilə Şaiq dayısı İlqarı yerdə döymüşlər. Anası Bənövşə özünü dayısının qarşısına atmışdır ki, Şamo ilə Şaiq onu döyməsinlər. O da Şaiqi dayısını vurmaması üçün tutmuşdur. Həmin vaxt Şaiq onu şillə ilə hər iki üzündən vurmuş və bir dəfə də sol budundan təpiklə vurmuşdur. Şamo ilə Şaiqin dayısına vurduğu təpiklərdən bir neçəsi də anası Bənövşəyə dəymişdir. Sonra ətrafda olan insanlar onları aralaşdırmışlar. Sonra anası Bənövşə dayısının qolundan tutub onu evə aparmışdır. Həmin vaxt babası Süleyman gəlmişdir. Onlar birlikdə evə getmişlər. Sonra polislər və həkimlər gəlmişlər. Həkimlər dayısının vəziyyəti yaxşı olmadığına görə onu xəstəxanaya aparmışlar. Şaiq onu da vurduğuna görə həkimlər xəstəxanada ona da ilkin tibbi yardım göstərmişlər. Sonra o, anası ilə birlikdə evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Şamo və onun qardaşı Şaiq isə onların qonşusudur. O, hadisə günü Novruz bayramı ilə əlaqədar olaraq anasıgilə gəlmişdir. Təxminən hadisədən 5-6 ay öncə İlqarın həyat yoldaşı ilə Şamonun arasında şəxsi münasibət olmuşdur. İlqar da Şamodan şikayət etmişdir. Buna görə Şamonun onlarla qərəzli münasibəti yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində o anası Gülsənəm ilə birlikdə evdə olmuşdur. Bu zaman oğlu Əli təlaşlı halda evə gələrək Şamo ilə Şaiqin dayısı İlqarı döydüyünü demişdir. Qeyd etmişdir ki, atası Süleyman həmin vaxt əmisi X4gildə olmuşdur. O, anası Gülsənəm ilə birlikdə çölə qaçmışlar. Bu zaman İlqarın yerdə olduğunu Şamo ilə qardaşı Şaiqin İlqarı yerdə təpiklə vurduqlarını görmüşlər. Anası və o qaçaraq Şamo ilə Şaiqi İlqarın üstündən çəkməyə çalışmışlar, İlqarın yerdə huşunu itirdiyini görüb o, özünü İlqarın qabağına atmışdır ki, onlar İlqarı vurmasınlar. Bu zaman Şaiq ilə Şamonun təpikləri onun başının sol tərəfinə, sağ və sol qoluna dəymişdir. Anası və o İlqarı elə gördükdə ağlayaraq qışqırıb kömək istəmişlər. Oğlu Əli də Şaiqi tutmağa çalışmışdır ki, İlqarı vurmasın. Əli qışqıraraq “dayımı anamı vurmayın” demişdir. Bu zaman Şaiq şillə ilə Əlinin üzündən və təpiklə arxasından vurmuşdur. Bundan sonra ətrafdakı qonşular onları sakitləşdirmişlər. Anası isə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Sakitlik yaranandan sonra atası Süleyman onların yanına gəlmişdir. Bundan sonra o, İlqarın qoluna girib onu evə aparmışdır. Daha sonra isə polis əməkdaşları və 103 təcili yardım xidmətinin işçiləri gəlmişlər. Lakin hadisə zamanı İlqar çoxlu xəsarətlər aldığından, bədənində ağrılar olduğundan həkimlər onun vəziyyətinin yaxşı olmadığını görüb xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Şamo və Şaiq isə onun qonşusudur. Hadisədən təxminən 5-6 ay öncə İlqarın həyat yoldaşı ilə Şamonun arasında şəxsi münasibət olmuşdur. Buna görə onlar Şamodan şikayət etmişlər. Həmin hadisədən sonra Şamo ilə aralarında qərəzli münasibət yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində o, evdə olan zaman nəvəsi Əli həyəcanlı halda evə gələrək Şamo ilə Şaiqin oğlu İlqarı, yəni dayısını döydüklərini demişdir. Həmin vaxt qızı Bənövşə də evdə olmuşdur. Həyat yoldaşı Süleyman isə qardaşı İsabalıgildə olmuşdur. O, qızı Bənövşə və Əli ilə birlikdə çölə qaçmışlar. Bu zaman İlqarın yerdə olduğunu və Şamo ilə Şaiqin İlqarı yerdə təpiklə və yumruqla vurduqlarını görmüşdür. Bənövşə və o qaçaraq Şamo ilə Şaiqi İlqarın üstündən çəkməyə çalışmışlar. İlqar yerdə huşunu itirmiş halda olmuşdur. Qızı və o İlqarı elə gördükdə ağlayaraq qışqırıb kömək istəmişlər. Qızı özünü İlqarın qabağına atmışdır ki, onlar İlqarı daha çox vurmasınlar. Nəvəsi Əli də Şaiqi tutmağa çalışmışdır ki, İlqarı vurmasın. Əli qışqıraraq “dayımı vurmayın” demiş, bu zaman Şaiq Əlini vurmuşdur. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edib, baş vermiş hadisə barəsində məlumat vermişdir. Sonra 103 təcili yardım xidmətinə zəng edib həkim çağırmışdır. Daha sonra İlqarın yanına qayıtmışdır. Bu zaman qızının İlqarın qoluna girərək onu evə gətirdiyini görmüşdür. Həmin vaxt həyat yoldaşı Süleyman gəlmişdir. Onlar İlqarı evə gətirib yatağa uzatmışlar. Sonra isə polis əməkdaşları gəlmişlər. Daha sonra o, polis əməkdaşlarına Şamogilin evlərini göstərib evə qayıtmışdır. Evə qayıtdıqda isə həkimlər gəlmişlər. Lakin hadisə zamanı İlqar çoxlu xəsarətlər aldığından, bədənində ağrılar olduğundan həkimlər onun vəziyyətinin yaxşı olmadığını görüb xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onun qonşusudur. Təxminən hadisədən 5-6 ay öncə İlqarın həyat yoldaşı ilə Şamonun arasında şəxsi münasibət olmuşdur. Buna görə onlar Şamodan şikayət etmişlər. Həmin hadisədən sonra Şamo ilə aralarında qərəzli münasibət yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində o, qardaşı İsabalını təbrik etmək üçün onun yaşadığı evə getmişdir. Saat təxminən 19:30 radələrində həyat yoldaşı Gülsənəm ona zəng edib Şamo ilə Şaiqin İlqarı döydüyünü və tez gəlməsini demişdir. O da qardaşı İsabalı ilə birlikdə piyada yaşadığı evə getmişdir. Qeyd etmişdir ki, qardaşının yaşadığı evdən onların evinə qədər təxminən 15 dəqiqəlik yoldur. Onlar ora çatdıqda o, qızı Bənövşənin İlqarın qolundan tutub onu evə apardığını görmüşdür. Onlar birlikdə evə getmişlər. Sonra polis əməkdaşları və həkimlər gəlmişlər. Hadisə zamanı İlqar çoxlu xəsarətlər aldığından, bədənində ağrılar olduğundan həkimlər onun vəziyyətinin yaxşı olmadığını görüb xəstəxanaya aparmışlar. Xəstəxanada məlum olmuşdur ki, hadisə zamanı Şaiq Əlini də vurmuşdur. Həkimlər ona da ilkin tibbi yardım göstərmiş və onlar evə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşı Şahid3 oğludur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə İlqar ilə qonşuluqda yaşayırlar. İlqarın həyat yoldaşı ilə Şamonun arasında şəxsi münasibət olmuşdur. Buna görə İlqar Şamodan şikayət etmişdir. Həmin hadisədən sonra Şamo ilə onların arasında qərəzli münasibət yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində qardaşı Süleyman bayramlarını təbrik etmək üçün onların yaşadığı evə gəlmişdir. Saat təxminən 19:30 radələrində Süleymanın həyat yoldaşı Gülsənəm Süleymana zəng edib Şamo ilə Şaiqin İlqarı döydüyünü və tez gəlməsini demişdir. O da Süleyman ilə birlikdə piyada onların yaşadığı evə getmişlər. Qeyd etmişdir ki, onların evindən Süleymangilin evinə qədər təxminən 15 dəqiqəlik yoldur. Onlar ora çatdıqda qardaşı qızı Bənövşənin İlqarın qolundan tutub onu evə apardığını görmüşlər. Onlar birlikdə evə getmişlər. Sonra polis əməkdaşları və həkimlər gəlmişlər. Hadisə zamanı İlqar çoxlu xəsarətlər aldığından həkimlər İlqarın vəziyyətinin yaxşı olmadığını görüb xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 15:30 radələrində o öz evində olmuşdur. Həmin vaxt məhəllədə səs eşitdiyi üçün həyət evinin darvazasını açıb küçəyə çıxmışdır. Bu zaman Şamo və Şaiq qardaşlarının bir nəfər şəxsi döydüyünü görmüşdür. Əvvəlcə döyülən şəxsin kim olduğunu bilməsə də, lakin sonradan İlqarın bacısı Bənövşənin qışqıraraq onlara tərəf qaçdığını görən zaman bilmişdir ki, döyülən ya İlqar ya da İlqarın qardaşı İlhamdır. O, həmin şəxslərə yaxınlaşan zaman dəqiqliklə əmin olmuşdur ki, döyülən İlqardır. Daha sonra Bənövşənin anası da onun arxasınca qaça-qaça gəlmişdir. Həmin vaxt İlqar yerdə yıxılmış vəziyyətdə olmuşdur. Bacısı Bənövşə isə İlqarın üzərinə yıxılaraq Şamo və Şaiqə “vurma, vurma” demişdir. Şamo və Şaiq isə ona məhəl qoymayaraq təpikləmişlər. Həmin vaxt zərbələrdən bəzisi Bənövşəyə dəymişdir. Bənövşənin oğlu Əli Şaiqin qolundan tutmuşdur ki, Şaiq İlqarı vurmasın. Şaiq isə əli ilə uşağın üz nahiyyəsindən vurmuş və təpiklə arxasından vurmuşdur. Bundan sonra anası, bacısı Bənövşə və bir neçə şəxs İlqarı onlardan kənarlaşdırmışlar və öz həyətlərinə aparmışlar. Sonra Bənövşə və anası Gülsənəm Şamo və Şaiqin yanına qayıdıb onlarla sözlə mübahisə etmişlər. Həmin vaxt Əli yaxınlıqda olan qarajın üzərinə çıxaraq Şamo ilə Şaiqi qorxutması üçün yerə butulka atmışdır. Mübahisə zamanı Şaiq “sizdə bir kişi yoxdu gəlsin söhbət edək?” demişdir. Şaiqin bu sözündən sonra o, Şaiqi itələyərək ona “get qan salma” demişdir. Şaiq və Şamo oradan getmişlər. Bir neçə dəqiqədən sonra İlqarın atası Süleyman gəlmişdir. Süleyman nə baş verdiyini soruşmuşdur. O, həyat yoldaşı Gülsənəm Süleymana baş vermiş hadisəni danışmışlar. Bundan sonra o, öz evinə getmişdir. Sonrakı hadisələrdən onun məlumatı olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X5 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə şahid X5 məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini, xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid X2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 120-121-ci vərəqələrində olan Şahid6 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, onun qudası Süleyman və onun ailəsi yaşadığı evin yaxınlığında qalır, onlarla qonşudur. Hadisə günü o, qudasıgilə getmişdir. Qeyd etmişdir ki, qudasıgilə tez-tez gəlib getdiyinə görə İlqarı bir neçə dəfə görmüşdür. Lakin Şamo ilə Şaiqi tanımır. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 19:30 radələridə o, qudasıgildə olan zaman çöldən səs-küy eşitmişdir. O tez çölə çıxmışdır. Həmin vaxt iki nəfər şəxsin İlqarı döydüyünü görmüşdür. Həmin vaxt İlqarın bacısı Bənövşə qaça-qaça gələrək, qardaşını döyən iki şəxsə “vurma, vurma” demişdir. Sonra isə İlqarın anası gəlmişdir. Həmin şəxslər isə məhəl qoymayaraq İlqarı təpikləmişlər. Bənövşə İlqarı vurmasınlar deyə özünü yerə atmışdır. Həmin vaxt zərbələrdən bəzisi Bənövşəyə də dəymişdir. Həmin vaxt Bənövşənin oğlu Əli isə iki qardaş kimi bildiyi, nisbətən böyük olan şəxsin qolundan tutmuşdur ki, o, İlqarı vurmasın. Həmin şəxs isə əli ilə uşağı vurmuşdur. Bundan sonra İlqarın anası, bacısı Bənövşə və bir neçə tanımadığı şəxs İlqarı onlardan aralaşdırıb onu evlərinə aparmışlar. Bir az keçdikdən sonra Bənövşə və anası Gülsənəm sonradan adlarının Şamo və Şaiq olduğunu bildiyi şəxsin yanına qayıdıb onlarla sözlə mübahisə etmişlər. Həmin vaxt Əli yaxınlıqda olan qarajın üzərinə çıxaraq yerə butulka atmışdır ki, Şamo ilə Şaiqi qorxutsun. Sonra ətrafda olan şəxsər Şaiq və Şamonu oradan kənarlaşdırmışlar. Bir neçə dəqiqədən sonra İlqarın atası Süleyman gəlmişdir. Bundan sonra o, öz evinə getmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, tərəflərdən hər ikisini tanıyır. Lakin Şaiqlə bir neçə ildir ki, dostluq münasibətləri vardır. Son çərşənbə günü idi və məhəllədə tonqal ətrafında toplaşmışdırlar. Şaiq də tonqal ətrafında idi. Bir müddət sonra Şamo idarə etdiyi avtomobili ilə məhəlləyə gəlmiş və avtomobili saxlayaraq onların yanına yaxınlaşmışdır. Onların söhbət etdikləri zaman İlqar idarə etdiyi avtomobillə məhəlləyə gəlmiş və maşınını işlək vəziyyətdə saxlayaraq onlara tərəf yaxınlaşmışdır. İlqar yaxınlaşan kimi Şamonu vurmağa başlamışdır. Bu zaman Şamonun qardaşı Şaiq və o, İlqarı Şamodan ayırmağa çalışmışlar. Hadisə zamanı onun dəqiq görə bilmədiyi alətlə İlqar Şamonun baş nahiyəsindən zərbə vurmuş və zərbə nəticəsində Şamonun baş nahiyəsindn qan axmışdır. Mübahisə zamanı səsə çıxan İlqarın qohumlarından biri əlində taxta parçası ilə zərbələr endirməyə başlamışdır. Zərbələrdən biri ona da dəymişdir. Şamonun başı qanadığından bint almaq məqsədilə hadisə yerindən iyirmi metr məsafədə yerləşən aptekə getmişdir. Aptekdən qayıdan zaman İlqarı orada görməmişdir. Cinayət işinin İ cildinin 48-49-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı Emin Quliyev Zərərçəkmiş şəxs1, Şahid1, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 19.30 radələrində vətəndaşlar Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanının qarşısında döyülərək xəsarət almışlar. Baxış təbii işıqlanma şəraitində keçirilmişdir. Baxış zamanı iki fotoşəkil çəkilmişdir. Cinayət işinin İ cildinin 60-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X20 xx xxxxx 2020-ci il tarixli, 240 saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol göz ətrafının şişkinli hematoması, göz qapaqlarının daralması, gözün ağlı qişasına qansızma, sol budun hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin İ cildinin 63-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X20 xx xxxxx 2020-ci il tarixli, 266 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı-kəllə beyin travması, baş beyin silkələnməsi, ənsə nahiyəsinin şişkinli hematoması və yumşaq toxumalarının əzilməsi, sol budun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin İ cildinin 104-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 106-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X20 xx xxx 2020-ci il tarixli, 07/266 saylı (266 saylı rəyə əlavə) rəyindən görünür ki, 1987-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı-kəllə beyin travması, baş beyin silkələnməsi, ənsə nahiyəsinin şişkinli hematoması və yumşaq toxumalarının əzilməsi, sol budun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və şişkinli hematoması ilə müşayiət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya, sol budun qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin İ cildinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X20 xx xxx 2020-ci il tarixli, 08/240 saylı (240 saylı rəyə əlavə) rəyindən görünür ki, 2007-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol göz ətrafının şişkinli hematoması, göz qapaqlarının daralması, gözün ağlı qişasına qansızma, sol budun hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sol göz ətrafının şişkinli hematoması, göz qapaqlarının daralması, gözün ağlı qişasına qansızma, sol budun hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin İ cildinin 123-cü vərəqində olan “Qanuni nümayəndənin təyin edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid1 ********* saylı cinayət işi üzrə yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsinin təyin edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 162-ci vərəqində olan 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 812311 saylı xx.xx.2016-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs2, anası X6r. Cinayət işinin İ cildinin 163-cü vərəqində olan 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 595055 saylı xx.xx.2015-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs2, anası X6r. Cinayət işinin İ cildinin 178-ci vərəqində olan Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 38 saylı MKİS-i tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Xasiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İ cildinin 179-cu vərəqində olan Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 38 saylı MKİS-i tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Xasiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 29-cu vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 62-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməli etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadənin onlar tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri ayrı-ayrılıqda 30 (otuz) iş saatına görə hər birinə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, müdafiəçi X13 xx xxxx 2020-ci il - xx xxxx 2020-ci il tarixlərdə keçirilmiş istintaq hərəkətlərində iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs1 müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X9 ibtidai istintaq zamanı iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 30 (otuz) iş saatına görə cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin “Gənclik mall” filialında olan hesabına (AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 105A; hesablaşma hesabı - AZ87AİİB******************** xxxx ASC Gəndik mail filialı, Kod-201025, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ******************** S.W.F.İ.T.Bik Al İ BAZ2X) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar