Məhkəmə qərarları › İş №1(005)-255/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-255/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-255/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin vəkili Bakı şəhəri 17 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2 Əlisəddin oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, X2, ev 20A, mənzil 63 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2023-cü il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla Bakı şəhərində yerləşən fəaliyyəti minik avtomobillərin icarəsi və lizinqdən ibarət olan "xxxx" MMC-nin Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərək borclu müəssisənin rəhbəri kimi icarəyə götüdüyü “KİA Sorento” markalı ** SH *** nömrə nişanlı avtomobilin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlə əlaqədar 5587,00 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 15 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs xeyrinə və 120 manat ekspertiza xərcinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-283/2020-cı il nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200,00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qəsdən qərəzli olaraq icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd edilən məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru olmuş şirkətin əsas işi avtomobilləri icarəyə götürərək başqa şəxslərə icarəyə verməkdən ibarət olmuşdur. 2019-cu ildə KİA-Sorento markalı ** SH *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Zərərçəkmiş şəxs ofisində icarəyə götürmüşdür. O, Zərərçəkmiş şəxs ilə icarə haqqında heç bir söhbət etməmiş, icarə haqqının miqdarı nə qədər olmuşdur bilmir. Bundan sonra Zərərçəkmiş şəxs bununla bağlı "xxxx" MMC-yə etibarnamə vermiş və avtomobili müəssisəsinə təhvil vermişdir. Lakin bir müddətdən sonra həmin avtomobili bir qadına icarəyə verilmişdir, sonuncu isə qəza törətmiş və dəymiş zərəri ödəməkdən yayınmışdır. Zərərçəkmiş şəxsla razılaşmışlar ki, avtomobili özləri təmir etdirəcəklər. Bundan sonra bu maşını icarəyə verdikləri həmin qadını axtarmağa başlamış, lakin qəza törətmiş qadını tapa bilməmişlər. O, fikirləşmişdir ki, həmin qadından dəymiş zərərə görə pulu alıb Zərərçəkmiş şəxs ödəyəcəkdir. Lakin qadını tapa bilməmiş və bununla əlaqədar polisə müraciət etsə də nəticə olmamışdır. Zərərçəkmiş şəxs özü bu avtomobili götürüb təmir etdirmiş, sonuncuya hissə-hissə cəmi 550 manat pul və 1 ədəd təkər vermişdir. Zərərçəkmiş şəxs avtomobili təmir etdikdən sonra ona bu barədə bildirmiş, bununla əlaqədar telefonla mütamadi söhbət etmişlər. Bununla əlaqədar Zərərçəkmiş şəxs dəymiş zərəri ödətdirilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-283/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 5587 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Onun bu qətnamədən ancaq Nərimanov rayon icra şöbəsində məlumatı olmuşdur. Son olaraq maddi ziyanın qismən ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında etibarnamə əsasında özünə KİA- Sorento markalı ** SH *** dövlət qeydiyyat nişanlı minik avtomobilini almış, bundan bir neçə gün sonra "xxxx" MMC-nin tanıdığı bir nəfər əməkdaş ona müraciət edərək həmin avtomobilin icarəyə verilməsini təklif etmişdir. Həmin "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Görüşüb söhbət etdikdən sonra həmin avtomobili hər ay 800 manat ödəmək şərti ilə həmin şirkətə icarəyə verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra bununla bağlı etibarnaməni "xxxx" MMC-yə vermiş və avtomobili bu müəssisəyə təhvil vermişdir. O, Təqsirləndirilən şəxsla mütamadi əlaqə saxlamış, təxminən 10-12 gün keçdikdə Elvin telefon vasitəsilə ona bildirmişdir ki, icarədar bir qadın avtomobili bir az sürtüb və özləri avtomobili təmir etdirəcəklər. Bununla əlaqədar təxminən 1 ay - 1 ay yarım o, həmin şirkətlə əlaqə saxlamış və görmüşdür ki, həmin şirkətin rəhbərliyi ancaq yalançı vədlər verir. Avtomobilin saxlanıdığı yeri biləndən sonra oraya getmiş və görmüşdür ki, avtomobil onlar dediyi kimi «balaca sürtünməyib», çox bərk zədələr almışdır, ona bildirilmişdir ki, bu avtomobil bir qadına icarəyə verilmiş və qadın alkoqol sərxoşluğu nəticəsində bu avtomobil ilə qəza törətmişdir. Ona yenə də bildirilmişdir ki, avtomobili özləri təmir edəcəklər, lakin təxminən 15 gün də keçsə də "xxxx" MMC tərəfindən faktiki olaraq heç bir tədbirlərin görülməməsini dərk edərək bu müəssisənin rəhbəri, yəni Təqsirləndirilən şəxsla razılaşmışdır ki, o, özü bu avtomobili təmir etdirəcək və sonra dəyərini onlardan alacaqdır. Bununla əlaqədar o, avtomobilini götürüb təmir üçün 6000 manatdan artıq məbləğində xərc çəkmiş və bu barədə Təqsirləndirilən şəxs bildirmişdir. Avtomobilin təmiri üçün Təqsirləndirilən şəxs ona cəmi 550 manat pul və 1 ədəd təkər vermiş, bildirmişdir ki, təmir xərcini ödəyəcəkdir. Avtomobili təmir etdirdikdən sonra Təqsirləndirilən şəxs bu barədə bildirməklə yanaşı avtomobilin təmiri prosesində aşkar edilən zərərlər barədə fotoşəkillərini sonuncunun telefonuna göndərmişdir. Həmin hadisədən sonra 2019-cu ilin avqust ayına kimi Təqsirləndirilən şəxsla dəfələrlə həm əyani həm telefon vasitəsilə görüşmüş, hər dəfə ona yalançı vədlər verilmişdir. Bununla əlaqədar artıq "xxxx" MMC tərəfindən ona dəymiş zərəri ödəməyəcəyinə əmin olduqdan sonra dəymiş zərəri ödətdirilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-283/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən borclu "xxxx" MMC-dən 5587 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar kimi ona ödənilməsi qət edilmişdir, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5750/2020 saylı qətnaməsi qüvvəsində saxlanılmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən bugünədək 600 (altı yüz) manat məbləğində pul ödənilmişdir, vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-283/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 5587,00 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və borclu "xxxx" MMCyə tələbin könüllü icrası haqqında qərar və bildiriş göndərilmişdir. Eyni zamanda borclu "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, qərar və bildirişin surəti ona şəxsən təqdim edilmiş, lakin məhkəmə qərarının icrası təmin edilməmişdir. Borclu "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbin təmin edilməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin tələb təmin edilmədiyi üçün Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Nərimanov rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəməsinin 3(005)-2212/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200,00 manat məbləğində cərimə edilmişdir. Borclu "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-283/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə aidiyyəti istintaq orqanına təqdimatla müraciət edilməsi haqqında bildiriş təqdim edilmişdir. Borclu "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə dəvət olunmuş, izahatı alınmış, izahatında tələbkara olan borcunu ödəməyəcəyini bildirmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, icra sənədi üzrə tələbin təmin edilməsinə dair heç bir təşəbbüs göstərməmiş, eyni zamanda inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamışdır. Məhkəmədə dindirilmiş Şahid1 iş üzrə digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-283/2020 saylı qərarından görünür ki, "xxxx" MMC-dən 5587 (beş min beş yüz səksən yeddi) manat məbləğində pul vəsaitit və 15 (on beş) manat dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş İcraata Başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-283/2020 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən borcunun könüllü şəkildə ödənilməsi barədə məlumat verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 3(005)-2212/2021 saylı qərardan görünür ki, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 8(005)-175/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5750/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, şikayət təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-283/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Elektorn Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxsdur. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, X1 əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş “Axtarışda olan şəxsin tutulmasına” dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş “Qətimkan tədbirinin seçmək haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, zərəçəkmiş şəxs və şahid ifadələri icra işinin bütün sənədləri sübüt növü kimi qiymətləndirilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 17 saylı Mənzil Kommunal İstismarı Sahəsinə ünvanlanmış sorğuya əsasən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində övladı vardır. O 1995-ci il tarixdən Azadlıq prospekti 18 mənzil 70/73 ünvanında qeydiyyatdadır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Camalzadə Zakir adlı azyaşlı övladı, həyat yoldaşı və anası vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-сü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə düzgün tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-283/2020 saylı saylı qətnaməsinə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə xx.xx.2021ci il tarixli, 3(005)-2212/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati cərimə tətbiq edilməsi, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq, qeyd edilən icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)-2212/2021 saylı qanuni qüvvəyə minmiş qətnamə ilə üzərinə düşən öhdəlikləri, həmçinin zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı qaytarmaqdan boyun qaçırmaq niyyətinin olmamasını, bu işdə özünün cavabdehlik daşımadığını düşündüyü üçün məsuliyyətsiz yanaşdığı bu səbəblə ödəniş etmədiyi ilə bağlı ifadəsini özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərəçəkmiş şəxsin və şahid ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarlarla onun məhkəmə qətnaməsini qərəzli icra edilməməsi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, qismən etiraf etsədə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə qismən ödəniş etməsini, himayəsində 01 azyaşlı övladının, həyat yoldaşının və anasının olmasını və ailəsinin yeganə gəlir mənbəyi olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulan vəzifələri qoyur və CM-nin 52-1.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri qoya bilər. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-nin 306.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (09- 11 fevral 2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, "Elektron məhkəmə" informasiya sisteminə əsasən keçirilmiş iclasların sayı və vaxtı nəzərə alınmaqla 90 (doxsan) iş saatına görə 540 (beş yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və ekspertiza xərci yoxdur. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (09-11 fevral 2023cü il) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Müdafiəçi1 oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 (doxsan) iş saatına görə 540 (beş yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar