Məhkəmə qərarları › İş №1(005)-258/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-258/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-258/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X5, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxx 1972-ci ildə, Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində anadan olmuş, Türkmənistan Respublikası vətəndaşı, tam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Türkmənistan Respublikası, Türkmənbaşı şəhəri, Kirov küçəsi, dalan 1, ev 7A ünvanında qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 58, mənzil 64-də kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz xeyrinə ələ keçirmək məqsədilə özünü mehmanxana sahəsində səriştəli şəxs kimi təqdim edib icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 108 saylı ünvanda yerləşməklə “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxanada baş nəzarətçi təyin edəcəyinə yalan vəd verməklə Zərərçəkmiş şəxs aldatmış, 23 fevral 2020-ci il tarixdə, saat 18 radələrində həmin mehmanxanadakı iş otağında sonuncunun xeyli miqdarda olmaqla 17000 manat ekvivalentində 10000 ABŞ dolları pulunu ələ keçirib ona göstərilən məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanımaqla aralarında ədavət, düşmənçilik yoxdur və münasibətləri yaxşı olmuşdur. 06 dekabr 2016-cı il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində barəsində çıxarılmış hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün Zərərçəkmiş şəxsla bir müddət əlaqəsi kəsilsə də, cəzadan azad olunduqdan sonra yenidən bir-biriləri ilə əlaqə saxlayaraq münasibətlərini davam etdirmişlər. 2020-ci ilin yanvar ayının əvvəllərində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Ceyhun adlı şəxsin vasitəsilə Nərimanov rayonu, X7 küçəsi 108 saylı ünvanda yerləşməklə “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxananı ayda 30000 manat pul müqabilində icarəyə götürmüş, onun adına VÖEN olmadığından, o, qızı Şəkər Vahabovanın keçmiş iş yoldaşı Şahid mehmanxanaya baş menecer işinə cəlb edib bütün sənədləşmə işlərini onun adından aparmışdır. İcarəyə götürdüyü mehmanxana boş olduğundan və onun fəaliyyət göstərməsi üçün müəyyən əşyaların alınması lazım olduğundan, sənədləşmə işlərini başa çatdırandan sonra mehmanxananı müəyyən əşyalarla təchiz etmiş və 11 yanvar 2020-ci il tarixdən başlayaraq mehmanxana fəaliyyət göstərməyə başlamışdır. 2020-ci ilin fevral ayının ortalarında Yusif mobil telefon nömrə vasitəsilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib ondan hal-əhvalını soruşanda, o, sevincini Yusiflə bölüşmək məqsədilə “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxananı icarəyə götürüb işlətdiyini ona demişdir. Yusif onu təbrik etməyə gedəcəyini deyib mehmanxananın yerləşdiyi yeri ondan soruşanda, o, mehmanxananın yerləşdiyi yeri ona demişdir. Aradan 1-2 gün keçəndən sonra, Yusif həmin mehmanxanaya gedib icarəyə mehmanxana götürdüyü üçün onu təbrik edərək ilk öncə, şərikli işləmələrini ona təklif etmiş, bundan imtina edəndə Yusif ona maddi baxımdan kömək edə biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs minnətdarlığını bildirib hər hansı köməkliyə ehtiyacının olmadığını desə də, sonuncu 3 dəfə bu cür təklif edib ona maddi baxımdan köməklik edə biləcəyini qeyd edəndə, onunla razılaşmışdır. Yusif borc şəklində ona 10000 ABŞ dolları pul verə biləcəyini deyib 23 fevral 2020-ci il tarixdə, saat 18 radələrində onun icarə əsasında işlətdiyi “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxanaya gedərək mehmanxanada baş menecer işləyən Şahid iştirakı ilə orada yerləşən iş otağında onunla görüşmüş və 10000 ABŞ dolları pulu ona təqdim etmişdir. O, həmin məbləğdə pulu Yusifdən qəbul edəndən sonra, 1 ay ərzində həmin pulu qaytaracağını demiş, qaytara bilməyəcəyi təqdirdə isə pulun əsas hissəsi qalmaq şərtilə hər ay üçün ona 1000 manat əlavə pul verəcəyini bildirmişdir. Yusif isə bununla razılaşmayıb 1 ay ərzində pulunu qaytarmayacağı təqdirdə pulun əsas hissəsi qalmaq şərtilə hər ay ondan əlavə olaraq 1000 manat deyil, 1000 ABŞ dolları pul alacağını dediyindən, ona pul lazım olduğu üçün Yusiflə razılaşmışdır. Sonralar Yusifdən aldığı pulu mehmanxananın xərclərinə sərf etmişdir. Mehmanxana fəaliyyət göstərdiyi müddətdə Yusif mehmanxanaya gedib orada müəyyən təsərrüfat və texniki işlərə köməklik göstərsə də, mehmanxananın rəsmi işçisi kimi orada işləməmişdir. 2020-ci ilin mart ayının sonlarında Azərbaycan Respublikası ərazisində "Koronavirus Pandemiyası" ilə əlaqədar tətbiq olunan məhdudiyyətlə bağlı mehmanxananın fəaliyyəti dayandığından, o, mehmanxananı bağlamaq məcburiyyətində qalmışdır. Mehmanxananın fəaliyyəti ilə bağlı sənədləşmələr Şahid adından aparıldığından, sonuncu mehmanxananı sahibinə təhvil vermişdir. İcarəyə götürdüyü mehmanxananın icarə haqqını verə bilmədiyindən, mehmanxananı sahibinə təhvil verən zaman ora aldığı əşyalar mehmanxanada saxlanılmışdır. Mehmanxananın fəaliyyəti dayandıqdan sonra, Yusif onu aldatdığını deyib ona verdiyi 10000 ABŞ dolları pulu geri istəyəndə, maddi vəziyyəti yaxşı olmadığından ona 2000 ABŞ dolları pul qaytarmış, pulun qalan 8000 ABŞ dolları hissəsini isə qaytaracağını boynuna götürmüşdür. Lakin, sonradan maddi baxımdan imkanı olmadığından Yusifdən aldığı pulun qalan hissəsini qaytara bilməmişdir. 2021-ci ilin iyun ayında Yusif Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə onun barəsində şikayət etdiyindən, borc götürərək ona verməli olduğu 8000 ABŞ dolları puldan 2700 manatını qaytarıb qısa müddət ərzində pulun qalan hissəsini qaytaracağına vəd vermişdir. Buna baxmayaraq, heç bir yerdə işləmədiyi üçün pul tapa bilmədiyindən, onun pulun qalan hissəsini qaytara bilməmişdir. Onun Zərərçəkmiş şəxs aldatmaq fikri olmamışdır, ondan aldığı pulu qaytara bilmədiyi üçün utandığından, ondan yayınmağa başlamışdır. Sonda təqsirləndirilən şəxs X4 əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 təxminən 10 ildir ki, tanımaqla münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin fevral ayının ortalarında Esmira Vahabova onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Nərimanov rayonu, X7 küçəsi 108 saylı ünvanda yerləşməklə “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxananı icarəyə götürdüyünü deyərək onunla birlikdə işləmək arzusunda olduğunu qeyd etdiyindən, o, həmin mehmanxanaya gedərək orada Esmira ilə görüşmüşdür. Esmira ilə danışıq əsnasında sonuncu bir daha “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxananı icarə götürməsini əyani şəkildə ona göstərib 10000 ABŞ dolları pul müqabilində onu həmin mehmanxanada baş nəzarətçi təyin edə biləcəyini və hər ay 1200 manat əmək haqqı alacağını vurğulayanda, uzun müddət ərzində Esmiranı tanıdığı üçün ona inandığından, onunla razılaşmışdır. Aralarında qarşılıqlı razılıq əldə olunub onlar ayrıldıqdan sonra, o, evdən 10000 ABŞ dolları pul götürüb 23 fevral 2020-ci il tarixdə, saat 18 radələrində “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxanaya gedərək mehmanxanada baş menecer işləyən Şahid iştirakı ilə Esmiranın orada yerləşən iş otağında onunla görüşmüş, görüş əsnasında Esmira bir daha 10000 ABŞ dolları pulun müqabilində onu həmin mehmanxanada baş nəzarətçi təyin edəcəyinə inandırdığından, o, Şahid iştirakı ilə 10000 ABŞ dolları pulu Esmira Vahabovaya vermişdir. 24 fevral 2020-ci il tarixdən isə başlayaraq aralarında əmək müqaviləsi bağlanmadan şifahi razılıq əsasında Esmira onu həmin mehmanxanada təsərrüfat və texniki işlərə cəlb etmiş və qısa müddət ərzində baş nəzarətçi təyin edəcəyini bildirmişdir. O, həmin mehmanxanada 1 ay işləyəndən sonra, Esmiradan həmin 1 ayın əmək haqqısı olaraq 1200 manat pulu ona verməsini xahiş edib onu söz verdiyi baş nəzarətçi işinə keçirməsini tələb edəndə, Esmira onun əmək haqqısını verməkdən yayınaraq onu baş nəzarətçi işinə təyin edə bilməyəcəyini, qısa müddət ərzində mehmanxanada baş menecer işləyən Şahid işdən çıxarıb onu Sabitin yerinə təyin edəcəyini bildirmiş, o, yenə Esmiraya inanaraq mehmanxanada işini davam etdirsə də, 2020-ci ilin mart ayının sonlarında sonuncu Azərbaycan Respublikası ərazisində "Koronavirus Pandemiyası" ilə əlaqədar tətbiq olunan məhdudiyyətlə bağlı mehmanxananın fəaliyyətinin dayandırıldığını demiş və onu mehmanxanaya işə getməməsini tapşırmışdır. O, Esmiranın onu aldadıb 10000 ABŞ dolları pulunu ələ keçirməsini anlayıb ondan göstərilən məbləğdə pulunu geri istəyəndə, Esmira 10000 ABŞ dolları pulundan 2000 ABŞ dolları pulunu qaytarıb pulun qalan 8000 ABŞ dolları hissəsini qısa müddət ərzində qaytaracağına söz vermişdir. Ondan sonra, dəfələrlə Esmiradan 8000 ABŞ dolları pulunu geri qaytarmasım tələb etsə də, sonuncu ilk öncə, müxtəlif bəhanələr gətirməklə pulunu qaytarmaqdan yayınmağa başlamış, daha sonra mobil telefon zənglərinə cavab verməyərək mobil telefon nömrələrini mobil telefonunun qara siyahısına əlavə etmişdir. Aradan uzun müddət vaxt keçsə də, Esmira ilə əlaqə yarada bilmədiyindən və sonuncu onun pulunu verməkdən yayındığından, o, 21 iyun 2021-ci il tarixdə Esmira Vahabovanın barəsində şikayət etmişdir. Şikayəti üzrə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində aparılmış araşdırma zamanı Esmira ona verməli olduğu 8000 ABŞ dolları puldan 2700 manatını qaytarıb qısa müddət ərzində pulunun qalan hissəsini qaytaracağına vəd versə də, sonradan yenidən onunla əlaqəni kəsərək pulunu qaytarmaqdan yayınmışdır. Ona görə də, məcbur qalıb Esmira Vahabovanın barəsində yenidən şikayətlər etmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Esmira Vahabovanı və Zərərçəkmiş şəxs 2020-ci ilin əvvəllərindən tanıyır. 2020-ci ilin yanvar ayında keçmiş iş yoldaşı Şəkər Vahabovanın anası Esmira Vahabova onunla əlaqə saxlayıb Nərimanov rayonu, X7 küçəsi 108 saylı ünvanda yerləşməklə “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxananı icarəyə götürdüyünü deyərək onu ora baş menecer kimi işə dəvət etdiyindən, Esmira Vahabovanın təklifi ilə razılaşmış, həmin ilin yanvar ayının ortalarından başlayaraq hər ay 800 manat əmək haqqı müqabilində Esmira Vahabova ilə aralarında bağlanmış əmək müqaviləsi əsasında o, həmin mehmanxanada baş menecer kimi işləməyə başlamışdır. 2020-ci ilin fevral ayında Esmira Vahabova həmin mehmanxanaya baş nəzarətçi təyin etmək üçün tanışı Zərərçəkmiş şəxs ora dəvət etmiş, sonuncu mehmanxanaya gedəndən sonra Esmira Vahabovanın mehmanxanada yerləşən iş otağında bununla bağlı aralarında danışıq əsnasında Esmira Vahabova bir daha “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxananı icarə götürməsini əyani şəkildə Zərərçəkmiş şəxs göstərib 10000 ABŞ dolları pul müqabilində onu həmin mehmanxanada baş nəzarətçi təyin edə biləcəyini və onun hər ay 1200 manat əmək haqqı alacağını vurğulayanda, Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Aralarında qarşılıqlı razılıq əldə olunub onlar ayrıldıqdan sonra, Zərərçəkmiş şəxs 23 fevral 2020-ci il tarixdə, saat 18 radələrində “Anatolia Hotel” adı ilə fəaliyyət göstərən mehmanxanaya gedib onun iştirakı ilə Esmira Vahabovanın orada yerləşən iş otağında sonuncu ilə görüşmüş, görüş əsnasında Esmira Vahabova bir daha 10000 ABŞ dolları pulun müqabilində Zərərçəkmiş şəxs həmin mehmanxanada baş nəzarətçi təyin edəcəyinə inandırdığından, sonuncu onun yanında 10000 ABŞ dolları pulu Esmira Vahabovaya təqdim etmişdir. 24 fevral 2020-ci il tarixdən başlayaraq isə Esmira Vahabova aralarında hər hansı əmək müqaviləsi bağlanmadan şifahi razılıq əsasında Zərərçəkmiş şəxs mehmanxanada təsərrüfat və texniki işlərə cəlb etmiş və qısa müddət ərzində onu baş nəzarətçi təyin edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin mehmanxanada 1 ay işləyəndən sonra, Esmira Vahabovadan həmin 1 ayın əmək haqqısı olaraq 1200 manat pulu verməsini xahiş edib onu söz verdiyi baş nəzarətçi işinə keçirməsini tələb edəndə, Esmira Vahabova onun əmək haqqısını verməkdən yayınaraq onu baş nəzarətçi işinə təyin edə bilməyəcəyini və digər işə təyin edəcəyini bildirmişir. Onlar mehmanxanada işlərini davam etdirsələr də, 2020-ci ilin mart ayının sonlarında Azərbaycan Respublikası ərazisində "Koronavirus Pandemiyası" ilə əlaqədar tətbiq olunan məhdudiyyətlə əlaqədar mehmanxananın fəaliyyəti dayandığından, Esmira Vahabova mehmanxanadan çıxıb gedərək bir daha mehmanxanaya qayıtmamışdır. Mehmanxananın fəaliyyəti ilə bağlı sənədləşmələr onun adından aparıldığından, o, mehmanxananı sahibinə təhvil vermişdir. Sonradan, ona aydın olmuşdur ki, X9 Məmmədovdan aldığı 10000 ABŞ dolları puldan 2000 ABŞ dollarını Yusifə qaytarsa da, pulun qalan hissəsini qaytarmamışdır. Cinayət işinin 9-cu vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar ünvan 3 ünvana baxış keçirilmişdir. Həmin ünvanda “Anatolia” hoteli yerləşir. Həmin hotel 7 mərtəbəli olmaqla qırmızı üzlüklə və orta hissəsi şüşə üzlüklə örtülüdür. Otel bir girişdən ibarətdir, otelin sağ tərəfində dayancağa daxil olmaq üçün dəmir darvaza görünür. Hotelin sağ və sol tərəflərində yaşayış yerləri dəmir hasar və otelin istifadəsi üçün generator aparatı vardır. Cinayət işinin 18-ci vərəqində olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Esmira Vahabovadan ona ödəməli olduğu 8.000 ABŞ dolları puldan 2700 manat pulu təhvil almışdır. Cinayət işinin 54-55-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, X4 əvvəllər məhkum edilmişdir. Belə ki, o, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Cinayət işinin 57-60-cı vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 1(011)-366/2016 saylı hökmündən görünür ki, Esmira Vahabovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin 10 fevral 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 68-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə tutularaq Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə gətirilmişdir. Cinayət işinin 109-cu vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, X4 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 143-cü vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, o, Esmira Vahabovadan 1000 (bir min) manat pulu qəbul etmişdir. Cinayət işinin 149-151-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 03 mart 2022-ci il tarixli qərardan görünür ki, X6 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Gündüz Abdulovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs X4 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və onun Nərimanov RPİ-nin MYS-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 152-153-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2022-ci il tarixli qərardan görünür ki, X2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-258/2022 nömrəli qərarından görünür ki, X2 barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbitinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, Aİ-60707 nömrəli məktubundan görünür ki, axtarışda olan X4 saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə könüllü olaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gəlmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, X1 dəymiş ziyanı tamamilə ödəmişdir, hazırda onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın xx.xx.2022-ci il tarixli, 5126 nömrəli qəbzindən görünür ki, Müdafiəçi tərəfindən cəmi 4255,00 (dörd min iki yüz əlli beş) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs X2 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ərizəsindən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət büdcəsinə ödənilmiş 4250 manat (25 %) təqsirləndirilən şəxs Türkmənistan vətəndaşı olduğu üçün onun tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Xahiş edir nəzərə alınsın. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X2 törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs X2 Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X2 Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxs X4 cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, X4 məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. X4 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar