Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-258/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Naxçıvan MR, Şahbuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və götürülmədən satış məqsədi ilə qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilməsinə baxmayaraq islah olunmamış, məhkumluğu ödənilmədən və götürülmədən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq yivli odlu döyüş silahı hesab edilən 1 (bir) ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə, atəşə yararlı, 9 mm kalibrli, «Makarov» konstruksiyalı tapança, 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş «Makarov» konstruksiyalı silahların komplekt hissəsi olan daraq, habelə döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli «Makarov» («PM»), «Steçkin» konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı 4 (dörd) ədəd patron əldə edib satış məqsədi ilə saxlayıb daşıyarkən 23 fevral 2023-cü il tarixdə, saat 14:30 radələrində Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi, 11 saylı məhəllədə şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcəsinin sol iç cibindən üzərində «Levis» yazısı olan polietilen torbada satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 1 (bir) ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə, atəşə yararlı, 9 mm kalibrli, «Makarov» konstruksiyalı həmin tapança, habelə həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 1 (bir) ədəd daraqda döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli «Makarov» («PM»), «Steçkin» konstruksiyalı və sair həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı 4 (dörd) ədəd patron aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, istintaq zamanl verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 30 ilə yaxındır narkotik vasitələrdən istifadə edir, əvvəllər müxtəlif cinayətlər törətdiyinə görə bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonuncu dəfə Nizami rayon Məhkəməsi tərəfindən 2019cu ilin noyabr ayında 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 4mqayıt şəhərində yaşamağına baxmayaraq iş tapa bilmədiyinə görə hər gün Sumqayıt şəhərindən Bakı şəhərinə gəlib məişət tullantılarının yığıldığı ərazilərdən istifadəyə yararsız dəmir məmulatlar yığıb sataraq dolanır. 23 fevral 2023-cü il tarixdə səhər saatlarında həmişə olduğu kimi Sumqayıt şəhərindən Bakı şəhərinə gəlib dəmir tullantıları axtarmağa başlamış, həmin gün saat 14 radələrində Nərimanov rayonu, M.Həsənov küçəsində yerləşən avtomobilyuma məntəqəsinin arxa tərəfində dəmir tullantılarının olduğunu görüb həmin tullantıları yığıb apararaq satmaq qərarına gəlmişdir. Bu zaman dəmir tullantılarının arasından üzərində «Levis» yazısı olan göy rəngli sellofan torba diqqətini cəlb etmiş, həmin sellofan torbanı götürdükdə içərisində ağır bir əşya olduğunu hiss etmişdir. Sellofan torbanı açdıqda torbada 1 (bir) ədəd «Makarov» markalı tapança və içərisində 4 (dörd) ədəd patron olan tapança darağı olduğunu görmüşdür. Dəfələrlə televizorda, o cümlədən filmlərdə gördüyü üçün həmin tapançanın «Makarov» markalı olduğunu dərhal başa düşmüş, tapançanı diqqətlə gözdən keçirdikdə saz vəziyyətdə və istifadəyə yararlı olduğunu görüb kiməsə sataraq bir neçə yüz manat qazanc əldə edə biləcəyini düşünüb dərhal sellofan torbaya bükərək əynindəki qara rəngli gödəkcəsinin sol iç cibinə qoyub gizlətmiş və cəld oradan uzaqlaşmışdır. 20 Yanvar dairəsinə getmək üçün təxminən 20-25 dəqiqə sonra, yəni saat 14:30 radələrində Nərimanov rayonu, M.Həsənov küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək özünü təqdim etməyini xahiş etmişlər. Bu zaman gödəkcəsinin cibində tapança olduğuna görə həbs olunacağını düşünərək cəld oradan uzaqlaşıb qaçmaq istəmiş, lakin həmin şəxslər onu saxlayıb Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə gətirmişlər. Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə vidcoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunsuz əşya varsa onlara təqdim etməyi təklif etmiş, o da cavab olaraq əynindəki qara rəngli gödəkcənin sol iç cibində gizlətdiyi sellofan torbadakı «Makarov» markalı həmin tapançanı daraq və 4 (dörd) ədəd patronu ilə birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Bununla əlaqədar təhqiqatçı tərəfindən sənədləşdirmə aparılaraq protokol tərtib olunmuş və üstündən aşkar olunmuş tapança və həmin tapançanın üzərində 4 (dörd) ədəd patronu olan darağı qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, silahı tapıb götürən zaman yaxınlıqda və ətrafda başqa heç kəs olmamış, tapançanın üzərində heç bir dəyişiklik etməmiş, tapançadan atəş açmamış və həmin tapançanı hər hansı bir məqsədlə tətbiq etməmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, silah barədə heç kəsə bildirməmiş, silahın satışı ilə bağlı heç kəslə razılaşmamış, ümumiyyətlə belə bir silah tapıb əldə etməyi barədə hər hansı şəxsə bildirməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 5 ünvanının qarşısında Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidməti vəzifəsini icra edən zaman həmin küçədə piyada hərəkət edən bir nəfər şəxsin davranışı, hərəkətləri, bədən quruluşu və gözlərinin forması şübhə yaratdığından yaxınlaşıb özlərini təqdim edərək ondan adını və soyadını, eləcə də yaşayış ünvanını soruşmuşlar. Bu zaman həmin şəxs rabitəsiz danışmağa başladığından onun üzərində qanunsuz əşya olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün onu Nərimanov RPİ- nin 17-ci polis şöbəsinə dəvət edib gətirmişlər. 17-ci polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək onun xx xxxxxx 1965-ci il təvəllüdlü, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 71-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra barəsində müvafiq araşdırma aparılması üçün şöbə rəisinə raportla məruzə etmişlər. Bundan sonra 17-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Fazil Osmanov tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, əməliyyat müvəkkili Şahid2 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil Eldar Tağıyevin iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindəki bir ədəd göy rəngli üzərində «Levis» yazıları olan polietilen torbanı çıxarıb həmin torbanın içərisində 1 ədəd tapança, 4 ədəd güllə və 1 ədəd tapança darağı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində «Levis» yazıları olan polietilen torba açıldıqda içərisində bir ədəd «Makarov» konstruksiyalı tapança və içərisində 04 ədəd patron olan 01 ədəd tapança darağının olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əşyaları 23 fevral 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu M.Həsənov küçəsində yerləşən avtomobil yuma məntəqəsinin arxa tərəfindən dəmir tullantılar yığarkən tapmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd «Makarov» konstruksiyalı tapança və içərisində 04 ədəd patron olan 01 ədəd tapança darağı təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmaqla “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhürlə möhürlənərək götürülmüşdür. Olanlar barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 oxşar ifadə verərək Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur; Şəxsi axtarış və götürmə aparılması haqqında Nərimanov RPİ-nin 17-ci PŞ- nin təhqiqatçısı, polis mayoru Fazil Osmanov tərəfindən tərtib olunmuş xx.xx.2023- cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindəki bir ədəd göy rəngli üzərində «Levis» yazıları olan polietilen torbadan bir ədəd «Makarov» konstruksiyalı tapança və içərisində 04 ədəd patron olan 01 ədəd tapança darağı aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesinə dair videogörüntünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 24 fevral 2023-cü il tarixli 23/159 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş 04 ədəd 9 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. CD diskə baxış keçirilməsi haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fail Osmanov tərəfindən 23 fevral 2023-cü il tarixdə saat 16:15-dən 16:35-dək Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında xidməti otağında Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X7, Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin şöbənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş bir ədəd «Makarov» konstruksivalı tapança və içərisində 04 ədəd patron olan 01 ədəd tapança darağının götürülməsinə dair videogörüntünün mövcud olması müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-249/2023 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamə və müvafiq məhkəmə hökmləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmişdır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Eləcə də Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.5 və 228.1 -ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X8- Narkoloji Tibbi yoxlamanın müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 1297 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmur. Təqsirləndirilən şəxs Öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. 18.2.1 maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi yaranır; Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4 maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır və az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il və 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. CM-in: 99-1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır; 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut – Bakı Şəhəri Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapança, 9x18 mm kalibrli 2 ədəd patron və 01 ədəd daraq Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı Şəhəri Nərimanov RPİ-də saxlanılan 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapança, 9x18 mm kalibrli 2 ədəd patron və 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd CD diski cinayət işinin materiallarında saxılanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-258/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-258/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver