Məhkəmə qərarları › İş №1(005)-260/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-260/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-260/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Sərbəst güləş” fakültəsinin 3-cü kurs tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 mart 2021-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı, ünvan 2 ünvanına, Zərərçəkmiş şəxs ailə üzvlərinin dəhlizdə quraşdırılmış su sayğacının qutusuna qoyduqları açarı aşkar edib həmin açardan istifadə etməklə qanunsuz daxil olaraq, mənzilin qonaq otağından bir ədəd 180 manat dəyərində “Samsung” markalı “UE32EH4000W” modelli televizoru, mənzilin yataq otağındakı şkafdan isə 150 manat nağd pulu, bir ədəd 400 manat dəyərində qızıl boyunbağını və hər birinin dəyəri 300 manat olan, ümumilikdə 600 manat dəyərində iki cüt qızıl sırğaları gizli talayıb Zərərçəkmiş şəxs cəmi 1.330 (bir min üç yüz otuz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə maddi imkanı pis olduğu üçün yaşadığı Nərimanov rayonu ərazisində yerləşən mənzillərdən birindən oğurluq etmək qərarına gəlmişdir. Dəfələrlə eşitmişdir ki, bina evlərində yaşayan şəxslər mənzillərinin giriş qapılarının açar sayı məhdud olduğundan evdən çıxarkən ailənin digər üzvlərinə açarı ötürmək məqsədi ilə onu blokdakı sayğacların içərisinə qoyurlar. Buna görə də o, Nərimanov rayonu ərazisindəki binaları gəzərək sayğacları yoxlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, saat təxminən 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən 109 saylı binanın blokuna daxil olmuş və pilləkanlarla yuxarı mərtəbələrə qalxa-qalxa blokda quraşdırılmış su sayğaclarının içərisinə baxmağa başlamışdır. O, həmin binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsinin arasında quraşdırılmış su sayğacının çərisinə baxarkən orada bir ədəd mənzil açarının olduğunu görmüşdür. Dərhal həmin açarı götürmüş, təxmini olaraq açarın ikinci mərtəbədəki mənzillərdən birinə aid olduğunu düşünmüş, buna görə də ikinci mərtəbədəki 28 saylı mənzilin qapısına yaxınlaşmış, açarı kilidə daxil etmiş və qapı açılmışdır. Sonra o, mənzilə daxil olmuş, mənzilin otaqlarında pul və ya digər qiymətli əşyalar axtarmağa başlamış, lakin heç bir əşya tapa bilmədiyini gördükdən sonra qonaq otağında quraşdırılmış “Samsung” markalı televizoru söküb özü ilə götürmüşdür. Bundan başqa o, həmin mənzildən 150 manat nağd pul, bir ədəd qızıl qadın boyunbağısı və iki cüt qızıl sırğa götürmüşdür. Sonra o, mənzildən çıxaraq yenidən pilləkənlərlə aşağı mərtəbəyə düşmüş və binanı tərk etmişdir. O, əlində tutduğu televizorla bir qədər hərəkət etdikdən sonra ətrafdakı şəxslərin diqqətini cəlb etməkdən qorxaraq televizoru müvəqqəti gizlətmək və səhəri gün gəlib sakitcə aparmaq qərarına gəlmişdir. Belə ki, o, binanı tərk edərkən hava tam qaralmamış və ətrafda çoxlu adamlar olmuşdur. O düşünmüşdür ki, ətrafdakı şəxslərdən kimsə onun əlində televizor apardığını görüb oğurluq etməyindən şübhələnər. Ona görə də həmin televizoru oğurluq etdiyi 109 saylı binanın yaxınlığında yerləşən 111 saylı yaşayış binasının 2-ci blokunun qarşısındakı zirzəmiyə qoyaraq üzərini tullantı kartonlarla örtmüşdür. Sonra o, həmin yerdən uzaqlaşaraq yaşadığı evə getmişdir. Sonradan həmin televizoru necə götürəcəyi barədə düşünərkən ətrafda müşahidə kameralarının ola biləcəyindən və bu yolla tutula biləcəyindən qorxduğu üçün getməmiş və fikrindən daşınmışdır. Həmin mənzildən götürdüyü pulu xərcləmiş və digər əşyaları isə tanımadığı şəxslərə sataraq pulunu öz şəxsi ehtiyaclarına sərf etmişdir. 07 aprel 2021-ci il tarixdə isə o, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ünvan 2 ünvanında ailəsi ilə, yəni həyat yoldaşı Şahid1, övladları, 2005-ci il təvəllüdlü Şahid2 və 2014-cü il təvəllüdlü Aytən Qasımova ilə birlikdə kirayədə yaşayır. Yaşadıqları mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilin giriş qapısının cəmi bir açarı vardır, həmin açar adətən evdə olur. Evdən sonuncu çıxan ailə üzvü həmin açarı 2-ci mərtəbə ilə 1-ci mərtəbənin arasında quraşdırılmış su sayğacının qabının içərisinə qoyur və evə gələn digər ailə üzvü də bunu bildiyi üçün evdə heç kim olmadığını görərkən açarı həmin sayğacın qabının içərisindən götürüb mənzilə daxil olur. 18 mart 2021-ci il tarixdə o, axşam növbəsində olduğu üçün saat 14:00 radələrində yaşadığı evdən çıxaraq işə getmişdir. Həmin tarixdə axşam saatlarında həyat yoldaşı Şahid1 qızı Aytən Qasımova ilə birlikdə yaşadıqları bina ilə üzbəüz yaşayan valideynlərinin evinə getmiş, oğlu Mirhəsən isə evdə qalmışdır. Saat təxminən 21:00 radələrində oğlu Şahid2 öz dostları ilə gəzişmək üçün evdən çıxmış, çıxarkən mənzilin giriş qapısını bağlayıb açarı həmişə olduğu kimi sayğacın içərisinə qoymuş və çıxıb getmişdir. Oğlu Mirhəsən təxminən yarım saat tanışları ilə gəzdikdən sonra hamıdan əvvəl geri qayıtmış, açarı götürmək üçün sayğac qabını açarkən açarın orada olmadığını görmüş, anasının qayıtdığını düşünərək mənzilə yaxınlaşmış, qapının açıq olduğunu görüb mənzilə daxil olmuş, lakin evdə heç kimin olmadığını, əksinə yataq otağında qarışıqlıq olduğunu və televizorun yerində olmadığını görmüşdür. Bundan sonra oğlu Şahid2 mənzildə oğurluq baş verməsini başa düşərək dərhal anası Şahid1 zəng edərək məlumat vermiş və Şahid1 da öz növbəsində hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək yaşadıqları evə baxış keçirməyə başlamışlar. O, hadisədən xəbər tutub yaşadığı evə gələrkən artıq polis əməkdaşları orada baxış keçirirmişlər. Bundan sonra yaşadığı evə baxaraq görmüşdür ki, naməlum şəxslər tərəfindən qonaq otağında quraşdırılmış bir ədəd 180 manat dəyərində “Samsung” markalı televizor, 150 manat nağd pul, 400 manat dəyərində bir ədəd qızıl qadın boyunbağısı və hər birinin dəyəri 300 manat olan, ümumilikdə 600 manat dəyərində iki cüt qızıl sırğalar oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1330 manat ziyan dəymişdir. Bundan sonra o, hadisəni törədən şəxslərin tapılaraq məsuliyyətə cəlb edilmələri üçün şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona dəyən ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ünvan 2 ünvanında ailəsi ilə, yəni həyat yoldaşı Zərərçəkmiş şəxs, övladları 2005-ci il təvəllüdlü Şahid2 və 2014-cü il təvəllüdlü Aytən Qasımova ilə birlikdə kirayədə yaşayır. Özü evdar qadındır, heç bir yerdə işləmir, həyat yoldaşı Zərərçəkmiş şəxs isə “xxxx” MMC-də sürücü işləyir. Yaşadıqları mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilin giriş qapısının cəmi bir ədəd açarı vardır, həmin açar adətən evdə olur. Evdən sonuncu çıxan ailə üzvü həmin açarı 2-ci mərtəbə ilə 1-ci mərtəbənin arasında quraşdırılmış su sayğacının qabının içərisinə qoyur və evə gələn digər ailə üzvü də bunu bildiyi üçün evdə heç kim olmadığını görərkən açarı həmin sayğacın qabının içərisindən götürüb mənzilə daxil olur. 18 mart 2021-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs axşam növbəsində olduğu üçün saat 14:00 radələrində evdən çıxaraq işə getmişdir. Həmin tarixdə təxminən saat 19:30 radələrində o, qızı Aytən Qasımova ilə birlikdə yaşadıqları bina ilə üzbəüz yaşayan anasının evinə getmiş, oğlu Şahid2 isə evdə qalmışdır. Onlar evdən gedəndən təxminən 20 dəqiqə sonra oğlu Mirhəsən də dostları ilə gəzişmək üçün evdən çıxmış, mənzilin giriş qapısını bağlayıb açarı həmişə olduğu kimi sayğac qabının içərisinə qoymuş və çıxıb getmişdir. Saat təxminən 21:10 radələrində oğlu Şahid2 ona zəng edərək, evə qayıdarkən mənzilin açarının sayğac qabında olmadığını, mənzilin giriş qapısının isə açıq olduğunu, evə daxil olduqdan sonra isə qonaq otağında olan televizorun yerində olmadığını görməsini bildirmişdir. Bununla əlaqədar o, dərhal anasının evindən çıxaraq yaşadığı mənzilə getmişdir. O, mənzilə daxil olduqdan sonra görmüşdür ki, qonaq otağında quraşdırılmış “Samsung” markalı televizordan başqa yataq otağındakı şkafdan da 150 manat nağd pul və 1.000 manat dəyərində qızıl-zinyət əşyaları oğurlanmışdır. Buna görə də o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Yaşadıqları evə polis əməkdaşları gəldiyi üçün qonşuluqda yaşayan şəxslər də onların mənzilindən oğurluq edilməsini eşitmişlər. 25 mart 2021-ci il tarixdə saat 17:00 radələrində qonşuluqda yaşayan tanımadığı azyaşlı uşaqlar onun evinə gələrək bildirmişlər ki, qonşuluqdakı yaşayış binasının, yəni Ak.Həsən Əliyev küçəsi 111 saylı yaşayış binasının 2-ci blokunun qarşısındakı zirzəminin girişində yerə bir ədəd televizor qoyulmuşdur və onlar da həmin televizorun onlara məxsus olduğunu düşünərək bu barədə məlumat vermək qərarına gəlmişlər. Bununla əlaqədar o, evdən çıxaraq uşaqların göstərdiyi yerə getmiş və həqiqətən də orada, tullantı kimi yerə atılmış televizorun onun mənzilindən oğurlanan “Samsung” markalı televizor olduğunu müəyyən edərək yaşadığı evə gətirmişdir. Həmin televizorun heç bir yeri zədələnməmiş və televizor tam işlək vəziyyətdə olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, ünvan 3 ünvanında valideynləri ilə, yəni atası Zərərçəkmiş şəxs, anası Şahid1 və bacısı Aytən Qasımova ilə birlikdə kirayədə yaşayır. Kirayədə yaşadıqları mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilin giriş qapısının cəmi bir açarı vardır, həmin açar adətən evdə olur. Evdən sonuncu çıxan ailə üzvü həmin açarı 2-ci mərtəbə ilə 1-ci mərtəbənin arasında quraşdırılmış su sayğacının qabının içinə qoyur və evə gələn digər ailə üzvü də bunu bildiyi üçün evdə heç kimin olmadığını görərkən açarı həmin sayğacın qabının içərisindən götürüb mənzilə olur. 18 mart 2021-ci il tarixdə atası Zərərçəkmiş şəxs axşam növbəsində olduğu üçün saat 14:00 radələrində evdən çıxaraq işə getmişdir. Həmin tarixdə o, saat 19:30 radələrində anası Şahid1 bacısı Aytən Qasımova ilə birlikdə yaşadıqları bina ilə üzbəüz yaşayan nənəsigilin evində olmuşdur. Onlar gedəndən təxminən 20 dəqiqə sonra o da dostları ilə görüşmək üçün evdən çıxmışdır. Mənzilin giriş qapısını bağlayıb açarı həmişəki kimi sayğac qabının içərisinə qoymuşdur. O, təxminən saat 21:10 radələrində evə qayıtmışdır. Əvvəlcə açarı götürmək istəyərkən açarın orada olmadığını görmüşdür. Anasının qayıtmasını gözləməmişdir. Daha sonra mənzilin giriş qapısının dəstəyinə əlini atarkən qapının kilidlənməməsini görmüşdür. Mənzilə daxil olaraq anasını səsləmişdir, heç kimin cavab vermədiyini görüb qonaq otağına daxil olmuş və bu zaman qonaq otağındakı televizorun yerində olmadığını görüb dərhal anasına zəng etmişdir. Bir neçə dəqiqə sonra anası Şahid1 yaşadığı evə gəlmişdir, artıq bundan sonra onlar mənzildən oğurluq edilməsini başa düşmüşlər və buna görə də anası Şahid1 DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov hal şahidlərinin iştirakları ilə ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 109 saylı yaşayış binasının 29 saylı mənzilidir. Həmin yaşayış binası beşmərtəbəlidir. Binanın 2-ci blokunun 2-ci mərtəbəsində 29 saylı mənzil yerləşir. 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasındakı sahədə su sayğacları quraşdırılmışdır. Sayğaclar yaşıl rəngli plastmas qutuların içərisindədir. Həmin qutuların qapaqları açıldıqda içərisində su sayğaclarının olması müəyyən edilir. Mənzilin giriş qapısı ağ rənglidir və dəmir materialdandır. Qapının kilidi üzərində müdaxilə, zədə izləri yoxdur. Girişdə kiçik dəhliz yerləşir. Dəhlizdə sol tərəfdə hamam yerləşir. Dəhlizdən bir başa zala daxil olunur. Zalda sol tərəfdə divan qoyulmuş, sonra stol-stullar düzülmüşdür. Divanla üzbəüz divarda televizor asılqanı vardır. Asılqan boş vəziyyətdədir. Televizor yerindən çıxarılmışdır. Zaldan sol tərəfdə kiçik sahədə mətbəx yerləşir. Mətbəxdə heç nə dağıdılmamışdır. Zala girişdən sağ tərəfdə yataq otağı yerləşir. Yataq otağına daxil olduqda sol və sağ divar boyu iki ədəd şkaf yerləşir. Sol tərəfdəki şkafın qapıları açıq vəziyyətdədir. İçərisindəki əşyalar, paltarlar dağıdılmış vəziyyətdədir. Bir qismi otaqda döşəmənin üzərindədir. Sağ tərəfdəki şkafın qapıları açıq vəziyyətdədir. İçərisindəki əşyalar, paltarlar dağıdılmış vəziyyətdədir. Yataq otağında girişlə üzbəüz çarpayı qoyulmuşdur. Çarpayının üzərində şkafdan bəzi əşyalar götürülərək çarpayı üzərinə qoyaraq dağıdılması müəyyən olunur. Baxış zamanı mənzildən 13 (on üç) ədəd əl-barmaq izləri aşkar olunaraq skoçla qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı giriş qapısının kilidi çıxarılaraq qablaşdırılaraq götürülmüşdür. Kilidin yalnız bir ədəd açarının olması, həmin açarın itməsi səbəbindən açarı götürmək mümkün olmamışdır; “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov 29 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd “Samsung” markalı televizoru götürərək baxış keçirmişdir. Baxış zamanı həmin televizorun 18 mart 2021-ci il tarixində naməlum şəxs və ya şəxslər tərəfindən Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanında oğurlanmış televizor olduğu və televizoru həyat yoldaşı Şahid1 25 mart 2021-ci il tarixində yaşadıqları evin yaxınlığında, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən 111 saylı yaşayış binasının 2-ci blokunun qarşısındakı zirzəmidən taparaq götürdüyü müəyyən edilmişdir. İstintaqa təqdim olunan bir ədəd televizora baxış zamanı həmin televizorun korpusunun qara rəngli olması, “Samsung” markalı, “UE32EH4000W” model olması müəyyən edilmişdir. Televizor işlək vəziyyətdədir, üzərində heç bir zədə izi yoxdur. Baxış keçirildikdən sonra iş üzrə sübut əhəmiyyəti kəsb edən bir ədəd “Samsung” markalı, “UE32EH4000W” modelli televizor məhkəmə-əmtəəşünaslıq ekspertizasına təqdim edilmək üçün götürülmüşdür; “Videogörüntülərə baxış keçirilməsi haqqında” 31 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar həmin yaşayış binasının 1-ci mərtəbəsinə quraşdırılmış müşahidə kamerasından götürülmüş videogörüntülər olan 01 ədəd “DVD” diskə baxış keçirmişdir. Qeyd olunan “DVD” formatlı disk “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldı və içərisində 02 ədəd, “VİD-20210330- WA0005” və “VİD-20210330-WA0006” adlanan video faylların olması müəyyən edilmişdir. “VİD-20210330-WA0006” adlanan fayldakı video görüntülərə baxış zamanı, əynində qara rəngli gödəkçə, cins şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olan kişi cinsli şəxsin Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən 109 saylı yaşayış binasının blokuna daxil olması, bir qədər ətrafa boylandıqdan sonra pilləkanlarla hərəkət edərək 2-ci mərtəbəyə qalxması, “VİD-20210330-WA0005” adlanan fayldakı video görüntülərə baxış zamanı isə həmin şəxsin yenidən pilləkanlar vasitəsi ilə əlində tutduğu, markası görünməyən, qara rəngli televizorla ikinci mərtəbədən aşağı düşərək yaşayış binasını tərk etməsi müəyyən edilmişdir. DVD diskə baxış zamanı yuxarıda qeyd olunanlardan əlavə istintaq üçün əhəmiyyət kəsb edən digər hal və ya görüntü aşkar edilməmişdir. Həmin DVD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir; “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 07.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “İfadənin yerində yoxlanılması haqqında” 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsini yerində yoxlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs, istintaq zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları hadisənin baş verdiyi yerə getməklə əyani olaraq göstərmək təklif edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Nərimanov RPİ-nin MSY-dən xidməti avtomobillə hərəkətə başladıqdan sonra onun göstərdiyi yol üzrə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 109 saylı yaşayış binasının qarşısına gəlindi. Həmin yaşayış binasının qarşısında o, avtomobildən düşməyi təklif etdi. Avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs təklifi ilə 109 saylı yaşayış binasının 2-ci blokuna daxil olunmuşdur. Orada Təqsirləndirilən şəxs bildirdi ki, o, maddi imkanı pis olduğu oğurluq etmək məqsədi ilə 18 mart 2021-ci il tarixdə saat 20:30 tarixində həmin binanın qarşısına gələrək 2-ci bloka daxil olmuşdur, daha sonra Təqsirləndirilən şəxs blokun 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsinin arasında quraşdırılmış su sayğacını göstərərək bildirdi ki, o, binaya daxil olduqdan sonra blokdakı sayğaclardan hər hansı birində mənzil açarı olduğunu ehtimal etdiyi üçün sayğacların qutularına baxarkən məhz həmin qutuda bir ədəd mənzil açarının olduğunu görmüş və təxmini açarın ikinci mərtəbədəki mənzillərdən birinə aid olduğunu düşünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təklifi ilə 2-ci mərtəbəyə, 28 saylı mənzilin giriş qapısının qarşısına gəlindi. Orada Təqsirləndirilən şəxs bildirdi ki, sayğac qutusundan tapdığı açardan istifadə etməklə həmin qapını açaraq mənzilin içərisinə daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə mənzilin içərisinə daxil olundu. Orada Təqsirləndirilən şəxs bildirdi ki, o, mənzilə daxil olduqdan sonra otaqlarda pul və ya digər qiymətli əşyalar axtarmağa başlamış, lakin heç bir əşya tapa bilmədiyini gördükdən sonra qonaq otağında bərkidilmiş “Samsung” markalı televizoru söküb özü ilə oğurlayaraq mənzili tərk etmişdir. Təqsirləndirilən şəxs təklifi ilə 109 saylı yaşayış binasından çıxdıqdan sonra o, bildirdi ki, oğurluq edib binanı tərk etdikdən sonra əlində tutduğu televizorla bir qədər hərəkət etdikdən sonra ətrafdakı şəxslərin diqqətini cəlb etməkdən qorxaraq televizoru müvəqqəti gizlətmək və səhəri gün gəlib sakitcə aparmaq qərarına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə 109 saylı yaşayış binasının yaxınlığında yerləşən, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 111 saylı yaşayış binasının qarşısına gəlindi. Təqsirləndirilən şəxs həmin yaşayış binasının 2-ci blokunun qarşısındakı zirzəmini göstərərək bildirdi ki, o, oğurladığı “Samsung” markalı televizoru sonra götürmək məqsədi ilə həmin zirzəmiyə qoyaraq üzərini tullantı kartonlarla örtərək çıxıb getmişdir. İfadənin yerində yoxlanması zamanı iştirakçılar və ya kənar şəxslər tərəfindən ərizə, təklif, vəsatət, etiraz daxil olmadı. İfadələrin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs tərəfindən göstərilən yerlərin fotoşəkilləri çəkilmişdir; 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X5 Zərərçəkmiş şəxs ödənilməsi üçün 1150 (bir min bir yüz əlli) manat məbləğində pulu istintaqa təqdim etmişdir; 08 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs X3 ödədiyi maddi ziyandan 1150 (bir min bir yüz əlli) manat pulu qəbul etmişdir; 08 aprel 2021-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədovun 09.04.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxs Şükürov Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 09 aprel 2021-ci il tarixli, 011-3160-1221 nömrəli məktubundan görünür ki, Nərimanov RPİnin 03.04.2021-ci il tarixli, ***-**** nömrəli məktub vasitəsi ilə 18.03.2021-ci il tarixində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 06.04.2021-ci il tarixdə KTİyə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1984 nömrəli, 28 aprel 2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Samsung” markalı, “UE32EH4000W” modelli televizorun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 180,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3/663 nömrəli, 05 may 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizminin səthində, açar yuvalarının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə silindrik mexanizmin ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Təqdim edilmiş qıfılın konstruksiyası onların kənar predmetlə (məs kilidaçan) iz qoymadan açılmasını istisna etmir. Təqdim edilmiş qıfıl texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manatdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 03 may 2021-ci il tarixli, 011-3944-1221 nömrəli rəyindən görünür ki, 18.03.2021-ci il tarixində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 13 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişdir; “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 06 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov ünvan 2 ünvanından oğurlanmış bir ədəd “Samsung” markalı, “UE32EH4000W” modelli televizoru tanınma üçün Təqsirləndirilən şəxs təqdim etmişdir. Predmetlər masa üzərinə qoyulub nişanlandıqdan sonra Təqsirləndirilən şəxs xidməti otağa dəvət edilmiş və o, həmin predmetləri diqqətlə nəzərdən keçirirək bildirmişdir ki, 18 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı, ünvan 2 ünvanından oğurladığı, daha sonra 109 saylı binanın yaxınlığında yerləşən 111 saylı yaşayış binasının 2-ci blokunun qarşısındakı zirzəmiyə qoyduğu televizor məhz ona tanınmaya təqdim edilmiş və 1-dən 4-ə qədər nömrələrlə nişanlanmış televizorlar arasında 3 rəqəmi ilə nişanlanmış “Samsung” markalı televizordur. İstintaq hərəkəti yerinə yetirilərkən proses iştirakçılarından ərizə şikayət və təklif daxil olmamışdır; “Sübutların qiymətləndirilməsi haqqında 07 may 2021-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar həmin yaşayış binasının 1-ci mərtəbəsinə quraşdırılmış müşahidə kamerasından götürülmüş videogörüntülər olan 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “Samsung” markalı, “UE32EH4000W” modelli televizor saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir; 07 may 2021-ci il tarixli qəbzdən görünür ki, “Samsung” markalı, “UE32EH4000W” modelli televizor Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin izahatı və şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan 114 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamə); tələbə olmasını; idman sahəsində əldə etdiyi nailiyyətləri (əsas: iş materiallarında olan diplomların surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (07-09 aprel 2021-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar həmin yaşayış binasının 1-ci mərtəbəsinə quraşdırılmış müşahidə kamerasından götürülmüş videogörüntülər olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, “Samsung” markalı, “UE32EH4000W” modelli televizorun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar həmin yaşayış binasının 1-ci mərtəbəsinə quraşdırılmış müşahidə kamerasından götürülmüş videogörüntülər olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - “Samsung” markalı, “UE32EH4000W” modelli televizorun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 105 (yüz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar