Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-261/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə hesab olunan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd bükümdə, təmiz çəkisi 0,364 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvana daşımış, 22 aprel 2021-ci il tarixdə, saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin 16cı Polis Bölməsinin əməkdaşları tərəfindən göstərilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq 16-cı Polis Bölməsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bükümdə və çəkidə psixotrop maddə - metamfetamin onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ilə yaxındır heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitə olan heroindən və psixotrop maddə - metamfetamindən çəkmə yolu ilə könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən əldə etmişdir. 22 aprel 2021-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” kimi tanınan yerdə təsadüfən 35-40 yaşlarında kişi cinsindən olan şəxslə tanış olanda, ona narkotik vasitənin və psixotrop maddənin istifadəçisi olduğunu demiş və 10 manat müqabilində ondan 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və həmin metamfetamini istifadəsi üçün əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. Həmin gün, saat 19:00 radələrində tanışı X4 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsində yerləşən 37 saylı evin qarşısında sonuncu ilə görüşüb söhbət edən zaman tanımadığı 3 şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra şəxsiyyətləri haqqında maraqlanmış və şifahi sorğu-sual apararaq onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə getmələrini bildirmişlər. Onlar polis əməkdaşları ilə birlikdə qeyd olunan bölməyə getmişlər. X9 ayrılandan sonra, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin bölmənin inzibati binasında yerləşən otaqların birinə getmiş, aradan 10-15 dəqiqə keçəndən sonra, otağa tanımadığı 1 mülki geyimli şəxs daxil olmuş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoyması təklif edildikdə o, hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli boş siqaret qutusunda özünə məxsus, içərisində psixotrop maddə metamfetamin olmaqla sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü çıxarıb könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini saxlanılmamışdan öncə əvvəllər tanımadığı şəxsdən 10 manata əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış və digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümdə olmaqla həmin psixotrop maddə metamfetamini ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Onun üzərindən psixotrop maddə metamfetaminin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə, saat 19:00 radələrində bölmənin digər əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə ünvan 2 ünvanda xidmət aparan zaman bir-biriləri ilə söhbət edən, sonradan tanıdığı Təqsirləndirilən şəxs və X6 onları görüb davranışları ilə özlərini şübhəli apardıqlarından, onlara yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətləri haqqında maraqlanmışlar. Bu vaxt Təqsirləndirilən şəxs və Ariz Abdullayev həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavablar verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmış və yayınaraq oradan uzaqlaşmaq istəmişlər. Təqsirləndirilən şəxs və Ariz Abdullayevin narkotik vasitə istifadəçisi olduğunu güman edib onların üzərində narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən digər maddələrin ola biləcəyindən şübhələndiklərindən onların yayınaraq getmələrinə imkan verməmiş və onları Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Ariz Abdullayev narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında qeyd olunan bölməyə getmişlər. Bölmədə bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı, polis mayoru Asif Abışova həvalə edildiyindən, müşayiətləri ilə ilk öncə Təqsirləndirilən şəxs təhqiqatçı Asif Abışovun xidməti otağına aparmışlar. Aradan 10-15 dəqiqə keçəndən sonra, təhqiqatçının dəvəti ilə ora vəkil gedəndən sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etdikdə o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli boş siqaret qutusunda olmaqla sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü çıxarıb könüllü təhvil vermiş və üzərində digər hər hansı əşya və ya predmetin olmadığını demişdir. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, Təqsirləndirilən şəxs səmimi olaraq bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini saxlanılmamışdan az müddət əvvəl tanımadığı şəxsdən 10 manata əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, həmin bükümün içərisinə baxılanda, içərisində spesifik iyə malik, şəffaf rəngli və kristal şəkilli maddənin olması məlum olmuşdur. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümdə olmaqla həmin maddəni ekspertizaya göndərmək məqsədi ilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X1 RPİ-nin 16-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə 22.04.2021-ci il tarixdə, saat 19:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında saxlanılaraq saat 19:30 radələrində şübhəli şəxs qismində 16-cı PB-ya gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins parçadan olan şalvarının sağ yan cibindən içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm olan 01 ədəd göy rəngli siqaret qutusunu könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 22.04.2021-ci il tarixdə “Papanin” adlanan yerdən anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin narkotik maddəni əynindəki qara rəngli cins şalvarının sağ yan cibində öz istifadəsi üçün saxlamışdır. 22.04.2021-ci il tarixdə tanışı X4 yaşadığı ünvan 4 ünvanın qarşısında olarkən tanışı Ariz Abdullayev ilə birlikdə saat 19:00 radələrində qeyd olunan ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. İştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 6/1617 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd göy rəngli siqaret qutusunda bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,364 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır; “Maddi sübut kimi tanıma haqqında” 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş təmiz çəkisi 0,364 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatı zamanı 0,05 qram çəkidə psixotrop maddə metamfetaminin sərf edildiyi nəzərə alınmışdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmaqla 1 ədəd zərfdə yerləşdirilmiş qalıq çəkisi 0,314 qram olan psixotrop maddə metamfetamin Nərimanov RPİ-də məsul saxlanışa verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-409/2021 nömrəli, 24.04.2021-ci il tarixli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Diskin baxışının aparılması haqqında” 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X2, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd diskə baxış keçirmişdir. Həmin disk dairəvi formasında olmaqla bir üzü ağ rəngindədir, üzərində “Təqsirləndirilən şəxs” sözləri yazılmışdır. Diskdə olan videogötüntüyə baxılarkən aydın oldu ki, təhqiqatçı tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli boş siqaret qutusunda sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü çıxarıb könüllü təhvil verir. Vizual baxış zamanı bükümün içərisində ağ rəngli və kristal şəkilli maddənin olması müşahidə edilir. Şifahi sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini saxlanmağından öncə tanımadığı şəxsdən 10 manata əldə etdiyini və özünün istifadəsi üçün üzərində saxladığını qeyd edir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm ağ zərfə qoyularaq qablaşdırılır və zərfin üstü iştirakçıların imzaları ilə təsdiq olunur; “Maddi sübut kimi tanıma haqqında” 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 aprel 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 28 aprel 2021-ci il tarixli, 1298 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,364 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Nərimanov rayon 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamə); himayəsində azyaşlı uşaqlarının olmasını (əsas: iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ - İİİ seriyalı, 930653 nömrəli və AZ - İV seriyalı, 488026 nömrəli doğum haqqında şəhadətnamələrin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (22-24 aprel 2021-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-də məsul saxlanışa verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-də məsul saxlanışa verilmiş və qalıq çəkisi 0,314 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65,0 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-261/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-261/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver