Məhkəmə qərarları › İş №1(005)-261/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-261/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-261/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 7,688 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən bıçağı əldə edib üzərində saxlayaraq gəzdirməklə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 02 dekabr 2021ci il tarixdə saat 19:10-da ünvan 3 ünvanında yerləşən “Quzu-Qabırğa” restoranının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 20:13-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,742 qram və 3,946 qram olmaqla ümumi təmiz çəkisi 7,688 qram olan öz aralarında tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın sağ arxa kəmər hissəsindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən atıcı bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bıçaqlara marağı olduğu üçün ovçular mağazasından 50 manata bir ədəd bıçaq almışdır. Həmin bıçaq çox xoşuna gəldiyi üçün onu daim üzərində saxlamışdır. Lakin həmin bıçaqdan istifadə etməmişdir. Ancaq suvenir kimi üzərində saxlamışdır. Bir neçə müddətdir ki, narkotik vasitənin heroin növündən istifadə etmişdir. Buna görə də hərdən düşəndə tanımadığı şəxsdən narkotik vasitə heroin alıb istifadə etmişdir. Sonuncu dəfə 02.12.2021-ci il tarixdə narkotik vasitə heroini istifadə etmək üçün əldə etmişdir. Belə ki, 02.12.2021-ci il tarixdə saat 15-16 radələrində “Elmlər Metrostansiyasının" yaxınlığında dayanmışdır. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşaraq alışqanının olub-olmadığını soruşmuşdur. Bundan sonra onunla söhbəti davam etmişdir. Həmin tanımadığı şəxs ondan narkotik vasitə istifadə edibetmədiyini soruşmuş, o isə narkotik vasitənin heroin növündən istifadə etdiyini bildirmişdir. Həmin tanımadığı şəxs isə ona narkotik vasitə heroin sata biləcəyini bildirmişdir. Həmin şəxsdən 60 manat dəyərində narkotik vasitə heroin istəmişdir. Həmin tanımadığı şəxsdə cibindən iki ədəd bükümdə narkotik vasitə heroini çıxarıb ona vermişdir. Həmin narkotik vasitə heroini götürüb oradan uzaqlaşmışdır ki, istəyəndə istifadə edər. Aldığı narkotik vasitədən də istifadə etməmişdir və üzərində saxlamışdır. X1, X5, X3, Şahid8 və Şahid7 ilə “Quzu-Qabırğa” restoranında görüşməyi qərara aldıqları üçün 02 dekabr 2021-ci il tarixdə axşam saatlarında həmin restorana gəlmişdir. Adlarını qeyd etdiyi tanışları ilə birlikdə orada yemək yeməyə başlamışdır. Bir müddət sonra həmin gün saat 19:10 radələrində tanışları Səddam və Faiq ilə hava almaq üçün restoranın qarşısına düşmüşlər. Həmin vaxt restoranının qarşısında dayandıqları zaman bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra özlərini təqdim etməyi xahiş etmişdirlər. Buna görə də tanışları özlərini təqdim etmişdir, özlərini təqdim edəndən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və tanışlarını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdirlər. O və tanışları Səddam və Faiq də etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdirlər. Baş idarədə onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Tanışları Səddam və Faiq isə şübhəli şəxs qismində tutulmamışdırlar. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 qutu “Kent 4” markalı siqareti, həmin şalvarının sağ yan cibindən iki ədəd bükümdə narkotik vasitə heroini, əynində olan şalvarın sağ arxa kəmər hissəsində olan bir ədəd bıçağı çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroinin olmasını bildirmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda, bükümlərinin içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən başqa heçnə aşkar edilməmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin özünə məxsusdur, narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilmiş maddələri 02.12.2021-ci il tarixdə saat 15-16 radələrində “Elmlər Metrostansiyasının" yaxınlığında tanımadığı şəxsdən 60 manata almışdır, üzərindən aşkar edilmiş bıçaqda özünə məxsusdur, həmin bıçaqdan istifadə etməmişdir, ünvanını tanımadığı ovçular mağazasından 50 manata almışdır, heç bir məqsəd olmadan üzərində gəzdirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin və bir ədəd bıçaq ayrı-ayrı kağız zərflərdə qablaşdırılıb möhürlənərək, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tanışı Şahid7 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid7 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid7 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sağ arxa cibindən “Samsung" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid7 üzərindən başqa heçnə aşkar edilməmişdir. Sorğu zamanı Şahid7 onun ilə tanışlıq münasibətində olduğunu, narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun üzərində saxladığı narkotik vasitə və bıçaqdan xəbərinin olmadığını bildirmişdir. Aşkar edilmiş mobil telefon Şahid7 özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid8 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid8 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid8 üzərindən başqa heçnə aşkar edilməmişdir. Sorğu zamanı Şahid8 onun ilə tanışlıq münasibətində olduğunu, narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun üzərində saxladığı narkotik vasitə və bıçaqdan xəbərinin olmadığını bildirmişdir. Aşkar edilmiş “İphone” markalı mobil telefon Şahid8 özünə qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Yasamal rayonunda yerləşən “Quzu Qabğırğa” restoranının qarşısında olduğunu öyrəndikləri üçün 02 dekabr 2021-ci il tarixdə saat 19:10-da həmin ünvana gəlmişdirlər. Həmin vaxt restoranın qarşısında 3 nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslərdən biri zahiri cəhətdən Təqsirləndirilən şəxs oxşadığı üçün həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və ondan anket məlumatları barədə bildirməsini xahiş etmişdirlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digərləri isə Şahid8 və Şahid7 kimi təqdim etdiyindən onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Həmin şəxslərin heç biri etiraz etmədiyindən BMCMİ-yə gətirilmişdir. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçi gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. Təqsirləndirilən şəxsla birlikdə gətirilən şəxslər Şahid8 və Şahid7 isə həmin şəxsi axtarışda iştirak etmiş, şübhəli şəxs qismində tutulmamış və onların üzərində baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 qutu “Kent 4” markalı siqareti, həmin şalvarın sağ yan cibindən iki ədəd bükümü, əynində olan şalvarın sağ arxa kəmər hissəsində saxladığı bir ədəd bıçağı çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroinin olmasını bildirmişdir. Həmin 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda, bükümlərinin içərisində narkotik vasitə heroinə bənzər maddənin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin özünə məxsusdur, narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilmiş maddələri 02.12.2021-ci il tarixdə saat 15-16 radələrində “Elmlər Metrostansiyasının” yaxınlığında tanımadığı şəxsdən 60 manata almışdır, üzərindən aşkar edilmiş bıçaq da özünə məxsusdur, həmin bıçaqdan istifadə etməmişdir, ünvanını tanımadığı ovçular mağazasından 50 manata almışdır, heç bir məqsəd olmadan üzərində gəzdirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin və bir ədəd bıçaq ayrı-ayrı kağız zərflərdə qablaşdırılıb möhürlənərək, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 qutu siqaret Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra Şahid7 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid7 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Şahid7 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sağ arxa cibindən “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid7 üzərindən başqa heçnə aşkar edilməmişdir. Sorğu zamanı Şahid7 Ülvi ilə tanışlıq münasibətində olduğunu, narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Ülvinin üzərində saxladığı narkotik vasitə və bıçaqdan xəbərinin olmadığını bildirmişdir. Aşkar edilmiş mobil telefon özünə qaytarılmışdır. Bundan sonra Şahid8 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid8 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid8 üzərindən başqa heçnə aşkar edilməmişdir. Sorğu zamanı Şahid8 onun ilə tanışlıq münasibətində olduğunu, narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Ülvinin üzərində saxladığı narkotik vasitə və bıçaqdan xəbərinin olmadığını bildirmişdir. Aşkar edilmiş “İphone'’ markalı mobil telefon Şahid8 özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və Şahid6 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-29-cu vərəqələrində olan “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X6 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 02 dekabr 2021-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək həmin şəxslərin müəyyən edilib ifşa olunması istiqamətində “Əməliyyat-axtarış tədbirlərinin həyata kəçirilməsi haqqında” 02 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın icra edilməsi ilə əlaqədar 02 dekabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 19:10-da ünvan 3 ünvanında yerləşən “Quzu Qabırğa” Restoranının qarşısında yanında olan tanışları xx.xx.1990-cı ildə Masallı rayonu, Təklə kəndində anadan olmuş, Masallı rayonu, Təklə ərazi dairəsi, Təklə kəndinə qeydiyyatda olan və ünvan 4 ünvanında faktiki olaraq yaşayan Şahid8 və xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şahid7 ilə birlikdə saxlanılmış, saxlanılarkən üzərlərində şəxsi axtarış və baxış aparılmasına yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında saxlanıldıqları yerdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 dekabr 2021-ci il tarixli qərara əsasən həmin günü saat 20:13-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına, Şahid7 və Şahid8 üzərinə isə baxış keçirilməsinə başlandı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 qutu üzərində “Kent 4” yazısı olan siqareti, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan tünd göy rəngli şalvarın sağ arxa kəmər hissəsindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxararaq masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroinin olmasını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda, bükümlərinin içərisində toz şəkilli, tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddələrin olması müşahidə edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Ulvi Zeynalov üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddələrin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar edilmiş maddələri 02.12.2021-ci il tarixdə saat 15-16 radələrində “Elmlər Metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını, üzərindən aşkar edilmiş bıçağın da özünə məxsus olduğunu, həmin bıçaqdan istifadə etmədiyini, ünvanını tanımadığı ovçular mağazasından 50 manata əldə etdiyini, heç bir məqsədi olmadan üzərində gəzdirdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan büküm və 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 01 qutu üzərində “Kent 4” yazısı olan siqaret iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Cinayət işinin 54-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli, 6/5360 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,742 qr., 3,946 qr., ümumi təmiz çəkisi 7,688 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Cinayət işinin 133-137-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1271/2021 saylı, 04.12.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 02 dekabr 2021-ci il tarixdən hesablanması qərar alınmışdır. Cinayət işinin 138-139-cu vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra qalıq qalan 7,588 qram narkotik vasitə heroinin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə görə maddi sübut kimi tanınması və saxlanılması üçün BMCMİ-yə verilməsi qərara alınmışdır. Cinayət işinin 178-179-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 3/2003 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik atıcı bıçaqdır, soyuq silah hesab edilir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 180-181-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 04.12.2021-ci il tarixli, 4870 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniyaya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 212-213-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 214-226-cı vərəqələrində olan “Süburların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi haqqında” 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respubliksaı CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4 və 234.1-ci maddələrinə tövsif edilməsi və həmin maddələr ilə ona yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bıçağın soyuq silah hesab edildiyindən maddi sübut kimi tanınması və saxlanması üçün BMCMİ-yə verilməsi, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi qərara alınmışdır. Cinayət işinin 246-cı vərəqində olan 16.02.2022-ci il tarixli qəbzdən görünür ki, Müdafiəçi1 Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd AC 551960 seriyalı sürücülük vəsiqəsi və 1 ədəd “İphone X” markalı mobil telefonu təhvil almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən əynindəki ünd göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellefon bükümdə narkotik vasitə heroinə bənzər maddənin və həmin şalvarın sağ arxa kəmər hissəsindən bir ədəd bıçağın aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 7,688 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və bir ədəd soyuq silah hesab edilən atıcı bıçaq məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi 9hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (9 ay 16 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məsul saxlanışa verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7,588 qram narkotik vasitə heroin və bir ədəd soyuq silah hesab edilən atıcı bıçaq məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 145,82 (yüz qırx beş manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar