Məhkəmə qərarları › İş №1(005)-261/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-261/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-261/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi- «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 1(001)-303/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə odlu silah və döyüş sursatı əldə etdikdən sonra üzərində saxlamaqla özü ilə Bakı şəhəri, Nərimanov rayonu Keşlə dəmir yolu stansiyasına daşımış, Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yanvar 2024-cü il tarixdə saat 01:40 da Keşlə dəmir yolu stansiyası ərazisində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən Biləcəri st. XPŞ-yə gətirilmiş və həmin gün saat O3:O5-də üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın arxa sağ tərəfdən içərisinə keçirilmiş vəziyyətdə 1 (bir) ədəd Tula silah zavodunda istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, saz vəziyyətdə, atəşə yararlı, seriyanömrəsi silinmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah 7,62 mm kalibrli tapança, tapançanın üzərindən bir ədəd zavod üsulu ilə hazırlanmış, 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən isə zavod üsulu ilə istehsal olunmuş, Tokarev (TT), «GESKA ZBROCOVKA» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, pistonları mərkəzdən alışan, 05 ədəd atəşə yararlı, 7,62 mm kalibrli döyüş sursatı aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı çıxış edərək bildirmişdir ki, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonunda saxlanılmış və onun üzərinə Bakı şəhəri Binəqədi rayonunda XPŞ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilən zaman qanunsuz odlu silah aşkar edilmişdir. Odur ki, cinayət əməli Binəqədi rayonunda başa çatdığından hazırda ərazi aidiyyəti pozulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi işin aidiyyəti üzrə göndərilməsinə dair məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi cinayət işini nəzərdən keçirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 01:40-da Keşlə dmiryolu stansiyası ərazisində saxlanıldıqdan sonra tamamilə polisin nəzarəti altında olmuş və üzərində odlu silah və döyüş sursatını hansı bir formada realizə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını daşıması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ərazisində başa çatdığından cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir və məhkəmə fikir ayrılığına səbəb olan aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işindən göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin obyektiv cəhətinə aid edilən üç müstəqil hərəkətin cəmi, yəni odlu silah və döyüş sursatını əldə etmə, saxlama və gəzdirmə üzrə ittiham verilmişdir. Bu üç hərəkətdən birincisini - odlu silah və döyüş sursatını əldə etmənin vaxtını və yerini ibtidai istintaq zamanı müəyyən etmək mümkün olmamış, lakin odlu silah və döyüş sursatının saxlanması və gəzdirilməsi üzrə əməl 17 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyası ərazisində saxlanılaraq Biləcəri st XPŞ-nın inzibati binasına (Bakı şəhəri Binəqədi rayonu) gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə görə cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz. Məlum olduğu kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq odlu silahı və döyüş sursatını saxlama cinayət əməli uzanan cinayətdir. Cinayət qanunvericiliyində uzanan cinayətlərin anlayışı nəzərdə tutulmasa da, qəbul edilmiş ümumi fikrə görə uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Belə bir nəzəri anlayışın mövcudluğu sözügedən cinayətlərin başa çatma anının bu cinayətlərin başlandığı deyil, bitdiyi andan götürülməsini labüd edir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu (tutulmanın aparıldığı) yer Biləcəri st. XPŞ-nin inzibati binasıdır. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə Biləcəri st. XPŞ-nin inzibati binasında xidməti iş otağında aparılmışdır. Cinayət işinin mübahisəsiz digər hallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyası ərazisində saxlanılarkən orada onun üzərində şəxsi axtarış və götürmə aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu ərazisində saxlanılarkən onun üzərində odlu silahın və döyüş sursatının olduğu ehtimal şəklində (səviyyəsində) olmuş, saxlandığı yerdə dərhal üstünə baxış keçirilib silah və döyüş sursatı götürülmədiyindən, üzərindəki odlu silahı və döyüş sursatını saxlaması və gəzdirməsi faktiki olaraq uzanmış və fasiləsiz törədilməkdə davam etmiş, Biləcəri st. XPŞ-də üzərinə keçirilmiş baxış zamanı aşkar edilib götürüldüyü zaman orada başa çatmışdır. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs odlu silahın və döyüş sursatının qanunsuz saxlanması və gəzdirilməsi üzrə istinad olunan cinayət əməli o halda Bakı şəhəri Nərimanov rayonunun inzibati ərazisində başa çatmış olardı ki, saxlandığı yerdə (Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyası ərazisində) dərhal onun üstünə baxış keçirilib, silah və döyüş sursatı götürülmüş olardı. Halbuki, cinayət işinin mübahisəsiz hallarına görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyası ərazisində saxlanılarkən orada onun üzərinə baxış keçirilməmişdir. Fikir ayrılığına səbəb olan məsələnin halları baxımından məhkəmə həmçinin qeyd edir ki, saxlandığı yerdə dərhal üzərinə baxış keçirilməmiş, üzərindəki odlu silah və döyüş sursatı aşkar edilərək götürülməmiş şəxsin polisin inzibati binasına gedənədək yayınması və qaçıb gizlənməsi halında ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə başa çatmış cinayətin istinad edilməsi mümkünsüz olduğu kimi, qanunsuz saxlanılan odlu silah və döyüş sursatı aşkar edilib götürülməyənədək uzanan cinayətin başa çatdığı nəticəsinə gəlmək də mümkün deyil. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət uzanan cinayət olduğundan - həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən - odlu silah və döyüş sursatının saxlanması və gəzdirilməsinin Biləcəri st. XPŞ-də onun üzərinə keçirilmiş baxış zamanı aşkar edildiyi anda başa çatmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası CM-in 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası CM-in 27-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci tarixli qərarında formalaşmış hüquqi mövqeyindən yanaşaraq hazırki cinayət işinin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün qeyd edilməsini zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi güman olunan və CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi uzanan cinayətdir və prosessual qanunvericiliyin tələblərinə görə “uzanan cinayət başa çatdığı yer onun törədildiyi yer hesab olunur”, “İbtidai araşdırma onun törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır”. Hazırki halda isə Təqsirləndirilən şəxs tərəfindən güman olunan cinayət hadisəsi onun Biləcəri st. XPŞ-də üzərinə baxış keçirilərkən ondan qanunsuz odlu silah və döyüş sursatının aşkar olunduğu zaman başa çatmış hesab olunur. Qeyd edilən hallar sözügedən cinayət işinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasında fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2 və 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Odur ki, məhkəmələr arasında aidiyyətlə əlaqədar fikir ayrılığı olduğundan cinayət işi qəbul edilmiş qərarla birlikdə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1- ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar