Məhkəmə qərarları › İş №1(005)-262/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-262/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-262/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 avqust 1983-cü ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tovuz rayonu Qədirli kəndində qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi nömrəsiz evdə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1” kateqoriyalı 99 07 264866 nömrəli sürücülük vəsiqəsini 600 manat məbləğində pul vəsaitini ödədikdən sonra Şahid 8 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində əldə etmiş və Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 9 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən 1 saylı “Asan Xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB042932” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun heç vaxt sürücülük vəsiqəsi olmamışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində qonşusu Aqil ilə söhbət zamanı ona sürücülük vəsiqəsi almaq istədiyini, lakin savadı olmadığına görə imtahan verə bilməyəcəyini demişdir. O isə özünə saxta sürücülük vəsiqəsi düzəltdirdiyini bildirmiş, hətta onun üçün də həmin vəsiqədən düzəltdirə biləcəyini demişdir. Həmin saxta sürücülük vəsiqəsinin düzəldilməsi müqabilində 600 manat pul verəcəkmiş. Aqil ona bildirmişdir ki, həmin sürücülük vəsiqəsi ilə heç bir orqana müraciət etmədən və həqiqisindən heç bir fərqliliyi olmayan olacaqdır. O da Aqilin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Aqil ondan şəxsiyyət vəsiqəsinin ön və arxasının fotoşəkillərini istəmiş, o da həmin fotoşəkilləri ona vatsap mobil tətbiqi vasitəsilə göndərmişdir. Aqil sürücülük vəsiqəsinin 4-5 gün müddətində hazır olacağını bildirmişdir. Bundan sonra o, yaşadığı ünvanın qarşısında Aqilə 600 manat pul vermişdir ki, həmin saxta sürücülük vəsiqəsini onun üçün düzəldən şəxslərə versin. 08 sentyabr 2023-cü il tarixdə Aqil yaşadığı evin qarşısında ona saxta onun adına hazırlanmış Rusiya Federasiyasına adi sürücülük vəsiqəsini vermişdir. Həmin sürücülük vəsiqəsinin üzərində onun fotoşəkli, “RUS” yazısı, nömrəsi 99 07 264866 olan, B, B1, C, C1 kateqoriyaları qeyd edilmiş saxta sürücülük vəsiqəsini vermişdir. Həmin saxta vəsiqənin verilmə tarixi xx.xx.2021-ci il olduğu qeyd edilmişdir. Aqil ona bildirmişdir ki, həmin saxta vəsiqəni Asan Xidmətə təqdim edib, onu Azərbaycan Respublikasının həqiqi sürücülük vəsiqəsi ilə əvəz etməlidir. Onunla razılaşmışdır. 09 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən 1 saylı Asan Xidmət Mərkəzinə saxta sürücülük vəsiqəsini dəyişmək üçün getmişdir. O, orada Aqilin tanışları tərəfindən düzəlmiş saxta rus sürücülük vəsiqəsini təqdim etmiş və ona BB042932 seriyalı Azərbaycan Respublikasının sürücülük vəsiqəsi verilmişdir. Saxta rus vəsiqəsi ondan alınmışdır və 10-15 gün sonra gəlib götürə biləcəyini demişlər. Həmin saxta sürücülük vəsiqəsinin kim tərəfindən hazırlanmasını bilmir, onu bilir ki, saxta sürücülük vəsiqəsini qonşusu Şahid tanışları hazırlamışlar və o, öz tanışları barədə ona heç bir məlumat verməmişdir, həmin şəxslə heç vaxt görüşməmiş, həmçinin əlaqə saxlamamışdır. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 2005-ci ildən bəri fəhlə, texniki heyət, usta kimi çalışmışdır. Ofisiant kimi 2021-2022-ci illərdə müxtəlif şadlıq saraylarında işləmişdir. Həmin müddətdə Səxavət adlı şəxs ilə tanış olmuş, o da ofisiant işləyirmiş. Səxavət söhbət zamanı ona saxta sürücülük vəsiqəsi aldığını və bunun çox rahat olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Rusiya Federasiyasında qalan bir şəxs vasitəsi ilə Səxavət saxta sürücülük vəsiqəsini hazırlatmışdır. Şəxsiyyət vəsiqəsinin fotoşəklini, özünün fotoşəkillərini Səxavət onun nömrəsinə atmağını və bunun müqabilində 600 manat pul istəmişdir. O, 600 manat pul vəsaitini Səxavətin nömrəsini atdığı bank kartına ödəmə terminalı vasitəsilə göndərmişdir. Dediyi fotoşəkilləri də nömrəsinə göndərmişdir. Səxavət bildirmişdir ki, sürücülük vəsiqəsi Rusiyada hazırlanır və onun vasitəsilə göndəriləcəkdir. 9 iyul 2023-cü ildə 99 24 059588 nömrəli RUS yazılı sürücülük vəsiqəsi ona Səxavət tərəfindən verilmişdir. 99 24 059588 nömrəli RUS yazılı sürücülük vəsiqəsində verilmə tarixi xx.xx.2022 kimi qeyd edilmişdir. Səxavət demişdir ki, həmin vəsiqəni Azərbaycan Respublikasının sürücülük vəsiqəsinə dəyişmək olar. xx.xx.2023-cü il tarixdə 1 saylı ASAN Xidmət Mərkəzinə müraciət etmişdir. ASAN Xidmət Mərkəzinin əməkdaşı ona BB039886 nömrəli Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi təqdim edilmiş və 99 24 059588 nömrəli RUS yazılı sürücülük vəsiqəsini ona təqdim etmişlər, o isə oradan qayıdarkən həmin saxta sürücülük vəsiqəsini dərhal qıraraq atmışdır. 99 24 059588 nömrəli RUS yazılı sürücülük vəsiqəsi ilə avtomobil idarə etməsə də BB039886 nömrəli Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə avtomobil idarə etmişdir. Qonşusu Təqsirləndirilən şəxs adlı şəxs savadı olmadığına görə imtahan verə bilməyəcini deyərək qeyri-qanuni yol ilə sürücülük vəsiqəsi almaq fikri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 3-4 il idi ki, tanıyırmış, qonşu olduqlarına görə onunla vaxtaşırı söhbətləşmişlər. 2023-cü ilin sentyabr ayının əvvəllərində Anar ilə söhbət zamanı Anar sürücülük vəsiqəsi almaq istədiyini, lakin savadı olmadığına görə imtahan verə bilməyəcəyini demişdir. Aqil isə özünə saxta sürücülük vəsiqəsi düzəltdirdiyini bildirmiş, hətta Anar üçün də həmin vəsiqədən düzəltdirə biləcəyini demişdir. Həmin saxta sürücülük vəsiqəsinin düzəldilməsi müqabilində 600 manat pul lazım olduğunu demiş həmçinin bildirmişdir ki, həmin sürücülük vəsiqəsi ilə heç bir orqana müraciət etmədən və həqiqisindən heç bir fərqliliyi olmayan olacaqdır. O da bu təklifi ilə razılaşmışdır. Bundan sonra ondan şəxsiyyət vəsiqəsinin ön və arxasının fotoşəkillərini istəmiş, o da həmin fotoşəkilləri ona vatsap mobil tətbiqi vasitəsilə göndərmişdir. Öz növbəsində həmin fotoşəkilləri Səxavət adlı tanışına göndərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs üçün də saxta sürücülük vəsiqəsi düzəltdirsin. O, Səxavətin deməsinə görə sürücülük vəsiqəsinin 4-5 gün müddətində hazır olacağını bildirmişdir. Bundan sonra Anar, yaşadığı ünvanın qarşısında ona Səxavətə verməsi üçün 600 manat pul vermişdir ki, həmin saxta sürücülük vəsiqəsini onun üçün düzəldən şəxslərə versin. 08 sentyabr 2023-cü il tarixdə yaşadığı evin qarşısında Səxavətin göndərdiyi saxta Anarın adına hazırlanmış Rusiya Federasiyasına adi sürücülük vəsiqəsini Anara vermişdir. Həmin sürücülük vəsiqəsinin üzərində onun fotoşəkli, “RUS” yazısı, nömrəsi 99 07 264866 olan, B,B1, C, C1 kateqoriyaları qeyd edilmiş saxta sürücülük vəsiqəsini vermişdir. Həmin saxta vəsiqənin verilmə tarixi xx.xx.2021-ci il olduğu qeyd edilmişdir. Anara bildirmişdir ki, həmin saxta vəsiqəni Asan Xidmətə təqdim edib, onu Azərbaycan Respublikasının həqiqi sürücülük vəsiqəsi ilə əvəz etməlidir. Onunla razılaşmışdır. Anar 09 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən 1 saylı Asan Xidmət Mərkəzinə saxta sürücülük vəsiqəsini dəyişmək üçün getmişdir. O, orada Səxavət adlı şəxsin vasitəsilə düzəlmiş saxta rus sürücülük vəsiqəsini təqdim etmiş və ona BB042932 seriyalı Azərbaycan Respublikasının sürücülük vəsiqəsi verilmişdir. Saxta rus vəsiqəsi ondan alınmışdır və 10-15 gün sonra gəlib götürə biləcəyini demişlər. O saxta sürücülük vəsiqəsi hazırlamamışdır, özü və Təqsirləndirilən şəxs üçün saxta sürücülük vəsiqələrini tanışı Səxavət adlı şəxs tərəfindən hazırlanmasını bildirmişdir. Həmin saxta sürücülük vəsiqəsinin hansı şəraitdə, konkret olaraq kim tərəfindən və hansı formada hazırlanması barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 25 sentyabr 2023-cü il tarixli müraciətdə göstərilmişdir ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan Azərbaycan Respublikası vətəndaşları (Təqsirləndirilən şəxs, xx.xx.1983-cü il, siyahı üzrə 8-ci şəxs) müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinə müraciət edərək xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmişlər. Həmin şəxslərin təqdim etdikləri sürücülük vəsiqələrinin həqiqiliyi şübhə doğurduğundan vəsiqələrin dəyişdirilməsi üçün zəruri olan sənədlər və həqiqiliyi şübhə doğuran vəsiqələr DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərilmişdir. “Könüllü təqdim edilən əşyanı götürmə haqqında” 18 oktyabr 2023-cü il tarixli protokolda görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi saxta Rusiya Federasiyası sürücülük vəsiqəsini “ASAN xidmət” mərkəzinə təqdim edərək oradan aldığı Azərbaycan Respublikasının “BB042932” nömrəli, B1, B, C1, C kateqoriyalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək etibarlı olan həqiqi sürücülük vəsiqəsini könüllü olaraq istintaqa təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli, 3-13-39/2-1225/2023 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş 99 07 264866 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 99 07 264866 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Aparılmış tədqiqatın dəyəri 70 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29 yanvar 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “**********” nömrəli saxta sürücülük vəsiqəsi və Pərviz Mustafayevə verilmiş Azərbaycan Respublikasının “BB 042932” nömrəli həqiqi sürücülük vəsiqəsi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, həmçinin cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, iki azyaşlı uşağının olmasını (portal məlumatına əsasən) və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə cinayət işi üzrə maddi sübut məsəsləsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən əldə edilmiş Rusiya Federasiyasının “**********” nömrəli saxta sürücülük vəsiqəsi və onun əsasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzindən verilmiş Azərbaycan Respublikasının “BB 042932” nömrəli həqiqi sürücülük vəsiqəsi məhv edilməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 iş saatına görə 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Rusiya Federasiyasının “**********” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BB 042932” nömrəli həqiqi sürücülük vəsiqələri məhv edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 iş saatı üçün cəmi 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar