Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-263/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci ildə Kürdəmir rayonunun Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhər İH-nin KXM MMCdə sürücü işləmiş, məhkumluğu olmayan, Kürdəmir rayonunun Garıs Əyribənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, silah qismində istifadə olunan əşya-dəmir alətdən istifadə etməklə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətdə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə saat 15:30 radələrində ictimai yer sayılan ünvan 1 ünvanla V.Plotnikov küçəsinin kəsişdiyi yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, yəni orada dayanmış zibil qutularına nəzarət edən Zərərçəkmiş şəxs onun yetkinlik yaşına çatmamış oğlu Şahid2 Zaur oğlu ilə mübahisə etdiyini görərək, idarə etdiyi “Man TGS 26 360” yük markalı, **-JV- *** qeydiyyat nişanlı avtomobildən düşüb, heç bir əsaslı səbəblər olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına zidd olaraq sonuncu ilə dalaşaraq, avtomobildən götürdüyü silah qismində istifadə etdiyi dəmir əşya ilə sonuncunun baş nahiyəsindən bir zərbə vuraraq alının tüklü hissəsinin mərkəzində cərrahi tikişə ehtiyacı olan əzilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayından Bakı şəhəri İH-nin Kommunal xidmətlər müəssisəsində sürücü-fəhlə vəzifəsində işləyir. Onun səlahiyyətinə Nərimanov rayonun 30, 36 və 37 nömrəli MKİS-in inzibati ərazisində yerləşən sarı zibil qutulardan zibili avtomobilə yığıb Balaxanı qəsəbəsi çeşidləmə zavoduna aparıb boşaldılmasından ibarətdir. 16.01.2021-ci il tarixdə saat 15 radələrində yetkinlik yaşına çatmamış oğlu Şahid2 Zaur oğlu ilə birlikdə ünvan 2 ünvanda yerləşən qaraja gəlmiş və ona təhkim olunmuş “Man TGS 26 360” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək zibili yığmaq üçün əraziyə çıxmışdır. Həmin gün saat təqribən 15:30 radələrində ünvan 3 ünvana gəlmişdir. Orada oğlundan xahiş etmişdir ki, sarı qutularda olan zibili avtomobilə yükləməyə ona köməklik göstərsin. Nail avtomobildən düşüb zibil yeşiklərinə tərəf getmişdir. O isə oğlunu avtomobilə quraşdırılmış kamera görüntüsü ilə müşahidə etmişdir. Məişət tullantısı yığılan sarı yeşiklər yaşıl yeşiklərə bitişik qoyulduğundan oğlu sarı yeşiyi əziyyətlə, yəni ayağını digər yeşiyə dayaq verərək çıxarmışdır. Birinci yeşiyi yerinə qoyub digərini götürmək istəyərkən adını sonradan öyrəndiyi qutulara nəzarət edən Emil adlı şəxsin oğlu ilə əlbəyaxa olduğunu görüb nəzarətçiyə yaxınlaşıb ona irad tutmuşdur. O, oğluna qarşı edilmiş hərəkətlərə əsəbləşdiyindən Emilin üstünə hücum çəkmiş və yerdə olan dəmir alətlə götürüb onun baş nahiyəsindən bir zərbə vurmuşdur. Sonra isə oğlu ilə birlikdə avtomobilə oturub oradan uzaqlaşaraq işinə davam etmişdir. 18.01.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan polisə şikayət etmişdir. Emillə aralarında mübahisə 2-3 dəqiqə davam etmiş və həmin hadisəni küçədən keçən və onları aralayan şəxslər görmüşdür. Zərərçəkmiş şəxs baş nahiyəsindən zərbə ilə vurduğu dəmir aləti avtomobilin arxasına atıb Balaxanı qəsəbəsində yerləşən zibilxanaya aparıb boşaltmışdır. Törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təiyn edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayından "xxxx" MMC-də təmizləyici vəzifəsində işləyir və Nərimanov rayonu 37 saylı MKİS-ə təhkim olunmuşdur. Onun vəzifəsi Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən zibil qutularına atılan zibillərə nəzarət etməkdən ibarətdir. 16.01.2021-ci il tarixdə saat 15:30 radələrində təhkim olunmuş yerdə dayanıb zibil qutularına atılan zibillərə nəzarət edərkən sarı qutulardan zibil yığan yük avtomobili gəlmişdir. Avtomobildən düşən cavan yaşlarında fəhlə oğlan ondan zibil qutularını çıxarmaqda kömək etməyi xahiş etmişdir. Fəhlə oğlana kömək etdikdən sonra fəhlənin təpiklə yeşiyə zərbə vurduğunu görmüş və bu səbəbdən ona iradını bildirmişdir. Bununla əlaqədar aralarında sözlə mübahisə baş vermişdir. Bu zaman avtomobili idarə edən sürücü avtomobildən düşüb nalayiq söyüşlər söyərək onun üstünə hücum çəkmiş və ona yumruqla zərbələr vurmuşdur. Sürücü onun boynundan tutaraq sıxmağa başladığından onun əlindən qurtarmaq üçün sürücünü sifətindən dişləmişdir. Sürücü onu buraxmış və avtomobildən dəmir aləti götürüb onun başına bir dəfə vurub fəhlə ilə birlikdə avtomobilə əyləşib oranı tərk etmişlər. Daha sonra mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sürücü və yanında olan fəhlə ilə aralarında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin hadisəni küçədən keçən tanımadığı və onları ayırmış şəxslər görmüşlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1979-cu ildən Bakı şəhəri İH-nin kommunal xidmətlər müəssisəsinin Nərimanov rayonu təmizlik işləri üzrə sahə rəisi vəzifəsində işləyir. Onun vəzifəsi Nərimanov rayonu ərazisində məişət tullantılarının daşınmasını təmin etməkdən ibarətdir. Məişət tullantılarının daşınmasını təmin edən yük avtomobilləri işlədiyi təşkilata məxsusdur. “Man TGS 26 360” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücu Təqsirləndirilən şəxs 30, 36 və 37 nömrəli MKİS-in inzibati ərazisində yerləşən sarı zibil qutularından zibili avtomobilə yığıb Balaxanı qəsəbəsində yerləşən çeşidləmə zavoduna aparıb boşaldılması həvalə olunmuşdur. 16.01.2021-ci il tarixdə saat 16 radələrində həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona zəng edərək 37 saylı MKİS-in inzibati ərazisində yerləşən qutulara xidmət edən şəxslə özünün və oğlu Nailin mübahisələri olduğunu demişdir. O, ərazidə olduğu üçün Zaurla Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində görüşmüşdür. Təqsirləndirilən şəxs ona demişdir ki, zibil qutularına nəzarət edən şəxs onun oğlu ilə mübahisə etdiyi zaman aralamaq üçün avtomobildən düşmüş, daha sonra isə yerdən dəmir parçası götürərək nəzarətçinin baş nahiyəsindən vurmuşdur. İttiham aktının siyahısında şahid qisimnd göstərilmiş Şahid2 Zaur oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olsa da məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 Zaur oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, onun atası Təqsirləndirilən şəxs məişət tullantıları daşıyan yük avtomobilində fəhlə-sürücü işləyir. 15.01.2021-ci il tarixdə rayondan atasına baş çəkməyə gəlmişdir. 16.01.2021-ci il tarixdə saat 15 radələrində atası işə gedərkən onu evdə tək qoymamaq üçün özü ilə götürmüşdür. Atası ilə birlikdə qaraja gəlmişlər. Atası ona təhkim olunmuş “Man TGS 26 360” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək zibil yığmaq üçün əraziyə çıxmışlar. Həmin gün saat təqribən 15:30 radələrində avtomobillə Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 10 saylı ünvana gəlmişlər. Orada qoyulmuş zibil yeşiklərinin yanında atası avtomobili saxlamışdır. Atasına kömək məqsədi ilə yaşıl yeşiklərin arasından iki ədəd sarı yeşiklərdə olan zibilləri avtomobilə yükləmək məqsədi avtomobildən düşmüş, atası isə avtomobildə oturmuşdur. Zibil yeşiklərinin yanında tanımadığı, əynində MKİS-in işçisi kimi sarı gödəkçəsi olan, sonradan adını öyrəndiyi nəzarətçi Emildən xahiş etmişdir ki, ona yeşikləri çıxarmağa köməklik etsin. Nəzarətçi ona köməklik etmişdir. O iki yeşiyi avtomobilə boşaltmışdır. İkinci yeşiyi sıraya qoymaq üçün yeşiyə təpik vurmuşdur. Buna görə nəzarətçi ona iradını bildirərək onu nalayiq sözlərlə söymüşdür. O, ona bildirmişdir ki, atası yaşında kişidir, danışığına fikir versin. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Nəzarətçi onun boğaz nahiyəsindən yapışmışdır. Bunu avtomobildə kameradan görən atası Zaur avtomobildən çıxıb onlara yaxınlaşmışdır. Atası nəzarətçidən onu buraxmasını tələb etmişdir. Nəzarətçi onu buraxıb atasının üstünə hücum çəkib onun sağ yanağını dişləmişdir. O atası ilə nəzarətçini aralamaq istəmiş, lakin nəzarətçi güçlü olduğundan atasını buraxmamışdır. Atası yerdə olan dəmir parçasını götürüb nəzarətçinin başına zərbə vurduqdan sonra o, atasını buraxmışdır. Onlar avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs onu nəzarət etdiyi zibil qutularına təpik vurduğu üçün nalayiq sözlərlə söymüşdür. O isə nəzarətçini nalayiq sözlərlə söyməmiş və avtomobildən dubinka götürüb onu vurmaqla hədələməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X1 Emil Çingiz oğlunun Azərbaycan Respublikası DİN-in 102 xidmətinə verdiyi məlumatla əlaqədar hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer ünvan 1 ünvanla V.Plotnikov küçəsinin kəsişməsidir. Baxış keçirilən yerdə ikitərəfli avtomobil yolu var. Baxış keçirilən yerdə yaşıl və sarı zibil qutuları üçün xüsusi daş hasarla ayrılmış yer var. Baxış keçirilən yerin sağında, solunda, arxa və önündə yaşayış evləri var. Baxışda iştirak edən "xxxx" MMC-nin 37 saylı MKİS-ə təhkim edilmiş, zibil qutularına nəzarət və təmizləmə işlərinə cavabdeh olan Zərərçəkmiş şəxs bildirmişdir ki, 16.01.2021-ci il tarixdə saat 15:30 radələrində baxış keçirilən yerdə o, zibil daşıyan avtomobilin sürücüsü və fəhlə tərəfindən döyülmüşdür. Baxış keçirilən yerdən təqribən 20 metr aralıqda TŞ-3-170 kamerası var; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 27 yanvar 2021-ci il tarixli, 20 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - alının tüklü hissəsinin mərkəzində cərrahi tikişə ehtiyacı olan əzilmiş yara, sağ gicgah, sağ qulaq seyvanının, sol gözaltı nahiyəsinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 16.01.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir; “Diskin görüntülərinə baxış keçirilməsi barədə” 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Möhsüm Cabbarov 16 yanvar 2021-ci il tarixdə saat 15:30 radələrində Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 10 saylı ünvanla V.Plotnikov küçəsinin kəsişdiyi yerdə Zərərçəkmiş şəxs döyülməsi faktı üzrə araşdırma aparılması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələri idarə etmə Xidməti tərəfindən təqdim edilmiş bir ədəd DVD diskə baxış keçirtmişdir. Baxış zamanı müəyyən olundu ki, 16 yanvar 2021-ci il tarixdə saat 15:30 radələrində Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 10 saylı ünvanla V.Plotnikov küçəsinin kəsişdiyi yerdə Zərərçəkmiş şəxs döyülməsi faktı diskin görüntülərində öz əksini tapmamışdır. Lakin, hadisə yerinin görüntülərində həmin ərazidə insanların piyada gəlib-getməsi, şəxsi və ictimai avtomobillərin intensiv hərəkəti müşahidə olunur. Bundan başqa hadisə yerinin ətrafında yaşayış evləri, ictimai-iaşə obyektləri, ərzaq və sənaye mallarının alışı və satışı mağazaları yerləşir. Hadisə yerinin yerləşdiyi küçədə hər iki tərəfdən insanlara xidmət göstərən taksi avtomobillərinin, kiçik tutumlu yük avtomobillərinin intensiv hərəkət etmələri müşahidə olunur V.Plotnikov küçəsinin kəsişdiyi yerdə insanların yaşadıqları birmərtəbəli həyət evləri yerləşməklə həmin evlərdə yaşayan sakinlərin hərəkət etmələri və bilavasitə hadisə yerinin yaxınlığından keçib getmələri müşahidə olunur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 11 mart 2021ci il tarixli, 09/20 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər alının tüklü hissəsinin mərkəzində cərrahi tikişə ehtiyacı olan əzilmiş yara, sağ gicgah, sağ qulaq seyvanının, sol gözaltı nahiyəsinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 16.01.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən alının tüklü hissəsinin mərkəzində cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ gicgah, sağ qulaq seyvanının, sol gözaltı nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakteri və morfoloji xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, alının tüklü hissəsinin mərkəzində cərrahi tikişə ehtiyacı olan əzilmiş yara qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni dəmir alətin zərbəsi nəticəsində, sağ gicgah, sağ qulaq seyvanının, sol gözaltı nahiyəsinin sıyrıqları isə yumruq zərbələrinin təsirindən əmələ gəlməsi istisna olunmur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 mart 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 05 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 1(005)- 263/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir; “Axtarışda olan şəxsin tutulması haqqında” 22 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Nərimanov rayon 18-ci PŞ-yə gətirilmiş və saxlanılması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi, onunla barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; işlədiyi yer üzrə müsbət xarakterizə olunmasını (əsas: "xxxx" MMC tərəfindən verilmiş 04.05.2021-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını (CM-in 58.3-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, cəzanı yüngülləşdirən digər halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, şərti məhkumetmənin təyin edilməsi Təqsirləndirilən şəxs islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 22 oktyabr 2021-ci il tarixdən 02 dekabr 2021-ci il tarixədək olan 1 (bir) ay 10 (on) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli (CM-69.3), sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli (CM-69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) ay 10 (on) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-263/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-263/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver