Məhkəmə qərarları › İş №1(005)-264/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-264/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-264/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yerləşən fərdi evdə yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissələri olan döyüş sursatını əldə edib daşıyıb saxlamaqla üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatı kimi istifadə edilən patronları əldə edərək daşıyıb saxlamaqla üzərində gəzdirmiş və 12 mart 2021-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanın qarşısında olduğu zaman Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinərək RPİ-nin 18-ci PŞ-nin inzibati binasına dəvət olunub orada müdafiəçisinin iştirakı ilə onun üzərinə baxiş keçirilərkən əynindəki qara rəngli şalvarının bel nahiyəsindən nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli PM modelli Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah olan 01 ədəd tapança, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq, zavod üsulu ilə Azərbaycan Respublikasinda 01 ədədi 2010-cu, 02 ədədi isə 2011-ci ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla eyni kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan cəmi 03 ədəd ştat patronları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün mütəmadi olaraq dəmir yolunun kənarına gedərək oradan sellofan və metal toplamış, topladığı sellofan və metalı sataraq pul əldə etmişdir. Saxlanılmamışdan bir neçə gün öncə “Montin” adlanan yerdən keçən dəmiryol xəttinin kənarındakı zibillikdən sellofan və metal toplamağa getmişdir. Bu zaman zibillikdə boş kisə görmüş, həmin kisəni götürüb içərisinə sellofan və metal yığmaq istəmişdir. Kisə bir qədər ağır olduğu üçün əlini kisənin içərisinə salmış və qara rəngli, üzərində heç bir yazısı, nömrəsi olmayan, daraq yerində 3 ədəd güllə olan tapança olduğunu görmüşdür. Həmin silahı polisə təhvil vermək üçün götürmüş və bir neçə gün üzərində saxlamışdır. 12.03.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində yenidən “Montin” adlanan yerdən keçən dəmiryol xəttinin kənarındakı zibillikdən sellofan torbalar və metal toplamağa getmişdir. O, metal və sellofan torbaları yığdıqdan sonra tapançanı aparıb polisə təhvil vermək fikrində olmuşdur. Həmin vaxt üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdır. Həmin şəxslər vəsiqələrini təqdim edib, Nərimanov RPİ-nin 18-ci PŞnin əməkdaşları olduqlarını bildirmiş və onu 18-ci PŞ-yə gətirmişlər. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə kamera çəkilişi ilə üzərinə baxış keçirilmiş və baxış zamanı ona təklif olunmuşdur ki, üzərində olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O da əynində olan şalvarın bel nahiyəsinə qoyduğu, qara rəngli, metal, üzərində heç bir yazısı, nömrəsi olmayan, darağında 3 ədəd güllə olan tapançanı könüllü olaraq təqdim etmişdir. Bundan başqa üzərində 2 manat pul, siqaret, alışqan və Nokia markalı mobil telefon olmuşdur. Üzərindən aşkar olunmuş silah və 03 ədəd güllələr iştirakçıların və onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. O, silahı polisə təqdim etmək üçün götürsə də, bir neçə gün xəstə olduğu üçün onu polisə təhvil verə bilməmişdir. Tapançanı tapdıqdan sonra həmin silahla heç bir cinayət əməli törətməmiş, bu barədə heç kimə məlumat verməmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12.03.2021-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-yə “Əflatun” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi və gəzdirməsi baradə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatında “Əflatun” adlı şəxsin 12.03.2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsinin qarşısından keçən dəmiryolu xəttinin kənarına gəlməsi və həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Əməliyyat yolu ilə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupunun təşkil edilməsi və təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə verilməsindən ötrü bu barədə tərəfindən PŞ-nin rəhbərliyinə raportla məruzə edilmişdir. 12.03.2021-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyev tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra yaradılmış əməliyyat qrupunun üzvləri, Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Nərimanov RPİnin 18-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid3 ilə birlikdə əməliyyat məlumatında bildirilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsinin qarşısından keçən dəmir yolu xəttinin kənarında özlərinə mövqe seçib orada müşahidə aparmışlar. Saat təxminən 21:00 radələrində daxil olmuş əməliyyat məlumatında geyim və xüsusi məlumatları bildirilmiş “Əflatun” adlı şəxsi görüb ona yaxınlaşmışlar. Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş və onun şəxsiyyəti ilə bağlı maraqlandıqda məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Nərimanov RPİ-nin 18-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi ilə əlaqədar məlumat verildikdən sonra müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs Əlibaba oğlunun üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs Əlibaba oğlu əynindəki qara rəngli şalvarın bel nahiyəsindən üzərində heç bir yazısı və nömrəsi olmayan, qara rəngli, metal “MAKAROV” tipli tapançanı və tapançanın üzərində olan darağın içərindəki 03 ədəd gülləni çıxarıb təqdim etmiş, həmin tapançanı bir neçə gün öncə “Montin” adlanan yerdən keçən dəmiryol xəttinin kənarındakı zibillikdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Əlibaba oğlunun əynindəki qara rəngli şalvarın sol cibində 2 manat pul, siqaret, alışqan və Nokia markalı mobil telefon olmuşdur. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya sənəd aşkar edilməmişdir. Aşkar olunmuş tapança və 03 ədəd güllələr iştirakçıların və Təqsirləndirilən şəxs Əlibaba oğlunun iştirakları ilə zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru X2 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X1 RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkillləri Ruslan Qanboy oğlunun, Şahid2, sahə inspektoru, polis kapitanı Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərinə baxış keçirmişdir. 30.01.2020-ci il tarixdə saat 21:00 radələrində yuxarıda adları qeyd olunan Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsinin qarşısından keçən dəmiryolu xəttinin kənarında saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-yə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın bel nahiyəsindən üzərində heç bir yazısı və nömrəsi olmayan, qara rəngli, metal “MAKAROV” tipli tapançanı və tapançanın üzərində olan darağın içərindəki 03 ədəd gülləni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin tapançanı bir neçə gün öncə “Montin” adlanan yerdən keçən dəmiryol xəttinin kənarındakı zibillikdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol cibində 2 manat pul, üzərində “Prima” yazısı olan siqaret, alışqan və Nokia markalı telefon var idi. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya sənəd aşkar edilmədi. Aşkar olunmuş tapança və 03 ədəd güllələr iştirakçılar və Təqsirləndirilən şəxs iştirakları ilə zərfə qoyulub qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmadı; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 12 mart 2021-ci il tarixli, 21/199R nömrəli rəyindən görünür ki, təqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən şaxdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında 01 ədədi 2010-cu, 02 ədəd isə 2011-ci illərdə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Qeyd: Təqdim edilmiş 03 ədəd 9x18 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olundu; “Təqdim edilən diskə baxış kesirilməsi haqqında” 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstinaq Şöbəsinin müstəntiqi X4, icraatında olan ********* nömrəli cinayət işi üzrə tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd ağ rəngli CD diskə Nərimanov RPİ-nin MSY-nin inzibati binasında xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə personal kompyuter vasitəsi ilə baxış keçirmişdir. Həmin 01 ədəd ağ rəngli CD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompyuterin prosessoruna qoyuldu və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olundu ki, “20210312_230059“ qarşısında 3/12/2021 onun qarşısında MP4 FİLE və onun qarşısında 1,192,614 KB yazısını görmək mümkündür. Fayldakı görüntülər 11 dəqiqə 32 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs özünün 02 dəqiqə 35 saniyəsində əynində olan qara rəngli şalvarın bel nahiyəsindən tapança, 01 ədəd silaha məxsus sandıq-daraq və 03 ədəd sandığın içində olan patronları çıxararaq təqdim edir və həmin tapançanı dəqiq xatırlamadığı tarixdə Nərimanov rayonu ərazisində yerləşən dəmir yolunun kənarında metal və selefon yığarkən tapdığını bildirir. Aşkar edilmiş tapança axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmədi. CD diskə baxış zaman Təqsirləndirilən şəxs görüntüdə üzərində tapança aşkar olunan şəxsin özü olduğunu qeyd etdi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 4(005)- 278/2021 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 mart 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “İfadənin yerində yoxlanılması haqqında” 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X4, ********* saylı cinayət işi üzrə istintaq gedişində təqsirləndirilən şəxs kimi dindirilmiş xx.xx.1971-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, ünvan 5 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi kəndi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs ifadəsini Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə yerində yoxlamışdır. Təqsirləndirilən şəxs təklif olundu ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. Təqsirləndirilən şəxs ifadəsində dediklərini yerində göstərdi və müəyyən edildi ki, o, hazırda heç bir yerdə işləmir və mütəmadi olaraq dəmir yolunun kənarına gedərək oradan sellofan və metal toplayır. Topladığı sellofan və metalı sataraq pul əldə edir. O, bir neçə gün öncə “Montin” adlanan yerdən keçən dəmiryol xəttinin kənarındakı zibillikdən sellofan və metal toplamağa getmişdir. Bu zaman zibillikdə boş kisə görmüş, həmin kisəni götürüb içərisinə sellofan və metal yığmaq istəmiş, bu zaman kisənin içərisində nə isə olduğunu görmüş, kisə bir qədər ağır olduğu üçün əlini kisənin içərisinə salmış və kisənin içərisində nə olduğuna baxdıqda kisənin içərisində qara rəngli, üzərində heç bir yazısı, nömrəsi olmayan, daraq yerində 3 ədəd güllə olan tapança olduğunu görmüşdür. Həmin silahı polisə vermək üçün götürmüş, onu bir neçə gün üzərində saxlamış, 12.03 2021-ci il tarixdə axşam saatlarında yenə “Montin” adlanan yerdən keçən dəmiryol xəttinin kənarındakı zibillikdən sellofan torbalar və metal toplamağa getmiş, axşam təxminən saat 21 radələrində ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşmış, həmin şəxslər vəsiqələrini təqdim edib, Nərimanov RPİ-nin PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onu 18-ci PŞnə gətirmişlər. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə kamera çəkilişi ilə üzərinə baxış keçirilmiş və baxış zamanı ona təklif olunmuşdur ki, üzərində olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın bel nahiyəsinə qoyduğu, qara rəngli, şalvarın sol cibində heç bir yazısı, nömrəsi olmayan, darağında 3 ədəd güllə olan tapançanı könüllü olaraq təqdim etmişdir. Bundan başqa əynindəki qara rəngli şalvarın sol cibində 2 manat pul, üzərində “Prima” yazısı olan siqaret, alışqan və Nokia markalı mobil telefon olmuşdur. Üzərindən aşkar olunmuş silah və 03 güllələr iştirakçıların və onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsi yoxlanılarkən müəyyən olunmuşdur ki, polis əməkdaşları tərəfindən ünvan 7 ünvanının qarşısında saxlanılmışdır; “Maddi sübut hesab etmə haqqında” 14 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 9 mm kalibrli PM modelli, Makarov funksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 03 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında 01 ədədi 2010-cu, 02 ədəd isə 2011-ci illərdə istehsal olunmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 25.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 1(005)- 77/2021 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 15.03.2021-ci il tarixli, 011-2363-1221 nömrəli məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş Makarov konsrtuksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 06 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir; Göyçay rayon İcra və Probasiya şöbəsinin 10 iyun 2021-ci il tarixli, 1(005)-77/2021 nömrəli məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)77/2021 saylı, 03 mart 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasınm iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Hökm və onun icrası barədə göstəriş 04.05.2021-ci il tarixdə şöbəyə daxil olaraq icraata götürülmüş, lakin aparılmış araşdırılmalar zamanı məhkum Təqsirləndirilən şəxs Göyçay rayonunda yaşamadığ məlum olmuşı, CM-in 228.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli ilə bağlı 13 mart 2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-278/2021 saylı qərarı ilə 03 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmiş, bu səbəbdən tərəflərindən cəzanın icra olunması mümkün olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-77/2021 nömrəli, 03 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası, CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün = 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün) CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-77/2021 nömrəli, 03 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (11 (on bir) ay 28 (iyirmi səkkiz) gün) CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş “Makarov” konstruksiyalı tapança, 01 ədəd daraq və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verililməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132.1.4). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-77/2021 nömrəli, 03 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün=11 (on bir) ay 28 (iyirmi səkkiz) gün) hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 12 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş “Makarov” konstruksiyalı tapança, 01 ədəd daraq və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar