Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-265/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Bədəlan ərazi dairəsi, Bədəlan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 27 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatələnmiş qəsdlə ünvan 1 ünvanın qarşısında yerləşdirilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə məxsus ümumilikdə 80 metr uzunluğunda 108 mm diametrdə olan dəmir boruları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 1323,20 ( bir min üç yüz iyirmi üç manat iyirmi qəpik ) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər “TİR” kimi tanınan yük maşınlarında sürücü kimi işləmiş, 2022-ci ilin oktyabr ayının əvvəllərindən isə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra sürücü kimi işlədiyi vaxtlardan tanıdığı müştərilər ona zəng edib yüklərin daşınmasını sifariş edirmişlər. O da dolanışığını təmin etmək və bir qədər pul qazanmaq üçün “Dərnəgül bazarı” adlanan ticarət mərkəzində icarə əsasında dəmir boruların və digər müxtəlif tikinti materiallarının satışı mağazasını işlədən həmkəndlisi Şahid1 yanına getmiş və ordan xahiş etmişdir ki, ona məxsus “Mersedes 814” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük maşınını sifariş olduqda ona versin ki, yükləri daşıyıb bir qədər pul qazansın. Zaur da ona etiraz etməmiş və Zaurun maşını ilə bir neçə yük daşıyıb bir qədər pul qazanmışdır. Həmin gün maşını qaytarıb Zaura vermişdir. Bundan bir neçə gün sonra, yəni 27 oktyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında qarşısında boruların yığıldığını görmüş və həmin boruların bir qədərini oğurlamaq qərarına gəlmişdir. Həmin yerdə xeyli sayda dəmir boru olsa da bir hissəsini oğurlamaq niyyətində olmuşdur. Belə ki, onun təxmini hesablamasına görə ümumilikdə 80-90 metr uzunluğunda dəmir boru oğurlamış olsaymış maddi ehtiyaclarını ödəyə bilərmiş. Lakin, bir dəfəyə həmin dəmir boruları oğurlamaqla diqqət çəkəcəyini düşündüyündən boruları hissə-hissə oğurlamaq qərarına gəlmişdir. Həmçinin də həmin boruları özü satmaq niyyətində olmuşdur. Belə ki, qərarlaşdırmışdır ki, boruları oğurlayaraq Zaurun mağazasında saxlasın, Zaura isə həmin boruları oğurladığını deməsin, sərfəli şərtlərlə alıcı tapa bildikdə isə boruları satsın. Buna görə də Zaurun yanına gedib ondan maşınını istəmiş və həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Zaurun maşını ilə boruların yığıldığı yerə gəlmişdir. Boruların 3 ədədini maşına qoyub Zaurun yanına qayıtmış və boruları rayondan tanışının satmaq üçün göndərdiyini bildirərək ondan boruları mağazada saxlamasını xahiş etmişdir. Həmin boruları özü satmaq niyyətində olmuşdur. Zaurda ona inanıb boruları mağazada saxlamağına icazə vermişdir. Bundan sonrakı bir neçə gün ərzində həmin yerdən əlavə olaraq 5 ədəd də borunu oğurlayıb Zaurun maşını ilə onun işlətdiyi mağazaya gətirmişdir. Zaurun isə həmin boruların oğurlanmasından xəbəri olmamışdır. Etdiyi əməldən peşmandır, dəymiş zərər ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2009cu ildən “Azərqaz” İB-də, 2016-cı ildən isə “Azərqaz” İB-nin Təmir-tikinti idarəsinin hüquq məsləhətçəsi işləyir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 1 ünvanında qarşısında yerləşdirilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə məxsus ümumilikdə 1323,20 (bir min üç yüz iyirmi üç manat iyirmi qəpik) manat dəyrində 80 metr uzunluğunda, 108 mm diametrdə olan dəmir borular oğurlanmışdır. Aparılmış araşdırma zamanı həmin dəmir borular polis əməkdaşları tərəfindən aşkar edilərək onlara təhvil verilmişdir. Oğurluq nəticəsində nümayəndəsi olduğu “Azərqaz” İstehsalat Birliyinə ümumilikdə 1323,20 (bir min üç yüz iyirmi üç manat iyirmi qəpik) manat maddi ziyan dəymişdir. Hazırda borular onlara təhvil verildiyindən, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəmə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə göstərmişdir ki, hal-hazırda “Dərnəgül bazan” adlanan ticarət mərkəzində icarə əsasında dəmir boruların və digər müxtəlif tikinti materiallarının satışı mağazasını icarə əsasında işlədir, eləcə də özünə məxsus “Mersedes 814” markalı, **-XE-*** d.q.n-lı yük maşını ilə həm işlərinə görə, həm sifariş üzrə yükdaşıma fəaliyyəti göstərir. Əslən Masallı rayonu, Bədəlan kəndindən olan həmkəndlisi Təqsirləndirilən şəxs Namiq oğlunu uşaqlıqdan tanıyır. Həmin şəxs “TİR” tipli yük avtomaşını sürücüsüdür. 2022-ci ilin oktyabr ayının təxminən 25-də Təqsirləndirilən şəxs işlədiyi mağazaya gələrək işdən ayrıldığını, hal-hazırda işsiz olduğunu demiş və bir neçə yükdaşıma sifarişi aldığını deməklə ondan idarə etməsi üçün özünə məxsus yük avtomaşınını verməyini xahiş etmişdir. Həmin gün avtomaşını Raminə vermiş və təxminən bir saat sonra Ramin avtomaşını gətirib qaytarmışdır. Təxminən iki gün sonra Ramin yenidən onun yanına gələrək tanışlarında işlənmiş metal borular olduğunu, həmin boruları alıb özü satmaq üçün gətirib onun işlətdiyi mağazaya yığmaq istədiyini bildirmişdir. Aralarında olan səmimi münasibətə görə, Raminin işsiz qaldığını nəzərə alıb ona həmin vaxt etiraz etməmiş və metalı gətirməsi üçün avtomaşını da Raminə vermişdir. Ramin getdikdən təxminən bir saat sonra geri qayıtmış və avtomaşınla 3 (üç) ədəd, yol kənarlarında dirək kimi istifadə olunan dəmir boru gətirmiş və onun işlədiyi mağazanın həyətinə boşaltmışdır. Həmin boruların təzə olduğunu gördükdə Ramindən boruları haradan əldə etdiyini soruşmuş, Ramin ona həmin boruların rayonda aparılan işlər zamanı istifadə edilməli olduğunu, lakin artıq qaldığı üçün satılması üçün tanışları tərəfindən ona göndərildiyini demişdir. O da Raminə inanmışdır. Belə ki, Ramin həmin dəmir boruları özü alıcı olduqda satacağmdan boruların haradan və necə əldə edilməsi i ə bağlı daha sonra Ramindən heç bir şey soruşmamışdır. Bundan sonrakı bir neçə gün ərzində Ramin iki dəfəyə daha 5 (beş) ədəd həmin borudan gətirib mağazaya qoymuş, yaxın günlərdə alıcı tapacağını demişdir. O da Raminə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixdə 17-ci PŞ-nin əməkdaşları tərəfindən PŞ-nə dəvət edilmiş və PŞ-də ona məlum olmuşdur ki, Ramin ona yalan danışmış, onun mağzasına gətirdiyi borular onun tanışlarına deyil, Azəriqaz İB-nə məxsusdur. Buna görə də Raminin saxlamağı üçün mağazaya qoyduğu boruları polis əməkdaşlarına tədqim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elnur Məcidov tərəfindən tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, oğurlun cinayət əməlinin törədildiyi yer ünvan 1 ünvanın qarşısındakı yolun kənarıdır; Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elnur Məcidov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ünvan 1 ünvanında qarşısında yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində oğurlanmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə məxsus dəmir borular Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən “Dərnəgül bazarı” kimi tanınan ticarət mərkəzində Şahid1 icarə əsasında işlətdiyi təmir-tikinti materialları mağazasında aşkar edilmişdir. “Baxış keçirilməsi’' haqqında xx.xx.2023-cü il tarixli protokoldan və qəbzdən görünür ki, ünvan 1 ünvanında qarşısında yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində oğurlanmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə məxsus ümumilikdə 80 metr uzunluğunda dəmir borulara Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən “Dərnəgül bazarı” kimi tanınan ticarət mərkəzində Şahid1 icarə əsasında işlətdiyi təmir-tikinti materiall arı mağazasında baxış keçirilmiş və “Azəriqaz” İB-nin Təmir-tikinti idarəsinin hüquq məsləhətçisi Nümayəndə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 05 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumlugu olmayan şəxsdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli, 9/1445 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 576 metr uzunluğunda 108 mm diametrdə olan dəmir boru orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 6336,00 (576x11) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır; “Axtarışda olan şəxsin tutulması barədə” 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, o Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ekspertin verilən suala əsasən, 108 mm diametrində dəmir borunun orta bazar qiymətini 11 manat götürməklə 576 metr boruya 6336 manat qiymət müəyyən etməsi nəzərə alınmaqla, 80 metr borunun ekspert tərəfindən orta bazar qiymətinin 880 manat müəyyən etməsi nəzərə alıması; Bakı səhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən Dərnəgül bazarı kimi tanınan ticarət mərkəzində Şahid1 icarə əsasında işlətdiyi təmir-tikinti materialları mağazasında aşkar edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə məxsus ümumilikdə 80 metr uzunluğunda dəmir borular iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilməsi və “Azəriqaz" İstehsalat Birliyinə təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayəthüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməlləri etiraf edib peşman olmasını; oğurlanmış əmlakın qaytarılmasını, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz ictimai işlər cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (11-13 aprel 2023-cü il), həbsdə saxlamanın bir günü ictimai işlərin 8 saatına bərabər tutulmaqla, ona təyin edilmiş ictimai işlər cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzasını çəkdiyi tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə məxsus ümumilikdə 80 metr uzunluğunda dəmir boruların zərərçəkmiş şəxs “Azəriqaz" İstehsalat Birliyinə qaytarılması nəzərə alınmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 11 (on bir) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Bakı şəhəri Femida Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün, həbsdə saxlamanın bir günü ictimai işlərin 8 saatına bərabər tutulmaqla, ona təyin edilmiş ictimai işlər cəzasından çıxılsın və üzərində qəti olaraq 384 (üç yüz səksən dörd) saat müddətə ictimai işlər cəzası saxlanılsın. Cəzanın əvvəli ictimai işlər növündə cəzasını çəkməyə başladığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası yaşayış yeri üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinə məxsus ümumilikdə 80 metr uzunluğunda dəmir boruların zərərçəkmiş şəxs “Azəriqaz" İstehsalat Birliyinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 11 (on bir) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-265/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-265/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver