Məhkəmə qərarları › İş №1(005)-265/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-265/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-265/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Füzuli rayonu, Əhmədalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Heydər Hüseynov küçəsi, ev 19, mənzil 401-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsində yerləşən «My Home» yaşayış kompleksinin 17-ci mərtəbəsindəki bir otaqlı 54 kvadrat metr və iki otaqlı 74 kvadrat metr sahəsi olan mənzillərin mülkiyyətçisi kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək həmin mənzilləri 07 yanvar 2024cü il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla ona satacağına dair yalandan vəd verib aldadaraq 27 dekabr 2023-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən «White House» yaşayış kompleksinin qarşısında Zərərçəkmiş şəxs qardaşı Şahid1 beh adı ilə Zərərçəkmiş şəxs məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. 2023-cü ilin dekabr ayının sonlarında internetdə daşınmaz əmlak alqı-satqısına dair elan saytlarını gözdən keçirən zaman Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsində yerləşən «My Home» yaşayış kompleksinin 17-ci mərtəbəsində təmirsiz vəziyyətdə bir otaqlı 54 kvadrat metr, iki otaqlı 74 və 97 kvadrat metr və üç otaqlı 122 kvadrat metr sahəsi olan dörd ədəd mənzilin satışa çıxarılması barədə elan yerləşdirildiyini görmüş, xərcləmək üçün pulu olmadığından özünü həmin mənzillərin mülkiyyətçisi kimi təqdim etməklə mənzillərin satışı barədə internetdə elan yerləşdirməyi və maraqlanan olacağı təqdirdə beh adı ilə mənzilləri satın almaq istəyən şəxsdən 2- 3 (iki-üç) min manat məbləğində pul alıb ələ keçirməyi qərara almışdır. Bu məqsədlə həmin ərəfələrdə qeyd olunan ünvana gedib «My Home» yaşayış kompleksinin həyətində işləyən hazırda adını xatırlamadığı fəhlədən mənzil satın almaq istədiyini bəhanə etməklə hər ehtimala qarşı binanın komendantının mobil telefon nömrəsini soruşub öyrənmişdir. Bundan sonra həmin mənzillərin fotoşəkillərini kopyalayıb internetdə «bina.az» saytında öz adından sözügedən mənzillərin satışı barədə elan yerləşdirmişdir. Elanda həmçinin əlaqə üçün özünə məxsus ***-***- **-** mobil telefon nömrəsini qeyd etmişdir. Bir neçə gün sonra, 26 dekabr 2023-cü il tarixdə Bakı şəhərində yaşayan tanışı Şahid4 ona zəng edərək internetdə «bina.az» saytında Bakı şəhəri üzrə satışda olan mənzillərlə maraqlanan zaman Nizami rayonunda yerləşən «My Home» yaşayış kompleksindəki həmin mənzillərin satışı barədə onun tərəfindən verilmiş elana rast gəldiyini bildirib ondan mənzillərin qiymətini soruşmuşdur. Vüqara mənzillərin özünə məxsus olduğunu bildirib mənzillərin ölçüsündən asılı olaraq bir kvadrat metrin qiymətini 1450-1500 (bir min dörd yüz əlli – bir min beş yüz) manata təklif etdiyini demişdir. Söhbət əsnasında Vüqardan xahiş etmişdir ki, dosttanışlarından kimsə mənzil almaq istəsə, bu barədə ona məlumat versin. Vüqar bu barədə vasitəçi kimi daşınmaz əmlak alveri ilə məşğul olan tanışı Şahid3 ilə danışacığını vəd etmişdir. 27 dekabr 2023-cü il il tarixdə səhər saatlarında Vüqar ona zəng vuraraq tanışı Anarın mənzillərin satışı üçün müştəri tapdığını bildirib Anarın alıcı ilə birlikdə günorta saatlarında mənzillərə baxmaq istədiyini demişdir. Sevinib razılaşmışdır. 27 dekabr 2023-cü il tarixdə saat 14 radələrində Vüqar növbəti dəfə ona zəng vuraraq «My Home» yaşayış kompleksinin komendantının Vüqar və mənzili almaq istəyən şəxsləri binaya buraxmadığını bildirmişdir. Özünü itirməyərək bununla əlaqədar dərhal «My Home» yaşayış kompleksinin komendantına məxsus hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng vurub özünü həmin mənzillərin mülkiyyətçisi kimi təqdim edərək mənzilə baxmaq istəyən tanışlarını binaya buraxmasını xahiş etmişdir. Komendant ona inanaraq razılaşmışdır. Bundan sonra özü də yubanmadan taksi avtomobili ilə «My Home» yaşayış kompleksinə getmişdir. Binaya daxil olub 17-ci mərtəbəyə qalxan zaman Vüqarın tanışı Anarın üç nəfər şəxslə birlikdə olduğunu və 17-ci mərtəbədə yerləşən mənzilləri həmin şəxslərə təqdim etdiyini görmüşdür. Yaxınlaşıb özünü təqdim edərək mənzili konkert olaraq kimin almaq istədiyini soruşmuşdur. Vüqar bu vaxt Şahid1 və onun atası Şahid2 ona təqdim edərək mənzili həmin şəxslərin almaq istədiyini, onlarla birlikdə olan Mahur adlı şəxsin isə sadəcə olaraq bir tanış kimi mənzilə baxmaq üçün gəldiyini demişdir. Bundan sonra Raimgil onun müşayiəti ilə mənzillərə baxmışlar. Söhbət əsnasında Raimgilə 17-ci mərtəbədə yerləşən 4 (dörd) mənzilin mülkiyyətçisi olduğunu bildirmişdir. Mənzillərə baxdıqdan sonra Raim 54 kvadrat metr ölçülü 1 (bir) otaqlı mənzili bəyəndiyini bildirib qapısı bağlı 74 kvadrat metr ölçülü iki otaqlı mənzilə də baxmaq istədiyini demişdir. Həmin mənzilin onda açarı olmasa da, özünü itirməyib mənzilin açarlarını unutduğunu bildirərək Raimgilə 16-cı mərtəbədə yerləşən eyni ölçülü təmirsiz digər mənzilə baxmağı təklif etmişdir. Çünki binaya daxil olub liftlə qalxarkən səhvən 16-cı mərtəbədə lifti tərk etmiş və həmin vaxt 16-cı mərtəbəyə göz gəzdirən zaman həmin mərtəbədə yerləşən bütün mənzillərin giriş qapılarının açıq olduğunu görmüşdür. Raimgil razılaşaraq onun müşayiəti ilə 16-cı mərtəbəyə düşüb həmin mənzilə baxmışlar. Bundan sonra Raim 17-ci mərtəbədə yerləşən 74 kvadrat metr ölçülü iki otaqdan ibarət həmin mənzili də bəyəndiyini bildirərək hər iki mənzili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında Raim qardaşı Həbibə zəng vuraraq onu məlumatlandırdıqdan sonra mənzilin bir kvadrat metrinə görə ona 1410 (bir min dörd yüz on) manat təklif edərək bir neçə gün ərzində bankdan kredit götürüb 2024-cü ilin yanvar ayının 12-ə kimi mənzillərin pulunu verəcəyini demişdir. Raimi inandırmaq üçün hər iki mənzili guya ümumilikdə 181800 (bir yüz səksən bir min səkkiz yüz) manata satmağa razılaşdığını bildirib Raimdən alqı-satqıdan əvvəl 17-ci mərtəbədə yerləşən 54 kvadrat metr ölçülü 1 (bir) otaqlı və 74 kvadrat metr ölçülü iki otaqlı mənzilə görə qabaqcadan 3000 (üç min) manat məbləğində beh verməsini istəyərək yalandan alqı-satqı zamanı həmin məbləği nəzərə alacağını vəd etmişdir. Niyyəti bu olmuşdur ki, beh adı ilə Raimdən 2-3 min manat aldıqdan sonra onunla əlaqə və ünsiyyəti kəssin. Bu zaman Raimin bir qədər tərəddüd etdiyini görüb yalandan ona Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 216 ünvanında yerləşən «White House» yaşayış kompleksində özünə məxsus daha bir mənzilin olduğunu bildirib həmin mənzilə də baxmasını təklif etmişdir. Raim onunla razılaşmış və bu məqsədlə bir-iki saat sonra «White House» yaşayış kompleksində görüşmək barədə razılığa gələrək əlaqə saxlamaq üçün bir-birlərinin telefon nömrələrini götürmüşlər. Bundan sonra sağollaşıb ayrılmışlar və o, binanı tərk edib getmişdir. Danışdıqları kimi, həmin gün saat 17 radələrində Raimlə görüşmək üçün taksi avtomobili ilə Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 216 ünvanında yerləşən «White House» yaşayış kompleksinə getmişdir. «White House» yaşayış kompleksinə çatan zaman Raimin atası Nazimlə birlikdə kompleksin qarşısında onu gözlədiklərini görüb onlara yaxınlaşmışdır. Raim qardaşı Həbibin tələsdiyi üçün 10- 15 dəqiqə əvvəl çıxıb getdiyini bildirmişdir. Bir söz deməyib bir müddət əvvəl həmin kompleksdəki mənzillərlə maraqlandığı üçün kompleks barədə kifayət qədər məlumatlı olduğundan Raimə birinci mərtəbədə yerləşən və 231 kvadrat metr sahəsi olan təmirsiz mənzili təqdim edib guya həmin mənzilin də ona məxsus olduğunu demişdir. Kompleksdə yaşayış olmadığı üçün həmin vaxt hər hansı şəxslə qarşılaşmamışlar. Raim atası ilə birgə mənzilə baxdıqdan sonra birlikdə binanı tərk edib «White House» yaşayış kompleksinin qarşısına gəlmişlər. Bu zaman Raim qardaşı Həbibə zəng vuraraq «White House» yaşayış kompleksinin birinci mərtəbəsindəki mənzilə baxdığını və mənzilin ümumi sahəsinin 231 (iki yüz otuz bir) kvadrat metr olduğunu bildirmişdir. Həbib sahəsi böyük olduğu üçün həmin mənzili bəyənmədiyini bildirib «My Home» yaşayış kompleksinin 17-ci mərtəbəsindəki bir otaqlı 54 kvadrat metr və iki otaqlı 74 kvadrat metr sahəsi olan mənzilləri almaq istədiyini deyərək bununla əlaqədar Raimdən ona 3000 (üç min) manat məbləğində beh verməsini istəmişdir. Bu zaman başa düşmüşdür ki, mənzillərə görə 3000 (üç min) manat beh verən şəxs Raimin qardaşı Həbibdir. Bundan sonra Raim atası Nazimin yanında «My Home» yaşayış kompleksindəki həmin mənzillərə görə «White House» yaşayış kompleksinin qarşısında ona 3000 (üç min) manat beh vermişdir. Pulu sayıb qəbul edərək Raimi inandırmaq üçün guya 29 dekabr 2023-cü il tarixdə mənzillərin açarlarını ona təhvil verəcəyini, 07 yanvar 2024-cü il tarixdə isə notarial qaydada alqı-satqısı müqaviləsi bağlamaqla mənzilləri Həbibə satacağını vəd etmişdir. Elə həmin ərəfələrdə Raimin verdiyi, onun qardaşı Həbibə məxsus 3000 (üç min) manat məbləğində pulu öz ehtiyaclarına sərf edib xərcləmişdir. 29 dekabr 2023-cü il tarixdə Raim mənzillərin açarını almaq üçün ona zəng vurub görüşməyi təklif etdikdə guya rayonda olduğunu bəhanə edib Bakı şəhərinə gəldikdən sonra ona zəng vuracağını vəd etmişdir. Həmin ərəfələrdə Raimgil bir neçə dəfə ona zəng vurub mənzillərin açarını verməyi və alqı-satqı müqaviləsi bağlamaq üçün notariat ofisinə getməyi təklif etsələr də, müxtəlif bəhanələr gətirib onlarla görüşdən yayınmışdır. Raimgilin əl çəkmədiyini görüb onları sakitləşdirmək üçün 06 yanvar 2024-cü il tarixdə növbəti gün, yəni 07 yanvar 2024-cü il tarixdə aldığı 3000 (üç min) manat pulu qaytaracağına dair kağız üzərində öz dəsti xətti ilə iltizam yazaraq fotoşəkilini çəkib «WhatsApp» vasitəsilə Raimə göndərmişdir. Lakin pulu xərclədiyi üçün Raimdən aldığı 3000 (üç min) manat pulu qaytara bilməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini bildirmişdir. Məhkəmə iclasında videokanfrans vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü ildən etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2023-cü ilin noyabr ayında özü üçün Bakı şəhərində yeni inşa olunmuş binalardan mənzil almaq qərarına gəlib bu barədə qardaşı Raimlə danışaraq internetdə mənzil satışı barədə elanlarla maraqlanmasını və əlverişli qiymətə mənzil tapdıqda ona məlumat verməsini xahiş etmişdir. Özü də vaxt tapdıqca Bakı şəhərində yeni inşa olunmuş binalarla maraqlanmışdır. 27 dekabr 2023-cü il tarixdə səhər saatlarında qardaşı Raim ona zəng vuraraq «Facebook» sosial şəbəkəsində daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi işləyən Anar adlı şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsində yerləşən «My Home» yaşayış kompleksində 4 (dörd) ədəd təmirsiz mənzilin satışı barədə elan yerləşdirildiyini bildirib həmin mənzillərə gedib baxmağı təklif etmişdir. Həmin gün vaxtı olmadığından Raimdən xahiş etmişdir ki, ataları Nazimlə birlikdə gedib həmin mənzillərə baxsın. Raim Anar adlı həmin «makler»ə zəng vururaraq mənzillərə baxmaq istədiyini bildirmişdir. Anar razılaşaraq bu məqsədlə günorta saat 13 radələrində «My Home» yaşayış kompleksinin qarşısında görüşməyi təklif etmişdir. Həmin gün saat 13 radələrində qardaşı Raim atası Nazimlə birlikdə mənzillərə baxmaq üçün Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsində yerləşən «My Home» yaşayış kompleksinə getmişlər. Saat 15 radələrində Raim mobil telefonuna zəng vuraraq «My Home» yaşayış kompleksinin 17-ci mərtəbəsində yerləşən həmin mənzillərə baxdığını, mənzillərin bir otaqlı 54 kvadrat metr, iki otaqlı 74 və 97 kvadrat metr, digər mənzilin isə üç otaqlı 122 kvadrat metr olduğunu və bütün mənzillərin təmirsiz olduğunu bildirmişdir. Mənzilin bir kvadrat metrinin satış qiyməti barədə soruşduqda Raim mənzillərin mülkiyyətçisi Təqsirləndirilən şəxs ilə birlikdə olduqlarını və Ramilin mənzillərin ölçüsündən asılı olaraq bir kvadrat metrin qiymətini 1450-1500 (bir min dörd yüz əlli – bir min beş yüz) manata təklif etdiyini bildirmişdir. Təklif olunan qiymət kifayət qədər əlverişli olduğundan Raimə bir otaqlı 54 kvadrat metr və iki otaqlı 74 kvadrat metr ölçülü mənzili satın almaq istədiyini bildirib bu barədə Ramillə sövdələşib razılaşmasını söyləmişdir. Bir neçə dəqiqə sonra Raim ona yenidən zəng vuraraq Ramillə danışıb razılaşdığını, Ramilin bir kvadrat metr sahəni 1410 (bir min dörd yüz on) manata təklif etdiyini bildirib hər iki mənzili ümumilikdə ona 181800 (bir yüz səksən bir min səkkiz yüz) manata satmağa razılaşdığını və yeni il bayramından sonra qeyri-iş günləri bitən kimi 07 yanvar 2024-cü il tarixdə mənzillərin alqı-satqısı barədə notarial qaydada onunla müqavilə bağlayacağını vəd etdiyini bildirmişdir. Raim həmçinin Ramilin alqı-satqı ilə bağlı əvvəlcədən 3000 (üç min) manat məbləğində beh istədiyini və Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 216 ünvanında yerləşən «White House» yaşayış kompleksində özünə məxsus digər bir mənzilə baxmağı təklif etdiyini bildirmişdir. Etiraz etməyib razılaşaraq «White House» yaşayış kompleksindəki mənzilə baxdıqdan sonra Ramilə 3000 (üç min) manat beh verəcəyini bildirmiş və qardaşı Raimlə «White House» yaşayış kompleksində görüşəcəklərinə dair razılaşmışlar. Bundan sonra o, evdən 3000 (üç min) manat pul götürüb saat 16 radələrində «White House» yaşayış kompleksinin qarşısına getmişdir. Orada qardaşı Raim və atası Nazimlə görüşərək Ramilə çatdırması üçün Raimə 3000 (üç min) manat pul vermişdir. Həmin vaxt 10-15 dəqiqə gözləməyinə baxmayaraq, Ramil gecikdiyi üçün daha onu gözləməyib öz işinin ardınca getmişdir. Saat 17 radələrində Raim ona zəng vuraraq Ramilin müşayiəti ilə «White House» yaşayış kompleksinin birinci mərtəbəsindəki mənzilə baxdığını və mənzilin ümumi sahəsinin 231 (iki yüz otuz bir) kvadrat metr olduğunu bildirmişdir. Mənzilin ümumi sahəsi böyük olduğu üçün həmin mənzildən imtina etmiş və Raimdən Ramilin təklif etdiyi «My Home» yaşayış kompleksinin 17-ci mərtəbəsindəki bir otaqlı 54 kvadrat metr və iki otaqlı 74 kvadrat metr sahəsi olan mənzilləri almaq istədiyini bildirib bununla əlaqədar Ramilin istədiyi 3000 (üç min) manat məbləğində behi ona verməsini söyləmişdir. Bir neçə dəqiqə sonra Raim təkrarən ona zəng vuraraq atası Nazimin iştirakı ilə «My Home» yaşayış kompleksindəki həmin mənzillərə görə «White House» yaşayış kompleksinin qarşısında Ramilə 3000 (üç min) manat beh verdiyini, Ramilin 29 dekabr 2023-cü il tarixdə mənzillərin açarlarını təhvil verəcəyini, 07 yanvar 2024-cü il tarixdə isə notarial qaydada alqı-satqısı müqaviləsi bağlamaqla mənzilləri ona satacağını vəd etdiyini söyləmişdir. Ramilin həqiqətən də həmin mənzillərin mülkiyyətçisi və dürüst bir insan olduğunu güman edib gözləməyi qərara almışdır. 29 dekabr 2023-cü il tarixdə qardaşı Raim mənzillərin açarını almaq üçün Ramilə zəng vurub görüşməyi təklif etsə də, Ramil ad çəkmədən guya rayonda olduğunu bildirib Bakı şəhərinə gəldikdən sonra zəng vuracağını vəd etmişdir. Bir söz deməyib gözləməyi qərara almışlar. Sonradan bir neçə dəfə Ramilə zəng vurub mənzillərin açarını verməsini və alqı-satqı müqaviləsi bağlamaq üçün notariat ofisinə getməyi təklif etsələr də, Ramil müxtəlif bəhanələr gətirib onları aldatmağa başlamışdır. 06 yanvar 2024-cü il tarixdə Ramil «WhatsApp» vasitəsilə qardaşı Raimə növbəti gün, yəni 07 yanvar 2024-cü il tarixdə aldığı 3000 (üç min) manat pulu qaytaracağına dair kağız üzərində əlyazma mətn fotoşəkili göndərərək onlardan bir gün vaxt istəmişdir. Lakin 07 yanvar 2024-cü il tarixdə Ramildən xəbər çıxmadığı üçün Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə gedərək onun barəsində şikayət etmişdir. Yeni mənzil almaq üçün 2023-cü ilin noyabr ayında Bakı şəhəri, Suraxanı rayonu, 3-cü Mədən küçəsində yerləşən özünə məxsus 0,01 hektar ərazidə yerləşən üç otaqlı fərdi yaşayış evini 58000 (əlli səkkiz min) manata satıbmış və qardaşı Raimin vasitəsilə Ramilə verdiyi 3000 (üç min) manatı məhz özünə məxsus həmin evin satışından əldə etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2, Şahid3, Şahid4 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, Əlili X1 Raim Nazim oğlu 3.000(üç min) manat pulu «My Home» yaşayış kompleksində evə görə almışdır. Sabah saat 16:00a qədər pulu geri qaytaracaqdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən «White House» yaşayış kompleksinin qarşısıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 mart 2024-cü il tarixli 3-21- 3-02/2-3908/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs adına Füzuli rayonu, Əhmədalılar kəndində yerləşən 0,3992 ha və 0,83 ha torpaq sahələri üzərində birgə mülkiyyət hüququ qeydə alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarışı elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə saat 13:00-da Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanınaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 3-6/2- 3096/2024 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Təqsirləndirilən şəxs haqqında məhkəmə qərarı Məhkəmənin arxivində mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində 1(103)-453/16 nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə və 7(103)-13/17 nömrəli işi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanmış, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə o, dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 07 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov rayon Məhkəməsi tərəfindən AR CM-nin 178.1-ci maddəsi ilə 1(005)-265/2024 saylı cinayət işi üzrə barəsində axtarış işi olan, xx.xx.1985-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 09 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq xx.xx.2024-cü il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş cəza müddəti dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək cəzası 03 ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 24 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-366/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Qanunun tətbiqi ilə təqdimata baxılmış və təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 7(103)-13/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı dəyişdirilmiş AR CM-nin 178.2.4-cü maddəsi və 69.4-cü maddələrinə əsasən 500 manat cərimə cəzası təyin edilmişdir. Sözügedən iş məhv edildiyindən həmin işin icraya yönəlib-yönəlməməsi barədə hər hansı məlumatın verilməsi imkan xaricindədir. Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarı Füzuli rayon İcra və Probasiya Şöbəsinin icraatında daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin məhkəmədə və şahidlərin ibtidai istintaqda səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə–min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş cəza müddəti dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək cəzası 03 ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Xəzər rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının qanuni qüvvəyə minməsindən 7 ildən artıq müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur: 80.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə; 80.1.2. az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə; 80.1.3. ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə; 80.1.4. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə. Məhkəmə istintaqının gedişində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 24 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Qanunun tətbiqi ilə təqdimata baxılmış və təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı dəyişdirilmiş AR CM-nin 178.2.4-cü maddəsi və 69.4-cü maddələrinə əsasən 500 manat cərimə cəzası təyin edilmişdir. Sözügedən iş məhv edildiyindən həmin işin icraya yönəlib-yönəlməməsi barədə hər hansı məlumatın verilməsi mümkün olmamışdır. Həmçinin Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarı Füzuli rayon İcra və Probasiya Şöbəsinin icraatında daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı Təqsirləndirilən şəxs tərəfindən icra edilməmişdir. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 500 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarından artıq 7 il müddət keçdiyindən hazırkı əmələ görə cəza təyin edilərkən nəzərə alına bilməz. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) ay 7 (yeddi) gün (04 aprel-05 aprel 2024-cü il və 07 avqust 2024-cü il-12 sentyabr 2024-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM-132) Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) ay 7 (yeddi) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay, 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar