Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-267/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, H.Məmmədov küçəsi 9-da qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 1(009)-59/2021 hökmü ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15.02.2021-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanda olan Zərərçəkmiş şəxs mənzilinin qapısının açıq olduğunu görüb qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus, içərisində 190 manat pul, sağlamlıq kartı, şəxsiyyət vəsiqəsi, maaş kartı, həyat yoldaşı Vidadi Abbasova məxsus hərbi bilet olan 30 manat dəyərində qadın əl çantasını oğurlayaraq ona ümumilikdə 220 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik istifadəçisidir. Heç bir yerdə işləmir. Pul lazım olduğundan müxtəlif vaxtlarda oğurluqlar etmiş və məhkum olunmuşdur. Fevral ayının ortaları narkotik almağa eləcə də şəxsi ehtiyaclarına xərcləməyə pul tapmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 15 fevral 2021-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanda yerləşən mənzilin qapısının açıq olmasını görüb, içəri daxil olaraq, mənzildən içərisində sağlamlıq kartı, şəxsiyyət vəsiqəsi, maaş kartı, 190 manat pul və hərbi bilet olan qadın çantasını oğurlamışdır. Daha sonra oğurladığı çantadan 190 manat pulu götürərək şəxsi ehtiyaclarına xərcləmiş, çantanı və digər sənədləri isə yaxınlıqda olan zibil qutusuna atmışdır. Sonda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 fevral 2021-ci il tarixdə, saat 18 radələrində həyat yoldaşı Vidadi Abbasov evə gəlmiş, buna görə də qapını açmışdır. Lakin daha sonra gəlini Mədinə Abbaszadə evə gələcəyini bildirdiyi üçün evin qapısını açıq qoymuşdur. Saat 19 radələrində əl çantasında olan dərmanı götürmək istədikdə çantanın yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Ona məxsus mənzildən oğurlanan qadın çantasının dəyəri 30 manat olmuş, çantanın içində sağlamlıq kartı, şəxsiyyət vəsiqəsi, maaş kartı, 190 manat pul və həyat yoldaşı Vidadi Abbasova məxsus hərbi bilet olmuşdur. Sənədlərin bərpa olunması üçün müraciət etmiş, maaş kartımın oğurlanması barədə banka məlumat verdiyindən kartın istifadəsi dondurulmuşdur. Nəticədə ona ümumilikdə 220 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Götürmə və diskə baxış keçirilməsi barədə 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, diskin yaddaşında olan videofayla baxış keçirilərkən videogörüntüdə 15 fevral 2021-ci il tarixdə, axşam saatlarında binanın mərtəbəsində bir nəfər şəxsin (qadın) pilləkənlərlə qalxması, orada olan mənzilin qapısını açması, içəri daxil olması, lakin sonradan yuxarı mərtəbəyə qalxaraq əlində əl çantası ilə qaçaraq aşağı enməsi müşahidə olunur; Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 21 fevral 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Diskin baxışının aparılması haqqında 22 fevral 2021-ci il tarixli protokoldan görünür ki, diskin içərisində 13551 adlı faylda olan görüntüdə 15.02.2021-ci il saat 18:42-də bir nəfər, başında idman papağı, əynində qara rəngli gödəkçə, boz rəngli şalvar, ayağında altı ağ, üstü qara kross ayaqqabısı olan, arıq bədən quruluşlu qadın, yaşayış blokunun pilləkənləri ilə qalxır, 76 nömrəli qapının qarşısında dayanıb bir neçə saniyə içəriyə qulaq asdıqdan sonra, qapını açıb içəriyə daxil olur, qapını örtür. 30 saniyədən sonra qapı açılır, həmin qadın çıxaraq üzbəüz mənzilə tərəf addımlayır. Daha bir neçə saniyədən sonra yuxarı mərtəbəyə qalxan pilləkənlə bir pillə qalxıb dayanır və yenidən 76 nömrəli mənzilin qapısına qulaq asır, qapını aralayıb içəriyə baxır, lakin tez örtüb yuxarı mərtəbəyə qalxan pilləkənlə qalxıb görüntüdən itir. Bundan 15 saniyə sonra yenidən tələsik addımlarla enməyə başlayır, həmin vaxt artıq əlində qara rəngli qadın çantası görünür. Pilləkənlərlə aşağı mərtəbəyə enib görüntüdən itir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntülərdə olan şəxs o özüdür, həmin vaxt görüntüdə olan mərtəbədən bir mərtəbə yuxarı qalxaraq 88 nömrəli mənzildən əlində olan qadın çantasını oğurlamışdır; Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Əli Sevdimovun 22.02.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir; Qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 13.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 15.07.2020ci il tarixli qərarı ilə cəzasının qalan 7 ay 15 gününü çekməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(0030-808/2020 nömrəli, 15.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 07 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; Axtarışda olan şəxsin tutulmasına dair 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov RPİ 16-cı PB-nə gətirilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək tapılanadək iş üzrə icraat dayandırılmışdır; Qətimkan tədbirinin nəzərə alınması haqqında 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən qanunsuz olaraq istifadə edib-etməməsinin müəyyən edilməsi üçün hazırki cinayət işindən materialların ayrılması və ayrılmış material araşdırmanın davam etdirilməsi üçün Nərimanov RPİ-nin 16-cı PB-nə göndərilməsi, həmçinin iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı binanın 6-cı mərtəbəsində olan müşahidə kamerasından götürülüb baxış protokoluna əlavə edilmiş, Təqsirləndirilən şəxs hadisə vaxtı qeydə alınmış videogörüqntüləri olan 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 07 ay 15 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunma ləğv edilmiş, AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 07 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 02 il 06 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək, 02 gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 il 06 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 19 aprel 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, iş materiallarına əlavə edilmiş diskdə əks olunmuş videogörüntü ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.4, 66.5-ci maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 07 ay 15 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 15.02.2021-ci il tarixdə yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdən 22.02.2021-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət azadlıqdan məhrum etmə növündə cəzasının müddətinə daxil olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 19 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 1(009)-59/2021 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-59/2021 saylı, 01 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.02.2021-ci il tarixdən 22.02.2021-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 19 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 1(009)-59/2021 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-267/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-267/2021
03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver