Məhkəmə qərarları › İş №1(005)-268/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-268/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-268/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 20,26 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 14 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 18:45-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə 20,26 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 14 fevral 2024-cü il tarixdə Ramin adlı şəxsdən 70 manata almışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. 14 fevral 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Xətai rayonunda olduğu zaman iki nəfər polis əməkdaşı onu yaxınlaşmış, daha sonra onu İdarəyə gətirmişlər. İdarədə üzərinə axtarış keçirilmiş, axtarış zamanı üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 14 fevral 2024-cü il tarixli qərar çıxarılmış və əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 1 ünvana yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 16:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 46 ünvanında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduğlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması ilə məşğul olmaqda şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarədə vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının cibindən bir ədəd bükümü çıxardaraq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər kütlələrin ona məxsus olmasını, həmin kütlələri 14 fevral 2024-cü il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında 1 ilə yaxın müddət ərzində tanıdığı "Ramin" adlı şəxsdən 70 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, özünün 3-4 ilə yaxın müddət ərzində narkotik vasitə istifadəçisi olduğunu, həmin kütlələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 fevral 2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 46 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə 20,26 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2024-cü il tarixli, 7/247 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd sellofan büküdmə narkotik vasitə marixuanaya oxşar kütlə” yazılar və imzalar olan kağız paketdə 1(bir) ədəd polietilen paketdə təmiz çəkisi 20,26 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 4(005)- 243/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 14 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. “Maddi sübut hesab edilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 20,24 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 11 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Samsung markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 18 mart 2024-cü il tarixli, 1808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videogörüntülərin qeydə alındığı 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və həmin halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 20,24 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri - 72 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı - 20,24 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar