Məhkəmə qərarları › İş №1(005)-269/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-269/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-269/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi -“Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhlumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-ci il tarixdə saat 05:21 radələrində ünvan 2 ünvanında yerləşən "Oliqarx Baku" restoranında həmin restoranın icarədarı Zərərçəkmiş şəxs ona restoranda heç kəsə qulluq olunmayacağını deməsini cüzi səbəb kimi bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan restoranın dəhlizində ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib sonuncunun sifət nahiyəsindən başı ilə, eyni zamanda sillə ilə sifət nahiyəsindən və təpiklə sol ayaq nahiyəsindən vuraraq ona, sağ göz yuvasının və sol baldırın qançırları, sol yanaq nahiyəsinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evdə olan zaman tanışı Şahid2 ona zəng vuraraq Oliqarx Baku restoranında olduqlarını bildirmiş və onu da həmin restorana dəvət etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində ünvan 3 ünvanında yerləşən Oliqarx Baku restoranına getmişdir. Restorana gedəndə orada tanışları Şahid2, Şahid1 və Şahid3 bir masa arxasında əyləşdiklərini görüb həmin masaya yaxınlaşıb onlarla birlikdə əyləşmişdir. Masaya əyləşən zaman masaya hesab gəlmiş, biraz söhbət etdikdən sonra özünə bir stəkan çay sifariş etmişdir. Bir neçə dəqiqə keçmiş Amil oturduqları masadan qalxıb digər tərəfə keçmiş və oradan səs küy gəldiyini eşitmişdir. Durub oraya yaxınlaşan zaman Şahid2 restoranın digər işçisi Yetər adlı xanımla mübahisə etdiyini görmüşdür. Həmin vaxt əsəbi halda stula təpik vurmuş və Yetər xanımla sözlə mübahisə etdikdən sonra onu oradan uzaqlaşdırmışlar. Bir qədər sonra Şükür, Amil, Mircəmil və restoranın icarədan Zərərçəkmiş şəxslə birlikdə restoranın dəhlizinə getmişlər. Digər şəxslər dəhlizdə qalmış və Vüsal ilə birlikdə özü restoranın həyətinə çıxmışlar. Həyətdə olan zaman Vüsal ona demişdir ki, onunla bir problemi yoxdur, həmişə gəlib gedən insansandır, onun narazılığı Şahid2la bağlıdır. Belə ki, Amil hər dəfə restorana gələndə mübahisə yaradır. Bu sözlərdən sonra Vüsal öndə gedərək dəhlizə daxil olmuş, özü də onun arxasınca dəhlizə daxil olmuşdur. Dəhlizə daxil olan zaman Vüsal demişdir ki, ümumiyyətlə heç kəsə qulluq olunmayacaq, özü də bu sözü eşitmiş və bu vaxt Vüsaldan soruşmuşdur ki, “mənədə”? sonuncu da cavabında demişdir ki, bəli sənədə qulluq olunmayacaq. Bu sözdən sonra özündən çıxaraq əvvəlcə baş zərbəsi ilə Vüsalın üz nahiyəsindən vurmuşdur. Daha sonra ətrafdakı şəxslər onları ayırıb Vüsalı restoranın içərisinə aparmış, özü də oradan tanımadığı bir taksi avtomobilə əyləşib evə getmişdir. Hadisə zamanı Şükür, Amil, Mircəmil, ümumiyyətlə özündən başqa hər hansı bir şəxs Zərərçəkmiş şəxs vurmamışdır. Vüsalı yalnız yuxarıda qeyd etdiyi kimi özü vurub xəsarət yetirmişdir. Həmçinin hadisə zamanı əlində hər hansı bir əşya, alət olmamışdır. Əməlindən peşmandır. O, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş zərəri ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə dindirilən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən Oliqarx Baku restoranını Yetər adlı xanımla birlikdə icarə əsasında işlədir. xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində müştəri kimi tanıdığı Amil, Mircəmil və Şükür adlı şəxslər restorana gəlmiş, onlarla görüşdükdən sonra həmin şəxslər masada əyləşərək pivə sifariş etmişlər. Onların olduğu masaya yaxınlaşıb nə qulluq lazım olduğunu soruşduqda, onlar hər şeyin qaydasında olduğunu bildirmişlər. xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində restoranın daimi müştərisi Həsən adlı şəxs gəlmiş, onunla da görüşdükdən sonra Həsən Amilgilin oturduğu masaya gedib əyləşmişdir. Saat 05:00 radələrində görmüşdür ki, restoranda başqa müştəri qalmayıb, ona görə də Amilgil əyləşən masaya hesabı göndərmişdir. Hesab cəmi 94 manat təşkil etmişdir. Bir qədər sonra Həsən əlavə olaraq energetik içkisi sifariş etmiş və sonra yeni hesabı həmin masaya göndərmişdir. Bir qədər sonra ofisiant ona demişdir ki, Həsən onu çağırır, cavabında ofsianta demişdir ki, "getmirəm sözü var gəlsin özü desin". Təxminən 10 dəqiqə sonra Amil ona yaxınlaşıb demişdir ki, “niyə hesabı göndərmisən hələ oturmuşuqda”, həmin zaman Amilə demişdir ki, "oturun sizi narahat edən yoxdur sadəcə kassa bağlanır deyə hesabı göndərmişəm". Bu vaxt Yetər yaxınlaşmış və o da, eyni qaydada Amilə demişdir ki, hesabı bağlamaq lazımdır, lakin Amil səs küy salmağa başlamışdır. Həmin vaxt Həsən səs küyü eşidib onlara yaxınlaşıb nalayiq sözlər işlətmiş və hesabı verməyəcəyini demişdir. Sonra yanlarındakı masaya təpiklə vurmuşdur. Bundan sonra Həsənlə birlikdə restoranın həyətinə çıxmışlar. Həsən çöldə olan zaman ona demişdir ki, indiyə kimi oturduğu heç bir restoranda hesab verməmişdir. Həmin zaman Həsənə demişdir ki, hörmətsizlik etməsin, indiyə kimi onlara həmişə hörmətlə yanaşmışdır. Sonra yenidən restoranın dəhlizinə daxil olmuşdur. Dəhlizə daxil olan zaman Həsən arxasınca gəlmiş, üzünü ona tərəf çevirən zaman Həsən heç bir səbəb olmadan qəfildən başı ilə üz nahiyəsinə zərbə vurmuşdur. Daha sonra Həsən sillə ilə sifət nahiyəsindən, təpiklə ayaq nahiyəsindən vurub xəsarətlər yetirmişdir. Sonra orada olan digər şəxslər onu aralaşdırmışlar. Hadisə zamanı onu yalnız Həsən vurub xəsarət yetirmişdir. Başqa heç kəs onu vurmamışdır. Həmçinin hadisə zamanı restorana heç bir maddi ziyan vurulmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş zərərin ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində məhlədə olan zaman qonşusu Amil ona yaxınlaşıb demişdir ki, birlikdə Oliqarx Baku restoranına getsinlər. Amillə razılaşmış və taksi sifariş edib birlikdə həmin restorana getmişlər. Restoranda yeyib içən zaman Mircəmil adlı qonşusu Amilə zəng vuraraq harada olduğunu soruşmuş və Amil ona demişdir ki, Şükürlə birlikdə Oliqarx Baku restoranındadırlar. Bir qədər sonra Mircəmil də restorana gəlmişdir. Restoranı işlədən Vüsal adlı şəxs onların əyləşdiyi masaya yaxınlaşaraq nə qulluq edim deyə soruşduqda ona hər şeyin qaydasında olduğunu demişlər. Həmin vaxt Amil və özü pivə içmişlər. Saat 02:30 radələrində dostu Həsən adlı şəxs restorana gəlib onların əyləşdiyi masada əyləşmişdir. Təxminən 1 saat sonra Amil hesabı istəmiş və 94 manat hesab gəlmişdir. Bir qədər sonra Həsən ofisiantdan ona “Hell” içkisi gətirməsini istəmişdir. Növbəti dəvə ofisiant yeni hesabı gətirmiş və masanın üzərinə qoymuşdur. Amil ofsianta hələ burdadırlar yenədə sifarişləri olacağını bildirmişdir. Bu zaman restoranın digər işçisi Yetər adlı xanım səs küy salmağa başlamış və onlara hesabı ödəmələrini tələb etmişdir. Həmin vaxt Amil Vüsalı kənara çəkib nəisə danışmışdır. Həmin vaxt Həsən onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş və sonra Vüsal ilə birlikdə restoranın həyətinə çıxmışlar. Özləri isə həmin vaxt dəhlizdə onları gözləmişlər. Bir qədər sonra Həsən və Vüsal içəri daxil olmuş və arxaya dönən zaman ara qarışdığını görmüşdür. Həsənin tanımadığı şəxsə şillə vurduğunu görmüş və həmin vaxt onları ayırmağa çalışmışdır. Bir qədər sonra ara sakitləşmiş və birlikdə restorandan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində evdə olan zaman məhləyə düşmüş və qonşusu X8 restoranına getməyi təklif etmişdir. Bundan sonra taksi sifariş edib birlikdə həmin restorana getmişlər. Restoranda yeyib içən zaman Mircəmil adlı qonşusu zəng vuraraq harada olduğuqlarını soruşduqda ona Şükürlə birlikdə Oliqarx Baku restoranında olduqlarını bildirmişdir. Bir qədər sonra Mircəmil də restorana gəlmişdir. Restoranı işlədən Vüsal adlı şəxs onların əyləşdiyi masaya yaxınlaşaraq nə qulluq edim deyə soruşduqda ona hər şeyin qaydasında olduğunu demişlər. Həmin vaxt özü və Şükür pivə içmişlər. Saat 02:30 radələrində dostu Həsən adlı şəxs restorana gəlmiş və onlarla birlikdə əyləşmişdir. Təxminən 1 saat sonra hesabı istəmiş və 94 manat hesab gəlmişdir. Bir qədər sonra Həsən ofisiantdan ona Hell içkisi gətirməsini istəmişdir. Növbəti dəvə ofisiant yeni hesabı gətirmiş və masanın üzərinə qoyduqda ona demişdir ki, "hələ burdayıq yenədə sifarişimiz olacaq". Bu zaman restoranın digər işçisi Yetər adlı xanım səs küy salmağa başlamış və onlara hesabı ödəməyi demişdir. Həmin vaxt Vüsalı kənara çəkib demişdir ki, "səs küy salmağa ehtiyac yoxdur, hələ oturmuşuq". Vüsal da ona problem olmadığını demişdir. Həmin vaxt Həsən onlara yaxınlaşaraq nə baş verdiyini soruşduqda Vüsal ilə birlikdə restoranın həyətinə çıxmışlar. Həmin vaxt dəhlizdə Şükür və Mircəmillə onları gözləmişlər. Restoranın içərisinə daxil olmuş və bir qədər sonra səs küy gəldiyini eşidərək yenidən dəhlizə çıxmışdır. Bu zaman orada ara qarışmış, bir nəfər tanımadığı şəxsin onun üzərinə gəldiyi üçün əli ilə onu yüngül kənara itələmişdir. Bir qədər sonra ara sakitləşmiş və tanışları ilə birlikdə restorandan getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində qonşusu Amilə zəng vuraraq harada olduğunu soruşduqda Amil demişdir ki, Şükürlə birlikdə Oliqarx Baku restoranındadırlar. Bir qədər sonra özü də həmin restorana getmişdir. Restoranı işlədən Vüsal adlı şəxs onların əyləşdiyi masaya yaxınlaşaraq nə qulluq edim deyə soruşduqda ona hər şeyin qaydasında olduğunu bildirmişlər. Həmin vaxt Amil və Şükür pivə içmiş, özü isə ümumiyyətlə spirtli içki qəbul edən olmadığından, spirtli içki içməmişdir. Saat 02:30 radələrində dostu Həsən adlı şəxs restorana gəlin onların yanında əyləşmişdir. Təxminən 1 saat sonra Amil hesabı istəmiş və 94 manat hesab gəlmişdir. Bir qədər sonra Həsən ofisiantdan ona “Hell” içkisi gətirməsini istəmişdir. Növbəti dəfə ofisiant yeni hesabı gətirmiş və masanın üzərinə qoyduqda Amil ona demişdir ki, "hələ burdayıq yenədə sifarişimiz olacaq". Həmin vaxt Amil masadan qalxaraq gedib Vüsalı kənara çəkib nəisə danışmışdır. Həsən isə onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, sonra Vüsal ilə birlikdə restoranın həyətinə çıxmışlar. Həmin vaxt dəhlizdə özü, Amil, Şükür və restoranın işçiləri dayanmışlar. Bir qədər sonra Həsən və Vüsal içəri daxil olmuş və Həsən qəfildən Vüsalın üz nahiyəsinə başı ilə vurmuşdur. Həmin vaxt onları ayırmışlar. Daha sonra isə restorandan çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 fevral tarixli qərardam görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-289/2024 saylı, 26 fevral 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 01 ay 15 gün müddətinə, yəni 10 aprel 2024-cü il tarixədək "həbs" qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 26 fevral 2024-cü il tarixdən hesablanmışdır. “Təqdim edilmiş CD diskə baxış keçirilməsi və götürülməsi barədə” 06 mart 2024-cü il tarixli protokola və Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin baş verməsinə dair video görüntülər olan 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, videomüşahidə qurğusunun kameralarının qeydə aldığı video görüntülərdə xx.xx.2024-cü il tarixdə saat 05:21 radələrində ünvan 4 ünvanında yerləşən “Oliqarx Baku” restoranında Təqsirləndirilən şəxs heç bir səbəb olmadan Zərərçəkmiş şəxs əvvəlcə başı ilə sifət nahiyəsindən, daha sonra sillə ilə sifət nahiyəsindən, sonra isə təpiklə ayaq nahiyəsindən vurur. Hadisə zamanı orada olan Şahid1, Şahid3 və Şahid2 Zərərçəkmiş şəxs və ya hər hansı bir şəxsi vurmur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-462/2024 saylı, 06 aprel 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni 12 may 2024-cü il tarixədək uzadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-357/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasına dair Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 4(005)-462/2024 saylı, 06 aprel 2024-cü il tarixli qəran ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 12 may 2024-cü il tarixədək "ev dustaqlığı" qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 129 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sağ göz yuvasının və sol baldırın qançırları, sol yanaq nahiyəsinin sıyrığı, küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 dair 26 fevral 2024-cü il tarixli 1267 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dipanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən, həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş və iş üzrə hadisənin baş verməsinə dair video görüntülər olan 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-269/2024 saylı, 21 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 16 (on altı) gün (26 fevral 2024-12 may 2024), həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və qəti cəza təyin edilməli(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, hadisənin baş verməsinə dair video görüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 16 (on altı) gün, həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1(bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltlzam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə sübut- hadisənin baş verməsinə dair video görüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar