Məhkəmə qərarları › İş №1(005)-27/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-27/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-27/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, məhəllə 1969, ev 26, mənzil 16 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, üzərində saxlamış və təkrarən özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:45 radələrində ünvan 2 ünvanında yerləşən evin qarşısında olan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd, markası və modeli istintaqa məlum olmayan, qara rəngli 450 manat dəyərində velosipedi gizli yola talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə, saat 12:00 radələrində ünvan 4 ünvanında yerləşən binanın dəhlizindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd, 400 manat dəyərində “Salcano” markalı, “Astro” modelli velosipedi gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə günorta saatlarında ünvan 5 ünvanında yerləşən binanın dəhlizindən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd, 180 manat dəyərində “Volf’ markalı “M216” modelli velosipedi gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində ünvan 6 ünvanında yerləşən mənzilin qarşısında olan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd, 719 manat dəyərində “Cube” markalı velosipedi gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, şəxsiyyəti istintaqa məlum olmayan “Anar” adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,191 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə, saat 14:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi 17 ünvanının qarşısında saxlanılaraq şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci PŞ- nə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilən baxış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan təmiz çəkisi 0,191 qram heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 12:00 radələrində ünvan 8 ünvanında yerləşən binanın qarşısında keçən zaman həmin binada velosiped olacağını ehtimal edib binaya daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Binanın giriş qapısına yaxınlaşmış, lakin qapı kilidli olduğundan kiminsə gəlib qapını açmasını gözləmişdir. Bir neçə dəqiqədən sonra bir nəfər şəxs yaxınlaşıb kilidi açmış və dəhlizə daxil olmuşdur. O, da həmin şəxsin arxasınca dəhlizə daxil olmuşdur. Həmin şəxsin getməsinə və ətrafda başqa şəxslərin olmamasına əmin olduqdan sonra o, binanın birinci mərtəbəsində bir neçə velosipedin olduğunu görmüşdür. Həmin velosipedlərdən “Salcano” markalı velosipedi oğurlayıb binadan çıxmışdır və velosipedə əyləşib oradan uzaqlaşmışdır. Həmin velosipedlə Binəqədi rayonunda yerləşən “Bravo” supermarketin yanında olan zaman polis əməkdaşları ona vaxınlaşıb polis bölməsinə getməyi təklif etmişlər. O, da polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 5-ci PŞ-nə getmişdir. Polis Şöbəsində oğurladığı velosipedi könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurladığı velosipedin mülkiyyətçisi Zərərçəkmiş şəxs3 ilə artıq barışmışdır. Lakin digər velosipedlərin oğurlanması ilə əlaqəsinin olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, narkotik vasitə də onun üzərindən aşkar olunmamışdır. İndiyə kimi narkotik vasitə qəbul etmədiyini bildirərək ibtidai istintaq zamanı bu barədə verdiyi ifadənin təzyiq və işgəncə altında verdiyini qeyd etmişdir. Son olaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2017-ci ildə onun 60 illik yubileyinə görə qara rəngli velosiped hədiyyə edilmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında o, həkimə getmişdir. Həmin gün saat 16:00 radələrində o, yaşadığı evə gəldikdə yaşadığı mənzilin qarşısında olan dəmir sandığa bağlı halda qoyduğu velosipedin yerində olmadığını görmüşdür. O, ətrafı axtardıqdan sonra ona məlum olmuşdur ki, velosipedi oğurlanmışdır. Bundan sonra o, yaşadığı binanın təhlükəsizlik kameralarına baxdıqda bir nəfər hündür boylu şəxsin onun velosipedini yaşadığı binadan çıxararaq uzaqlaşdığını görmüşdür. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilmədiyini və şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, özünə məxsus “Cube” markalı velosipedi 2014-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “2 Təkər” velosiped mağazasından 500 Avroya, təxminən 1027 manata almışdır. Həmin gündən velosipedi yaşadığı Nərimanov rayonu, M.Məmmədov küçəsi 17 ünvanda yerləşən binanın 15-ci mərtəbəsində olan 101 saylı mənzilin qarşısında saxlamışdır. Həmin velosipedin yanında oğluna məxsus da velosipedi saxlamışdır. xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində o, evə gələn zaman hər iki velosiped yaşadığı mənzilin qarşısında olmuşdur. Həmin gün saat 13:30 radələrində o, yaşadığı evdən çıxan zaman özünə məxsus “Cube” markalı velosipedin yerində olmadığını görmüşdür. Bundan sonra o, ətrafı axtarmış, lakin velosipedi tapa bilməmişdir. Sonra isə baş vermiş hadisə barəsində polisə məlumat vermişdir. Polisə məlumat verdikdən sonra ona məlum olmuşdur ki, onun velosipedi və onu oğurlayan şəxs tapılmışdır. O, polis əməkdaşları tərəfindən tapılan velosipedə baxdıqda əmin olmuşdur ki, həmin velosiped ona məxsusdur. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, təxminən 4 il əvvəl öz istifadəsi üçün 1000 manata “Salcano” markalı velosiped almışdır. Həmin velosipedi hər gün istifadə etmişdir. İstifadə etdikdən sonra velosipedi yaşadığı ünvan 8 ünvanında yerləşən binanın birinci mərtəbəsində saxlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 20:00 radələrində o, evə gedən zaman velosiped hər zaman olduğu yerdə olmuşdur. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 13:00 radələrində o, evdən çıxıb gedən zaman binanın birinci mərtəbəsində özünə məxsus velosipedin yerində olmadığını görmüşdür. Lakin digər velosipedlər yerində olmuşdur. O, ətrafı axtarsa da, velosipedi tapa bilməmişdir. Bundan sonra polis bölməsinə müraciət edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Son olaraq məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin yay aylarında “Sədərək” ticarət mərkəzindən özü üçün 630 manata “Wolf” markalı velosiped almışdır. Velosipedi idarə etdikdən sonra yaşadığı ünvan 9 ünvanında yerləşən binanın 16-cı mərtəbəsində 74 saylı mənzilin qarşısında saxlayırdı. xx.xx.2021-ci il tarixdə işi ilə əlaqədar Oğuz rayonuna getmişdir. Həmin vaxt velosipedi yaşadığı mənzilin qarşısında divara söykənikli vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində evə gələn zaman velosipedin yerində olmadığını görmüşdür. O, ətrafı axtardıqdan sonra ona məlum olmuşdur ki, velosipedi naməlum şəxs tərəfindən oğurlanmışdır. Buna görə o, Binəqədi RPİ-nin 5-ci PŞ-nə ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Son olaraq məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2021-ci il tarixdə xidməti iş yerində olduğu zaman Məhərrəm adlı şəxsin mütəmadi olaraq Nərimanov rayon ərazisində narkotik vasitə olan heroinin qanunsuz əldə etməsi, daşıması və saxlaması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə məlumatın yoxlanılması məqsədi ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2021-ci il tarixdə, saat 14:00 radələrində ünvan 10 ünvanının yaxınlığında Məhərrəm adlı şəxsə oxşayan şəxsi görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib həmin şəxsdən adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən hər hansısa sənədini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşdıqdan sonra onlarla birlikdə Nərimanov RPİnin 18-PŞ-nə getmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs şəxsiyyəti yoxlanılarkən onun xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, məhəllə 1969, ev 26, mənzil 16 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bundan sonra polis şöbəsinin inzibati binasında, xidməti otaqda onun, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə bütün iştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra video çəkilişlə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya varsa çıxarıb onu stolun üzərinə qoysun. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində olan narkotik vasitə hesab olunan “kakos”dur. O, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlan yerdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Anar” adlı şəxsdən 10 manat pul müqabilində öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Aşkar olunub götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin zərfə qoyulub qablaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs bir büküm narkotik vasitə heroin aşkar olunub götürülməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs şalvarının cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakos” dur. Bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan yerdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Anar” adlı şəxsdən 10 manata alaraq daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə, saat 14:00 radələrində isə Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi 17 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli 6/698 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 224” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,191 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 manatdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Kənan Məmmədzadənin xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. “Qətimkan tədbirinin seçilməsi barədə” 18 fevral 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanınması haqqında” 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,191 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq çəkisi 0,141 qram heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmişdir. “Cinayət işinin bir icraatda birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə olan ********* saylı cinayət işi, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi olan ********* saylı cinayət işi və Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilərək bir icraatda ********* saylı nömrə altında istintaqı davam etdirilmiş və ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, vət. Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 13:33 radələrində yaşadığı ünvan 11 ünvanında yerləşən mənzilin giriş qapısının qarşısında saxladığı 1027 manat dəyərində olan “Cube” markalı velosipedi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə yerinə baxış ünvan 11 ünvanında yerləşən yeni tikili binada keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin bina 18 mərtəbədən ibarətdir. Hadisə 15-ci mərtəbədə baş vermişdir. Göstərilən ünvan liftdən çıxdıqda sağ istiqamətdə yerləşir. Hadisə yerində 1 ədəd velosiped divara söykənikli şəkildə olmuşdur. Vət. Zərərçəkmiş şəxs2 göstərdiyinə əsasən, həmin yerdə olan digər velosiped də orada divara söykəmişdir. Bundan başqa mərtəbədə uşaq arabası, top və skuter var idi. Mərtəbədə 4 mənzil var. Divarlar ağ rəng suvaqdır, döşəmə isə parlaq qəhvəyi rəngli metlaqdır. Binanın giriş qapısı kilidlə açılan dəmir qapıdır. “Baxış və götürmə barədə” 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə ünvan 12 ünvanında yerləşən parkda aparılır. Parka əsas küçədən daxil olduqda sol istiqamətdə ağacın altında ağacın gövdəsinə söykənmiş olan qara rəngli, üzərində “Cube” yazılmış işlək vəziyyətdə olan 26 ölçülü velosiped aşkar edilərək götürüldü. Belə ki, həmin velosiped Təqsirləndirilən şəxs tərəfindən M.Məmmədov küçəsi 17, mənzil 101 ünvanının qarşısında oğurlanaraq oraya qoyulduğu məlum olmuşdur. “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış T.Şıxəliyev küçəsi, ev 14, mənzil 211 ünvanında keçirilir. Qeyd olunan ünvanda yeni tikili yaşayış binasının 16-cı mərtəbəsində liftdən solda divara söykənmiş 1 ədəd velosiped, zibil qutusu və dəmir boru vardır. Baxış zamanı hadisə yerinə fotoşəkil çəkilərək baxış protokoluna əlavə olundu. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Hadisə yerinə baxış keçirilməsi barədə” 12 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış ünvan 13 ünvan F.Xoyski küçəsi ilə kəsişmədə yerləşən 10 mərtəbəli yaşayış binasıdır. Binanın 10-cu mərtəbəsində sağda yerləşən 35 nömrəli mənzilin qarşısından velosiped oğurlanmışdır. Binanın blokuna 2 giriş qapısı var. Sol qapı liftə, sağ qapı isə pilləkənlərə açılır. Blokda 10-cu mərtəbədə yerləşən ümumi balkondan pilləkənlərə düşən yolda dəmir qapı vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-210/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, məhkəmə iclas zalından dərhal buraxılmışdır. “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə, saat 17:43-də bir nəfər şəxs Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 96 ünvanında yerləşən binanın giriş qapısından başqa şəxslər çıxdıqdan sonra içəri daxil olur, daha sonra liftə minir, saat 18:03-də isə 01 ədəd velosiped ilə birlikdə binadan çıxaraq oradan uzaqlaşır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2021-ci il tarixli, 9/1510 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə velosiped satış şəbəkələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən əvvəllər istifadədə olmuş bir ədəd “Cube” adlı, 26 ölçülü velosiped hazırki işlənmiş vəziyyətdə, 16 yanvar 2021-ci il tarixə, köhnəlməsi nəzərə alınmaqla respublikadaxili orta bazar satış qiyməti təxminən 719,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 01 ədəd “Cube” markalı velosiped maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 haqqında 1136 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 08 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, xx.xx.2020-ci il tarixdə cəriməni tam ödəmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Videogörüntülərə baxış keçirilməsi haqqında” 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər əynində qara rəngi qolsuz gödəkçə, göy rəngli cins şalvar olan şəxs Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 19 A saylı binanın qarşısında velosipedlə hərəkət edərək sürətlə oradan uzaqlaşır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 fevral 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. “Baxış keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 5B saylı yeni tikili binanın birinci mərtəbəsidir. 5B saylı bina 10 mərtəbəlidir. Bina 1 blokludur, giriş qapısı boz rəngli dəmir qapıdır. Dəmir qapıda kod vardır. Qapı kodla açılır. Giriş qapısının sol tərəfində üzərində 3 alma işarəsi olan market, sağ tərəfdə “Al” market vardır. Binaya daxil olduqda blokda müxtəlif velosipedlər vardır. Vət. Zərərçəkmiş şəxs4 məxsus velosiped lift ilə üzbəüz divarın yanında olmuşdur. Baxış zamanı blokda videomüşahidə kamerası olmadığı, binanın çöl tərəfində olması müəyyən edildi. “Diskə baxış keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı şəxsiyyəti təhqiqata məlum olmayan şəxsin binanın giriş qapısının qarşısında gözləməsi, binadan başqa bir şəxs çıxdıqda dərhal binaya daxil olması, bir müddət sonra əlində velosiped ilə binadan çıxması və velosipedə minib sürərək həmin yerdən uzaqlaşması müəyyən edildi. “Könüllü təqdim etmə haqqında” 29 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı qara-sarı rəngli “Salcano” markalı velosipedi, dəmir kəsmək üçün istifadə etdiyini bildirdiyi qırmızı rəngli kəlbətini və qırmızı dəstəyi olan açılıb bağlanan cib bıçağını könüllü şəkildə təhqiqata təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli, 9/143 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspert rəyindən görünür ki, ekpsertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara-sarı rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş, “Salcano” markalı, “Astro” modelli velosipedin yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 400,00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 04 mart 2021-ci il tarixli qərardan görünür ki, “Salcano” markalı, “Astro” modelli ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və maddi sübutun Zərərçəkmiş şəxs4 saxlanılması nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli, 9/1426 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspert rəyindən görünür ki, ekpsertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Wolf” markalı, “M216” model, 2 əyləcli yeniyetmələr üçün nəzərdə tutulmuş qara rəngli velosiped istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına orta bazar qiyməti təxminən 180,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, “Wolf” markalı, “M216” modelli velosiped ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və maddi sübutun Zərərçəkmiş şəxs3 saxlanılmasının nəzərə alınması qərara alınmışdır. “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 25 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqdim edilmiş CD diskin içərisindəki “Whatsapp Video 2021-02-18 at 18.02.33” saylı faylın içərisində olan videoya baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər uzun boylu, ağız nahiyyəsində ağ rəngli tibbi maska olan, başında qulaq nahiyələri örtülmüş qara rəngli kepqası, əynində qara rəngli şalvar və qara rəngli gödəkçəsi olan oğlan qaçaraq binanın həyətinə daxil olur. Təqdim edilmiş CD diskin içərisindəki “Whatsapp Video 2021-02-18 at 18.04.37” saylı faylın içərisində olan videoya baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər qara kepqalı, orta boylu, əynində qara rəngli, papaqlı gödəkçə və şalvarının ayaq nahiyyəsi qatlanmış halda olan oğlan velosiped sürərək binanın həyətindən çıxır. Təqdim edilmiş CD diskin içərisindəki “Whatsapp Video 2021-02-18 at 18.05.33” saylı faylın içərisində olan videoya baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər orta boylu, ağız nahiyyəsində tibbi maska olan, əynində qara rəngli papaqlı gödəkçə və əynindəki şalvarının ayaq hissəsi qatlanmış halda olan oğlan binanın həyətinə daxil olur. Baxış zamanı birinci video yazıda olan şəxsin ikinci və üçüncü video yazıda olan şəxs olmadığı, ikinci və üçüncü video yazıda olan şəxsin isə eyni şəxs olduğu müəyyən edildi. Həmçinin baxış zamanı ikinci video yazıda olan velosipedlə binanın həyətindən çıxan şəxsin Təqsirləndirilən şəxs olmadığı müəyyən edildi. “Sübutların qiymətləndirilməsi haqqında” 31 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış video görüntülərin əks olunduğu 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunması, iş üzrə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluq hadisələrinin görüntülrərinin əks olunduğu 02 ədəd CD diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi, iş üzrə “Cube” markalı, 26 ölçülü velosipedin maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 qaytarılmasının nəzərə alınması, ********* saylı cinayət işi üzrə “Wolf” markalı, “M216” model velosipedin maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs3 qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqdim etdiyi ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətmədiyinə, həmçinin 177.2.2-ci maddəsi üzrə yalnız bir epizod üzrə özünü təqsirli bilməsinə, digər epizodlar üzrə isə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərdən üçü ilə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan AR CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 27 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 191/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 fevral 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına verilmiş narkotik vasitənin qalığı - 0,141 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 238.70 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 saat üçün cəmi 300 manat dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CMnin 177.2.2-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 27 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına verilmiş narkotik vasitənin qalığı - 0,141 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 238.70 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 saat üçün cəmi 300 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar