Məhkəmə qərarları › İş №1(005)-27/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-27/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-27/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 29, 180.2.2 və 29, 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə saat 06:50 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi köşkün pəncərəsini sındıraraq içəri qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 199 (yüz doxsan doqquz) manat 30 ( otuz ) qəpik olan, 1 (bir) ədədinin qiyməti 5 ( beş ) manat olan 2 (iki) ədəd elektron siqaret, hər birinin qiyməti 4 ( dörd ) manat 10 ( on ) qəpik olan 9 ( doqquz ) ədəd Qara Nazik “Sobranie” markalı siqaret, hər birinin qiyməti 4 ( dörd ) manat 10 ( on ) qəpik olan 3 ( üç ) ədəd olan Kompakt “Sobranie" markalı siqaret, hər birinin qiyməti 2 (iki) manat 20 (iyirmi) qəpik olan 7 ( yeddi ) ədəd Qalın “Magna” markalı siqaret, hər birinin qiyməti 2 (iki) manat 20 (iyirmi) qəpik olan 9 ( doqquz ) ədəd Nazik “Magna” markalı siqaret, hər birinin qiyməti 2 ( iki ) manat 70 ( yetmiş ) qəpik olan 7 ( yeddi ) ədəd “Winchester” markalı siqaret, hər binin qiyməti 3 ( üç ) manat olan 4 ( dörd ) ədəd LD markalı siqaret, bir ədədinin qiyməti 2 ( iki ) manat olan 1 (bir) ədəd “Qarabağ” markalı, hər birinin qiyməti 2 ( iki ) manat 20 ( iyirmi) qəpik olan3 ( üç ) ədəd “Prima” markalı siqaret, hər birinin qiyməti 2 (iki ) manat 70 ( yetmiş) qəpik olan 6 ( altı ) ədəd “Vest” markalı siqaret, hər birinin qiyməti 2 ( iki ) manat 20 ( iyirmi ) qəpik olan 6 ( altı ) ədəd “Arqo” markalı siqaret, hər birinin qiyməti 3 ( üç ) manat 60 ( altmış ) qəpik olan 1 (bir) ədəd “Winston” markalı siqaret və hər birinin qiyməti 2 (iki) manat 70 (yetmiş) qəpik olan 12 (on iki) ədəd “Rothmans” markalı siqaretləri əlində olan qara rəngli selofan torbaya yığaraq köşkdən çıxmaq istəyən zaman ərazidə xidmət edən PPXB-ün əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa o, təkrarən 14 may 2023-cü il tarixində saat 20:30 radələrində özgənin əmlakını açıq talamaq məqsədi ilə ünvan 3 ünvanda yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs1 məxsus içərisində 28 manat pul vəsaiti və 100 manat dəyərində qadın kosmetik əşyaların saxlanıldığı 18 manat dəyərində qadın əl çantasını sonuncunun əlindən dartmaqla əlləri ilə sifət nahiyəsinə sillə vurmuş, bundan sonra əlləri ilə boğaz nahiyəsindən tutub sıxmaqla sonuncuya alın nahiyyəsinin, boyun nahiyyəsinin sıyrıqları, sol bazunun qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, Zərərçəkmiş şəxs1 məxsus 146 manat dəyərində əmlakı açıq talayaraq ələ keçirtmək istədikdə, ərazidə xidmət edən PPXB-ün əməkdaşları tərəfindən saxlanıldığından soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 29, 180.2.2 və 29, 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 Surac oğlu ilə hadisədən 2-3 ay əvvəl “20 yanvar” metrostansiyasının yaxınlığında tanış olmuş, birlikdə avtomobillərin təkərlərini qaraltmaq, qabaq alın şüşəsini silib çörək pulu qazanmaqla məşğul olmuşlar. Pulu olmadıqda bəzən çöldə, bayırda gecələmişdir. 21 yanvar 2023-cü il tarixə keçən gecənidə Murad ilə birlikdə gəzdikdə, saat 06:50 radələrində Nərimanov rayonu, Həsənoğlu küçəsi 4 ünvanının qarşısından keçərkən, orada gördüyü siqaret köşkündən siqaret oğurlayıb satmaqla pul qazanmaq qərarına gəlmişdir. Murada “get sən bir qədər aralıda məni gözlə, mənim işim var gəlirəm" dedikdə, Murad eiraz etməyib bir qədər aralıda onu gözləmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra özündə olan vintaçanla köşkün kiçik pəncərəsinin kənarını sındırmaqla, köşkə daxil olaraq, oradan götürdüyü bir ədəd qara rəngli köhnə sellofan torbaya piştaxtada olan 2 ədəd elektron siqaretləri və təxminən 60-70 qutu müxtəlif çeşidlərdə olan siqaretləri yığmışdır. Həmin vaxt yoldan keçən Post Patrul Xidmətinin polis əməkdaşları hərəkət etdikləri avtomobili saxlayıb Murada yaxınlaşdıqlarını görmüşdür. Köşkün pəncərəsinin açıq olduğunu görən polis əməkdaşları, köskə yaxınlaşdıqda onu köşkdə görmüşlər. Polis əməkdaşları ondan köşkdə nə etdiklərini soruşduqda, onlara ehtiyacı olduğuna görə siqaret oğurlamağa girdiyini demişdir. Bundan sonra polis əməkdaşlar onu və Muradı avtomobilə əyləşdirib, Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. Polis şöbəsində verdiyi izahatında köşkdən siqaret oğurlamaq istədiyini etiraf etmişdir. Köşkdən oğurluq etməsi barədə Murada və başqasına deməmişdir. Belə ki, köşkün yanından keçərkən oradan siqaret oğurlayıb, satması fikri onda ani vaxtda yaranmışdır. Bundan başqa, 14 may 2023-cü il tarixdə saat 20:30 radələrində ünvan 4 ünvanda, “City Dönər” kafesinin arxasında yerləşən avtobus dayanacağının yaxınlığında gəzdiyi vaxt, dayanacaqda olan sonradan adını 17-ci Polis Şöbəsində öyrəndiyi Fəridə adlı xanımdan pul istədikdə, Fəridə ona pul verməmiş və pulu olmadığını demişdir. Fəridənin əlində çanta olduğunu gördükdə, çantada pul və ya başqa qiymətli əşya olmasını bilmiş və çantanı Fəridənin əlindən alıb qaçmaq qərarına gəlmişdir. Ona görə çantanı Fəridənin əlindən alıb qaçmaq üçün, çantanı Fəridənin əlindən dartdığı vaxt, Fəridə çantanı buraxmamışdır. Ona görə Fəridəni yumruq və sillə ilə vuraraq, digər əli ilə çantanı dartmaq istəmiş, lakin Fəridə yenə çantanı buraxmadığına görə, çantanı ondan ala bilməmiş, həmin vaxt Fəridənin qışqırıq səsinə polis əməkdaşları onların yanına gəlmiş, polis əməkdaşları onları dinlədikdən sonra onu və Fəridəni 17-ci Polis Şöbəsinə aparmışlar. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 14 may 2023-cü il tarixdə, saat 20:15 radələrində işdən çıxıb, evinə getmək üçün ünvan 5 ünvanda yerləşən “City Dönər" kafesinin arxa tərəfində, metronun "Nərimanov" stansiyasına aid yeraltı keçidin yaxınlığında yerləşən avtobus dayanacağında, 38 saylı marşurut avtobusu gözlədiyi vaxt, saat 20:30 radələrində, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs, əvvəlcə dayanacaqda olan bir qızdan pul istədiyini və həmin qızın ona pul verdiyini görmüşdür. Sonra həmin şəxs ona yaxınlaşaraq ondan pul istədikdə, ona pulu olmadığını demişdir. Bayram ona heç nə deməyib kənarda dayanmışdır. Əlində tutduğu əl çantasına Bayramın baxdığını görmüş, sonra əlindəki çantanı Bayramın dartıb əlindən alıb qaçmaq istədiyini gördükdə, çantanı buraxmamış və ona müqavimət göstərmişdir. Bayran onu yumruq və sillə ilə vurmuş, boğazından tutaraq sıxmış və digər əli ilə çantasını dartıb ondan almaq istəməsinə baxmayaraq, yenə çantasını buraxmamış, həmin vaxt qışqırıq səsinə bir neçə nəfər polis əməkdaşları gəlmiş və baş verənlər barədə polis əməkdaşlarına danışmışdır. Bundan sonra polis əməkdaşları Bayram adlı həmin şəxsi və onu 17-ci Polis Şöbəsinə aparmışlar. Hadisə barədə 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona heç bir zərərin dəymədiyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022ci ilin fevral ayından Nərimanov rayonu, Həsənoğlu küçəsi 4 ünvanında yerləşən “köşkdə” müxtəlif çeşidli tütün məmulatları, şirniyatlar, şirələr, tumlar, enerji içkiləri və müxtəlif növ elekrton siqaretlər satmaqla məşğul olur. İşlətdiyi köşkdə iş vaxtı hər gün saat 11-da başlayır və gecə saat 01 radələrinə qədər davam edir. Hər gün olduğu kimi xx.xx.2023-cü il tarixdə, gecə saat 01 radələrində köşkü bağlayıb evinə getmiş, səhər işə gələn zaman naməlum şəxs tərəfindən köşkün pəncərəsinin plastik hissəsinin sındırılaraq, köşkdən ona məxsus hər birinin qiyməti 20 manat olmaqla 40 manat dəyərində 2 ədəd elektron siqaretləri və ümumi dəyəri 279 manat olan müxtəlif ceşidli siqaretlər oğurlanmışdır. Daha sonra həmin siqaretlər polis əməkdaşları tərəfindən ona geri qaytarılmışdır. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin PPXBdə polis nəfəri işləyən Şahid2 ifadəsində göstərmişdir ki, iş yoldaşı, polis serjantı Şahid3 ilə xidməti avtopatrul avtomobili ilə 21 yanvar 2023-cü il tarixində saat 05:50 radələrində Nərimanov rayonu ərazisində xidmət apardıqları vaxt, Heydər Əliyev mərkəzinin İ.Həsənoğlu küçəsi 4 saylı ünvanın yaxınlığında, sonradan adını öyrəndiyi Murad adlı yetkinlik yaşına şatmayan oğlanın yolun səki hissəsində dayanıb kimisə gözlədiyini gördükdə, avtomobili saxlayıb, ona yaxınlaşaraq orada nə üçün qaldığını soruşduqda, Murad dostunu gözlədiyini, demişdir. Ondan bir qədər aralıda olan köşkün nəfəslik kimi pəncərəsinin açıq olmasını və içəridə sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs köşkün içərisində piştaxta ilə divar arasına girib gizləndiyi görmüşlər. Köşkə yaxınlaşaraq pəncərədən Bayramı səsləyərək çölə çıxmasını demişlər. Bayramın əlində qara rəngli selofan torbada sayını dəqiq bilmədiyi müxtəlif növ siqaretlər olduğunu görmüşlər. Murad və Bayramı əlindəki torba ilə birlikdə Nərimanov RPİ-nin 18-ci PB-nə aparıb, növbətçi əməliyyat qrupuna təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin PPXBdə polis nəfəri işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 14 may 2023-cü tarixdə, saat 20:30 radələrində piyada naryadında xidmətdə olduğu vaxt, Nərimanov rayonu, "Ağa Neymətulla" küçəsində yerləşən “City” dönərin yaxınlığında səs-küy olmasını gördükdə ora getmiş, avtobus dayanacağında adını orada öyrəndiyi Zərərçəkmiş şəxs1 oradakı bir kişini göstərib ondan pul istədiyini, ona pul vermədiyinə görə həmin kişinin onu yumruq və s ilə döydüyünü bildirmişdir. Həmin kişinin şəxsiyyəti müəyyən edilərkən onun Təqsirləndirilən şəxs, olduğu aydın olmuşdur. Bu barədə komandir heyətinə məlumat vermiş və oraya avtopatrul çağırılmışdır. Həmin səxsləri xidməti avtopatrul avtomobilə əyləşidirib Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş şahidlər Şahid1, Şahid3 və Şahid5 Taği oğlu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid3 və Şahid5 Taği oğlunun ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 7-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 14 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanda yerləşən avtobus dayanacağıdır. Cinayət işinin 50-51-ci vərəqələrində olan “Şübhəli olan şəxsin tutulması haqqında” 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-ci vərəqində olan “Könüllü təqdim olunan əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PB-nin baş təhqiqatçısı X3, vətəndaş Zərərçəkmiş şəxs2 şikayət ərizəsinə əsasən, icarəyə işlətdiyi Nərimanov rayonu, Həsənoğlu küçəsi 4 ünvanında yerləşən “Kiosk”da oğurlanmış, salafan torbaya qoyulmuş 2 ədəd istifadədə olmuş elektron siqaret, 9 ədəd qara nazik “Sobranie” markalı siqaret, 3 ədəd kompakt “Sobranie” markalı siqaret, 7 ədəd qalın “Maqna” markalı siqaret, 9 ədəd nazik “Maqna” siqareti, 7 ədəd “Winshester” markalı siqaret, 4 ədəd “LD” markalı siqaret, 1 ədəd “Qarabağ” markalı siqaret, 3 ədəd “Prima” markalı siqaret, 6 ədəd “West” markalı siqaret, 6 ədəd “Argo” markalı siqaret, 1 ədəd “Winston” markalı siqaret, və 12 ədəd “Rothmans” markalı siqaretləri, Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid2 və kiçik serjant Şahid3 götürmüşdür. Cinayət işinin 82-85-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanda yerləşən “Kiosk”dur. Cinayət işinin 98-99-cu vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 149-151-ci vərəqələrində olan "Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə" 24 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Yavər Məmmədlinin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirnin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 152-ci vərəqində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 162-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 165-175-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 1(006)-202/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 185.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 185.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismın toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2016-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin 178-179-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli, 9/834 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş malların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təminən 199,30 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 214-219-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-734/2023 nömrəli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 29, 180.2.2, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 14 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 234-235-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin Nərimanov rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 567 saylı ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər: alın nahiyyəsinin, boyun nahiyyəsinin sıyrıqları, sol bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Cinayət işinin 251-260-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:50 radələrində ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus köşkdən oğurlamağa cəhd etdiyi siqaretlərin maddi sübut kimi tanınması və Nərimanov RPİ-də saxlandığının nəzərə alınması, Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixində saat 20:30 radələrində özgənin əmlakını açıq talamaq məqsədi ilə ünvan 3 ünvanda yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs1 əlindən almağa cəhd etdiyi 18 manat dəyərində olan əl çantasının, içərisində olan 100 manat dəyərində qadın kosmetik əşyaların və 28 manat pulun maddi sübut kimi tanınması və sahibi olan Zərərçəkmiş şəxs1 saxlandığının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 284-cü vərəqində olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış və imzalanmış 12 iyun 2023-cü il tarixli Qəbzdən görünür ki, o işlədiyi köşkdən oğurlanmış ona məxsus olan 2 ədəd elektron siqaretləri və 68 ədəd müxtəlif markalı siqaretləri təhvil almışdır. Bununla əlaqədar heç bir narazılığı və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona heç bir zərərin dəymədiyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 29, 177.2.3, 29, 180.2.2 və 29, 180.2.4-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 29, 180.2.2 və 29, 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllərə dair səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 1(006)-202/2017 nömrəli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 21 yanvar 2023-cü il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 29, 180.2.2 və 29, 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 29, 180.2.2 və 29, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkməsinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:50 radələrində ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus köşkdən oğurlamağa cəhd etdiyi siqaretlərin Zərərçəkmiş şəxs2 qaytarılması və 14 may 2023-cü il tarixində saat 20:30 radələrində ünvan 3 ünvanda yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs1 əlindən almağa cəhd etdiyi 18 manat dəyərində olan əl çantasının, içərisində olan 100 manat dəyərində qadın kosmetik əşyaların və 28 manat pulun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 29, 180.2.2 və 29, 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 29, 180.2.2 və 29, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.2 və 29, 180.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:50 radələrində ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus köşkdən oğurlamağa cəhd etdiyi siqaretlərin Zərərçəkmiş şəxs2 qaytarılması və 14 may 2023-cü il tarixində saat 20:30 radələrində ünvan 3 ünvanda yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs1 əlindən almağa cəhd etdiyi 18 manat dəyərində olan əl çantasının, içərisində olan 100 manat dəyərində qadın kosmetik əşyaların və 28 manat pulun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar