Məhkəmə qərarları › İş №1(005)-27/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-27/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-27/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, Binəqədi Bələdiyyəsi sədr köməkçisi işləyən, Naxçıvan MR, Naxçıvan şəhəri, Sabir küçəsi 48, ev 3-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 184 saylı evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun anası Leyla Seyidovanın məzar daşlarının hazırlanması, anası Leyla Seyidovaya məxsus Bakı şəhəri, Nərimanov rayonu və Xırdalan şəhərində yerləşən yaşayış evlərinin onun adına sənədləşməsinə köməklik edəcəyi, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Neft Şirkətinə məxsus torpaq sahələri alıb orada ev inşa etdirmək, həmin evləri kirayəyə verib pul qazanması, 2022-ci ilin fevral ayının əvvəllərində Binəqədi Bələdiyyəsində işə düzəltməsi, Dağıstan Dövlət Universitetinin hüquq fakültəsində təhsil aldığına görə diplomumun alınmasında köməklik etməsi ilə bağlı yalan vədlər verib 2021-ci ilin noyabr ayının ortalarında yaşadığı ünvan 1 ünvanda yerləşən evdə 7000 manat, təxminən bir həftə sonra həmin ünvanda 1000 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində 3000 manat, təxminən 5-6 gün sonra yaşadığı evdən mobil telefonuna yüklədiyi tətbiq vasitəsilə Muğan Bank tərəfindən verilmiş 5341 9155 5584 2968 saylı plastik kart hesabına 1070 manat, 2021-ci ilin dekabr ayının ortalarında 3000 manat və həmin dövrün valyuta məzənnəsi ilə 1360 manat təşkil edən 800 ABŞ dolları, 2022-ci ilin fevral ayının əvvəllərində 1 ədəd 600 manat dəyərində qızıl sep, dayısına hədiyyə almaq üçün 1000 manat, anasının əməliyyat olunması üçün 3500 manat, 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanda yerləşən evdə hissə-hissə olmaqla 8000 manat, 3000 manat, həmin dövrün valyuta məzənnəsi ilə 1276 manat təşkil edən 700 Avro məbələğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 33.806 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin mart ayından tanıyır. Belə ki, həmin vaxtlarda Zərərçəkmiş şəxs ilə “Facebook” sosial şəbəkəsində tanış olmuş və bundan sonra aralarında dostluq münasibəti yaranmışdır. Daha sonra Arzu ilə aralarında sevgi münasibəti yaranmış və sonuncunun Xırdalan şəhərindəki yaşadığı evə gedib-gəlməyə başlamışdır. Bundan bir neçə ay sonra Arzunun anası dünyasını dəyişmiş, Arzunun anasının dəfn mərasimində iştirak etmişdir. Bundan sonra Arzu, anasının yaşadığı evə köçüb orada yaşamağa başlamış və həmin evə də gedib-gəlmişdir. Həmin vaxtlarda Arzu qeyri-rəsmi yaşamaqdan sıxıldığını bildirərək onunla ailə qurmağı təklif etmiş, lakin Arzu ilə ailə qurmaqdan imtina etmişdir. Arzu anasının yaşadığı evə köçdükdən sonra həmin evin bazarlıq, kommunal xərcləri, həmçinin onun azyaşlı uşağının məktəb, geyim xərclərini qarşılamış, həmçinin, hər həftə Arzuya təxminən 200-300 manat pul vermişdir. Arzunun Xırdalan şəhərində yaşadığı evə, həmçinin anasına məxsus Nərimanov rayonu, Təbriz küçəsində yerləşən evə 2 ədəd kondisioner, ətçəkən maşın almış, həmin əşyalara görə aylıq kredit pullarını hal-hazıradək ödəyir. Bundan başqa, Arzunun azyaşlı oğluna 800 manata oyun aparatı, özünə isə 300 manata 2 ədəd cins pişiklər almışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri yalandır. Belə ki, Şahid onun iş yoldaşıdır, Eldar onunla birlikdə Arzunun anasının dəfn mərasimində iştirak etmiş və dəfndən qayıdan zaman Eldarın idarə etdiyi Mersedes markalı avtomobillə qayıtmışlar. Lakin, həmin vaxtı Eldar özünə məxsus mərmər sexinin olması barədə Arzuya heç bir söz deməmiş, özü də bu barədə Arzuya heç nə deməmişdir, Arzunun anasının məzar daşlarının hazırlanmasına görə ondan heç bir məbləğdə pul almamışdır. Bir neçə dəfə şəxsi ehtiyacları ilə əlaqədar Arzudan müxtəlif məbləğlərdə pullar istəmiş və Arzu etiraz etməyərək ona məxsus Muğan Bank tərəfindən verilmiş 5341 9155 5584 2968 saylı plastik kart hesabına onun istəyi ilə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pullar göndərmişdir. Lakin, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Neft Şirkətinə məxsus torpaq sahələrinin olması, həmin torpaq sahələrini alıb orada ev inşa etdirərək kirayə verib pul qazanması barədə Arzuya heç bir söz deməmiş, bu adla ondan heç bir məbləğdə pul almamışdır. Bundan başqa, Türkiyə Respublikasına getməsi üçün, müalicə olunması üçün, Arzunun diplom məsələsini həll etməsi üçün və digər vədlər verməklə heç bir məbləğdə pulunu ələ keçirməmişdir. Arzunun onun ünvanına şər, böhtan xarakterli sözlər deməsi səbəbindən “Seat Lion” markalı avtomobili onun adına sənədləşdirəcəyinə söz vermişdir. “Vüsal özü sənlə əlaqə saxlayacaq, bir həftəyə gedib həll edərsiz natarius yolu ilə” məzmunlu mesajı Zərərçəkmiş şəxs özü yazmışdır, belə ki, həmin vaxtlarda özünə məxsus “Seat Lion” markalı avtomobili onun adına sənədləşdirəcəyinə söz vermişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ittihamı qətiyyən qəbul etmir, Arzu ilə münasibətləri 01 ilə yaxın davam etmişdir. Bölməyə dəvət olunanda 17.000 manata görə çağırılıb, zərərçəkmiş ilk şikayətlərində zərərin məbləğini 17.000 manat göstərirdi. Arzu onun işinə gəlib onu təhdid edirdi. 17.000 manatı isə tam ödəsə də, lakin zərərçəkmişə 10.000 manat verilmişdir. Əslində zərərçəkəndən borc kimi 1070 manat pul alsa da, həmin məbləği qaytarmışdır. “Seat Lion” markalı avtomobili isə tələb edirdi ki, ona versin, oda razılaşmamışdır. Sonda Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəyən zərəri tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2021-ci ilin mart ayında “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, bundan sonra Pərvin onun Xırdalan şəhərindəki yaşadığı evə gəlib-getməyə başlamış və aralarında dostluq münasibəti yaranmışdır. Söhbət zamanı Pərvin özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş, Rəfael Cəbrayılov soyad və adlı dayısının general rütbəsi daşıdığını, əlinin uzun olduğunu, dayısına güvənərək ona bütün problemlərinin həll olunmasında köməklik edəcəyini demişdir. Pərvinlə mobil telefon və mobil telefonun “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamışdır. 2021-ci ilin noyabr ayında onunla eyni ünvanda yaşayan anası X5 “Covid 19” xəstəliyinə tutulmuş və anasının xəstəxanaya yerləşdirilməsinə köməklik etməsini Pərvindən xahiş etmişdir. Bundan sonra yaşadığı evə təcili tibbi yardım maşını gətirmiş və anasını xəstəxanaya aparmışdır. Bundan iki gün sonra anası Leyla Seyidova dünyasını dəyişmiş və anasını Bakı şəhərində yerləşən “Qurd Qapısı” qəbristanlığında dəfn etmişdir. Həmin vaxtı Pərvin və onun tanışı olan sonradan tanıdığı Eldar adlı şəxs də dəfndə iştirak etmişlər. Bundan sonra Pərvinin tanışı olan Eldar adlı şəxsin idarə etdiyi qara rəngli, Mersedes markalı, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə yaşadığı evə qayıdan zaman Pərvin demişdir ki, Eldarın mərmər sexi var, anasının məzar daşlarını həmin mərmər sexində hazırlatdıracaqdır. Pərvini tanıdığına, həmçinin Eldar adlı şəxsin onun tanışı olduğunu bildiyinə, bir sözlə onlara inandığına görə etiraz etməmiş və 2021-ci ilin noyabr ayının ortalarında yaşadığı ünvan 1 ünvanda yerləşən evdə anasının məzar daşlarının hazırlanması üçün Pərvinə 7000 manat, bundan təxminən bir həftə sonra yenə də həmin ünvanda 1000 manat pul vermişdir. Bundan sonra Pərvindən xahiş etmişdir ki, mərhum anası Leyla Seyidovaya məxsus Bakı şəhəri, Nərimanov rayonu və Xırdalan şəhərində yerləşən yaşayış evlərinin onun adına sənədləşməsinə köməklik etsin. Pərvin də etiraz etməyərək anasına məxsus evlərin onun adına sənədləşdirilməsi işində köməklik edəcəyini, lakin bunun üçün 3000 manat pul verməli olduğunu demişdir. Pərvinin sözlərinə inanaraq 2021-ci ilin dekabr ayının əvvəllərində yaşadığı evdə ona 3000 manat pul vermiş, bundan təxminən 5-6 gün sonra yenə də yaşadığı evdən mobil telefona yüklədiyi tətbiq vasitəsilə Pərvinin ona şəklini göndərmiş olduğu Muğan Bank tərəfindən verilmiş 5341 9155 5584 2968 saylı plastik kart hesabına 1070 manat pul köçürmüşdür. 2021-ci ilin dekabr ayının ortalarında Pərvin ona demişdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Neft Şirkətinə məxsus torpaq sahələri var, həmin torpaq sahələrini alıb orada ev inşa etdirsə, həmin evləri kirayəyə verib pul qazana bilər. Pərvinə inandığına görə yaşadığı evdə ona 3000 manat və 800 ABŞ dolları vermişdir ki, qeyd edilən torpaq sahələrindən 5 sot torpaq sahəsi alsın. 2022-ci ilin fevral ayının əvvəllərində Pərvin demişdir ki, Binəqədi Bələdiyyəsində onu 500 manat əmək haqqı olan işə düzəldə bilər, işə qəbul olunmağına dair sənəd hazırlayıb verəcək, əmək haqqı almaq üçün plastik kart verəcəkdir. İşə qəbul olunmasına görə isə ona hədiyyə olaraq qızıl sep almasını bildirmişdir. Təxminən 10 gün sonra Pərvin onun kart hesabına 250 manat pul göndərmiş və bildirmişdir ki, həmin pul əmək haqqının avans hissəsidir. Pərvinə inandığına görə 600 manata qızıl sep alıb yaşadığı evdə ona vermişdir. Həmin vaxtlarda dayısına hədiyyə almaq üçün yaşadığı evdə Pərvinə 1000 manat, anasının əməliyyat olunması üçün 3500 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin iyul ayınadək olan müddət ərzində yaşadığı evdə Pərvinə, hissə-hissə olmaqla Dağıstan Dövlət Universitetinin hüquq fakültəsində təhsil aldığına görə diplomunun alınmasında köməklik etməsi məqsədi ilə 8000 manat, Türkiyə Respublikasına müalicə olunan anasının yanına getməsinə, orada özünün də müalicə almasına görə 3000 manat, evinə mebel alması üçün 700 avro, bundan başqa, dəqiq tarixlərini xatırlamadığı vaxtlarda müxtəlif məbləğlərdə pullar vermişdir. Həmin vaxtlarda Pərvin onunla ailə qurmasını, evlənmək istədiyini bildirmiş, ona hələ də inandığına, aldatmayacağına ümid etdiyinə görə etiraz etməmiş və demişdir ki, bu barədə fikirləşib bir söz deyər. Lakin, bundan sonra Pərvinin vəd verdiyi sözlərə əməl etmədiyini gördükdə ona qarşı şübhələri yaranmağa başlamış, 2022-ci ilin iyul ayında məlum olmuşdur ki, Pərvin onu aldadaraq hissə-hissə olmaqla müxtəlif vədlər verməklə ümumilikdə 33791 manat pulunu ələ keçirmişdir. Bundan sonra Pərvinə, onu aldadaraq ələ keçirdiyi pulları qaytarmasını demiş, Pərvin də bildirmişdir ki, az bir müddət ərzində aldığı pullarını qaytaracaqdır, yaxud da özünə məxsus “BMV” və “Seat Lion” markalı avtomobillərini satıb pullarını qaytaracaq, sata bilməyəcəyi halda avtomobillərini onun adına sənədləşdirəcəkdir. Lakin, bundan sonra Pərvin müxtəlif bəhanələr gətirərək ondan qaçıb gizlənməyə, zənglərinə cavab verməməyə başlamışdır. Beləliklə, Pərvin onu aldadaraq ələ keçirdiyi ümumilikdə 33791 manat pulunu qaytarmamışdır. O, göstərmişdir ki, Pərvinə bütün pulları yaşadığı ünvan 1 ünvanda yerləşən evdə vermişdir. Sonda Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən zərər tam ödənilmişdir, ona qarşı iddia və şikayəti yoxdur və gəkəcəkdə də olmayacaq. Məhkəmə iclasına (videokonfrans vasitəsilə) şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin hüquq şöbəsinin müdiridir. Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Belə ki, Pərvin də onun işlədiyi bələdiyyədə, bələdiyyə sədrinin köməkçisi işləyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin noyabr ayında Pərvin ona zəng edib anasının xalası rəhmətə getdiyini, onunla birlikdə həmin dəfndə iştirak etməyi bildirdikdə, etiraz etməyərək özünə məxsus avtomobillə Pərvinlə birlikdə Arzunun yaşadığı evə getmiş, Arzunun anasının dəfn mərasimində iştirak etmişlər. Bundan sonra Pərvin və Arzu ilə birlikdə idarə etdiyi avtomobillə Arzunun yaşadığı evə qayıtmışlar. Sonradan Arzu onun mobil telefonuna zəng edib, anasının dəfnində iştirtak etdiyi üçün minntədarlığını bildirmiş, həmçinin, demişdir ki, Pərvin ona yalan vədlər verməklə aldadaraq müxtəlif məbləğdə pullarını ələ keçirmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri qismən doğrudur. Belə ki, Pərvinlə birlikdə Arzunun anasının dəfn mərasimindən qayıdan zaman və ümumiyyətlə heç vaxt özünə məxsus mərmər seximin olması barədə, Arzunun anasının qəbir daşlarının həmin mərmər sexində hazırlanacağı barədə heç bir söz deməmişdir. Lakin, sonradan Arzudan eşitmişdir ki, Pərvin ona müxtəlif vədlər verib aldadaraq təxminən 17000 manat pulunu ələ keçirmişdir. Yəni ilk olaraq 17.000 manat yadında qalmışdır. Sonradan Pərvindən eşitmişdir ki, o, Arzu ilə qeyri-rəsmi münasibətdə olmuş, onun yaşadığı evə gedib-gəlmişdir. Lakin, Pərvinin Arzuya məxsus pulları ələ keçirməsi hadislərinin şahidi olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi məbləğlər barədə dəqiq məlumatı olmasa da, sonradan ona məlum olmuşdur ki, Pərvin yalan vədlər verməklə Arzunun pulunu ələ keçirmişdir. Bu barədə Arzudan eşitmiş, lakin Arzunun Pərvinə hansısa məbləğdə pul verməsi hadisəsinin şahidi olmamışdır. Müdafiə tərəfin vəsatətinə əsasən şahid qismində dindirilmiş Nərimanov RPİ-nin müstəntiqi X6 ifadəsində göstərmişdir ki, cinayət işinin istintaqı tərəfindən qanuna müvafiq qaydada aparılmış, şəxs elan olunmuş ittihamın məbləğin bilib və zərərdən bir qismini istintaq zamanı qaytarmış, hətta söz vermişdir ki, istintaq bitənə kimi zərəri tam ödəyəcəkdir. Zərərdən 10.000 manat istintaq zamani vəkilin və tərəflərin iştirakı ilə ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Mirhüseyin qızının ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Sərraf Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminovun Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru İlkin İmanova ünvanlandığı 14 dekabr 2023-cü il tarixli, BRB/d-468 nömrəli məktubundan görünür ki, Bəşirov X2 rayonu Binəqədi Bələdiyyəsində “Ümumi şöbə” də sədr köməkçisi vəzifəsini tutur.Məmmədov X4 rayonu X1 şöbəsinin müdiri vəzifəsində çalışır. “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq xx.xx.2024-cü il tarixdə saat 17:30-da 18ci PŞ-nə gəlmiş və araşdırılması üçün Nərimanov RPİ-nin İŞ-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 178.2.4-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. “Həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin təmin edilməməsi, təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qaldırılmış 23 fevral 2024-cü il tarixli vəsatətin təmin edilməməsi və Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Başqa yerə getməmək haqqında” 23 fevral 2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi sənədlərə baxış keçirilmiş və aşağıdakı məzmunda mobil telefon yazışmaları müəyyən edilmişdir: -Sənin haqqından sənin kimi maşenniklərin haqqından dövlət gələr. -Gələrsən polisə gələrsən orqanlara orda alarlar səndən pullarımı. -Vüsal özü sənlə əlaqə saxlayacaq. -1 həftəyə gedib həll edərsiz natarius yolu ilə.- Cavab ver sənlə sakit söhbət edəcəm.- Aç söz deyirəm.-1 həftəyə kimi Vüsal sənlə əlaqə saxlayacaq həll edəcəy natarius yolu ilə.-Salam Pərvin. Ayın axırına çatdıq nə zaman gətirirsən pulları ? Yoxsa gəlim iş yerinə sədrivin yanında verəcəksən ?-Salam Arzu. Birincisi ayın axırına demişəm həl olunacaq. İkincisi mən özüm burda yoxam gəlib ya özüm həll edəcəm ya da Vüsala deyəcəm sənlə görüşüb həll edəcəy. Nəzərimdədi.- Cavab ver bir söz deyim de c.-1 saata kimi at adam arvad gözdəyir.-Dünən çağırmışdı mən və sənidə nömrəni özü götürübdü. Maşının da sənədlərini verdim özü o maşını həll edib verəcəy.-Maşının sənətin həll edib verəcəy və özü sənlə əlaqə saxlayacaq.-Mənə nə boş boş səslər atırsan hə ?-Ay insan başa düşmürsən Vüsal özü sənlə əlaqə saxlayacaq zatən satışdadı maşın. İkincisi yoxam e burda başa düşmürsən sən ? istəsəm də belə keçirdə bilmərəm e vəsiqəmi dəyişməyə vermişəm başa düşmürsən sən prapiskadan çıxıram ona görə. İnsan balası kimi dedim ki satılsın verəcəm əgər sata bilməsə Vüsala demişəm sənlə əlaqə saxlayacaq keçirdər adıva. Məd də görürsən deyirəm ki, səbirli ol. Tüpürüm o maşına da.- Dəqiq gün de.-Pərvin salam. Noldu mənim pullarım ?-Pərvin əfəndi necəsən ? Ayın axırı oldu nə edirsən ? Varmı bir hərəkət ?-Kişi kimi vaxt istədin kişi kimi kişi bilib dözdük gözlədik insandır dedik. Sən sözündə duracaqsan ümid edirəm 3 gün ən gecinə vaxtın var sənə daha inanan deyiləm, sənin kitabıvın son vərəqi ayın 31 gecə bağlanır. Ayın 1-dən artıq ayrı cür olacaq onu istəmərsən olsun. -Ayın 5-nə vaxt istədin olsun 5-də. Ama 5-dən 1-cə gün keçdi artıq sənə vəkil yox ayrı yerdən zəng edəcəklər. Sən uje bezdirdin yalanlarınla məni. Bu arada qəşəng poza verib şəkil çəkdirməyin də varmış.-Eşidirəm yaz. -Salam. Evdən xəbərsiz BMV vermişəm Vüsala bazara çıxardacaq satsın dəyər dəyməzinə. Əgər sata bilməsə nömrəvi vermişəm Vüsala zəng edəcəy sənə görüşərsiz natarius yolu ilə o biri maşını keçirər adıva.-Götürdük pasportu sabaha da ya maşını ver süründürmə bizi orqanlarda, ya da gedirəm ərizə verməyə. Mən sənin yalanlarına toxam uje.-Kartıvın kodunu atarsan mənə. -Ümidvaram səndəki summalardan xəbərdarsan, hesabıvı unutma.-80 niyə göndərmisən 160 göndərməlisən.-Ay kişi 80 manat hanı ? 160 verməlisən.-Vüsala demişəm atacaq. -Tez elə ayın axırıdı mən deməsəm tərpənən deyilsən. -Sən maşenniksən internetdə qadınlarılan tanış olursan sonra dələduzluq edib pullarını qızıllarını mənimsəyirsən. Özün də bu gün təcili pasportumu göndər diplomu təsdiqlədir bu gün çatdırmalıyam.-Cavab ver söz deyirəm müsəlman.-Mən sənin 1 həftələrini çox görmüşəm bitdi.-Bu gün pasportumu çatdır. Əgər idarələrə çağrılmaq istəmirsənsə maşınlarından birini göndər olmasa sabah səndən şikayət ərizəmi verəcəm.-Cavab ver.-Son sözümü dedim sənə artıq danışası heç bir mövzu yoxdur.-Götürdük pasportu sabaha da ya maşını ver süründürmə bizi orqanlarda ya da gedirəm ərizə verməyə. Mən sənin yalanlarına toxam uje.-Gətirdin bu gün gətirdin. Gətirmədin sabah gedirəm ərizələri verməyə. Ərizələrimi də yazdırmışam əlimdədi. Sən uje məni dolayırsan, dolamısan. Gətir hansı maşınıvı verirsən ver sənin müddətin bu günə idi, insanlıq elədim gözlədim.-Sənin 3-5 min borcun var ki, sən o xırda maşını verməyi düşünürsən ? axırıncı saldığın ziyanla elə BMV ilə başa baş gəlir borcun gətir BMV ver ya da sabah gedirəm artıq ərizələri verməyə.-Sən dolamısan məni. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, yuxarıda qeyd edilən yazışmalar Təqsirləndirilən şəxs ilə aralarında olan yazışmalardır. AR DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü etiraf etməsədə, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsini inandırıcı saymır, hesab edir ki, özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən boyun qaçırma kimi qiymətləndirir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödəməsini, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 02 gün (21 fevral 2024-cü il - 23 fevral 2024-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM-132) Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180(yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180(yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar