Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-270/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Rahib oğlunun, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə xx.xx.1986-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 178-də qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244- 1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşməklə şifahi razılığa əsasən işlətdiyi “Ellaz" çay evində 2019-cu ilin təxminən iyun ayından etibarən müştərilər tərəfindən ödənilən müxtəlif məbləğdə pul müqabilində onlara “Okey” oyunu üçün nəzərdə tutulmuş oyun daşları və taxtalarını verərək uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan pul uduşlu qumar oyununun keçirilməsi üçün yer təşkil edib qumarxana saxlamış, xx xxxxxx 2020-ci il tarixdə həmin ünvanda müştərilər - Şahid5, Şahid6, Şahid4 Kamil oğlu və Şahid7 oyun daşları və taxtaları verib pul uduşlu “Okey” qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə daxil olmuş məlumat əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən həmin tarixdə saat 17:10-da göstərilən obyektdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı oradan 106 ədəd “Okey" oyun daşları və 04 ədəd oyun taxtası, həmçinin qumar oyunlarından əldə edilmiş 5 manat pul aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Ellaz” çay evini təxminən 1 il olar ki, işlədir. Orada müştərilərə çay və pivə satmışdır. Müştərilər isə orada pul uduşlu “Okey” qumar oyunu oynamışlar. Müraciət edən oyunçular masada əyləşdikdən sonra onlara limitsiz olaraq çay xidməti göstərilmişdir. Müştərilər “Okey” qumar oyununu 1 manatdan oynamışlar. “Okey” oyunu oynayanlara şərait yaratdığı üçün hər masadan hər saatına görə 2 manat pul almışdır. “Ellaz” çay evində təxminən 6 ay olardı ki, “Okey“ oyunları üçün yer təşkil etmişdir. Bu yolla ən çoxu günə 25-30 manat pul qazanmışdır. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, “Ellaz” çay evinə gedir. Bu çay evini onun tanışı Təqsirləndirilən şəxs işlətmişdir. Bu çay evində mütəmadi olaraq tanışları ilə görüşüb pul qarşılığında “Okey” qumar oyunu oynamışdır. Oyunun hər saatının tamamında Təqsirləndirilən şəxs oyunçulardan 2 manat pul almışdır. Qarşılığında isə masaya çay və digər içkilər vermişdir. xx xxxxxx 2020-ci il tarixdə tanışları Yusif, Vüsal və Vəfadar ilə birlikdə yenə həmin çay evinə gedib pul qarşılığında “Okey” oynamağa başlamışlar. Oyuna görə hər oyunçu 1 manat verməli idi. Toplam 4 manat etsə də xırdaları olmadığından 5 manat ortaya qoymuşlar ki, obyektdən istifadə etdikləri məhsulların pulunu verə bilsinlər və bu yola obyektə xeyir vermək istəmişrlər. Oyuna başladıqdan bir neçə dəqiqə sonra yəni təxminən saat 17:00-da Elçin yanında bir neçə mülki geyimli şəxslərlə birlikdə çay evinə daxil olmuşdur. Həmin şəxslər özlərini təqdim edib Baş X1 İdarəsinin əməkdaşları olduqlarını demişlər. Onlara əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı göstərib Elçinin qanunsuz olaraq qumarxana saxlamasını bildirmişlər. Polislər masada olan oyun daşlarını, oyun taxtasını və 5 manat pulu qablaşdırıb götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid7 Şahid4 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş X1 İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, həmin tədbir zamanı qrupun rəhbəri olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Ellaz” çay evində qumarxana təşkil edilməsi barədə daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə əməliyyat qrupunun üzvləri hal şahidləri ilə birlikdə həmin ünvana getmişlər. Saat 17:10-da “Ellaz” çay evinə çatmış və orada Təqsirləndirilən şəxs onları qarşıladıqda sonuncuya yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Qumarxana barədə sorğu-sual etdikdə Eiçin Qurbanov səmimi olaraq hər şeyi etiraf edib demişdir ki, hər saatına görə 2 manat pul olmaqla müştərilərə pul uduşlu “Okey” oynamaları üçün şərait yaratmışdır. Bundan sonra çay evinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşduqda bildirmişdir ki, heç bır etirazı yoxdur və hal şahidləri ilə birlikdə içəri daxil olduqda masada əyləşmiş 4 nəfər- Vüsal, Rəfail, Vəfadar və Yusif adlı şəxslərin pul uduşlu “Okey” oyunu oynadıqlarını görmüşlər. Onlar da təsdiq etmişlər ki, həqiqətən də hər saatına görə Təqsirləndirilən şəxs 2 manat pul vermişlər. Daha sonra masanın üzərində olan 5 manat pul, 4 ədəd oyun taxtası və 106 ədəd oyun daşları qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid8 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid6 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər, onların məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1); “Baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında" xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 17:10-da Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən “Ellaz" çay evinə keçirilmiş baxış zamanı həmin çay evinin sahibi Təqsirləndirilən şəxs hər saatına görə 2 manat pul olmaqla müştərilərə pul uduşlu “Okey" qumar oyunun oynamaları üçün şərait yaratmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs maddi sübut hesab edilən 04 ədəd oyun taxtasını 5 manat pulu və 106 ədəd oyun daşlarını araşdırmaya təqdim etmişdir. (i.v.6-7); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 5(005)- 2/2020 nömrəli qərarından görünür ki, Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin KSPSM və MDQMİ-nin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (i.v. 19-21); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 44); “Pul vəsaitinin depozit hesaba keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 05 manat pul təqsirləndirilən şəxs cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra məsul saxlanışa verilməsi üçün Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına keçirilmişdir. (i.v.56) “Sübutların qiymətləndirilməsi, əşyaların maddi sübut hesab edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması, “Okey” oyununun oynanılmasında istifadə olunmuş 04 ədəd oyun taxtası və 106 ədəd oyun daşın maddi sübut hesab edilməsi və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına verilməsi, qumar oyunundan əldə edilmiş gəlir olan 05 manatın maddi sübut hesab edilməsi və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra məsul saxlanışa verilməsi üçün depozitə köçürülməsi barədə xx xxxx 2020-ci il tarixli qərarın nəzərə alınması qərara alınmışdır. (i.v. 57-60); “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” xx xxxx 2020-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 75-76); “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 86-88). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və AR DİN-nin BMCMİ-nin maddi sübutların saxlama kamerasında təhvil verilmiş 4 ədəd oyun taxtası və 106 ədəd oyun daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və məsul saxlanışa verilməsi üçün Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına keçirilmiş 05 manat pul vəsaiti dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş ) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və AR DİN-nin BMCMİ-nin maddi sübutların saxlama kamerasında təhvil verilmiş 4 ədəd oyun taxtası və 106 ədəd oyun daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və məsul saxlanışa verilməsi üçün Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına keçirilmiş 05 manat pul vəsaiti dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-270/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-270/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver