Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-270/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – A.İ.M vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talamaq məqsədilə, 11 oktyabr 2024-cü il tarixdə, təxminən saat 12:00 radələrində, ünvan 3 ünvanında yerləşən “Avtomobillərin təmiri” emalatxanasına daxil olaraq, oradakı şəxslərin diqqətinin öz vəzifələrinin icrasına yönəlməsindən istifadə edərək, Zərərçəkmiş şəxs məxsus olan və həmin an üçün nəzarətsiz vəziyyətdə masanın üzərində olan, 1200 (bir min iki yüz) manat dəyərində “iPhone 13 pro” markalı, 256 GB yaddaş həcmində mobil telefonu gizli surətdə ələ keçirmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, heç bir psixiatrik xəstəxanada qeydiyyatda deyildir. 11 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində ünvan 4 ünvanda yerləşən avtomobil təmiri sexinin yanından keçdiyi vaxt, sexdə ustaların işlədiyini görmüşdür. İçəri müştəri qismində girmiş, ətrafa baxdıqdan sonra ustaların başlarının qatışıq olmasını görmüşdür. Fürsətdən istifadə edib oradakı masa üzərində olan, "iPhone 13 Pro" markalı mobil telefonu götürmüş və çölə çıxaraq oradan bir qədər aralandıqdan sonra təxminən 10 dəqiqə sonra telefonu söndürərək, içərisində olan kartı çıxarıb atmışdır. Metro ilə Bakı şəhəri, Nəsimi rayonu, "Velotrek" ticarət mərkəzi tərəfdə mobil telefon mağazasına yaxınlaşaraq, həmin mobil telefonu şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus olduğunu bildirib 250 manata satmışdır. Törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən ona azadlıqdan mərhum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. ünvan 4 ünvanda yerləşən "Avtomotoservis" avtomobil təmiri yerində avtomobil mühərriklərinin təmiri ilə məşğul olur. 11 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində təmir işləri ilə məşğul olduğu zamanı özünə məxsus ***-***-**-** nömrəsi olan, dəyəri hadisə vaxtı 1000 (min) manat olan İMEİ 2 **********94037 kodlu mobil telefonunu masanın üzərinə qoymuşdur. Başı avtomobil mühərrikinin təmirinə qarışan zaman masanın üzərində qoyduğu mobil telefonu adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs avtotəmir sexinə daxil olaraq gizli götürüb təmir sexindən çıxmışdır. Avtoservisin kameralarına baxanda Təqsirləndirilən şəxs sexə daxil olması, sexdən çıxmasını mühafizə kameralarından görmüş, dostlarının telefonu ilə həmin hadisəni videoya çəkmiş, gələcəkdə həmin görüntünü istintaqa təqdim etmək üçün diskə köçürmüşdür. Oğurlanmış həmin mobil telefonu hadisədən 7-8 ay əvvəl 1500 (min beş yüz) manata almışdır. Hadisə vaxtı mobil telefonun dəyəri 1000 (min) manat olmuşdur. Avtotəmir sexində olan zaman videoya baxmış, anket məlumatlarını xatırlamadığı müştərilərdən biri Afəri tanıyaraq, onun ad, soyad və digər cinayət əməllərinə görə əvvəllər məhkum olunduğunu, bildirmişdir. Zərərçəkmiş şəxs istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, ona məxsus oğurlanmış "İphone 13 pro" markalı mobil telefonun qiyməti barəsində məhkəmə əmtəəşünaslıq ekpertizası tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli 9/589 nömrəli ekspert rəyində qeyd edilən qiymət ilə razı olduğunu, həmin "İphone 13 pro" markalı mobil telefonun yaddaşı 256 GB olmaqla, qiymətinin 1200,00 manat olduğunu, bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "20 Yanvar" metrostansiyasının yaxınlığında olan "Velotrek" ticarət mərkəzi tərəfdə yerləşən mağazada mobil telefon və onların aksesuarlarını alıbsatmaqla məşğul olur. 11 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində həmin dükanda işdə olduğu vaxt, tanımadığı bir kişi mağazaya gəlmiş və cibindən 1 ədəd "İphone 13 pro" markalı mobil telefonu çıxarıb ona təqdim edərək, özünə məxsus olduğunu, ehtiyacı üzündən satmaq istədiyini bildirmişdir. Həmin telefona baxdıqda telefonun işlənmiş olduğunu görmüş, ona şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim etdikdə onun Təqsirləndirilən şəxs olduğunu bilmiş, aralarında olan razılaşmaya əsəsən şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etməklə mobil telefonu ondan 250 manata almışdır. Telefonda həmin vaxt danışıq kartı olmamışdır. Həmin telefonu dükanda satışa qoymuş və təxminən 2-3 gündən sonra xatırlamadığı şəxsə satmışdır. Təqsirləndirilən şəxs ona satdığı həmin "İphone 13 pro " markalı mobil telefonun oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/589 nömrəli ekspert rəyindən görünür ki, qərarda qeyd edilən "iPhone 13 pro" markalı telefonun yaddaşı qeyd edilmədiyindən qiymətləndirmə 128 və 256 GB yaddaşlı telefon üzrə aparılır. "iPhone 13 pro" markalı 128 GB yaddaşlı mobil telefonun xx.xx.2024-cü il tarixə orta bazar qiyməti təxminən 950,00 manat, 256 GB yaddaşlı mobil telefonun isə təxminən 1200,00 manat müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Bəsll-i tərəfindən verilmiş tələbnamədən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1, 69.3 maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün azadlıqdan məhrum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1, 69.3 maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün azadlıqdan məhrum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış ünvan 6 ünvanında yerləşən “avto təmir” sexində keçirildi. Vətəndaş Zərərçəkmiş şəxs şifahi olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə işlədiyi sexdə masanın üzərinə qoyduğu “iPhone 13 pro” markalı mobil telefon naməlum şəxs tərəfindən oğurlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “DVD disk”ə baxış keçirilən zaman görünür ki, həmin DVD diski oxuyucuya daxil etdikdə ekranda 4 ədəd videogörüntü faylı aşkar edildi. İlk videogörüntüdə bir nəfər kişi cinsli şəxsin bir ədəd tikilinin yanında dayanması, daha sonra içəri daxil olması və əlində bir cisim ilə oradan uzaqlaşması görünür. Digər videogörüntülər isə həmin şəxsin müxtəlif istiqamətlərdə hərəkətini əks etdirən, əlində aydın şəkildə mobil cihaz olduğu görünən videogörüntülərdir. Həmin şəxsin iti addımlarla hadisə yerindən uzaqlaşması müəyyən olunur. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saat 12:00-da Nərimanov RPİ əməkdaşları tərəfindən tutulmuş və MSY-ə təhvil verilmişdir. İş materiallarında olan 07 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan və “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani şəkildə göstərdi. “Sübutların qiymətləndirilməsi haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, “iPhone 13 pro” markalı mobil telefon maddi sübut qismində tanınmış, lakin yerinin aşkar edilməsinin mümkün olmaması nəzərə alınmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 18.1 (Cinayətlərin residivi): Maddə 18.1 (Cinayətlərin residivi): Şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduqdan sonra yenidən qəsdən cinayət törədərsə, bu, məhkəmə tərəfindən cinayətlərin residivi hesab edilir. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2 qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 (Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin növləri): Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 177.1: Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Avropa Məhkəməsinin presedent hüququ: Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş və səmimi peşmançılığını ifadə etmişdir. Lakin, CPM-nin 126.6-cı maddəsinin imperativ tələbinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxsin etirafı iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər mötəbər sübutlarla tamamilə uzlaşır və onların məcmusu ilə təsdiqlənir. Belə ki, Zərərçəkmiş şəxs ifadələri hadisənin baş vermə yerini, vaxtını və üsulunu, oğurlanmış əmlakın xarakteristikasını və dəyərini təsdiq etmişdir. Onun ifadələri ardıcıl, məntiqi olub, işin digər materialları ilə ziddiyyət təşkil etmir. Şahid ifadələri təqsirləndirilən şəxsin oğurlanmış mobil telefonu ona satması faktını, bu zaman baş verən halları və ödənilən məbləği təsdiqləməklə, Təqsirləndirilən şəxs etirafının həqiqiliyini möhkəmləndirir. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol, habelə zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki videogörüntülər hadisənin baş verdiyi məkanı və təqsirləndirilən şəxsin həmin məkana daxil olaraq oradan əlində mobil cihaza bənzər əşya ilə uzaqlaşmasını vizual olaraq sübut edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli 9/589 nömrəli rəyi ilə oğurlanmış “iPhone 13 pro” markalı 256 GB yaddaşlı mobil telefonun orta bazar qiymətinin 1200,00 manat olması müəyyən edilmişdir ki, bu da vurulmuş ziyanın miqdarını obyektiv şəkildə təsdiqləyir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ilkin etirafı iş üzrə toplanmış və birbaşa məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla – zərərçəkmişin və şahidin ifadələri, maddi sübutlar, ekspert rəyi və digər yazılı sənədlərlə tam təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi qiymətləndirilməsini apararaq belə nəticəyə gəlir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayətin obyekti mülkiyyət münasibətləridir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə zərərçəkmiş Zərərçəkmiş şəxs Konstitusiyanın 13-cü və 29-cu maddələri ilə təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Cinayətin obyektiv cəhəti özgənin əmlakının gizli olaraq talanmasında ifadə olunur. Təqsirləndirilən şəxs avtomobil təmiri sexinə müştəri qismində daxil olaraq, oradakıların diqqətinin işə yönəlməsindən istifadə edərək, yəni hərəkətlərinin gizli qalacağına əmin olaraq, masanın üzərində olan mobil telefonu götürmüşdür. Cinayətin subyektiv cəhəti birbaşa qəsd və tamah niyyəti ilə xarakterizə olunur. Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirdiyini, bununla zərərçəkmişə maddi ziyan vurduğunu dərk etmiş və məhz bu nəticənin baş verməsini arzulamışdır. O, telefonu ələ keçirdikdən qısa müddət sonra sataraq pul əldə etməsi onun tamah niyyətinin mövcudluğunu sübuta yetirir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, vurulmuş ziyanın məbləği 1200 manat təşkil edir ki, bu da həmin maddənin dispozisiyası ilə tam əhatə olunur. Buna görə də, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarlarının müvafiq göstərişlərini rəhbər tutur. Məhkəmə, cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olaraq, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə münasibətdə məhkəmə qeyd edir ki, oğurluq mülkiyyət hüququna qəsd etməklə, vətəndaşların qanunla qorunan əmlak mənafelərinə zərər vurur və cəmiyyətdə mülkiyyətin toxunulmazlığı prinsipinə inamı sarsıdır. Təqsirləndirilən şəxsin şəxsiyyəti: Təqsirləndirilən şəxs əvvəllər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli hökmləri ilə CM-nin 177.1-ci maddəsi ilə məhkum olunmuşdur. İş materiallarından və məhkəmə araşdırmasından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs həmin cəzaları tam çəkərək azadlığa çıxmış və məhkumluğu CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyindən ödənilmişdir. CM-nin 18.4-cü maddəsinin imperativ tələbinə əsasən, bu Məcəllənin 83-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayətlər, cinayətlərin residivinin tanınması zamanı nəzərə alına bilməz. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmaması qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, habelə törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini (bu, zərərçəkmiş şəxsin məhkəmə iclasındakı ifadəsi ilə, həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizə ilə təsdiqlənir) CM-nin 59.1.12 və 59.1.13-cü u maddələrinə əsasən nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Bütün göstərilən halları – bir tərəfdən, törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək olmamasını və cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu, təqsirləndirilən şəxsin islah olunmağa meylli olmasını, habelə zərərçəkmiş şəxslə barışaraq, ona vurulmuş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, məhkəmə onun islah olunmasının cəmiyyətdən tam təcrid olunmadan mümkün olduğu qənaətinə gəlir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmiş, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Habelə, bu fundamental prinsiplər olan ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Bu səbəbdən, məhkəmə ona CM-nin 177.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Azadlıqdan məhrum etmə cəzasının təyini bu konkret halda CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün həddən artıq sərt tədbir olardı. Azadlığın məhdudlaşdırılması cəzasının müddəti və onun icrası ilə bağlı məhdudiyyətlər CM-nin 52-1-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilir. Məhkəmə, Cinayət Məcəlləsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmasını zəruri hesab edir. Bu səbəbdən, məhkəmə ona CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və azadlıqdan məhrum etməyə alternativ olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli, mütənasib və qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saat 12:00 radələrində saxlanılmış və onun barəsində 07 mart 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən azad edilmişdir. İş materiallarında olan 07 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin qərar saat 16:00-da elan edilmiş, habelə 17:30-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdırılmış, daha sonra həbs qətimkan tədbiri seçilməsi üçün prokurorun qəbuluna aparılmışdır. Bunun üçün də kifayət qədər vaxt getməsi istisna edilmir. Beləliklə, Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 48 saatdan xeyli artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, onun şübhəli şəxs qismində tutulması müddəti 3 gün olaraq müəyyən edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından CM-nin 69.3.3-cü maddəsinə əsasən 06 gün çıxılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 05 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək, cəmi 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulduğu vaxt, CM-nin 69.3-cü maddəsinin 69.3.3-cü bəndinə uyğun olaraq, həbsdə saxlamanın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin ediləcək cəzadan çıxılmalı (cəza müddətinə hesablanmalı), islah olunmasının təmin edilməsi və üzərində effektiv nəzarətin həyata keçirilməsi məqsədilə, CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq vəzifələr – yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, (51-2.1.) barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır Bundan əlavə məhkəmə qeyd edir ki, cinayətin predmeti olan “iPhone 13 pro” markalı mobil telefon aşkar edilmədiyindən, onun xüsusi müsadirəsi və restitusiyası mümkün deyildir. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini bildirdiyindən, bu məsələ öz həllini tapmışdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı çəkilmiş 50 (əlli) manat məbləğində prosessual xərc CPM-nin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş A.İ.M vəkil bürosunun vəkili Müdafiəçi xidmətinə görə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə uyğun olaraq, sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesabı ilə, cəmi 16 iş saatına görə 176 (bir yüz yetmiş altı) manat məbləğində vəsait dövlət büdcəsindən A.İ.M Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi bütün nəticələr yalnız məhkəmə istintaqında bilavasitə tədqiq edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq əldə edilmiş və qiymətləndirilmiş mümkün, mötəbər sübutların məcmusuna əsaslanır. Bu sübutlar məhkəmə tərəfindən irəli sürülmüş ittihamın və hökmdə əksini tapmış digər halların təsdiqi üçün kifayət hesab edilmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara tam uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək, cəmi 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulduğu hər gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla (cəmi 06 (altı) gün), təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzasına hesablansın (təyin edilmiş cəzadan çıxılsın) və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində aşağıdakı vəzifələr qoyulsun: yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək; gün ərzində saat 22:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – “iPhone 13 pro” markalı mobil telefonun olduğu yerin aşkar edilməməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 50 (əlli) manat vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması nəzərə alınsın. A.İ.M Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 16 iş saatı üçün cəmi 176 manat məbləğində vəsait dövlət büdcəsindən A.İ.M Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-270/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-270/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver