Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-271/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq - 7,83 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib 17 ədəd gümüş kağız bükümdə qablaşdırıb üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 17:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 19:46-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 17 ədəd gümüş kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,49 qram, 0,45 qram, 0,44 qram, 0,42 qram, 0,42 qram, 0,44 qram, 0,58 qram, 0,49 qram, 0,46 qram, 0,53 qram, 0,42 qram, 0,39 qram, 0,39 qram, 0,57 qram, 0,46 qram, 0,49 qram və 0,39 qram olmaqla ümumi təmiz çəkisi 7,83 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2-ci dəfə idi ki, narkotik vasitədən istifadə edirdi. Onun satış məqsədi olmayıb, sadəcə narkotik vasitəni götürəndə orada 17 büküm olmasını bilməmişdir. Məktəb ərazisindən həmin bükümləri götürmüş və aralaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, narkotik vasitə istifadəçisi olsa da, onu öz istifadəsi üçün almışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 21 fevral 2023-cü i tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 daxil edilmişdir. 21 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsində olması müəyyən edilmiş və bunun üçün həmin yerə getmişlər, həmin günü saat 17:30-da Q.Nəbi küçəsi 9A ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyi müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Bundan sonra həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etdikdən sonra onu DİN-in BMCMİ-nə dəvət etmişlər. O, da etiraz etmədən polis əməkdaşları ilə birlikdə BMCMİ-nə gəlmişdir. İdarənin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, əynində olan cins şalvarının sol yan cibində olan 01 ədəd “Nokia" markalı mobil telefonu və 20 manat pulu, əynində olan gödəkçəsinin sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun əynindəki şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisinə baxış keçirilərkən həmin bükümlərin içərisindən 17 ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuş və həmin bükümlər açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 17 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 manat pul və 01 ədəd avtomobil açarı onun özünə qaytarılmış, aşkar edilmiş “Nokia” markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə “Fərhad” adlı şəxsdən aldığını və həmin bükümlərə ümumilikdə 80 manat pul verdiyini, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğunu və hazırda üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini və satış məqsədi ilə üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən imzalarımızla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 17:30da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş və orada üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə “marixuana” olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu, 20 manat pulu, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümlərin içində olan 17 ədəd gümüşü rəngli kağız bükümləri çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarı aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin içərisinə baxış keçirilərkən həmin bükümlərin içərisində 17 ədəd gümüşü rəngli kağız büküm və həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 17 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 7/272 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 17 ədəd kiçik şəffaf torbalarda gümüşü kağız bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri 0,49 qram, 0,45 qram, 0,44 qram, 0,42 qram, 0,42 qram, 0,44 qram, 0,58 qram, 0,49 qram, 0,46 qram, 0,53 qram, 0,42 qram, 0,39 qram, 0,39 qram, 0,57 qram, 0,46 qram, 0,49 qram və 0,39 qram, ümumi çəkisi 7,83 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsüla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin 82-84-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-238/2023 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 21 fevral 2023-cü il tarixdən saat 17:30-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 91-92-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,98 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 119-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 123-cü vərəqində olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsəərrüfat Birliyinin 89 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 124-cü vərəqində olan 2 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ seriyalı, 185409 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2012-ci ildə Bakı şəhərində anadan olmuş X4 atası kimi Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1454 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 136-145-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogöüntünü özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD diskə baxış keçirilərkən, onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 17 ədəd gümüşü kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə az ağır cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-yə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 6,98 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-271/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-271/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver