Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-272/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Ordubad rayonu, Xanağa kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonu, Xanağa kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən rəsmi saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, «Binə Atçılıq» adlanan ərazidə 0,02 ha «SOCAR»ın daimi istifadəsinə ayrılmış ərazisində olan torpaq sahəsini özünə məxsus olan torpaq sahəsi kimi təqdim edib, 2017-ci ildə əldə etdiyi Abşeron rayon «Donuzkökəltmə sovxozu» tərəfindən 28 dekabr 1990-cı ildə ona verilməsi saxta olaraq əks olunmuş, üzərində möhür əkslərinin şırnaqlı printerdə çap olunduğu 12 iyul 1990-cı il tarixli, 135 №li Abşeron rayon «Dönuzkökəltmə sovxozu» üzrə əmrdən çıxarışın saxta sənəd olduğunu bilə-bilə həmin saxtalaşdırılmış hüquq verən rəsmi sənədi Zərərçəkmiş şəxs təqdim edərək etibardan suiistifadə etmə və aldatmaqla sonuncudan 2022-ci ilin sentyabr ayında ünvan 2 ünvanında yerləşən 31 saylı notariat kontorunun qarşısında 9.500 manat, 2022-ci ilin oktyabr ayında isə ünvan 3 ünvanında yerləşən “Nərimanov” parkında oğlu Şahid3 vasitəsi ilə 500 manat pul alıb, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 10.000 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022ci ilin avqust ayında “tap.az” elan saytında sənədlə ona məxsus olan Binə «Atçılıq» yaşayış sahəsində yerləşən 2 sot torpaq sahəsini 10.700 manata satışa çıxarmışdır. Həmin torpaq sahəsini təxminən 2017-ci il tarixdə Bəxtiyar adlı şəxsdən 5.000 manata almış, həmin torpaq sahəsinin tikinti və bərpa işləri üçün təxminən 4.000-4.500 manat pul xərcləmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının ortalarında satışa çıxartdığı torpaq sahəsi ilə bağlı Xətayi ilə telefon danışıqları olmuş, telefon danışığı zamanı Xətayi bildirmişdir ki, vətən müharibəsi döyüşçüsüdür və həmin torpaq sahəsini 10.000 manata ona satmağını təklif etmiş, o da bu təklifi qəbul etmiş telefon danışığından 2-3 gün sonra Xətayi yenidən zəng etmiş və 31 saylı Notariat Kontorunda alqı-satqı etməyi, torpaq sahəsilə bağlı etibarnamə verməsini xahiş etmişdir. 21 sentyabr 2022-ci il tarixdə Xətayi ilə 31 saylı Notariatda görüşüb, ona rəsmi qaydada torpaq sahəsilə bağlı etibarnamə vermiş və daha sonra notariusun çıxışında o, 9.500 manat pul verib, qalan 500 manatı pulu da 2-3 gün sonra görüş zamanı verəcəyini bildirmişdir. Bir neçə gün sonra Xətayi əlaqə saxlayb, qalan 500 manat pulu vermək istədiyini bildirmiş, oğlu Fuada bu barədə demiş, 30 oktyabr 2022-ci il tarixdə oğlu Fuad «Nərimanov» parkında Xətai ilə görüşüb 500 manat pulu ondan götürmüşdür. Təxminən 2023-cü ilin iyul-avqust aylarında Xətai zəng edərək bildirmişdir ki, ona satdığı torpaq sahəsində tikinti-bərpa işləri aparmaq istəyir, lakin «SOCAR»ın əməkdaşları bu işdə maneçilik törədirlər, tikintiyə icazə vermirlər. Xətayiyə bildirmişdir ki, bu barədə heç bir məlumatı yoxdur, həmin ərazidə qonşular necə, hansı formada tikinti aparırlarsa sən də da həmin tərzdə tikintini apar. Bundan əlavə Xətayi bildirmişdir ki, həmin torpaq sahəsi ilə bağlı sənədlər saxtadır və kökü yoxdur, ona bildirmişdir ki, torpaq sahəsini Bəxtiyar adlı şəxsdən almış, o da həmin sənədləri vermişdir. Alqısatqı zamanı notariusun müdiri və bələddiyə sədri də Xətaiyə bildirmişdir ki, həmin sahədə olan torpaqların hamısının sənədi eynidir və bunların kökü arxivdə yoxdur. Yaranmış bu problemdən sonra Xətai torpaq sahəsini satmaq üçün ondan köməklik etməyini istəmiş, ona bildirmişdir ki, qonşularla əlaqə saxlasın, həmin torpaq sahəsini ona satdıqdan sonra qonşular torpaq sahəsini ondan istəmişdilər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs verdiyi topaq sahəsinə dair sənədi 2017-ci ildə Şahid2 almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən 10000 manat ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə həmin hissədə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş AR CM-nin 320.2-ci maddəsi ilə ittihamda özünü təqsirli bilib, yekunda CM-nin 320.2-ci maddəsi ilə cəlb etmə müddəti keçdiyindən məsuliyyətdən azad olunmasını xahiş etmiş və bununla bağlı ərizəni məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəməyə vermiş olduğu çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını, iş üzrə həmin hissədə icraata xitam verilməsini və AR CM-nin 320.2-ci maddəsi ilə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında “tap.az” saytında Binə «Atçılıq» sahəsində yerləşən 2 sot torpaq sahəsinin 10.700 manata satışa çıxarıldığını görüb, həmin torpaq sahəsinin sahibinin oğlu Fuadla telefon əlaqəsi saxlayıb, 2022-ci ilin sentyabr ayında onunla Nərimanov ərazisində yerləşən kafedə görüşərək həmin torpaq sahəsini 10.000 manata razılaşmışlar. Orada Fuad torpaq sahəsinin 1990-cı ildə sovxoz tərəfindən verilmiş çıxarışını təqdim edib bildirmişdir ki, həmin sənəd əsasında torpaq sahəsində tikinti aparılmasına icazə verilir. Bu razılıqdan sonra ona pulu bankdan götürərək verəcəyini və problem yaşamaq istəmədiyini bildirmiş, Fuad isə demişdir ki, həmin torpaq sahəsində tikinti aparmaq ilə bağlı heç bir problem yoxdur. Bundan bir neçə gün sonra o, 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə 31 saylı Notariat Kontorunda görüş zamanı Qafurdan torpağın sənədinə və tikintinin aparılmasına dair məlumat verməsini xahiş etmiş, Qafur da bildirmişdir ki, veriləcək sənəd əsasında tikinti apara bilər və yalnız polis əməkdaşlarından müvafiq şifahi icazə alınmasının lazım olduğunu bildirmişdir. Bundan sonra Qafur həmin torpaq sahəsilə bağlı notarius vasitəsilə müvafiq etibarnamə vermiş, orada sənədlə bağlı işi həll etdikdən sonra notariusun qarşısında ona 9.500 manat pul vermiş, razılığa əsasən qalan 500 manat pulu isə 1 ay müddətində verməli idi. 2022-ci ilin təxminən oktyabr ayının sonlarında Fuad telefon vasitəsilə zəng edərək 500 manat pulu istəmiş və o həmin pulu tapıb 2 gün sonra Bakı şəhəri, Nərimanov rayonu, «Nərimanov» parkında onunla görüşərək 500 manat pulu ona vermişdir. Bundan sonra həmin torpaq sahəsində tikinti aparmaq istədikdə «SOCAR»ın əməkdaşları həmin əraziyə gələrək bildirmişlər ki, həmin ərazi «SOCAR»a məxsus olduğu üçün orada tikinti aparmaq qəti qadağandır. Qafurla Fuadın təqdim etdiyi sənədi onlara təqdim etmiş, onlar da bildirmişlər ki, həmin ərazi qanunsuzdur və tikinti aparmağa icazə yoxdur. Bundan sonra rəsmi qaydada «SOCAR»a müraciət etsə də, onlar yazılı olaraq ərazinin neft kəmərlərinin mühafizə zonasında olduğunu yazılı olaraq bildirmişlər. Bundan sonra Abşeron rayon Milli Arxiv İdarəsinə müraciət etmiş, oradan da rəsmi olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs adına 12 iyun 1990-cı il tarixli, 135 nömrəli müvafiq sənəd aşkar edilməmişdir. Daha sonra Xəzər rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət etmiş, oradan da bildirmişlər ki, həmin torpaq sahəsin «SOCAR»ın mühafizə zonasındadır, həmin torpaq sahəsinin Xəzər rayon İcra Hakimiyyətinə aidiyyəti yoxdur. Qafur torpağa dair etibarnamə verdiyi zaman həmin sənədin arxivi olduğunu, qanuni verildiyini və həmin sənəd əsasında Dövlət Reyestri xidmətindən mülkiyyətə dair müvafiq çıxarış ala biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəyən ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İmanov X3 Qafur Xanəli oğlu barəsində həmin hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, onunla münasibətləri normaldır. Təxminən 10-11 il bundan qabaq «Binə atçılıq» qəsəbəsi ərazisində parnikdə işləyərkən Binə qəsəbəsində makler işləyən İbiş adlı şəxsin torpaq sahəsi satdığını bilib, onunla razılaşaraq 0,02 ha yəni 2 sot torpaq sahəsi almağa qərar gəlmiş, həmin torpaq sahəsinin hansı qurumun istifadəsində olmasını öyrənməmiş, yalnız İbiş boş sahəni satdığını bildirmiş, o, da onunla razılaşıb xatırlamadığı məbləğdə pulu ona vermişdir. Torpaq sahəsi alanda İbiş onun adına heç bir sənəd təqdim etməmiş, ondan torpaq sahəsinə dair hər hansı sənəd tələb etməmişdir. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsini mişar daşı ilə hasara almış və qapı qoymuşdur. Həmin torpaq sahəsini hasara aldıqda kimsə yaxınlaşmamış, torpaq sahəsinə dair sənəd tələb etməmişdir. Təxminən 5-6 il bundan qabaq həmin torpağı satmaq qərarına gəlmiş və torpağın satışını kürəkəni Bəxtiyara həvalə etmiş, Bəxtiyar bildirmişdir ki, torpağı qardaşı Təqsirləndirilən şəxs almaq istəyir, Bəxtiyara bildirmişdir ki, Qafurgil torpağın ona məxsus olduğunu bilməsin. Qafurla torpaq sahəsini 5.000 manata almağa Bəxtiyarla razılaşmış, Qafur ilkin olaraq 2.000 manat pul vermiş, bundan sonra isə Bəxtiyar bildirmişdir ki, Qafur həmin torpaq sahəsinə dair sənəd tələb edir, bu səbəbdən o, Binə qəsəbəsində İbişlə görüşüb torpağı satmaq istədiyini, həmin torpaq sahəsinə dair sənəd lazım olduğunu bildirmiş, İbiş isə bildirmişdir ki, «satdığın adamın şəxsiyyət vəsiqəsini gətir, ona uyğun sənəd düzəldib verəcəm». Bundan sonra Bəxtiyar Qafurun şəxsiyyət vəsiqəsini gətirib ona vermiş, o da sənədi aparıb İbişə vermiş, İbiş də təxminən 2 gün sonra Qafurun adına sənəd düzəldib ona vermişdir. Həmin sənəd birbaşa Qafurun adına yazılmışdır. Həmin sənəddə qeyd olnmuşdur ki, torpaq sahəsi Qafura 1990-cı il tarixdə «Donuzkökəltmə sovxozu» tərəfindən verilmişdir. Həmin sənədi Bəxtiyara vermiş, Bəxtiyar da həmin sənədi Qafura vermişdir. Həmin torpaq sahəsində Qafur müəyyən tikinti işləri aparmış və yarımçıq saxlamışdır. Qalan 3.000 manat pulu isə Qafur hissə-hissə olmaqla Bəxtiyar vasitəsilə ona vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İttiham elan edilməsi üçün şəxsin tutulması barədə” 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə saat 15:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri tövsif edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1705/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək o, dərhal məhkəmə iclas zalından azad edilmiş və xx.xx.2024-cü il tarixədək barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində başqa qətimkan tədbirinin seçilməsi barədə” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «ev dustaqlığı» qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 13 fevral 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1661 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 28 dekabr 1990-cı il tarixli, 1566 nömrəli çıxarışın üzərində olan möhür əskləri şırnaqlı printerdə çap edilmişdirlər. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, 12 iyul 1990-cı il tarixli, 135 №-li Abşeron rayon «Dönuzkökəltmə sovxozu» üzrə əmrdan çıxarış maddi sübut kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İmanov X3 Qafur Xanəli oğlu ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, cinayət işi üzrə həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir; "xxxx" ASC-nin Təbriz filialının xx.xx.2024-cü il tarixli, 922 nömrəli ödəniş qəbzi, "xxxx" ASCnin Ordubad filialının xx.xx.2024-cü il tarixli, 27431 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 2.500 manat pul ödənilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.4-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (10000 manat-25 faizi 2500 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Eyni zamanda məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 320.2-ci maddəsi ilə cinayət işi üzrə cəlb etmə müddətləri keçdiyindən həmin hissədə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 15.2 və 15.3-cü bəndlərinə görə 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.1. və 75.2. bəndlərinə görə, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, «Binə Atçılıq» adlanan ərazidə 0,02 ha «SOCAR»ın daimi istifadəsinə ayrılmış ərazisində olan torpaq sahəsini özünə məxsus olan torpaq sahəsi kimi təqdim edib, 2017-ci ildə əldə etdiyi Abşeron rayon «Donuzkökəltmə sovxozu» tərəfindən 28 dekabr 1990-cı ildə ona verilməsi saxta olaraq əks olunmuş, üzərində möhür əkslərinin şırnaqlı printerdə çap olunduğu 12 iyul 1990-cı il tarixli, 135 №-li Abşeron rayon «Dönuzkökəltmə sovxozu» üzrə əmrdan çıxarışın saxta sənəd olduğunu bilə-bilə həmin saxtalaşdırılmış hüquq verən rəsmi sənədi Zərərçəkmiş şəxs təqdim edərək etibardan sui-istifadə etmə və aldatmaqla sonuncudan 2022-ci ilin sentyabr ayında ünvan 2 ünvanında yerləşən 31 saylı notariat kontorunun qarşısında 9.500 manat, 2022-ci ilin oktyabr ayında isə ünvan 3 ünvanında yerləşən “Nərimanov” parkında oğlu Şahid3 vasitəsi ilə 500 manat pul alıb, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 10.000 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi yuxarıda sadalanan epizod üzrə törətmiş olduğu AR CMnin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan hər bir cinayət üzrə müvafiq olaraq AR CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət keçdiyindən və təqsirləndirilən şəxs göstərilən maddələr üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə xitam verilməsinə razılıq verdiyindən həmin epizod üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin hissələrdə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Odur ki, məhkəmə AR cinayət və cinayət prossesual qanunvericiliyin tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı mövqeyi nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.2-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə -qeyd olunan epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, maddi sübut 12 iyul 1990-cı il tarixli, 135 №-li Abşeron rayon «Dönuzkökəltmə sovxozu» üzrə əmrdən çıxarış cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilsin və o həmin hissədə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Maddi sübut - 12 iyul 1990-cı il tarixli, 135 №-li Abşeron rayon «Dönuzkökəltmə sovxozu» üzrə əmrdən çıxarış cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-272/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-272/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver