Məhkəmə qərarları › İş №1(005)-273/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-273/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-273/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, C.Qurbanov küçəsi, ev 18, mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdə, saat 12:57 dəqiqədə “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi "Volkswagen Jetta minik" markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunun Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 saylı məhəllənin qarşısından keçən hissəsində üzü "20 yanvar" metrostansiyası istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə tormozlama əməliyyatı aparıb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə avtomobili dayandırmağa texniki imkanı olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq markası və dövlət qeydiyyat nişanı qeyd olunan avtomobilin qabaq sol tərəfi ilə avtomobilin hərəkət istiqaməti üzrə sağdan sola hərəkət edən piyada X4 vurmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi Əli Bayramovun açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, pnevmosefaliya, alın sümüyünün kəllə əsasına keçən sınığı, sol bazu sümüyünün yuxarı üçdə birinin sınığı, alın, təpə, gicgah, ənsə nahiyələrinin və sol çiyin qurşağının əzilmiş-cırılmış yaraları, sol qalça tini nahiyəsinin, sol əlin arxa səthinin, sağ ayaq pəncəsinin sıyrıqları, sol diz oynağının şişkinliyi və sıyrığı kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq 31 mart 2021-ci il tarixdə ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilmədiyini bildirərək ifadəsində göstərmişdir ki, 30 mart 2021-ci il tarixdə günorta saatlarında idarə etdiyi avtomobillə öz hərəkət zolağında müəyyən olunmuş sürət həddində Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü "20 yanvar" metrostansiyası istiqamətində hərəkət etmişdir. Avtomobilin qabaq sağ oturacağında dayısı oğlu Bəxtiyar oturmuşdur. Həmin vaxt eyni istiqamət üzrə avtomobil yolunun Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 saylı məhəllənin qarşısından keçən hissəsində 5 zolaqlı hərəkət yolunun sol tərəfdən üçüncü hərəkət zolağında təxminən 60 km/saat sürətlə hərəkətdə olan zaman piyada hərəkət istiqaməti üzrə avtomobil yolunu sağdan sola keçməyə başladı. İti yerişlə hərəkət zolağına çıxdı. Piyadanı görən zaman artıq avtomobili ilə onun arasında ara məsafəsi az olduğundan, o, hər hansı təhlükəsizlik tədbiri görə bilməmişdir. Hərəkətdə olduğu sürətlə avtomobilinin qabaq sol tərəfi ona çırpıldığından, yol-nəqliyyat hadisəsi baş vermişdir. O, dərhal avtomobili saxlayıb aşağı düşəndə piyadanın xəsarətlər aldığını görmüşdür. Daha sonra piyadanı idarə etdiyi avtomobil ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Əli Bayramova tibbi yardım göstərsələr də, həyatını xilas edə bilməmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hərəkət zolağında piyadanın olacağını gözləmirdi. Hərəkət zolağında sürət həddi 90 km olardı. Onunla eyni zolaqda hərəkət edən avtomobil onun qabaq görüntüsünü bağlamışdır. Avtomobili texniki cəhətdən həmin anda saxlamaq imkanı olmamışdır. İbtidai istintaq zamanı sərbəst şəkildə heç bir təzyiq olmadan ifadə vermişdir. O adamı görməmişdir. Qabaqda hərəkət edən maşınla onun arasında təqribən 10 metr məsafə olardı. Sürət həddi saatda 60-70 kilometr olardı. Həmin şəxsi onunla eyni zolaqda və ondan qabaqda hərəkət edən avtomobil yana doğru hərəkət etdikdən sonra görmüşdür. Həmin avtomobilin sürücüsü avtomobili sola doğru qaçırandan sonra o, piyadanı görmüşdür. Piyada ilə ara məsafəsi 20-30 metr olardı. Piyadanı görən kimi avtomobilin əyləc sistemindən istifadə etmişdir. İbtidai istintaq zamanı özünü təqsirli bilmiş, hazırda isə özünü təqsirli bilmir. Barəsində olan cinayət işi üzrə ona bəraət verilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 30 mart 2021-ci il tarixdə, saat 15 radələrində yaşadığı evdə olan zaman Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 saylı məhəllənin qarşısında yol-nəqliyyat hadisəsi baş verib və atası Əli Bayramov xəsarətlər alıb. Onun 3 saylı şəhər Klinik Xəstəxanasına aparılması haqqında eşidəndə, dərhal həmin xəstəxanaya getmiş və dəqiqləşdirmə aparanda deyilənlərin həqiqət olduğunu görmüşdür. Xəstəxanada həkimlər atasına tibbi yardım göstərsələr də, həyatını xilas etmək mümkün olmamışdır. 31 mart 2021-ci il tarixdə atası xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında razılıq əldə edilib. Dəymiş ziyan tam şəkildə ödənilib. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, atası xəstəxanaya yerləşdirilərkən Təqsirləndirilən şəxs və onun ailəsindən bir neçə nəfər də orada olmuşlar. Onlara təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən maddi yardım göstərilib. O, xəstəxanaya gedəndə Təqsirləndirilən şəxs orada idi. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 30 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 31 mart 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14.05.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 24 aprel 2021-ci il tarixli, 37 nömrəli rəyindən görünür ki, 1. X3 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər- açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, pnevmosefaliya, alın sümüyünün kəllə əsasına keçən sınığı, sol bazu sümüyünün yuxarı üçdə birinin sınığı, alın, təpə, gicgah, ənsə nahiyələrinin və sol çiyin qurşağının əzilmiş-cırılmış yaraları, sol qalça tini nahiyəsinin, sol əlin arxa səthinin, sağ ayaq pəncəsinin sıyrıqları, sol diz oynağının şişkinliyi və sıyrığı həyati olub ölümündən əvvəl xəstəxanaya daxil olduğu 30 mart 2021-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, göstərilən şəraitdə, yəni yolu keçən zaman hərəkətdə olan avtomobilin vurması nəticəsində əmələ gələ bilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. 2. X3 ölümünə səbəb almış olduğu kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuş və ölüm xəstəxanada 31 mart 2021-ci tarixdə, saat 02:30 dəqiqədə baş vermişdir. Bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. 3. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin. pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdr. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 05 may 2021-ci il tarixli 8/843 nömrəli ekspert rəyindən görünür ki, "Volkswagen Jetta minik" markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Diskin baxışının aparılması haqqında 17 may 2021-ci il tarixli protokoldan görünür ki, 30 mart 2021-ci il tarixdə, saat 12:57:35 saniyədə avtomobil yolunun Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 saylı məhəllənin qarşısından keçən hissəsində üzü “20 yanvar” metrostansiyası istiqamətində 5 zolaqlı hərəkət yolunun sol tərəfdən 3-cü zolağında hərəkətdə olan ağ rəngli minik avtomobilinin qabaq sol tərəfi avtomobilin hərəkət istiqaməti üzrə yolu sağdan sola keçmək istəyən piyadaya çırpılır, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək piyada aldığı zərbədən yerə yıxılır. Avtomobilin sürücüsü isə avtomobili yerində saxlayaraq yerə yıxılmış piyadaya yaxınlaşır və az sonra ora toplaşmış şəxslərin köməkliyi ilə piyadanı avtomobillə oradan aparır. Maddi sübut kimi tanınma haqqında 17 may 2021-ci il tarixli qərardan görünür ki, 30 mart 2021-ci il tarixdə, saat 12:57 dəqiqədə avtomobil yolunun Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 saylı məhəllədən keçən hissəsində yol-nəqliyyat hadisəsini baş vermə şəraitini özündə ehtiva edən 1 ədəd disk ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. 18.05.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid atası X3 hüquqi varisi qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 19 may 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında 19 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə “Volkswagen Jetta” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və sahibinə qaytarılası qərara alınmışdır. 19 may 2021-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus “Volkswagen Jetta” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Sumqayıt Şəhər İH Başçısının Hacı Zeynalabdin Qəsəbəsində nümayəndəsi tərəfindən verilmiş 16 nömrəli, 08.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ünvanında qeydiyyatda olmaqla yaşayır. Yaşadığı müddət ərzində Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 17.05.2021-ci il tarixli 016-60373-1221 nömrəli məktubdan görünür ki, DİN-in Baş X8i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 24.02.2012-ci il tarixdə (24.02.2022-ci il tarixədək müddətə etibarlı olan) AB 699170 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Şahid notariat qaydada təqdim etdiyi ərizəsindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində atası X3 rəhmətə getməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən ondan şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşır və onun eyni zolaqda hərəkət edən avtomobil onun qabaq görüntüsünü bağladığını, bir sözlə avtomobili texniki cəhətdən həmin anda saxlamaq imkanının olmadığı fikirlərini onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən ibtidai istintaq zamanı, habelə məhkəmə istintaqı zamanı əldə edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsi baxımından qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 263.2-cimaddəsi ilə düzgün tövsif edilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 05 may 2021-ci il tarixli 8/843 nömrəli ekspert rəyindən görünür ki, "Volkswagen Jetta minik" markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İş materiallarında olan və məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında təyin edilərək tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2330 nömrəli, 19.10.2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən müəyyən edildiyi kimi, hərəkət üçün təhlükənin piyadanın qoşa xəttin üzərində dayandığı yerdən sola doğru keçməyə başladığı andan yaranması və həmin andan vurulmaya kimi piyadanın iti yerişlə 3.6 metr məsafə qət etməsi şəraitində Volkswagen Jetta markalı **-TG-*** dövlət qeydiyyat işanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X3 hüquqi varisi Şahid ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 200 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - “Volkswagen Jetta” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - “Volkswagen Jetta” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 200 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar