Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-274/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlunun və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Salyan rayonunun Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Muradov Elvin Mürvət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Muradov Elvin Mürvət oğlu qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, “ИЛ-686” nömrəli, 9 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə olan bir ədəd “Makarov” konstruksiyalı tapançanı, həmin silahın komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə atəş üçün yararlı, döyüş sursatı hesab edilən 04 ədəd patronu istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Elvin Muradov həmin gün saat 13:30-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq baş idarəyə gətirilib üzərinə şəxsi axtarış aparılarkən qanunsuz olaraq əldə edib əynində olan qara rəngli cins şalvarın arxa tərəfində kəmər hissədə gizlədib saxlamaqla gəzdirdiyi “ИЛ-686” nömrəli “Makarov” konstruksiyalı odlu döyüş silahı hesab edilən bir ədəd tapança və həmin tapançanın darağında olan, döyüş sursatı hesab edilən 04 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlu məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayında işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, daha sonra səhhətində yaranan problemlərlə əlaqədar Bakı şəhərinə qayıtmalı olmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə düşən zaman Bakı Beynəlxalq Hava Limanından çıxanda 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu X18 İdarəsinə aparmışlar. Orada təxminən 30 dəqiqə saxlanıldıqdan sonra polisin xidməti avtomobili ilə Baş X3 İdarəsinə gətirilmişdir. Orada mülki geyimdə olan adını bilmədiyi polis əməkdaşları tərəfindən təxminən 6-7 saat dindirildikdən sonra yazılı formada izahatı alınmışdır. X2 zaman Nardaran şəhidlərinə dair təşkil olunmuş məclisdə mərsiyyələr deməyi və bəzi dindarların adına yazdığı şeir barədə ona suallar verilmişdir. Həmçinin ondan həbs olunmuş dindar şəxslərin ailə üzvlərinə pulların yığılmasında iştirak edib-etməməsi barədə soruşulmuşdur. O, pulların yığılmasında iştirak etdiyini və sosial şəbəkələrdə dindarlara azadlıq verilməsinə dair status yazdığını bildirmiş, daha sonra həmin gün axşam saatlarında sərbəst buraxılmışdır. Tutulmamışdan təxminən 2 həftə əvvəl özünü “Cəsarət” kimi təqdim edən və Qaradağ rayonu üzrə əməliyyatçı olduğunu bildirən şəxs ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O isə istədiyi yerə gələ biləcəyini demişdir. “Cəsarət” adlı şəxs də ona başqa bir nümayəndənin onunla görüşəcəyini bildirmişdir. “Cəsarət”in ona etdiyi zəngin səhəri günü məsciddən evə gələn zaman ona tanımadığı nömrədən özünü “Nicat” kimi təqdim edən şəxs zəng etmişdir. “Nicat” özünü Ələt qəsəbəsinin sahə müvəkkili kimi təqdim etmiş və onunla görüşərək izahat almaq istədiyini bildirmişdir. O, “İnşaatçılar” metrosunun yanına yaxın olduğunu bildirdikdə “Nicat” adlı şəxs özü ora gələcəyini demişdir. Adı çəkilən metrostansiyanın yaxınlığında olan zaman qara rəngli “Lada Priora” markalı, lakin nömrəsini xatırlamadığı avtomobil onun yanında dayanmışdır. Həmin vaxt maşında polis formasında bir nəfər şəxs yerə düşmədən qapını açmış və onun Elvin olduğunu soruşmuşdur. Elvin olduğunu dedikdən sonra onun təklifi ilə maşının qabaq sərnişin oturacağında oturmuşdur. Həmin vaxt maşında onlardan başqa heç kim olmamış, maşına mindikdən sonra “Nicat” adlı şəxs ondan hara getdiyini soruşmuş, o isə evə getdiyini bildirmişdir. Yolda olan zaman polis əməkdaşı evinin istiqamətini deməyini xahiş etmiş və o, evlərinin istiqamətini ona başa salmışdır. Burada məqsəd onun yaşadığı ünvanı dəqiq öyrənmək olmuşdur. Həmin vaxt polis əməkdaşı onu yaşadığı binanın qabağına aparmış, orada maşını saxladıqdan sonra izahat verməli olduğunu bildirmişdir. Nəyə görə izahat verəcəyini soruşanda həmin şəxs hal-hazırda ona Ələt qəsəbəsində yaşamadığını, lakin qeydyyatının orada olduğunu, buna görə orada yaşamayan şəxslərin hər birindən izahat aldığını demişdir. Həmin vaxt polis əməkdaşı böyük polis şöbəsinin yaradılacağını və Ələtdə qeydiyyatda olan, lakin yaşamayan şəxslərin izahatlarının alındıqdan sonra şöbəyə təqdim olunacağını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona ailə üzvlərinin də izahat verməli olduğunu bildirmişdir. Lakin o, buna etiraz etmiş və bütün izahatları özü verəcəyini demişdir. Polis əməkdaşı avtomobili evlərinin qarşısında saxlamış və beləliklə onun yaşadığı ünvanı dəqiqləşdirmişdir. Daha sonra o, maşından düşərək evinə getmişdir. xx xxxx 2020-ci tarixdə təxminən saat 13:00 radələrində yaşadığı evdən çıxıb şəxsiyyət vəsiqəsini götürmək üçün “Asan Xidmət” mərkəzinə gedən zaman evdən təxminən 100-150 metr aralıda arxasınca bir ədəd maşın gəlmiş və onun qabağında saxlamışdır. Maşından iki nəfər mülki geyimli şəxslər düşmüş və onlardan biri onu tanıyıb-tanımadığını soruşmuşdur. Fevral ayında saxlanılan zaman Baş X3 İdarəsində gördüyü üçün onu üzdən tanımışdır. Həmin vaxt polis əməkdaşları ona maşına əyləşməyi təklif etmiş və Baş X3 İdarəsinə getməli olduğunu bildirmişlər. Hansı səbəbdən getməli olduğunu soruşanda polis idarəsində biləcəyini demişlər. Maşına əyləşmiş və əlində olan telefonunu və dərman çantasını ondan almışlar. Yolda olan zaman daha bir nəfər şəxs maşına minmiş, lakin həmin şəxsi də tanımamışdır. Daha sonra avtomobillə Baş X3 İdarəsinin həyətinə daxil olmuşlar. Maşından düşən zaman əynində olan gödəkçəsinin papağı başına keçirilmişdir və əlləri arxada onu inzibati binaya, oradan da başqa otağa aparmışlar. Otaqda 2-3 dəqiqə olduqdan sonra onu başqa bir otağa aparmışlar. Həmin otaqda başı aşağı saxlanıldığı üçün orada neçə adam olmasını dəqiq xatırlamır. Sadəcə otaqda olan adamların ayaqlarını gördüyündən təxminən orada 2-3 nəfərin olmasını bilir. Həmin vaxt üzünü görmədiyi bir nəfər şəxs əlini onun belinə atmış, oraya bir ədəd silah qoymuşdur. O, belinə soyuq dəmirdən olan əşyanın qoyulmasını hiss etdikdə buna etiraz etmək istəmiş, lakin gücü çatmamışdır. Ona bu silahın özünə məxsus olduğu deməsi tapşırılmışdır. Bundan sonra başını qaldırmış və silahın ondan çıxdığını demişdir. Orada tanımadığı 3 nəfər şəxs olmuş, psixi təsirlərə görə nəticədə ona deyilənlərlə razılaşmışdır. Daha sonra başqa otağa aparılmış, həmin otaqda çəkiliş aparılacağı ona bildirilmiş və silahın ona aid olmasını deməsi ona tapşırılmışdır. Həmin prosesdə vəkil də iştirak etmişdir. Videoçəkilişlə üzərinə baxış keçirilmiş və belindən bir ədəd silah aşkar edilmişdir. Videoçəkiliş zamanı silahı zibillikdən tapdığını və atacağını bildirmişdir. Bu sözləri ona edilən təsirə görə demişdir. Hətta videoya baxılan zaman onun gülərək bunu etiraf etməsini də aydın görmək olar. Bundan sonra protokol tərtib edilmiş, videoçəkilişdə olan proseslər həmin protokola yazılmışdır. Protokolu oxumuş və imzalamışdır. Psixoloji təsirlər altında ilkin ifadələrində silahın ona məxsus olduğunu demişdir. Əslində isə onun silahdan xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir olmasa da, psixoloji cəhətdən ona güclü təsirlər edilmiş və bu hadisənin onların dediyi kimi olacağı bildirilmişdir. Sonda təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlu bildirdi ki, onun vətənə olan sevgisi sonsuzdur. O, dindardı və bu səbəbdən də dindar dustaqlara yardım üçün pul yığmışdır. Lakin, təkcə dindar dustaqlara yox, ehtiyacı olan və ona müraciət edən hər kəsə yardım etmişdir. Atasını itirmişdir, onun tək dayağı qardaşı və anasıdır. Həbsdə olduğu müddətdə qardaşı çox əziyyətlər çəkmişdir. İlk növbədə təqsirsizdir. 2 azyaşlı övladı var. Daha sonra isə iş üzrə bütün yüngülləşdirici hallar nəzərə alınmalıdır. Belə ki, onun barəsində müsbət xasiyyətnamə var, anası xəstədir, indiyənədək bir dəfə də olsun inzibati məsuliyyətə də cəlb olunmayıb. Bütün bu halların, ilk növbədə isə onun təqsirsiz olması nəzərə alınmaqla məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhər sakini “Elvin” adlı şəxsin qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa şöbənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 da daxil olmuşdur. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Muradov Elvin Mürvət olması barədə məlumat daxil olmuş və Elvin Muradovun ünvan 2də olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin gün saat 13:30 radələrində ünvan 4 ünvanının qarşısında xarici görünüşü Elvin Muradova oxşar şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşduqda, o, Muradov Elvin Mürvət oğlu olduğunu bildirmiş, Elvin Muradova üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı daşıması barədə məlumat daxil olduğunu deyərək onu Baş X3 İdarəsinə dəvət etmişlər. Elvin Muradov buna etiraz etməmiş və onlarla birlikdə həmin İdarəyə gəlmişdir. Baş İdarədə Elvin Muradovun üzərinə şəxsi axtarış keçirilməsi İstintaq və X11 Bölməsinin baş təhqiqatçısı Yusif Yusifova həvalə edilmişdir. Bundan sonra Elvin Muradovu təhqiqatçı Yusif Yuifovun xidməti iş otağına aparmışlar. X26 hüquq və vəzifələri izah olunmuş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra Elvin Muradova qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını saxlamaqla gəzdirməsində şübhəli olması və bununla bağlı video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Elvin Muradov buna etiraz etməmiş, üzərinə şəxsi axtarış aparılmasına razı olduğunu demişdir. Elvin Muradov etiraz etmədikdən sonra üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Elvin Muradov masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli cins şalvarının arxa tərəfinə kəmər hissədə gizlədib saxladığı bir ədəd silahı və üzərində olan digər əşyaları çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Elvin Muradovun üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilmiş digər hər hansı əşya aşkar edlməmişdir. Elvin Muradovun üzərindən aşkar edilmiş əşyalara baxış keçirilmiş və üzərindən aşkar edilmiş odlu silahın içərisindəki daraqda 4 ədəd patronun olması müəyyən edilmişdir. Elvin Muradovun üzərindən aşkar edilmiş silah və onun hissələri qablaşdılaraq götürülmüş, digər əşyalar isə onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Elvin Muradov odlu silahı yaşadığı evin yaxınlığında yerləşən zibillikdən tapdığını bildirmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və protokola dair qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Elvin Muradov onun keçmiş həyat yoldaşıdır. Nikahları pozulsa da, birgə nikahdan olan uşaqları ilə əlaqədar münasibətləri var. Elvin Muradov tutulduğu gün, yəni xx xxxx 2020-ci il tarixdə Elvin uşaqları ilə görüşməli və onları parka gəzməyə aparmalı idi. Elvinə uşaqları təhvil vermək istədikdə, Elvinin “Asan xidmət” mərkəzinə gedərək şəxsiyyət vəsiqəsini götürəcəyini eşitdiyi üçün narazılığını bildirmiş və uşaqları daha sonra götürməsini istəmişdir. Çünki uşaqların “Asan xidmət” mərkəzinə getməsini istəməmişdir. Lakin, daha sonra Elvindən xəbər çıxmamış və o, uşaqları götürmək üçün gəlməmişdir. Sonradan Elvinin tutulduğunu eşitmişdir. Elvin bir insan kimi müsbət xarakterizə olunur, onun üzərində heç vaxt silah olmayıb və həmin gün də olmamışdır. Həmin gün Elvin “Asan xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsini almaq üçün getmiş və geri qayıtmamışdır. Verilmiş suala cavab olaraq bildirmişdir ki, Elvin Muradovla birbaşa yox, Elvinin anası vasitəsilə əlaqə saxlayır. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, Elvin Muradov onun qayınıdır. Elvin Muradov tutulan zaman onlar bir mənzildə yaşamışdılar. xx xxxx 2020-ci il tarixdə Elvin Muradov özünə məxsus şəxsiyyət vəsiqəsini “Asan xidmət” mərkəzindən almaq üçün evdən çıxmış, lakin geri qayıtmamışdır. Daha sonra Elvin Muradovun tutulduğunu eşitmişdir. Elvin Muradovun üzərində silah olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla X1rşı Mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri- mümkünlüyünü nəzərə alaraq xx.xx.1987-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, ünvan 5 mənzil 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 6ə yaşayan Muradov Elvin Mürvət oğlunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda qanunsuz olaraq üzərində saxlamaqla gəzdirdiyi odlu silahın və döyüş sursatının realizə olunacağı, gizlədiləcəyi, onunla başqa cinayət əməli törədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, odlu silahın və döyüş sursatının, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Muradov Elvin Mürvət oğlunun olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə dərhal üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Muradov Elvin Mürvət oğlu həmin tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin İstintaq və X11 bölməsinin baş təhqiqatçısı X22, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla X1rşı Mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 və həmin şöbənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2, şübhəli şəxs - xx.xx.1987-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, ünvan 1 mənzil 8-də qeydiyyatda olmaqla, ünvan 6ə yaşayan Muradov Elvin Mürvət oğlunun və 16 saylı Vəkil Bürosunun vəkili X14 iştirakları protokol tərtib etmişdir. BMCMİ-yə daxil olmuş məlumatda Muradov Elvin Mürvət oğlunun qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edərək üzərində saxlamaqla gəzdirməsi bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Muradov Elvin Mürvət oğlunun müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar Elvin Muradov həmin günü saat 13:30 radələrində tədbir iştirakçıları tərəfindən ünvan 7 ünvanının qarşısında qarşısında saxlanılaraq qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlamaqla gəzdirməsində şübhəli bilindiyinə görə Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Elvin Muradovun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 16 saylı Vəkil Bürounun vəkili X23 dəvət olunaraq ona təqdim olunmuşdur. Elvin Muradov hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfedensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Elvin Muradov şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib olunmuş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Elvin Muradova qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlamaqla gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Elvin Muradov əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa, könüllü olaraq təqdim etsin. Şübhəli şəxs masaya doğru yaxınlaşıb qara rəngli cins materiallı şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd Makarov tipli tapançaya bənzər əşyanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərinə baxış zamanı üzərindən 5 manat 90 qəpik pul, bir ədəd “Bakı kart” plastik kartı, ətir və sair əşyalar aşkar olundu ki, əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra şübhəli şəxsə gödəkçəsinin, şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmişdir. O, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ardınca onun təqdim etdiyi Makarov tipli tapançaya bənzər əşyaya baxış keçirilmiş və üzərində kiril əlifbası ilə yazılmış “ИЛ-686-1953” yazılarının oduğu məlum olmuşdur. Tapançaya bənzər əşyanın qundağı çıxarılmış və içində 4 ədəd patronun olduğu məlum olmuşdur. Bundan sonra tapança boş olub-olmadığı məqsədi ilə yoxlanılmış və boş olması aşkar edilmişdir. Şifahi sorğu zamanı X25 tipli tapançaya bənzər əşyanı patronları ilə birlikdə bir gün əvvəl yaşadığı evin yaxınlığındakı zibillikdən tapdığını bildirmişdir. Elvin Muradovun üzərindən aşkar olunmuş bir ədəd Makarov tipli tapançaya bənzər əşya və 4 ədəd patronlar özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq DİN-nin “6 saylı” möhürü ilə möhürlənmiş və Elvin Muradov iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 20/148R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd ИЛ-686 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1953-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların fuksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Qeyd: Təqdim edilmiş 04 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)- 321/2020 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Muradov Elvin Mürvət oğlu barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən xx.xx.2020-ci il tarixli, 011-2960-1220 nömrəli məktubdan görünür ki, 01 ədəd 9 mm kalibrli, ИЛ-686 N-li, Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 5(005)- 255/2020 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla X1rşı Mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli, 012-7936-1220 nömrəli məktubundan görünür ki, “Makarov” markalı, 1953-cü ildə istehsal edilmiş ИЛ-686 N-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur; Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxx 2020-ci il tarixli, 15/1385 nömrəli məktubundan görünür ki, 1953-cü ildə SSRl-də zavod üsulu ilə istehsal olunmuş ИЛ-686 nömrəli, 9mm “Makarov” konstruksiyalı tapança Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 2/2020 nömrəli məktubundan görünür ki, 9 mm-lik ИЛ-686 zavod nömrəli 1953-cü ildə istehsal olunmuş “Makarov” markalı tapança xx xxx 2020-ci il tarixə olan məlumata əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və X21-Artilleriya Silahları xidmətində döyüş itkisi olaraq qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X9 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Muradov Elvin Mürvət oğlu əvvəllər məhkum olunmamışdır; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Elvin Muradovun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Makarov” markalı odlu silah, tədqiqatdan sonra 01 ədəd qalmış mərmi və bir ədəd daraq maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Muradov Elvin Mürvət oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman və təqsirləndirilən şəxs qismində dindirilən zaman çəkilmiş videoçəkiliş diskləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlu etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlunun törətdiyi əməli etiraf etməməsi, yəni odlu silah və döyüş sursatları gəzdirməməsi, üzərində aparılan şəxsi axtarış zamanı həmin əşyaların onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir: Belə ki: - təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman, həmçinin şübhəli, təqsirləndirilən şəxs qismində dindirilən zaman üzərindən aşkar olunan “Makarov” tipli odlu silahı və 4 ədəd patronu xx xxxx 2020-ci il tarixdə gecə vaxtı zibil atdığı zaman tapdığını bildirmişdir. Şəxsi axtarış və götürmə, həmçinin xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirildiyi zaman videoçəkilişdən istifadə olunmuş və həmin görüntüləri əks etdirən disklər sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir; - ibtidai istintaq zamanı dindirilmiş şahidlər Şahid1, Şahid3 və Şahid2 ilə təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlu arasında ayrı-ayrılıqda üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı hər bir şahid ifadəsində qeyd etdiyi xüsusatları bir daha Elvin Muradovun üzünə qarşı demişdir; - bundan başqa “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X15, Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin İstintaq və Təhqiqat İdarəsində CM-in 228.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Muradov Elvin Mürvət oğlunun əlavə ifadəsində polis əməkdaşları tərəfindən psixi təsirlərə məruz qalmasına dair göstərdiyi xüsusat üzrə araşdırma aparmış və sonuncunun cinayəti etiraf etməsi üçün BMCMİ-nin əməkdaşları tərəfindən təzyiqlərə, eləcə də digər qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdikləri toplanmış materiallarla təsdiqini tapmadığından CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, həmçinin müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahidlər X10 və X4 ifadələrinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, həmin şahidlər ifadələrində hadisə günü Elvin Muradovun evdən çıxaraq “Asan xidmət” mərkəzinə gedəcəyini demiş və Elvin Muradovun üzərində silah olmadığını göstərmiş, lakin təqsirləndirilən şəxsin silah tapmaması, gizlətməməsi və gəzdirməməsi ilə bağlı sübut qüvvəsinə malik hər hansı məlumat verməmişlər. Müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahidlərin verdikləri ifadələr isə Muradov Elvin Mürvət oğlunun silah tapmasını, onu başqa yerdə gizlətməsini, sonradan götürərək üzərində gəzdirməsini istisna etmir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Muradov Elvin Mürvət oğlunun ifadəsində irəli sürdüyü - onun üzərinə odlu silah və sursatların polis əməkdaşları tərəfindən qoyulması, istintaq zamanı etirafedici ifadələri psixi təsir altında verməsi barədə dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlunun qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu X6 Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlunun əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Muradov Elvin Mürvət oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Muradov Elvin Mürvət oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; himayəsində iki azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin və Qaradağ rayon qeydiyyat şöbələri tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətləri); müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Salyan rayon 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamə). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Muradov Elvin Mürvət oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Muradov Elvin Mürvət oğluna məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Muradov Elvin Mürvət oğluna CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Muradov Elvin Mürvət oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Muradov Elvin Mürvət oğlunun barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)-321/2020 nömrəli qərarı ilə 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Muradov Elvin Mürvət oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixindən hesablanmalıdır (CPM-in 158.2.1-ci maddəsi). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Muradov Elvin Mürvət oğlu CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Muradov Elvin Mürvət oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman və təqsirləndirilən şəxs qismində dindirilən zaman çəkilmiş videoçəkilişin görüntülərini özündə saxlayan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd “Makarov” markalı odlu silah, tədqiqatdan sonra 01 ədəd qalmış mərmi və bir ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir (CPM-132.1.4). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Muradov Elvin Mürvət oğlunun CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Muradov Elvin Mürvət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Muradov Elvin Mürvət oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Muradov Elvin Mürvət oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Muradov Elvin Mürvət oğlunun üzərinə şəxsi axtarış keçirilən və təqsirləndirilən şəxs qismində dindirilən zaman videoçəkilişin görüntülərini özündə saxlayan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd “Makarov” markalı odlu silah, tədqiqatdan sonra 01 ədəd qalmış mərmi və bir ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-274/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-274/2020
04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver