Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-274/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, məhkumluğu olan, Sabirabad rayonu, Şəhriyar Ərazi Dairəsi, Şəhriyar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramanı qəsəbəsi fərdi tikilidə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 fevral 2023-cü il tarixdə saat 02 radələrində avtoyuyucu işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 19 ünvanında yerləşən “Capayev Pro 023” avtoyuma məntəqəsində “Mercedes-Benz GL63” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomobili yuyarkən həmin avtomobilin ön sol oturacağının yanında olan qara rəngli pul kisəsinin içindən Zərərçəkmiş şəxs məxsus ümumilikdə 15000 (on beş min) manat nağd pul vəsaitini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 15000 (on beş min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən “Capayev Pro 023” adlı avtoyuma məntəqəsində 1 gün imiş ki, avtoyuyucu kimi işləyirmiş. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində “Mercedes G klass” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəldən tanımadığı şəxs yumaq üçün gətirmişdir. O və iş yoldaşı həmin avtomobili yumağa başlamışlar. Avtomobilin içini təmizləməyə başlamışdır. Avtomobilin ön sol, yəni sürücü oturacağının sağ hissəsində qara rəngli pul kisəsi və həmin pul kisəsinin içərisində topa olaraq pulun olmasını görmüşdür. Bu zaman həmin pulu götürmək qərarına gəlmişdir. Avtomobil sahibinin kənarda olmasından istifadə edib pul kisəsinin içərisində olan pulların hamısını götürüb əlində saxlamış və fikir yayındırmaq üçün digər adını xatırlamadığı iş yoldaşını çağırıb şüşələri silməsini istəmiş və özü isə avtoyuma məntəqəsinin arxa hissəsinə keçib qaranlıqda oradan uzaqlaşmışdır. Bir az uzaqlaşdıqdan sonra pulları saymış və həmin pulların 15000 manat olmasını görmüşdür. Oradan marka və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə yaşadığı ünvana getmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Razin adlanan yerdə 4050 ABŞ dolları pulları özünə məxsus Unibank plastik kartına, 1970 manat pulu isə Leobank plastik kartına qoymuşdur. Bundan başqa Neftçilər adlanan yerdə olan “Top.az” mərc oyunları ofisində 4000 manat pul uduzmuşdur. Saxlanılan zaman üzərində olan 320 manat pulu da istintaqa təhvil vermişdir. Qalan pulları şəxsi borclarına və ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyandan 9165 manat ödəmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadədən aydın olur ki, xx.xx.2023-cü il tarixdə təxminən 02 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes G klass” markalı, **-YY-*** dövlət nömrə nişanlı avtomobili yuduzdurmaq üçün yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 19 ünvanında yerləşən “Capayev Pro 023” adlı avtoyuma məntəqəsinə gəlmiş və avtomobili yuyulması üçün həmin avtoyuma məntəqəsinin işçilərinə təhvil vermişdir. Avtoyuma məntəqəsində 2 nəfər işçi işləyirmiş, 15-20 dəqiqə ərzində avtomobilin üst hissəsi yuyulduqdan sonra işçilərdən biri qapıları açaraq avtomobilin içini təmizləməyə başlamışdır. Halbuki həmin şəxslərə avtomobilin içinə daxil olmasına icazə verməmişdir. Həmin şəxs avtomobilin qapılarını açaraq içini təmizləməyə başlamışdır. Bundan sonra həmin şəxsin avtomobilin təmizliyini yarımçıq qoyaraq arxa tərəfə getməsini görmüş, onun hərəkətlərindən şübhələndiyi üçün avtomobilinə yaxınlaşaraq digər yuyucudan onun hara getməsini maraqlanmış, həmin işçi isə otağa getməsini bildirmişdir. Şübhələri azalmadığı üçün avtomobilinə daxil olaraq ön sürücü oturacağının yanına qoyduğu qara rəngli pul kisəsinin içinə baxdıqda əvvəldən qoyduğu 15000 manat pulun yerində olmadığını görmüş və təcili həmin işçinin getdiyi yerə tərəf getsə də artıq həmin işçi orada deyilmiş. Bundan sonra polisə məlumat vermişdir. İlkin olaraq pul kisəsində pulun olmadığını görmüş və DİN-in “102” XZM-nə məlumat vermişdir. Çünki, onun pul kisəsində pulu 20000 manatdan çox olmuş, lakin, sonradan baxdıqda görmüşdür ki, onun topa şəkildə olan 15000 manat pulu oğurlanmışdır. Həmin şəxsin pulu oğurlayaraq qaçmasını görməmişdir. Sadəcə ondan şübhə etdiyi üçün avtomobilə baxış keçirmişdir. Ona dəymiş 15.000 manat maddi ziyandan 9165 manat təqsirləndirilən şəxs tərəfindən geri ödənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda avtomobil yuma məntəqəsi yerləşir. Həmin məntəqə iki qaraj tipli tikilidən ibarətdir. Yanında isə ehtiyat hissələri mağazası vardır. Qarşı tərəfdə isə "xxxx" ASC-nin inzibati binası var. Zərərçəkmiş şəxs ona məxsus qara rəngli “Mercedes G klass” markalı avtomobilinin içindən 15.000 manat pul oğurlandığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 320 manat pul, sarı rəngli Unibanka məxsus **********266135 nömrəli və qara rəngli Leobanka məxsus **********160502 nömrəli plastik bank kartları götürülmüşdür. Təqsirləndirilən şəxs deməsinə görə həmin 320 manat pul, göstərilən kartlarda olan 4050 ABŞ dolları və 1970 manat pul zərərçəkmiş şəxsdən oğurladığı pullardır. “Şübhəli ifadəsinin yerində yoxlanılması barədə” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə ünvan 1 ünvanda yerləşən “Capayev Pro 023” adlı avtoyuma məntəqəsində baş vermişdir. “Mercedes Benz GL 63” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içini təmizləyərkən avtomobilin ön sol oturacağının kənarına qoyulmuş qara rəngli pul kisəsinin içərisində olan topa pulu görmüş və həmin pulu gizli olaraq götürmüşdür. Pulu saydıqda 15.000 manat olmasını müəyyən etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-253/2023 nömrəli, 25 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “İstintaq hərəkətinin aparılması haqqında” 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus Redmi markalı mobil telefonda olan bank tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs təqdim etdiyi 4098 0944 2100 8887 nömrəli plastik bank kartına 4050 ABŞ dolları və 1960 manat pulu köçürərək dəymiş ziyandan ödəniş etmişdir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 320 manat nağd pul, “Unibank”a məxsus **********266135 nömrəli və “Leobank”a məxsus **********160502 nömrəli plastik bank kartları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 320 manat nağd pul Zərərçəkmiş şəxs təhvil verilmiş, plastik bank kartları isə cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs Heydərov X1 Asəf Aslan oğlu tərəfindən istintaqa təqdim edilmiş 320 manat pulu təhvil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-378/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs dəymiş 15.000 manat ziyandan 9165 manatın Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-196/2023 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 320 manat nağd pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut qismində tanınmış “Unibank”a məxsus **********266135 nömrəli və “Leobank”a məxsus **********160502 nömrəli plastik bank kartları Təqsirləndirilən şəxs qaytarılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 1(007)-196/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 03 il müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 320 manat nağd pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Unibank”a məxsus **********266135 nömrəli və “Leobank”a məxsus **********160502 nömrəli plastik bank kartları Təqsirləndirilən şəxs qaytarılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-274/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-274/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver