Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-274/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,872 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 mart 2024-cü il tarixdə saat 14:45 radələrində Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov 9 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasında gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,872 qram olan tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 mart 2024-cü il tarixdə, saat 07 radələrində yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 49A ünvanının yaxınlığında gəzişən zaman yerdə bir ədəd büküm olduğunu görmüş və həmin büküm onun diqqətini cəlb etmişdir. Buna görə də, bükümü yerdən götürüb baxan zaman içərisində narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. Tapmış olduğu heroini əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, lazım olan zaman istifadə edər. 04 mart 2024cü il tarixdə, saat 14:45 radələrində yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 49A ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis İdarəsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd bükümü və sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni 04 mart 2024-cü il tarixdə yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 49A ünvanının yaxınlığından yerdən tapdığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 04 mart 2024-cü il tarixdə Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Həmin gün saat 14:15 radələrində ünvan 5 ünvanının yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını və verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdığını görüb sonuncunu saxlayaraq Nərimanov RPİ-nə gətirmişlər. İdarədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla idarənin rəhbərliyinə məruzə etmişlər və təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Samirə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Samir də əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd bükümü və sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 49A ünvanının yaxınlığından yerdən tapdığını bildirmişdir. Sonra Samirin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Samirin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Samir tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 19-20-ci vərəqələrində olan “Şübhəli şəxsin tutulması haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 32-33-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Tuqay Mehtiyev, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparıldı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoydu və daha sonra sol yan cibində özünə məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoydu. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Təqsirləndirilən şəxsdan təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirildi. Təqsirləndirilən şəxs 01 ədəd bükümdə olan maddənin narkotik vasitə “kakos” olmasını və həmin bükümü bu gün səhər saatlarında yaşadığı ünvan 6 ünvanın yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sual verilərək həmin 01 ədəd bükümü nə üçün üzərində gəzdirildiyi soruşulduqda o da özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara 01 ədəd bükümdə içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərflərə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərflərin içərisi iştirakçılara göstərildi və həmin zərflərin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm zərfə qoyularaq zərfin ağızı Nərimanov Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş «44» nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərinə baxış keçirilib-keçirilmədiyi soruşulmuş və Polis İdarəsinə gətirilən zaman və Polis İdarəsində olduğu zaman hər hansı bir zorakılığın olub-olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərinə polis əməkdaşları tərəfindən heç bir baxış keçilmədiyini və ona qarşı polis əməkdaşları tərəfindən Polis İdarəsinə gətirilən və Polis İdarəsində olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1319 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,872 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 61-62-ci vərəqələrində olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Elmin Abdullayev icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 90, 92 və 236.1-cı maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Nərimanov RPİ-nin TŞ-dən daxil olmuş üzərində ağ rəngli DVD-R formatındakı disk məlumatlarına baxış keçirmiş, baxış zamanı aşağıdakılar müəyyən edildi: Həmin disk «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 1 ədəd “00052” adlı video fayl aşkar olundu. Baxış zamanı məlum olmuşdur ki, həmin “00052” adlı faylda əks edilmiş görüntülər 04 mart 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nərimanov RPİ-də xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Tuqay Mehtiyevin qarşı hissəsində masa arxasında əyləşmiş şəxs, Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X6, ayaq üstə dayanmış əynində tünd boz rəngli şalvar, bozumtul rəngli gödəkcə və papaq olan şəxs Təqsirləndirilən şəxs, ayaq üstə dayanmış və adları təhqiqatçı tərəfindən sadalanan Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2dir. Video çəkilişin davamında təhqiqatçı Tuqay Mehtiyev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü və sol yan cibindən 01 ədəd “AZE********” seriyalı şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanının yaxınlığından yerdən tapdığını bildirməsi və həmin bükümün zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanının yaxınlığından yerdən tapdığını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Cinayət işinin 83-84-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Mahmudov X3 RPİ-nin MSY-dən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 1521 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-113-cü vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,872 qram olan narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,822 qram çəkidə narkotik vasitə olan heroinin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin 1-ci və 7-ci bəndləri, 181.3.1, 181.3.2, 181.3.3, 228.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-274/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, barəsində xx.xx.2024-cü il tarixdən 61843 saylı axtarış işi açılmış xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,872 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 8 (səkkiz) il müddətinin axımı onun cəzadan azad edildiyi gündən, yəni xx.xx.2017-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 04 mart 2024-cü il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,822 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, ÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-274/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-274/2024
18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver