Məhkəmə qərarları › İş №1(005)-275/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-275/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-275/2020 26.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Abşeron rayonunun Qobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Yeni Yaşayış massivi, Binəqədi yolu, döngə 5, ev 13 ünvanında qeydiyatda olan, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-cı il tarixli, 4(004)-325/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış və daşımış, xx xxx 2020-ci il tarixdə saat 06:10 radələrində ünvan 1 ünvanının yaxınlığında olarkən, Nərimanov Rayon Polis X2 Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki qara rəngli idman şalvarın sağ yan cibində bir ədəd siqaretin gümüşü rəngli kağız bükümdə şəffaf polietilen bükülünün içərisində 1,059 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2020-ci il tarixdə təxminən saat 06:10 radələrində tanışı Şahid4 ilə birlikdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 36 saylı ünvanın yaxınlığında dayanıb taksi gözləyən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edib onları Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Nərimanov RPİ-də video çəkilişlə üzərinə baxış keçirilmiş və baxış zamanı ona üzərində hər hansı bir qanunsuz əşyaların olub-olmadığını və həmin əşyaları masa üzərinə qoyması təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə şəffaf polietilen bükülünün içərisindəki psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmişdir. Bu zaman həmin maddə psixotrop maddə olan metamfetamin olduğnu və onu xx.xx.2020-ci il tarixdə “Urfan” adlı şəxsdən öz istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis X2 Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 qanunsuz narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatın həqiqiliyinin və qanuniliyinin yoxlanılması məqsədi ilə Nərimanov RPİ-nin rəhbərliyinə raportla məruzə olunmuş və bundan sonra əməliyyat qrupunun tərkibinin yaradılması barədə əmrə əsasən Təqsirləndirilən şəxs və Şahid4 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 06:10 radələrində Təqsirləndirilən şəxs və Şahid4 ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 saylı ünvanın qarşısında onlara yaxınlşaraq özlərini təqdim edib Nərimanov RPİ-yə gətirib rəhbərliyə raportla məruzə etmişdir. Həmin raportun icrası Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı Rafiq Agəliyevə həvalə olunduğundan onun xidməti otağında Təqsirləndirilən şəxs və Şahid4 üzərində ayrıayrılıqda şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış keçirilən zaman baş təhqiqatçı Rafiq Ağəliyev tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş və olduğu təqdirdə həmin əşyaları könüllü təqdim etmək ona təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümdə şəffaf polietilen bükülünün içərisində olan maddəni könüllü olaraq təqdim edərək həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni öz istifadəsi üçün xx.xx.2020-ci il tarixdə “Urfan” adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm maddə zərfə qoyulmuş, həmin zərfin üzəri axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokol Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra Şahid4 üzərində baş təhqiqatçı Rafiq Ağəliyev tərəfindən videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmış, lakin onun üzərindən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis X2 Bölməsinin əməliyyat müvəkkili Şahid2 və Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, Təqsirləndirilən şəxs təxminən iki aydır tanıyır və onunla Nəsimi rayonu, D.Əliyeva küçəsi 235 saylı mənzildə bir yerdə yaşamışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında evdə yatan zaman Əli onun mobil nömrəsinə zəng edərək onunla birlikdə tanışının evinə getməyi təklif etmiş, o isə buna etiraz etmədiyindən Əli ona taksi ilə Nərimanov rayonu ərazisində yerləşən Şəki restoranının qarşısına gəlməsini bildirmişdir. O, həmin ünvana gəlmiş və Əli ilə görüşüb gedəcəkləri ünvana getmək istəyən zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onları Nərimanov RPİ-nə dəvət etmişlər. Nərimanov RPİ-nin xidməti otaqlarından birində ona üzərində olan qanunsuz əşyaları masa üzərinə qoymaq təklif olunmuş və o, üzərində olan əşyaları masa üzərinə qoyandan sonra şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Əlinin narkotik vasitə qəbul etməsi barədə məlumatı olsa da, sonuncu dəfə Əli ilə görüşən zaman Əlinin üzərində narkotik və ya psixotrop maddə olmasını bilmirdi. Özü əvvəllər narkotik vasitə olan şüşə qəbul etmiş, lakin Əli onun narkotik vasitə qəbul etməsini bilməmişdir. Sonuncu dəfə 2020-ci ilin mart ayında narkotik vasitə qəbul edib və hal-hazırda narkotik vasitə aludəçisi olmadığı üçün narkotik vasitə qəbul etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Vaqif Müslümov tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1991-cı il təvəllüdlü, Abşeron rayonunda anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Y/M, Binəqədi yolu, döngə 5, ev 13-də qeydiyyatda olan və Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 235A-da kirayədə yaşayan Təqsirləndirilən şəxs və Masallı rayonunda anadan olmuş, Nəsimi rayonu, D.Əliyeva küçəsi 235A-da kirayədə yaşayan Şahid4 narkotik vasitələrin əldə etməsində, istifadəsində və üzərində gəzdirməkdə şübhəlidirlər və xx.xx.2020-ci il tarixdə təxminən saat 06:10 radələrində ünvan 1 ünvanında yerləşən mebel satış mərkəzlərinin yaxınlığında olacaqlar və qanunsuz əldə etdiyi narkotik vasitə olan metamfetamini üzərində gəzdirməsi ehtimal olunur. Məlumat etimad doğuran və qərəzsiz mənbəndən daxil olmuşdur. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Y/M, Binəqədi yolu, döngə 5, ev 13-də qeydiyyatda olan və Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 235A-da kirayədə yaşayan Təqsirləndirilən şəxs və Masallı rayonunda anadan olmuş, Nəsimi rayonu, D.Əliyeva küçəsi 235A-da kirayədə yaşayan Şahid4 cinayət başında yaxalanması və ifşa olunmasından ötrü onun üzərinə baxış keçirilməsi kimi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməlidir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin gecə saatlarında və təxirəsalınmaz olduğunu nəzərə alıb Təqsirləndirilən şəxs və Şahid4 olduğu ərazinin müşahidə edilməsi, üzərlərinə baxış keçirilməsi və qanunla nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və qərarın surətinin 48 saat müddətində Nərimanov rayon prokurorluğuna və məhkəməsinə təqdim edilməsi qərara alınmışdır; “Tutma haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:50-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx xxx 2020-ci tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, həmin bölmənin baş əməliyyat müvəkkili Şahid2, Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə kiçik inspektoru Şahid3 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2020-ci il tarixdə, saat 06:10 radələrində ünvan 1 saylı ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş ƏAT-i nəticəsində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar arsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxardaraq könüllü təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki şüşə kimi tanıdığı, elmi adı “Metamfetamin” olan psixotrop maddədir. Həmin bükülunü açıb içərisinə baxdıqda içərisində şəffaf rəngli polietilenə bükülmüş toz və xırda kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisindəki metamfetamini xx xxx 2020-ci il tarixdə, təxminən saat 23:30 radələrində Urfan adı ilə tanıdığı tanışından 40 (qırx) manata almış və öz istifadəsi üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, ehtiyacı yarandıqda istifadə etsin. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/693 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,059 qram ağ rəngli krisrallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 1,059 qram, sərf edildi: 0,05 qram, qalıq - 1,009 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİnin İŞ-nin müstəntiqi Yavər Məmmədlinin xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx xxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-nin icraatında CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 5(005)- 404/2020 nömrəli qərarından görünür ki, “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Vaqif Müslümov tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxx 2020-ci il tarixli, 1286 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-stifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(004)-325/2020 nömrəli qərarından görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 icraatıda olan, CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə xx xxx 2020-ci il tarixdə Nərimanov RPİ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman onun təhqiqatçının təklifi ilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümdə şəffaf polietlen bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində ağ kristal şəkilli maddə olması müəyyən olunmuşdur; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə məhkəməkimyəvi ekspertizasının müayinəsinə təqdim edilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,059 qram ağ rəngli krisrallardan ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 1,009 qram psixotrop maddə metamfetamin məhkəmə baxışınadək saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin təmiz çəkisi 1,059 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cinayəti etiraf etməsini və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı iki gün (07-xx xxx 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CMin 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videoçəkiliş diski cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X7 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X5 iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablansın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan - 1,009 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. X10 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına (AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 98a, mənzil 4, hesablaşma hesabı – AZ39AİİB********************, “xxxxxxxxxxx” ASC-nin Nərimanov filialı, kod-200093, VÖEN - **********) köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar