Məhkəmə qərarları › İş №1(005)-275/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-275/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-275/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Dilənova Aydan Vüsal qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi “Femida” Vəkil Brosunun vəkili X2, 18 saylı Vəkil Bürosunun vəkili X1 və onunun qanuni nümayəndəsi X3, digər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X5 Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs1 12 sentyabr 2023-cü il tarixdə saat 17:20 radələrində qonşusu, xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs “Chevrolet” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı məhəllədə guya yüksək sürətlə idarə etməsini bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, ictimai yerdə yəni, ünvan 1 ünvanının qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarına zidd olaraq, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ona, sağ gözaltı və sağ almacıq və sağ ənsə nahiyələrinin yumşaq toxumalarının şişkinlik halında əzilmələri – hematomaları, sol qulaq seyvanının arxa səthinin qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 12 sentyabr 2023-cü il tarixdə saat 17:20 radələrində qonşusu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs “Chevrolet” markalı **-PU- *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı məhəllədə guya yüksək sürətlə idarə etməsini bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, ictimai yerdə yəni, ünvan 1 ünvanının qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarına zidd olaraq, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ona, sağ gözaltı və sağ almacıq və sağ ənsə nahiyələrinin yumşaq toxumalarının şişkinlik halında əzilmələri – hematomaları, sol qulaq seyvanının arxa səthinin qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 303.3.1ci maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı cinayət işi üzrə hazırlıq iclasının yekununda işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Məhərrəm oğlu işin məhkəmə baxışına təyin edilib-edilməməsi ilə bağlı məsələnin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəməyədək ibtidai istintaq orqanında vəkil tərəfindən təmin olunmadığını, müdafiə hüququnun pozulduğunu, cinayət işi üzrə vəkil kimi qeyd olunan müdafiəçini aparılan istintaq hərəkətlərinin heç birində görmədiyini bildirmiş və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdfiəçi ilə təmin olunmadığını, ümumiyyətlə müdafiəçini görmədiyini bildirmiş və barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X9 ibtidai istintaq zamanı müdafiə hüquqlarının pozulduğunu müdafiəçini yalnız istintaq yekunlaşdırıldıqdan sonra cinayət işinin materiallarını imzalamaq üçün müstəntiq tərəfindən çağırıldıqları vaxt gördüklərini bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib tərəflərin fikirlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə ilk növbədə hesab edir ki, istintaq orqanı məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsləri cinayət prosesinin bütün mərhələlərində müdafiəçi ilə təmin edərək işinin hallarının hərtəfli, tam və obyektiv araşdırılmasını həyata keçirməli olduğu halda təqsirləndirilən şəxsləri kefiyyətli hüquqi yardım almaq hüququndan məhrum edərək onların Azərbaycan Respublikası Konstitusiyası və CPM-lə nəzərdə tutulmuş hüquq və azadlıqları kobud surətdə pozulmuşdur. Məhkəmə iş üzrə bir sıra sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 02 aprel 2024-cü il tarixli “Müdafiəçi təyin edilməsi barədə” qərarla müdafiəçi təyin olunması göstərilmiş, daha sonra şəxsin, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 aprel 2024-cü il tarixli qərarla şübhəli şəxs qismində tutulmasında, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 aprel 2024-cü il tarixli qərarla” təqsirləndirilən şəxs qismində cəlb edilməsində və eyni tarixli “Təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsində ona təyin edilmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı olması qeyd edilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsinə əsasən ibtidai istintaqın heç bir mərhələsində onun yanında müdafiəçisi olmamış və hüquq və vəzifələri ona izah edilməmişdir. Həmçinin iş üzrə digər Təqsirləndirilən şəxs2 02 aprel 2024-cü il tarixli “Müdafiəçi təyin edilməsi barədə” qərarla müdafiəçi təyin olunması göstərilmiş, daha sonra şəxsin, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 aprel 2024-cü il tarixli qərarla şübhəli şəxs qismində tutulmasında, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 aprel 2024-cü il tarixli qərarla” təqsirləndirilən şəxs qismində cəlb edilməsində və eyni tarixli “Təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsində ona təyin edilmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 iştirakı olması qeyd edilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin və onu qanuni münayəndəsinin ifadələrinə əsasən qeyd edilən istintaq hərəkətlərinin heç bir mərhələsində oların yanında müdafiəçi olmamış və hüquq və vəzifələri onlara izah edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı cinayət prosesinə cəlb edildiyi andan müdafiəçi ilə təmin edilməli olduğu halda müdafiəçi ilə təmin olunmamış, onunla aparılmış istintaq hərəkətlərində müdafiəçi iştirak etmədiyindən və onun barəsində toplanmış istintaq materiallarının mahiyyətini başa düşə bilmədiyindən, eləcə də ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsaslarını başa düşmədiyindən öz səmərəli müdafiəsini qurmaq imkanından məhrum olmuş, onun CPM-nin 90.7-ci maddəsində nəzərdə tutulmuş müdafiəçinin köməyindən pulsuz istifadə etmək və müdafiəçiyə etiraz etmək hüquqları təmin edilməmişdir. Həmçinin digər Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı cinayət prosesinə cəlb edildiyi andan müdafiəçi ilə təmin edilməli olduğu halda müdafiəçi ilə təmin olunmamış, onunla aparılmış istintaq hərəkətlərində müdafiəçi iştirak etmədiyindən və onun barəsində toplanmış istintaq materiallarının mahiyyətini başa düşə bilmədiyindən, eləcə də ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsaslarını başa düşmədiyindən öz səmərəli müdafiəsini qurmaq imkanından məhrum olmuş, onun CPM-nin 90.7-ci maddəsində nəzərdə tutulmuş müdafiəçinin köməyindən pulsuz istifadə etmək və müdafiəçiyə etiraz etmək hüquqları təmin edilməmişdir. Qeyd edilən hallar isə bir daha təsdiq edir ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiq X7 təqsirləndirilən şəxslərin müdafiçinin köməyindən istifadə etmək hüququnu pozmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin məcəllənin 19.4-cu maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19.4.2. hüquqlarını izah etmək; 19.4.3. öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; 19.4.4. şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq; 19.4.5. onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. 19.5. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilmiş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin qanuni nümayəndəsini işə cəlb etməlidir. 19.6. Cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin və qanuni nümayəndəsinin iştirak etməsi bu şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməz. 19.7. Şübhəli və ya təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmin olunması cinayət prosesini həyata keçirən orqanların mülahizəsindən asılı deyildir. Müdafiəçinin məcburi iştirakı həmin Məcəllənin 92.3.1-ci maddəsinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin tələb etdiyi halda, Məcəllənin 92.3.2-92.3.13-cü maddələrində göstərilən hallarda isə şübhəli və ya təqsirləndirilən şəxsin tələb edibetməməsindən asılı olmayaraq cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin edilməlidir. Həmçinin Ədalət mühakiməsinin maraqları tələb etdiyi hallarda cinayət prosesini həyata keçirən orqanlar cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının konkret hallarını nəzərə alaraq (cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin edilə biləcək cəzanın ağırlığını, işin mürəkkəbliyini və s.) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmayan hallarda da şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edə bilərlər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Avropa Məhkəməsinin Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177). Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Pakelli Almaniyaya qarşı iş üzrə 25 aprel 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir: şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq. Özünü şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır. Şəxsən özünü müdafiə etmək hüququ Konstitusiyanın 61-ci maddəsində bilavasitə nəzərdə tutulmasa da, bu hüquq adıçəkilən maddənin mahiyyətindən irəli gəlir. Belə ki, cinayət prosesində müdafiəçiyə malik olmaq hüququnun daşıyıcısı (subyekti) şübhəli və ya təqsirləndirilən şəxsdir. Bu səbəbdən də, əgər ədalət mühakiməsinin maraqlarına zidd deyilsə, şübhəli və ya təqsirləndirilən şəxsin bu hüquqdan istifadə edib-etməməsi, öz müdafiəsini şəxsən, ya da özünün seçdiyi, yaxud təyin olunmuş müdafiəçinin köməyindən istifadə etməklə həyata keçirmək kimi məsələlər məhz onun iradəsinin ifadə olunması ilə səciyyələnir. Qeyd edilənlərə əsasən bir daha təsdiq olunur ki, təqsirləndirilən şəxslərin müdafiəçi hüquqlarınun pozulması İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud pozuntu hesab olunur və bu halda bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə hüququnun pozulması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Həmin qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284 - 286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır/ CPM-in 307.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin yaxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci və 306.2-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır. 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Göstərilənlərə əsasən məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar, eləcə də təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirlərini müzakirə edib, belə nəticəyə gəlir ki, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbirləri onların azadlıqda qalacaqları təqdirdə istintaqdan və ya məhkəmədə qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olmaması nəzərə alınmaqla dəyişdirilməməlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X8 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxslərə və müdafiəçiyə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar