Məhkəmə qərarları › İş №1(005)-275/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-275/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-275/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X7 Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,576 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla 04 aprel 2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısına daşımış, 04 aprel 2025-ci il tarixdə saat 18:30 radələrində Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq, üzərində video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan qara rəngli idman geyiminin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,576 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitələrdən istifadə etməsinə görə əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Təqribən bir il əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə üzdən tanıdığı, lakin hər hansı bir anket məlumatlarını bilmədiyi şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə lazım olan zaman sonuncudan alaraq istifadə edə bilər. O, həmin şəxsdən bir neçə dəfə narkotik vasitə və psixotrop maddə alaraq istifadə etmişdir. 03 aprel 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan əraziyə gedərək həmin şəxsi taparaq görüşmüşdür. Orada həmin şəxsə 20 manat pul verib ona narkotik vasitə olan heroin gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini gətirib vermişdir. O narkotik vasitə olan heroini əynində olan qara rəngli idman geyimin sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə edər. 04 aprel 2025-ci il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməyini istəmişlər. O da üzərində narkotik vasitə heroin olduğu üçün həyəcanlanmış və özünü təqdim edərək polis əməkdaşlarından uzaqlaşmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onun hərəkətlərindən şübhələnib üzərinə razılığı əsasında şəxsi axtarış keçirmək istədiklərin bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığın bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd “Vinçestr” markalı siqaret və 01 ədəd alışqan, qara rəngli idman geyimin sol yan cibindən 01 ədəd bank kartı və sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroin aşkar edilmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisindən qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükümdə olan maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni 03 aprel 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə olan maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə zərfin üzərini imzalayaraq təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və təzyiq olmamışdır. Əməlindən peşmandır və sonda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O və Tural birlikdə məlumat əsasında saat 04 aprel 2025-ci il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə İsmayılın əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli aparmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər.Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. İsmayıl da əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd “Vincestr” markalı siqareti və 01 ədəd alışqanı, qara rəngli idman geyiminin sol yan cibindən 01 ədəd bank kartı və sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni 03 aprel 2025ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmiş və həmin bükümdə olan maddə qablaşdırılaraq möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs Nərimanov RPİnə gətirmişlər. Polis idarəsində onun tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə heroini təqdim etməyi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalar ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Mirsaleh Cavadova həvalə edilmişdir. Mirsaleh Cavadov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da üzərində heç bir əşya olmadığın bildirmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Sonra o, Təqsirləndirilən şəxs saxlanılan zaman onlara təqdim etdiyi və içərisində narkotik vasitə heroin olan zərfi təqdim edərək, həmin zərfin içərisində olan btikümdəki maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs zərfin içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 03 aprel 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığım şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən zərfdə olan bükümə baxış keçirildikdən sonra yenidən zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsya üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd “vinçester” yazısı olan siqareti, leobank kartı və 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bir ədəd bükümün içərisində tünd qəhvəyi rəngli toz formada olan narkotik maddəyə bənzər maddə zərfə qoyularaq 44 nömrəl möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən zərf imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2025-ci il tarixli, 3-16/16/2-6/1277/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,576 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir. 06 aprel 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan və “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 09 aprel 2025ci il tarixli protokoldan görünür ki, polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxsya qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan bir ədəd “vinçester” yazısı olan siqareti, leobank kartı və 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu və Papanin adlanan ərazidən şəxsi istifadəsi üçün almasını bildirdi və ondan aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 09 aprel 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman təqdim etdiyi bir ədəd “vinçester” yazısı olan siqareti, leobank kartı və 01 ədəd zərfə baxış keçirilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin zərfin içərisində narkotik vasitə heroin olduğunu bildirir. Həmin maddəni Papanin adlanan ərazidən şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Maddə yenidən zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 17 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixində AR MM xx.xx.2016-cı il tarixli Amnistiya haqqında qərarının 2.5ci bəndinə əsasən azad edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 07 aprel 2025-ci il tarixli, 1926 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən BNM-da diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 07 aprel 2025-ci il tarixli, 1037 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,576 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,476 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış görüntülərini özündə əks etdirən 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş ******* nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC adlı müəssisədə stasionar qaydada “mənəvi dəstək və psixoloji yardım” (medikamentsiz) üzrə müalicə alacaqdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-**-** saylı "xxxx" MMCyə məxsus kart nömrəsinə xx.xx.2024-cu il tarixdən xx.xx.2025-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd "CD" diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2025-ci il tarixdə saat 02:37:34-də "Hə brat gör nə deyirəm 10 luq alınar qaqa? Bayağları verdiyin az idiya brat xəbərin olsun qardaş canı", saat 02:39:15də "10 luq Alınar brat gəlim götürüm ?", saat 02:42:22-də "dene gedirəm burdan pulu çıxardım gəlirəm yanıva. Qaqa narmal qoyar. Hə vızıv atdın bildim konturun qutarıb sənin. Qaqa 10 luq düzəlt bisanda onu bayaq da az idi. Gedim çıxardım pulu çatanda ora yığacam çıxarsan", saat 04:38:59-da "Qaqa oyağsansa mənə bidene vızıv at bilim, yatmamısansa burda məhlədəsənsə Vızıv at mənə bilim zəng edim mən sənə" sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrənin onun istifadəsində olduğunu, ***-***-**-** saylı mobil nömrənin sahibini xatırlamasa da, həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə istədiyini, həmin mesajların onun tərəfindən yazıldığını bildirmişdir Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2 qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Heroinin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. "Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmişdir): Maddə 6.1: Məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumat məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilir. Maddə 6.2: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”na uyğun olaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, narkotik vasitə olan heroini satış məqsədi olmadan, şəxsi istehlakı üçün əldə etməsi, saxlaması və daşıması barədə ətraflı və səmimi ifadə vermişdir. Lakin, CPM-in 126.6-cı maddəsinin imperativ tələbinə görə, təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsi yalnız iş üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edildiyi halda ittihamın əsasını təşkil edə bilər. Bu baxımdan, məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadələrini iş üzrə toplanmış digər mötəbər və mümkün sübutlarla müqayisəli şəkildə təhlil etmişdir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsi, şahidlər qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 bir-birinə uyğun olan, Təqsirləndirilən şəxs saxlanılması və üzərindən narkotik vasitənin aşkar edilməsi hallarını təsdiq edən ifadələri ilə tam uzlaşır. Bundan əlavə, təqsirləndirilən şəxsin təqsiri iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş aşağıdakı sənədlərlə də təkzibedilməz şəkildə sübuta yetirilir: “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 04 aprel 2025-ci il tarixli protokol və ona əlavə edilmiş videoyazı məlumatlarına baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Bu sənədlər həm narkotik vasitənin məhz təqsirləndirilən şəxsdən götürülməsi faktını, həm də istintaq hərəkətinin qanunauyğun aparılmasını təsdiq edir. O cümlədən tutulduğu yerdə üzərinə baxış keçirilməsi də tam şəkildə qanuna uyğun olmuşdur. Məhkəmə kimyəvi ekspertizasının 05 aprel 2025-ci il tarixli rəyi ilə Təqsirləndirilən şəxs götürülmüş maddənin təmiz çəkisi 0,576 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması qəti şəkildə müəyyən edilmişdir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, heroin üçün 0,15 qramdan artıq olan miqdar xeyli miqdar hesab olunduğundan, Təqsirləndirilən şəxs götürülmüş 0,576 qram heroinin miqdarı CM-nin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş "xeyli miqdar" əlamətini tam əhatə edir. 09 aprel 2025-ci il tarixli “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokol ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən göndərilən SMS məlumatlar, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə əlaqələrinin olmasını, narkotik vasitələrin əldə edilməsi üçün mütəmadi cəhdlər göstərməsini və bu sahədə davamlı davranış modelinə malik olduğunu sübut edir. Bu sübutlar təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirmək və cəza təyini zamanı nəzərə alınması üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bu sübutlar məcmu halında qiymətləndirildikdə, bir-biri ilə məntiqi əlaqədə olub, bir-birini tamamlayır və heç bir əsaslı şübhəyə yer qoymadan (ultra omnem dubitationem) Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini – yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma əməlini törətməsini tam sübuta yetirir. Təqsirləndirilən şəxsin və müdafiəçinin məhkəmə istintaqı zamanı təqdim olunmuş sübutların mümkünlüyü ilə bağlı hər hansı bir əsaslı vəsatəti olmamışdır. Bununla əlaqədar, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gəlir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxsya cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Bu çərçivədə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş cinayət əməlinin xarakterinə gəldikdə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl – satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma – cəmiyyətin sağlamlığı və mənəviyyatı üçün ciddi təhlükə yaradan əməllər sırasına daxil olmaqla obyekt olaraq ictimai təhlükəsizliyə qəsd dən cinayət əməlidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi fərdlərin həyatını və sağlamlığını təhdid etməklə yanaşı, cinayətkarlığın artmasına və sosial problemlərin dərinləşməsinə də zəmin yaradır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılığını, habelə onun könüllü olaraq reabilitasiya mərkəzinə müraciət edərək müalicəyə başlamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Məhkəmə, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bütün məlumatları, narkomaniya xəstəliyindən əziyyət çəkməsini və narkoloji dispanserdə qeydiyyatda olmasını, eyni zamanda iş materiallarına əlavə edilmiş SMS yazışmalarından da göründüyü kimi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şəxslərlə davamlı əlaqələr saxlamasını nəzərə alır. Bu hallar, onun islah olunmasının müəyyən çətinliklərlə üzləşə biləcəyini və cəmiyyətdən təcrid olunmadan davranışına effektiv nəzarətin təmin edilməsinin mürəkkəbliyini göstərir. CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkotik mühitlə əlaqələrini davam etdirməsi, onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini və dayanıqlı olmama ehtimalını artırır. Məhkəmə onun reabilitasiya mərkəzinə müraciət etməsini nəzərə alır. Lakin, həmin müalicənin nə dərəcə effektiv olmasına nəzarət edilməsi mümkün deyildir və buna zəmanət verilmir. Azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə cəzaçəkmə müəssisəsi daxilində məcburi müalicə almaqla səhhətinin bərpasına və narkotik asılılığından xilas olmasına real imkan yaradacaqdır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyini, törədilmiş əməlin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halları, digər tərəfdən isə ağırlaşdıran hallar (cinayətin iki epizod üzrə törədilməsini) və təqsirləndirilən şəxsin narkotik asılılığının islah prosesinə potensial mənfi təsirini nəzərə alaraq, CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Bundan əlavə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti 2 gün olaraq müəyyən edilməli, CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 02 gün çıxılmalıdır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq ümumi rejimli müəyyən edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 21-ci bəndinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Qərarının 19-cu bəndində də anlaqlı vəziyyətdə olan, lakin narkomaniyadan əziyyət çəkən və məcburi müalicəyə ehtiyacı olan şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, məcburi müalicənin cəzanı icra edən müəssisə tərəfindən təmin edilməsi göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və təyin edilmiş məcburi müalicə onun cəza çəkəcəyi cəzaçəkmə müəssisəsində həyata keçirilməlidir. Bundan əlavə, narkotik asılılığın gələcəkdə törədə biləcəyi əlavə fəsadların və yeni cinayətlərin qarşısının alınması üçün təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X4 saxlanılan maddi sübut olan narkotik vasitənin qalığı – 0,476 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 81 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2025-ci il tarixdən 06 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 30 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan (cəzadan azad edildikdən) sonra yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün və profilaktik nəzarətdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X4 saxlanılan narkotik vasitənin qalığı – 0,476 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – “şəxsi axtarış və götürmə” istintaq hərəkətlərini əks etdirən 02 (iki) ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 81 (səksən bir) manat vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar