Məhkəmə qərarları › İş №1(005)-276/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-276/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-276/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Yataqxana 9 məhəllə 9 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o, 15 fevral 2021-ci il tarixdə, saat 18:30 radələrində ünvan 2 ünvanın qarşısında vət. Zərərçəkmiş şəxs1 məxsus işlək vəziyyətdə saxlanılmış “BMW” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib hadisə yerindən uzaqlaşmaqla qaçırmışdır. Bundan başqa o, təkrarən 20.02.2021-ci il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanın qarşısında vət. X1 idarə etdiyi, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus işlək vəziyyətdə saxlanılmış “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib hadisə yerindən uzaqlaşmaqla qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sağ ayağından əlil olduğundan fiziki işlər görə bilmir və əsa vasitəsilə hərəkət edir. Buna baxmayaraq uşaqlıqdan avtomobil idarə etmək həvəskarıdır. 15.02.2021-ci il tarixdə saat 18:00 radələrində Nərimanov rayonu, Azadlıq prospekti, 143 ünvanın qarşısında saxlanmış, istintaq zamanı sahibini tanıdığı Zərərçəkmiş şəxs1 məxsus işlək vəziyyətdə saxlanılan “BMW” markalı, **-NR-*** dəvlət qeydiyyat nişanlı avtomobili sürüb saxlandığı yerdən qaçırmışdır. Bakı şəhərində qısa zaman ərzində sürüb avtomobilə heç bir zərər yetirmədən, sahibinə aid hər hansı əşya oğurlamadan, avtomobilin hər hansı detalını, hissəsini söküb oğurlamadan, Azadlıq prospekti 56 ünvanda tərk edib getmişdir. Bundan sonra təkrarən avtomobil sürmək həvəsi ona güc gəldiyindən 20.02.2021-ci il tarixdə axşam saat 23:00 radələrində yenidən başqa bir avtomobil qaçırmışdır. Belə ki, həmin gün əsa ilə hərəkət edib Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanda yerləşən “Elnur” aptekin qarşısı ilə gedərkən istintaq zamanı adı məlum olan Zülfiqar Abbasov adlı şəxsin idarə etdiyi “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilini işlək vəziyyətdə saxlamaqla düşüb aptekə daxil olduğunu görmüş və həmin avtomobilin işlək vəziyyətdə olduğunu görüb onu sürmək və şəhər ərazisində gəzmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlaşıb üzərində açarı olan, qapısı kilidlənməmiş olan avtomobilin sükanı arxasına oturmuş və sürüb oradan uzaqlaşmışdır. Bakı şəhərində qısa müddət ərzində hərəkət edərkən Dövlət Sirkinin binasının yaxınlığında avtomobilin qabaq sağ təkərinin boşalması, həmçinin bu vəziyyətdə onu sürmək mümkün olmadığından və ayağının əlil olmasına görə avtomobili orada tərk etmişdir. Gedərkən oğurlanmaması üçün avtomobilin qabaq və arxa qeydiyyat nişanlarını çıxarıb arxa yük yerinə qoymuşdur. 22 fevral 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları onu polis bölməsinə apararkən həmin avtomobilin də onun tərəfindən qaçırıldığını etiraf etmişdir. Əvvəlki avtomobil kimi ikinci avtomobilə də heç bir zərər vurmamış, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətməmiş, yol-hərəkət qaydalarını pozmamış, sahibinə məxsus һər hansı əşyanı oğurlamamışdır. İ qrup əlildir və etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil nümayəndəsi olduğu Zərərçəkmiş şəxs2 MMC-yə məxsusdur. X4 adlı fərdi sahibkar həmin avtomobili lizinqə götürmüşdür. 17.12.2021-ci il tarixdə Cabit Əhmədovun müraciətinə əsasən həmin avtomobil daxili etibarnamə ilə X2 etibar edilmiş və avtomobilin onun tərəfindən idarə olunmasına razılıq verilməklə ona yol vərəqəsi verilmiş, sonuncu Cabit Əhmədovla aralarındakı razılığa əsasən avtomobilin aylıq ödənişlərini ödəməklə avtomobili idarə etmişdir. 22 fevral 2021-ci il tarixdə Zülfiqar Abbasov lizinq şirkətinə müraciət edərək bildirmişdir ki, 20.02.2021-ci il tarixdə yaxın dostu ilə görüşüb yaşadığı ünvana qayıdarkən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 40 ünvanda yerləşən “Elnur” aptekin qarşısında idarə etdiyi “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili işlək vəziyyətdə saxlayaraq aptekdən dərman almaq üçün avtomobildən düşüb aptekə daxil olmuşdur. Bir neçə dəqiqə sonra aptekdən çıxdıqda avtomobilin yerində olmadığını və onun qaçırıldığını aşkar etmişdir. Bu barədə Nərimanov RPİ-nin 16-cı PB-yə ərizə ilə müraciət etmiş, növbəti gün avtomobil Nəsimi rayonu, Bülbül prospekti 65 ünvanın qarşısında aşkar edilərək onun iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobilə hər hansı zərər vurulmadığı aşkar olunmuşdur. Avtomobili aşkar olunarkən sağ qabaq təkərinin havasının boşaldığı və hər iki qeydiyyat nömrə nişanlarının avtomobilin yük yerində olmasını müəyyən etmiş, lakin başqa yerlərində zədə, qəza nəticəsində toqquşma izi, detallarının sökülməsi hallarına rast gəlməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmuş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərkən məlum oldu ki, o, 15.02.2021-ci il tarixdə saat 18:30 radələrində özünə məxsus **-NR-*** dövlət qeydiyyat nişanlı, “BMW-525” markalı avtomobilə əyləşərək yaşadığı ünvandan Nərimanov rayonu, Azadlıq prospekti, 143 ünvanda yerləşən “Bravo” marketə getmişdir. Marketin qarşısında maşının mühərrikini işlək vəziyyətdə saxlayaraq ərzaq almaq üçün marketə daxil olub bir neçə dəqiqə sonra çıxdıqda avtomobilini saxladığı yerdə aşkar etməmişdir. Avtomobilin açarının üzərində olması və işlək vəziyyətdə saxlamasından onun qaçırıldığını anlamış, bu barədə zəng edərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Verdiyi məlumat əsasında Nərimanov RPİ-nin 16-cı PB-yə dəvət olunmuş, orada hadisə barədə ərizə, izahat yazmış və elə həmin gün polis əməkdşları tərəfindən avtomobilin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanın qarşısında aşkar edilməsi barədə ona məlumat verilmişdir. Polis əməkdaşları ilə birlikdə avtomobilə baxdıqda hər hansı zərər və ziyanın vurulmadığını aşkar etmiş və həmin gün ona məlum olmuşdur ki, avtomobilini qaçırmış şəxs ayağından əlil olan Təqsirləndirilən şəxs adlı şəxsdir. Avtomobilində hər hansı qiymətli əşya, sənədlər, yaxud detalları oğurlanmamış, axra sol qanadında aşkar olunmuş zədə əvvəldən olmuş, hadisə ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanmamış, onunla arasında heç bir düşmənçilik və qərəzli münasibətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 20.02.2021-ci il tarixdə saat 23:39-da ünvan 6 ünvanda yaşayan X1 idarə etdiyi “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin tarixdə və saatda Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanın qarşısından naməlum şəxs tərəfindən qaçırılmasına dair DİN-nin 102 xidmət mərkəzinə vermiş olduğu məlumat və RPİ-yə ünvanlamış olduğu ərizəsi ilə bağlı bölmə rəisinin göstərişi ilə dərhal əməliyyat tədbirlərinin keçirilməsinə qərar verilmişdir. Bununla bağlı hadisənin baş verdiyi yerə baxış keçirilərək avtomobilin sahibindən hadisə barədə məlumatlar alındıqda məlum olmuşdur ki, Zülfiqar Abbasov qeyd olunan tarixdə və saatda avtomobilini Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanın qarşısında işlək vəziyyətdə saxlayaraq “Elnur” aptekə daxil olmuş və bir neçə dəqiqə sonra çıxdıqda avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığının şahidi olmuşdur. Bu növ hadisəni törədə biləcək şəxslərin ətrafında əməliyyat tədbirləri keçirərkən məlum olmuşdur ki, sağ ayağından əlil olan Təqsirləndirilən şəxs adlı şəxs 15.02.2021-ci il tarixdə saat 18:00 radələrində Nərimanov rayonu, Azadlıq prospekti, 143 ünvanın qarşısında işlək vəziyyətdə saxlanılmış, Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus “BMW” markalı avtomobili də eyni qaydada qaçırmışdır. Təqsirləndirilən şəxs olduğu yeri müəyyənləşdirib hadisənin onun tərəfindən törədilib-törədilmədiyini müəyyən etmək məqsədilə yaşadığı ünvana getmiş, lakin onu həmin ünvanda aşkar edə bilməmişlər. X1 idarə etdiyi “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışı davam etdirilərkən həmin avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65 ünvanda aşkar edilmişdir. Avtomobilin sahibinə bu barədə məlumat verilmiş və bölmənin təhqiqatçısı və hal şahidlərinin iştirakı ilə avtomobilə baxış keçirilmiş, avtomobilin qabaq sağ təkərinin havasının boş olduğu və hər iki qeydiyyat nişanının çıxarılaraq avtomobilin yük yerinə qoyulduğu aşkar edilmişdir. Avtomobildə başqa zədə, detal sökülməsi halları müəyyən olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və sonuncu hər iki avtomobili sürmək məqsədi ilə qaçırdığını etiraf etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X3 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Şahid X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərkən məlum oldu ki, 20.02.2021-ci il tarixdə saat 23.39-da Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumatı o vermiş və həmin tarixdə Nərimanov RPİ-nin 16-cı PB-də yazmış olduğu ərizəni özü yazmışdır. 20.02.2021-ci il tarixdə yaxın dostu ilə görüşüb yaşadığı ünvana qayıdarkən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 40 ünvanda yerləşən “Elnur” aptekin qarşısında, ”Çinarə-Lizinq” MMC-yə məxsus, fərdi sahibkar X4 tərəfindən lizinq şərtləri ilə müqavilə əsasında götürmüş olduğu və qarşılıqlı razılaşma və daxili etibarnamə (yol vərəqi) əsasında ona etibar edilmiş “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili işlək vəziyyətdə saxlayaraq aptekdən dərman almaq üçün avtomobildən düşüb aptekə daxil olmuşdur. Bir neçə dəqiqə sonra aptekdən çıxdıqda avtomobilin yerində olmadığını və onun qaçırıldığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və Nərimanov RPİ-nin 16-cı PB-yə dəvət olunaraq ərizəsi alınmış, hadisə yerinə gedərək özünün iştirakı ilə baxış keçirilmişdir. Növbəti gün polis əməkdaşları tərəfindən avtomobilin Nəsimi rayonu, Bülbül prospekti 65 ünvanın qarşısında aşkar edilməsi barədə ona məlumat verilmiş və məlumat əsasında həmin ünvana getmiş, polis əməkdaşları ilə birlikdə avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilə hər hansı zərər və ona hər hansı maddi ziyan vurulmadığını aşkar etmişdir. Avtomobil aşkar olunarkən sağ qabaq təkərinin havasının boşaldığı və hər iki dövlət qeydiyyat nişanlarının avtomobilin yük yerində olmasını müəyyən etmiş və başqa yerlərində zədə, qəza nəticəsində toqquşma izi, detallarının sökülməsi hallarına rast gəlməmişdir. Bu barədə avtomobilin aid olduğu lizinq şirkətinə məlumat vermiş və şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən avtomobilə baxış keçirilib istintaq orqanından saz vəziyyətdə təhvil alınmışdır. Sonradan istintaq orqanına dəvət olunarkən avtomobili qaçıran şəxsin Təqsirləndirilən şəxs adlı əlil şəxs olduğu ona məlum olmuşdur ki, həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, qərəzli münasibəti olmamışdır. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərkən məlum oldu ki, Təqsirləndirilən şəxs adlı şəxsi beş il müddətində tanıyır. Onun əlil və işsiz olmasına görə yazığı gələrək yaşadığı ünvanda ona yer vermiş, hətta onun yeməyi, bəzən geyiminə də maddi köməklik göstərmişdir. 15 fevral 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edərkən ona məlum olmuşdur ki, Adəm həmin gün yaşadığı ərazidə “BMW” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmışdır. Bu səbəbdən Adəmin onunla yaşamasına narazılığını bildirmiş və paltar, əşyalarını götürərək mənzili tərk etməsini istəmiş və Adəm onun evini tərk etmişdir. 20.02.2021-ci il tarixdə Adəm yenidən onun evinə gəlmiş və ac olduğunu dediyindən ona yazığı gələrək yemək versə də, cinayət edən şəxsi evində saxlaya bilməyəcəyini deyərək evində gecələməsinə icazə verməmişdir. Aradan bir gün keçmiş, yəni 21.02.2020-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları yenidən onun ünvanına gələrək Adəmlə maraqlanmış, onun təkrar avtomobil qaçıra bilməsindən şübhə etdiklərini bildirmişlər. Adəmin evdə olmadığını, lakin yaşayış yeri tapa bilmədiyi halda onun ünvanına təkrar dönə biləcəyini deyərək gəldiyi halda onlara məlumat verəcəyini bildirmişdir. Axşam saat 23 radələrində Adəm onun evinə gəlmiş və ona polis əməkdaşlarının gəlməsi, təkrar avtomobil qaçırmasından şübhələnmələri barədə demişdir. Adəm əvvəl etiraf etməyib guya dostuna məxsus maşını sürdüyünü desə də, onun israr etməsindən sonra Adəm yenə maşın qaçırdığını etiraf etdikdə o, bu barədə polis əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları gələrək onu Nərimanov RPİ-yə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, 20.02.2021-ci il tarixdə saat 23 radələrində Adəm Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanın qarşısından “Volksvagen-Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X6, Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti 143 ünvanda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə gəlib Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yeri Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti 143 ünvanın qarşısıdır, yaşayış binasının sol tərəfindədir. Hadisə yerinin sağ və sol tərəflərində çoxmərtəbəli yaşayış binaları və müxtəlif növ avtomaşınlar vardır. Hadisə küçənin sol tərəfində baş vermişdir. Hadisə yerinin yaxınlığında “Kontakt home” adlı mağaza, sağ tərəfində isə “Bravo” adlı mağaza yerləşir; “Avtomaşına baxış keçirilməsi barədə” 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X6, cinayət axtarış üzrə əməliyyat müvəkkili Asif İbayevin, Zərərçəkmiş şəxs1, hal şahidlərinin iştirakları ilə ünvan 10 ünvandan tapılmış “BMW” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirtmişdir. “BMW 525 i” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomaşın qara rəngdədir, arxa sol qanadında zədə izi görünür. Avtomaşında digər hər hansı zədə izi aşkar olunmadı. Avtomaşın işlək vəziyyətdədir; “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 28 aprel 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan “BMW” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu 28.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs1 etibar etmişdir; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 525i” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi 15.01.2020-ci il tarixdən X5r; “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:25-də şübhəli şəxs qismində tutulmuşdur; “Qətimkan tədbirinin seçilməsi və şəxsin saxlandığı MSY-dən azad edilməsi haqqında” 18 fevral 2021-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad olunmuşdur; “Hadisə yerinə baxış keçirilməsi barədə” 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X6, Bakı şəhəri Nərimanov rayonu, Y.V.Çəmənzəminli 40 ünvanında baş vermiş avtomaşın qaçırılması hadisəsi ilə əlaqədar hadisə yerinə gəlib X1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Baş vermiş hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, X8 40 ünvanın qarşısıdır. Hadisə yerinin yaxınlığında işıqfor yerləşir və nəqliyyat nişanları vardır. Hadisə yerinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yolu asfalt örtüklüdür. Hər üç aptekin qapıları jalüzlə örtülüdür. Aptekin yanında plastik qapısı olan “alqı-satqı” ofisi görünür; “Avtomaşına baxış keçirilməsi haqqında” 21 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X6, cinayət axtarış üzrə əməliyyat müvəkkili Asif İbayevin, X1, hal şahidlərinin iştirakları ilə qaçırılmış olan ünvan 13 ünvanın qarşısında aşkar olunmuş “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirtmişdir. Avtomaşının qabaq sağ təkərinin boş olması, hər iki qeydiyyat nişanlarının arxa yük yerində olması aşkar olunmuşdur. Avtomobil üzərində əzik, zədə, toqquşma əlamətləri, eləcə də salonda, yük yerində əlavə ehtiyat hissələri və detallarının sökülmədiyi müəyyən olundu; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi 17.01.2020-ci il tarixdən Zərərçəkmiş şəxs2 MMC-dir; Zərərçəkmiş şəxs2 MMC (lizinq verən) və X4 (lizinq alan) arasında bağlanmış 10/0176/DLİZ nömrəli, 18 yanvar 2020-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür; X4 tərəifndən Zərərçəkmiş şəxs2 MMC-yə ünvanlanmış 17.12.2020-ci il tarixli ərizədən görünür ki, o, “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 daxili etibarnamə ilə verilməsinə etiraz etmir; Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək hüququ 17.12.2020-ci ildən 18.01.2021-ci ilədək X2 verilmişdir; “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 22 fevral 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməklə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus “BMW” markalı, **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 məxsus “Volkswagen” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olduğu və cinayətin predmeti olduğu nəzərə alınaraq hər iki avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi üzrə yekun qərar qəbul edilənədək qanuni sahiblərinin məsul saxlancına verilmişdir; Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış qəbzdən görünür ki, zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış “BMW” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili cinayət işinin istintaqını aparan Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Nərmin Məmmədovadan işlək və saz vəziyyətdə təhvil almış və cinayət işi üzrə yekun qərar qəbul edilənədək məsul saxlancını üzərinə götürmüşdür; Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış qəbzdən görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanındığı ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, şirkətə məxsus “Volksvagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili cinayət işinin istintaqını aparan Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Nərmin Məmmədovadan işlək və saz vəziyyətdə təhvil almış və cinayət işi üzrə yekun qərar qəbul edilənədək məsul saxlancını üzərinə götürmüşdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 may 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 1(005)-276/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 29 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26.07.2021-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq 28.07.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 185.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslər, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 185.2.2-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) təkrar törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilən maddədə nəzərdə tutulan cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar bu əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Şərh edilən cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin, talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Təhlil edilən cinayətin predmetini avtomobil və ya başqa nəqliyyat vasitəsi təşkil edir. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə əməli obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada), yəni qaçırma başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Avtomobil və ya başqa nəqliyyat vasitəsi onun sahibi və ya buna səlahiyyəti olan şəxs tərəfindən istənilən yerdə (küçədə, qarajda, dayanacaqda, müəssisənin ərazisində, digər yerdə) saxlanıla bilər. Qaçırılan avtomobil və ya başqa nəqliyyat vasitəsi özgəsinin olmalıdır, yəni təqsirkarın onlardan istifadə etməyə icazəsi və ya hüququ olmamalıdır. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə cinayətinin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Məhkəmə həmçinin qeyd edir ki, eyni və ya müxtəlif (CM-in 16.2-ci maddəsi) cinayətlərin təkrarlığı o halda yaranır ki, əvvəllər törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilməmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş, cinayət məsuliyyətindən azad olunmamış, habelə məhkum olunmamış şəxs yenidən eyni və ya CM-in Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif cinayətləri (CM-in 16.2-ci maddəsi) törətmiş olsun. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs iki epizod üzrə nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə cinayətini törətmişdir ki, bu da onun əməlində göstərilən cinayətin təkrarlığını yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 185.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin hüquqi şəxsə məxsus avtomobilin saz və işlək vəziyyətdə geri qaytarılmasını; zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus avtomobilin saz və işlək vəziyyətdə geri qaytarılmasını; İ qrup əlil olmasını (əsas: “Azemis” elektron məhkəmə sistemindən çıxarış); cinayəti etiraf etməsi və əməlindən peşman olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 185.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (16-18 fevral 2021-ci il), həbsdə saxlanıldığı 02 (iki) ay 18 (on səkkiz) gün (26 iyul-14 oktyabr 2021-ci il), cəmi 02 (iki) ay 20 (iyirmi) gün, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli (CPM-162.1.2), iş üzrə maddi sübutlar - “BMW” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 və “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə məsul saxlancına verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (16-18 fevral 2021-ci il) və həbsdə saxlanıldığı 2 (iki) ay 18 (on səkkiz) gün (26 iyul-14 oktyabr 2021-ci il), cəmi 2 (iki) ay 20 (gün), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 5 (beş) ay 10 (on) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 6 (altı) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - “BMW” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 və “Volkswagen Jetta” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə məsul saxlancına verilməsi nəzərə alınsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar