Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-276/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,980 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla 29 mart 2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısına daşımış, 29 mart 2025-ci il tarixdə saat 17:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq, video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,980 qram olan tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 3 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni adətən tanımadığı şəxslərdən almışdır. 28 mart 2025-ci il tarixdə istifadə etmək məqsədi ilə narkotik vasitə heroin əldə etmək qərarına gəlmişdir. “İnstagram” sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq istifadə etmək məqsədi ilə narkotik vasitə heroin almaq istədiyini bildirmiş və həmin şəxsin verdiyi kart hesabına 20 manat pul göndərmiş, sonra ona “Whatsapp” proqramı vasitəsi ilə narkotik vasitənin qoyulduğu yerin məkanı, yəni konumu göndərilmişdir. O da həmin konum əsasında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “32 Beauty” stomatoloji klinikanın yaxınlığına gedərək 01 ədəd bükümdə olan narkotik vasitə heroini götürüb əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibinə qoymuşdur. 29 mart 2025-ci il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və o da özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd bükümdə olan narkotik vasitə heroini, sol cibindən 02 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonu və yaşadığı mənzilin açarını polis əməkdaşlarına təqdim etmişdir. Bükümün içərisində narkotik vasitə heroin olduğunu və onu şəxsi istifadə üçün əldə etdiyini demişdir. Aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, imzaları ilə təsdiq edilmişdir. Nərimanov RPİ-nin 18ci PŞ-nə heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə getmiş, orada təqdim edilmiş zərfdəki predmetə baxış keçirilmiş və xanım polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin özünün təqdim etdiklərindən savayı hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Həmin ərazidə, həm də polis şöbəsində video çəkilişdən istifadə olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Nərimanov RPİ-in 18-ci PŞ-nin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 29 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin Kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili Şahid2 və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə rəisi Müşviq Süleymanovdan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, Məhəmməd və Müşfiq birlikdə məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Nərgizin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli aparmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Nərgizə narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib üzərində qanunsuz maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Nərgiz də əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibində 01 ədəd kağız bükümü, sol yan cibindən 02 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefonu, yaşadığı mənzilin açarını çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız büküm baxış keçirin zaman içərisindən qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş bükümdə olan qəhvəyi rəngli maddə zərfdə qablaşdırılaraq möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar və şöbədə Nərgizin təqdim etdiyi narkotik vasitə heroini qablaşdırıldığı zərf təhqiqatçıya təqdim olunmuş və eyni zamanda video çəkilişlə Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd bükümə baxış zamanı həmin bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd kağız bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tanımadığı şəxsin göndərdiyi kart hesabına 20 manat pul göndərdikdən sonra qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Yenidən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin əməkdaşı Şahid1 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etməyən şahidlər - Şahid3 və Şahid4 ibtidai istintaq orqanına verdikləri oxşar məzmunlu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsin saxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi haqqında 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qara rəngli idman gödəkçəsinin sağ cibindən 01 ədəd kağıza bükülmüş içərisində spesifik qoxuya malik maddə, sol cibindən 02 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd “Samsung” markalı mobil telefon və açarlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan maddəni bir gün öncə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin büküm qablaşdırılaraq 224 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 8-9) Şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd kağız bükümündə olan qəhvəyi rəngli, spesifik qoxuya malik vasitə olan bükümə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, kağız bükümdəki vasitə “kakos”- dur. Narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, Ak. H.Əliyev küçəsində yerləşən “32 Beauty” stomatoloji klinikanın yaxınlığında üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almışdır. xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində ünvan 5 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, aşkar olunmuş bükümdə olan narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. (i.v. 35-36) CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 2 aprel 2025-ci il tarixli protokoldan görünür ki, şəxsin saxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi haqqında, şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2025-ci il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. (i.v. 104-105) Məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2025-ci il tarixli 6/1205 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,980 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.44-47) Məhkəmə-narkoloji ekspertizasının 2 aprel 2025-ci il tarixli 1816 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. (i.v.97-98) Sübutların qiymətləndirilməsi haqqında 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi - 0,980 qram olan narkotik vasitə heroin maddə və şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra narkotik vasitə heroinin 0,930 qram qalığı saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. (i.v.131- 144) Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən metamfetaminin aşağı həddi 0,15 qram olduqda xeyli, aşağı həddi 2 qram olduqda külli, aşağı həddi 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Şəxsin saxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi haqqında 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:30-da polis əməkdaşları tərəfindən saxlanılmışdır. (i.v. 8-9) Şübhəli şəxsin tutulması haqqında 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. (i.v. 22-23) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. (i.v. 64-65) Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. (i.v. 82-84) Qətimkan tədbirinin seçilməsi haqqında 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 85-87) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 110-111) Məhkəmə, Azərbaycan Respubikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını və əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət (iş materiallarından görünür ki, 29 mart 2025-ci il saat 17:30-da azadlığı faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan 31 mart 2025-ci il saat 13:40-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra Nərimanov rayon prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina olunması haqqında 31 mart 2025-ci il tarixli qərarı ilə tutulmadan azad edilmişdir. Qərarla şəxsin konkret olaraq hansı saatda azad olunması müəyyən olunmasa da, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə 31 mart 2025-ci il saat 17:10-da tanış olması nəzərə alınaraq faktiki olaraq 48 saatdan artıq müddətdə azadlığı məhdudlaşdırılmadığı üçün həmin müddət 2 gün kimi nəzərə alınır.) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə köçürülməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 mart 2025-ci ildən 31 mart 2025-ci ilədək tutulduğu 2 (iki) gün müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,930 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsin saxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi, şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili X2 hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla 8 iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya qaydasında protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-276/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-276/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver