Məhkəmə qərarları › İş №1(005)-277/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-277/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-277/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi2, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1984-cü ildə Masallı rayonu, Həsənli kəndində andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayonu Hənifə Ələsgərov, Səməd Vurğun, İmran Qasımov və Mustafa Topçubaşov küçələrinin əhatə etdiyi ərazilərdə 70.000 (yetmiş min) kvadrat metr ərazini əhatə edən sahədə yüksəkmərtəbəli yeni yaşayış binalarını inşa etdirmək fikrində olması, tələb olunan sahə həddində tikintinin aparılmasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılığın verilməməsi və bu mövzuda Zərərçəkmiş şəxsla həmin dövlət qurumunun vəzifəli şəxsləri ilə aparılmış işgüzar danışıqların nəticəsiz qalması barədə məlumat alaraq guya aralarındakı səmimi dostluq münasibətlərinə xatir, əsl həqiqətdə isə tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə guya Azərbaycan Respublikasının Prezident Administrasiyasında, rəhbər vəzifədə çalışan şəxslə qohumluq əlaqələrinə malik dostunun köməkliyi ilə tikintinin 70.000 (yetmiş min) kvadrat metrlik ərazidə aparılmasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən icazə sənədini alacağı barədə Zərərçəkmiş şəxs yalan vəd verib aldatmaqla 2020-ci ilin sentyabr ayında ünvan 2 ünvanda yerləşən ofisdə sonuncunun mülkiyyətindən ibarət 50.000 (əlli min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, tanışı Zərərçəkmiş şəxs 4 (dörd) il ərzində Çex Respublikasının Praqa şəhərində yerləşən «New York» universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə, daha sonrakı 1 (bir) il ərzində isə Böyük Britaniya və X6 Krallığının London şəhərində yerləşən «Anglia Ruskin» universitetində biznesin idarəedilməsi ixtisasi üzrə ali təhsil almış oğlu Şahid2 sonuncu ali təhsil müəssisəsi tərəfindən verilmiş bakalavr diplomunun etibarlılığı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmadığı üçün Şahid2 işə düzələ bilməməsi barədə məlumat alıb guya aralarındakı səmimi dostluq münasibətlərinə xatir, əsl həqiqətdə isə tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan tanışı Şahid1 dövlət orqanlarının rəhbər vəzifəli şəxsləri arasında böyük nüfuz sahibi, habelə əvvəllər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olması barədə Zərərçəkmiş şəxs yalan məlumat verib özünə inandıraraq Şahid1 köməkliyi ilə diplomu 15.000 (on beş min) manat pul müqabilində dövlət səviyyəsində təsdiq etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2020-ci ilin sentyabr ayında ünvan 2 ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs mülkiyyətindən ibarət 15.000 (on beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum atası X1 1997-ci ildən 2011-ci ilədək olan müddət ərzində bina tikintisi ilə məşğul olmuş, 2012-ci ildə isə vəfat etmişdir. Atasının vəfatından sonra işlərini davam etdirsə də sonradan müflis olmuşdur. 2007-ci ildən 2019-cu ilədək daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində işləyən X8 ilə birlikdə 2011ci ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində birgə işləyərkən tanış olmuşlar. Çingiz Təhməzov xidmətini davam etdirmiş olsa da o, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilmişdir. 2013-2014-cü ildə isə o, Çingizlə birlikdə olan zaman təsadüfən sonuncunun atası Zərərçəkmiş şəxsla tanış olmuş, aralarında səmimi ünsiyyət yaranmışdır. Zərərçəkmiş şəxs yeni hündür mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olduğu üçün Nərimanov rayonu ərazisində «1 saylı Asan xidmət» mərkəzinin inzibati binasının arxa tərəfində şəxsi ofisi olmuşdur. O da ara-sıra vaxtı olduqca, yolu oradan düşdüyü zaman sadəcə hal-əhval tutmaq, söhbətləşmək məqsədi ilə Amilin yanına gedib-gəlmişdir. 2020-ci ilin avqust ayında o, növbəti dəfə Amilin ofisində olan zaman söhbət əsnasında Amil, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən köhnə tikililəri sökməyi və yerində yeni hündürmərtəbəli yaşayış binası tikməyi nəzərdə tutduğunu ona bildirmişdir. Amillə əvvəlki söhbətlər zamanı sonuncuya işgüzar, yüksək vəzifə sahibləri ilə yaxın əlaqələri olan, özünün isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan dostunun olmasını bildirdiyi üçün Amil ondan xahiş etmişdir ki, tikinti aparmağı nəzərdə tutduğu sahə üçün Bakı Şəhərsalma və Memarlıq Baş İdarəsindən tikintiyə icazə sənədinin alınmasında həmin dostunun əlaqələri hesabına köməklik etsin. O da buna etiraz etməyərək razılıq vermişdir. O bu barədə adını çəkməyəcəyi və barəsində başqa məlumat verməyəcəyi həmin nüfuzlu dostuna danışıb kömək etməsini xahiş etmiş və razılıq aldıqdan sonra həmin şəxs ilkin olaraq işə başlamaq üçün 50.000 (əlli min) manat pul lazım olmasını bildirmişdir. Ona görə də bir neçə gün sonra 2020-ci ilin sentyabr ayında o, növbəti dəfə Amillə ofisdə görüşərək 50.000 (əlli min) manat pulu almışdır. Həmin vaxt ofisdə Amilin «Əli» adlı dostu da olmuşdur. Onun dostu sənəd işini hansı müddət ərzində həll edəcəyini bildirmədiyi üçün o da bu barədə Amilə dəqiq bir vaxt deyə bilməyərək tezliklə həll ediləcəyini söyləmişdir. Təxminən 5-10 gün ərzində o, biznesmen dostu ilə danışıb məsələnin nə yerdə olmasını soruşsa da həmin şəxs prosesin yubandığını, lakin tezliklə öz müsbət həllini tapacağını söz vermişdir. Daha sonra o, Zərərçəkmiş şəxs 15.000 (on beş min) manat pulu sonuncunun oğlu Bəhruzun diplomunun Təhsil Nazirliyi tərəfindən tanınması məsələsinin həlli ilə əlaqədar almışdır. Lakin həmin puldan heç kimə hər-hansı məbləğdə pul verməmiş, maddi sıxıntıları ilə əlaqədar olaraq şəxsi ehtiyaclarına xərcləmişdir. Bu barədə məsələnin uzanmaması üçün əvvəlki izahatlarında bir söz deməmiş və pulu ümumilikdə tikintiyə icazə sənədinin alınması bəhanəsi ilə Amildən aldığını demişdir. Madam ki, istintaq yolu ilə həmin xüsusat aşkar olunmuş, həqiqəti deyərək bu barədə ifadə vermişdir. +**********93 saylı mobil telefon nömrəsinin «Arif» adlı istifadəçisini 1 (bir) ildən artıq müddət ərzində tanımış, Ariflə təsadüfən məclislərin birində tanış olmuşdur. Arifin öz deməsinə görə sonuncu, əvvəllər Azərbaycan Respublikası Milli Məclisinin 2002-2005-ci il çağırışlı deputatı olmuş, daha sonra təqaüdə çıxmışdır. Soyad və ata adını dəqiq bilmədiyi «Arif» Azərbaycan Respublikasının Təhsil Nazirliyinin inzibati binasının yaxınlığında, köhnə tikili beş mərtəbəli yaşayış binasının yarımzirzəmi tipli sahəsində ofis işlətmişdir. Həmin ofis vətəndaşlara həm tərcümə, həm də hüquqi yardım xidmətləri göstərmiş, qeyd edilən ofisin xüsusi bir adı olmamışdır. Sadəcə yekə göy rəngli sərlövhədə, ağ rəngli şriftlərlə «Hüquq, xidmətlər, tərcümə və s.» sözlər yazılmışdır. O; bir neçə dəfə öz qohumlarına aid ali təhsil diplomlarını Arifin yanına aparıb tərcümə olunmasını xahiş etmiş, bəzən isə xaricdə təhsil almış yaxın tanışlarının diplomlarını aparıb təsdiq edilməsi prosesi barədə Arifdən sadəcə məsləhətlər almışdır. Bunun müqabilində Arifə heç vaxt hər-hansı məbləğdə pul verməmiş, göstərdiyi tərcümə xidmətlərinə görə yalnız nəzərdə tutulan zəhmət haqqını ödəmişdir. O, Zərərçəkmiş şəxs diplom işinin həlli ilə əlaqədar pulu aldıqdan sonra tanışı Arifin yanına gedib Bəhruzun diplomunu Arifə vermiş və təsdiq edilib-edilməməsinin mümkünlüyü barədə soruşmuşdur. Həmin vaxt Arifin yanında başqa adamlar da olmuşdur. Arif, diplomun özündə qalmasını, işlərini qurtarıb baxacağını və nəticəsi barədə ona məlumat verəcəyini ona bildirmişdir. O da buna etiraz etməyərək diplomu Arifin ofisində saxlayaraq çıxıb getmişdir. Bir neçə gün sonra o, öz işləri ilə əlaqədar Masallı rayonuna gedib qayıtmışdır. Həmin ərəfədə Amil onu sıxaraq mütəmadi olaraq oğlunun diplom işinin həll edilib-edilməməsini soruşmuş, o isə bu istiqamətdə işlərin getdiyini, diplomu Arif adlı tanışına verdiyini, məsələnin düzələcəyini Amilə demişdir. Bütün bunlara baxmayaraq Amil özü şəxsən Ariflə görüşmək istədiyini tələb etdiyindən onlar birlikdə Arifin işlədiyi ofisə getmişlər. Lakin həmin vaxt ofis bağlı olduğundan o, Arifin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Ariflə Yasamal rayonu, «Karvan» restoranının yaxınlığında görüşməyə razılaşmışlar. O Amillə birlikdə oraya gedərək Aqillə görüşmüşdür. Arif həmin görüş zamanı diplomun təsdiq edilməsinin yalnız məhkəmə qaydasında mümkün olmasını bildirmişdir. Həmin görüş zamanı onların arasında pul mövzusunda hər-hansı söhbət olmamışdır. Çünki o, Arifə diplom işi ilə bağlı hər-hansı məbləğdə pul verməmişdir. «Karvan» restoranının qarşısında baş tutmuş görüş zamanı Ariflə Amilin arasında pul mövzusunda söhbətlər olmamışdır. O, Arifə pul verməmişdir. Amil ondan davamlı olaraq pul tələb etdiyi ərəfələrdə o, yalandan Amilə demişdi ki, guya aldığı 15.000 manat pulu Arifə vermiş və Arif pulu qaytaran kimi o da qaytaracaqdır. Bir müddət sonra isə Amil ondan pul tələbinə davam etdikdə yalandan demişdir ki, guya Arif, pulu taksi ilə ona göndərmiş, taksi sürücüsü isə pulu ona çatdırmaq əvəzinə ələ keçirərək gizlənmişdir. Bütün bunlar vaxt udmaq məqsədi ilə onun Amilə danışdığı yalanlar olmuşdur. Əsl həqiqətdə o, heç kimə hər-hansı məbləğdə pul verməmiş, bütün vəsaiti öz şəxsi xərclərinə sərf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uzun illər ərzində tikinti sahəsində işləmişdir. 2016-cı ildən etibarən isə Bakı şəhəri ərazisində yeni hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olmağa başlamış və bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edərək həmin müəssisəsinin həm direktoru, həm də təsisçisi olmaqla fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs ilə təxminən 6-7 ildir ki, tanış olmuşdur. X12 polis əməkdaşı olmaqla Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Aqil də əvvəllər polis əməkdaşı olmuş və Çingizlə birlikdə, eyni polis şöbəsində çalışmışlar. Aqili də o, məhz oğlu Çingizin vasitəsi ilə təsadüfi görüşlərinin birində tanımışdır. Sonradan Aqil dəqiq bilmədiyi səbəblərdən, onda olan məlumata görə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilmişdir. Aqil, atası Şəmsəddinin də yeni hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olduğunu ona bildirmişdir. Lakin o, Aqilin atası ilə heç vaxt görüşməmiş və hər-hansı bir əlaqəsi olmamışdır. Aqillə aralarında səmimi ünsiyyət olmuş, Aqil dəfələrlə ona məxsus ofisə qonaq qismində gəlib-getmişdir. O, Bakı şəhərinin Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən köhnə beş mərtəbəli binaların sökülməsini və yerində yeni hündürmərtəbəli yaşayış binasının tikilməsini nəzərdə tutmuşdur. Bunun üçün Nəsimi Rayon İcra Hakimiyyətindən icazə məktubu alaraq binanın proyektinə dair sənədləri olmuşdur. Həmin tikinti isə pay sahibi olduğu digər şirkət, «Nəsimi Holding MTK» tərəfindən inşa ediləcəkdir. Nəzərdə tutulan tikinti işinə başlamaq üçün o, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə getmişdir. Orada müəyyən vəzifəli şəxslərlə görüşüb nəzərdə tutulan binanın layihəsi barədə məlumat verərək ərazidə tikinti üçün şirkətə 70.000 (yetmiş min) kvadrat metr sahənin ayrılmasını xahiş etmişdir. Həmin quruma rəsmi müraciət etməmiş, yalnız şifahi danışıqlar olmuşdur. Həmin qurumun əməkdaşları şəhərsalma qaydalarına uyğun müvafiq hesablama apararaq tikinti üçün cəmi 50-55 min kvadrat metr ərazinin ayrıla biləcəyini bildirmişlər. Ona görə də həmin tikinti məsələsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təklif edilən şərtlər əsasında ona sərf etmədiyi üçün müvəqqəti olaraq təxirə salınmışdır. Lakin o, layihənin icrası ilə əlaqədar öz qohum və tanışları ilə, o cümlədən tikinti sahəsində fəaliyyət göstərən dostları ilə də əlaqə saxlayıb bu istiqamətdə ona kömək edə biləcək şəxslər axtarmışdır. 2020-ci ilin avqust ayında Aqil onun yanına növbəti dəfə gəlmişdir. Ümumi mövzularda söhbətləşən zaman o Aqilə, S.Vurğun küçəsində nəzərdə tutduğu tikinti işinin uzanmasından, məsələnin alınmamasından, tikinti üçün 70.000 (yetmiş min) kvadrat metr sahə lazım olduğu halda qurum tərəfindən ona 50-55 min kvadrat metr sahənin təklif edilməsi barədə gileylənmişdir. Bu barədə Aqil eşidən kimi, heç də narahat olmamağını ona deyib «Vüsal» adlı dostunun Azərbaycan Respublikasının Prezident Administrasiyasında rəhbər vəzifədə çalışan şəxslərdən biri ilə sıx qohumluq əlaqələrinə malik olduğunu, Bakı şəhəri ərazisində yaşayış binaları ilə bağlı aparılan əsas tikinti işlərinə qeyd edilən vəzifəli şəxsin bilavasitə nəzarət edərək razılıq verdiyini bildirmişdir. Aqil ona görə, yəni aralarındakı səmimi dostluq münasibətlərinə görə onun problemini «Vüsal» adlı dostunun vasitəsilə Prezident Administrasiyasında çalışan həmin şəxsə dedizdirəcəyini və nəticədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ona 70.000 (yetmiş min) kv.metr ərazinin ayrılacağını ona bildirmişdir. O, Aqildən həmin məsələni danışıb həll etməyini xahiş etmişdir. Bir neçə gün sonra 2020-ci ilin sentyabr ayında Aqil növbəti dəfə onun işlədiyi ofisə gələrək dostu ilə danışdığını, dostunun da öz növbəsində Prezident Administrasiyasında işləyən rəhbər vəzifəli şəxsə məlumat verərək razılıq aldığını bildirmişdir. Aqil, tərtib edilən layihə əsasında tikintinin aparılması üçün 70.000 (yetmiş min) kv.metr sahənin ayrılmasına Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən icazə sənədinin alınması üçün 50.000 (əlli min) manat pul verilməli olduğunu bildirmişdir. O buna etiraz etməyərək dərhal razı olmuş və həmin vaxt ofisdə yanında olan dostu Şahid3 iştirakı ilə Aqilə həmin pulu vermişdir. Aqil, maksimum 3-4 gün ərzində icazə sənədinin alınmasını təmin edəcəyini bildirmişdir. O da buna sevinərək razılaşmışdır. Lakin həmin müddət ərzində Aqildən xəbər çıxmamış və sonuncuya zənglər etməyə başlamışdır. Aqil işlərin qaydasında olduğunu və müəyyən səbəblərdən məsələnin uzandığını, lakin tezliklə öz həllini tapacağını bildirmişdir. Bundan başqa onun kiçik oğlu Bəhruz ilk əvvəl Çex Respublikasının Praqa şəhərində «New York» universitetində 4 (dörd) il ərzində biznesin idarə edilməsi ixtisası üzrə ali təhsil almış, daha sonra oradan X4 London şəhərində yerləşən «Anqliya Ruskin» olan ali təhsil müəssisəsinə köçürülərək 1 (bir) il ərzində təhsilini oradan davam etdirməklə bitirmişdir. Bəhruz 2018-ci ildə ölkəyə qayıtdıqdan sonra həqiqi hərbi xidmətə yollanmışdır. «Anqliya Ruskin» universitetinin diplomunun etibarlılığı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmadığı üçün oğlunun işə düzəlmə məsələsində problemlər yaranmışdır. Həmin diplomun Təhsil Nazirliyində təsdiq edilməsi üçün tanış axtarmışdır. Bu barədə həmin ərəfədə onun yanında olan Aqilə də məlumat vermişdir. Aqil bir neçə gün sonra 2020-ci ilin sentyabr ayında onun yanında olarkən Təhsil Nazirliyinin inzibati binasının yaxınlığında ofisi olan, dövlət orqanlarının rəhbər şəxsləri arasında böyük nüfuza malik, əvvəllər Milli Məclisin deputatı olmuş, hazırda isə vətəndaşlara hüquqi xidmət göstərən «Arif» adlı dostunun olmasını bildirmiş və həmin şəxsin, Bəhruzun diplomunu 15.000 (on beş min) manat pul müqabilində Təhsil Nazirliyində təsdiq edilməsini təmin edə biləcəyini demişdir. Aqil ona, «Arif» adlı şəxsin mobil telefon nömrəsini də verdiyi üçün o, Aqilin yanında zəng etmiş və Ariflə danışmışdır. Arif danışıq zamanı Aqilin dediklərini tamamilə təsdiq edərək 1 (bir) ay müddət ərzində 15.000 (on beş min) manat pul müqabilində diplomu təsdiq etdirəcəyini bildirmişdir. Arif bu məsələni təhsil naziri ilə şəxsən danışıb həll edəcəyini vəd etmişdir. Arif telefonda çox inandırıcı və qəti tərzdə danışdığı üçün o, Arifə inanaraq pul verməyə razı olmuşdur. Həmin vaxt da onun yanında olan dostu Şahid3 yanında Aqilə 15.000 (on beş min) manat pul vermişdir. Eyni zamanda Aqilə, oğlunun diplomunun, habelə şəxsiyyətini təsdiq edən sənədinin təsdiq edilmiş surətlərini də vermişdir. Lakin qeyd edilən vaxtdan başlayaraq Aqilin ona vəd verdiyi icazə sənədi alınmamış, oğlunun diplomunun təsdiq edilməsi təmin edilməmiş, verdiyi pullar geri qaytarılmamışdır. Hər dəfə Aqilə etdiyi zənglər zamanı sonuncu, işin tezliklə yoluna düşəcəyini, icazə sənədini alıb verəcəyini, diplomun təsdiq ediləcəyini demişdir. Hətta diplomunun təsdiq edilməsi məsələsinin alınmamasını görüb o, “Arif” adlı şəxsə zəng edərək sonuncu ilə Yasamal rayonu ərazisində yerləşən «Karvan» restoranının qarşısında görüşmüşdür. Həmin görüşə Aqillə birlikdə getmişdir. Arif məsələni müəyyən səbəblərdən həll edə bilmədiyini və sabah pulu Aqilə qaytaracağını bildirmişdir. O da buna etiraz etməyib razılaşmışdır. Səhəri gün o, Aqillə telefon əlaqəsi saxlamış və Aqil, öz işləri əlaqədar hansısa rayona getdiyini və bir neçə günə geri qayıdıb pulu ona çatdıracağını bildirmişdir. Bundan sonra o, Arifə zəng edib pulu Aqilə veribverməməsini soruşmuş, Arif isə Aqilə verdiyini bildirmişdir. Bir neçə gün sonra o, yenidən Aqilə zəng edib diplomla bağlı verdiyi pulu geri qaytarmasını xahiş etmişdir. Aqil isə guya Arifin taksi ilə göndərdiyi 15.000 (on min) manat pulun taksi sürücüsü tərəfindən ələ keçirilərək sonuncunun yoxa çıxmasını bildrimişdir. O, Aqilə sonuncunun danışdığı yalanlara inanmadığını deyərək pulu tez bir anda geri verməsini tələb etmişdir. Aqil də səhvini etiraf edərək tezliklə pulu qaytaracağını bildirmişdir. Şikayəti ilə əlaqədar araşdırmanın uzanmaması, məsələyə əlavə adamların cəlb edilməməsi, habelə kiçik oğlunun adının bu işdə hallanmaması üçün ilkin ərizədə və Bakı Şəhər BPİ-nin Təhqiqat şöbəsində verdiyi izahatda 15.000 (on beş min) manat pulun da Aqil tərəfindən tikintiyə icazə sənədini alınması bəhanəsi ilə ələ keçirilməsini bildirmişdir. Lakin araşdırmanın ədalətli və obyektiv aparılması naminə tam həqiqəti söyləyərək bir daha bildirmişdir ki, 15.000 (on beş min) manat pul oğlu Bəhruzun diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsi adı ilə, 50.000 (əlli min) manat pul isə layihə əsasında tikintinin aparılması üçün 70.000 (yetmiş min) kv.metr sahənin ayrılmasına Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən icazə sənədinin alınması üçün Aqilə verilmişdir. Sonda zərərçəkmiş şəxs X2 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. O, 2011-ci ildə orta məktəbi bitirib Çex Respublikasının paytaxtı olan Praqa şəhərində yerləşən «New York» universitetinin «Beynəlxalq iqtisadi münasibətlər» fakültəsinin bakalavr pilləsinə qəbul olunmuş və həmin ölkədə yaşayaraq təhsilini orada almağa başlamışdır. Orada təxminən 3 (üç) il ərzində təhsil aldıqdan sonra özünü başqa sahədə görmək istədiyini başa düşüb həmin təhsil müəssisəsindən X7 Krallığının London şəhərində yerləşən «Anglia Ruskin» universitetinə qəbul olmaq üçün imtahan vermiş və imtahanın nəticələri uğurlu olduğu üçün o, həmin universitetdə «Biznesin idarə edilməsi» ixtisası üzrə bakalavr pilləsinə qəbul olunmuşdur. Qeyd edilən universitetə köçürüldükdən sonra 1 (bir) il ərzində, yəni 2015-2016-cı illər ərzində təhsilini orada davam etdirmişdir. Lakin qəbul olunduqdan sonra o «Anglia Ruskin» universitetində təhsili yalnız distant formada almış, yəni bir dəfə də olsun Böyük Britaniyaya yollanmamış və dərslər onlayn formada keçirilmişdir. Çünki Londona getmək barədə universitetin qoyduğu tələb də olmamışdır. Bunun əvəzində o, həmin ərəfədə daimi yaşadığı Praqa şəhərində biznes və marketinqin idarə edilməsi kurslarına da getmişdir. Həmin kursları bitirməyi ilə bağlı müvafiq sertifikat sənədləri də ona verilmişdir. Beləliklə o, «Anglia Ruskin» universitetindəki tam ali təhsilini bitirdikdən sonra Çex Respublikasının Praqa şəhərindən Azərbaycana qayıtmış və bir müddət sonra isə hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra o, təhsil aldığı ixtisas üzrə Bakı şəhərində işləmək istəmiş, lakin dövlət orqanlarından maraqlanmışdır ki, «Anglia Ruskin» universitetində bakalavr pilləsi üzrə təhsil almağını təsdiq edən diplomu olsa da özü şəxsən həmin universitetin yerləşdiyi London şəhərinə getmədiyi üçün diplom Təhsil Nazirliyi tərəfindən təsdiq edilməlidir. Bu barədə o, atasına məlumat verərək köməklik göstərməsini xahiş etmişdir. Amil isə öz tanışı Təqsirləndirilən şəxs bu barədə danışmış və sonuncu, diplomu Təhsil Nazirliyi səviyyəsində təsdiq etdirəcəyinə, yəni tanıtdıracağına söz vermişdir. Hətta 2020-ci ilin sentyabr ayında atası Təqsirləndirilən şəxs bu işin həlli ilə bağlı 15.000 (on beş min) manat pul da vermiş, lakin Aqil verdiyi vədə əməl etməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda şahidlər Şahid3 və Şahid1 məhkəməyə teleqram vuraraq və məktub ünvanlayaraq səhhətləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 29-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.02.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 38-39-cu vərəqələrində olan “Könüllü verilən CD diski götürmə və ona baxış keçirmə barədə” 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X5 icraatında vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında aparılan araşdırma ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 51, 85, 236.1 və 242-245-ci maddələrinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs iştirakı ilə obyektiv həqiqətin müəyyən edilməsi, habelə gələcəkdə ittihamın düzgün həlli üçün toplanan sübutların həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə sonuncu tərəfindən könüllü təqdim edilən 01 (bir) ədəd CD diski götürərək ona baxış keçirir. Götürülmüş diskə keçirilən baxış zamanı müəyyən edildi ki, diskdə bir ədəd «SƏS YAZİSİ» adlı səsli fayl vardır. Səsli danışıq barədə aparılmış dinləmədə iştirak edən Zərərçəkmiş şəxs göstərmişdir ki, təqdim etdiyi səs parçası özü ilə tanışı Təqsirləndirilən şəxs arasında baş tutan səsli danışıqlardır. Danışıq 3 (üç) dəqiqə 54 (əlli dörd) saniyə ərzində davam etmişdir. MP4 proqram formatlı olmaqla 1854 KB yaddaş həcminə malikdir. Baxış zamanı bütün aşkar olunanlar müşahidə edilmə ardıcıllığı ilə aşağıdakı kimi olmuşdur: Aqil: Bağışda e zaryadka qurtarmışdı e telefonumun Amil: Taxdın zaryadkaya? Aqil: Bəli Amil: Deyirəm sən əlli min manatı Vüsala vermisən yoxsa verməmisən? Aqil: Amil dayı mən indi gedib Vüsalnan da görüşəcəm.... (danışıq zamanı küy olduğu üçün başa düşülməyən ifadələr - bundan sonra «*****») Amil: Yox, on beş min Arif üçün vermişəm, on beş mini aparıb Arifə çatdırmamısan. Az çatdırmısan, demisən xərcləmişəm bu qədəri götür. Sonra da daldan gedib onu götürmüsən Aqil: Allah şahiddi ki, heç Arifə mən pul əlbəəl verməmişdim, bir adam var o vermişdi, gədən adam da on beş vermişdi. Amil: Ə bilirəm ee keçmiş sənin rəisin olub, hörmətdi adamdı. Aqil, bunnarın hamısını öyrənmişəm e mən. Mən öyrənmişəm e bunnarın hamısını. Nə qədər Arifə pul gedibdi, nə qədər çatıbdı diplom üçün. On beş mindən nə qədər pul çatıbdı ona, qalanını sən Arifə demisən xərcləmişəm Aqil: Mən demişəm Arifə xərcləmişəm? Amil: Hə Aqil: Mən Arifə elə söz deməmişəm Amil: Arifə deməmisən, fakt Arifə aparıb altı min pul çatıbdı Arifə Aqil: Altı min pul çatıb? Amil: Hə Aqil: Vallah billah yalan deyir, töbə yalan deyir, Qurana and olsun yalan deyir Amil: On beş min çatıb? Aqil: Altı min nədi? Altı min nədi? Yalan deyir. Telefonumu açıram Amil dayı, Arifnən də danışacam Amil: Yox e bu Səməd Vurğun üçün əlli mini sən mənim üçün, bu ona beş mini batıbdı heç bilirəm, o yüz faiz batıbdı Aqil: Nə sizin on beş miniviz batıb, nə sizin əlli miniviz batıb. Sizin o torpağ məsələviz də həllini tapacağ. Mən bi dənə gedim dəqiqləşdirim, görüşüm. Mən də yəqin ki, sizi yığacam Amil: Aqil, yenə deyirəm orda Əli məllim gözdüyür orda səni apar sən taksi kimi gəlsin hara istiyirsən aparsın Aqil: Allah eləməsin. Ay Amil məllim, mən sənin xətrini çox istiyirəm. Allah eləməsin, Mənim yanıma adam gəlir, o adamnan da işnən bağlı, bir-iki iş var onnan bağlı gedib görüşəcəm. Maksimum iki tamamda mən sizi yığacam Amil: Aqil, iki aydan, üç aydı e üç aydı bu əlli mini vermişəm, iki saat-bir saat, bir saat- iki gün Aqil: Vallah billah, and olsun Allaha, iki tamamda mən sizi yığıb siznən ətraflı danışacam. Öz nömrəmnən sizi yığacam Amil: Ətraflı danışassan, nə danışassan axı ətraflı danışıb? Aqil: Gedim bu şeydi nömrəni çıxardım, o adam var onnan danışım ətraflı hamısını, pul söhbətdərini zadı da danışım sənə zəng eliyim danışağ Amil: Qardaş, əlimnən sənə pul vermişəm da mən Aqil: Vermisiz. Əlli min bir, ona beş min də bir Amil: İndi mənim bu pulumu bu boyda fırratdın, bu qədər şey elədin. Mənə acığ gələn o əlli min deyil, mənə acığ gələn oğlumun işində nətərdi - Arif deyibdi ki sənə, qoy qalsın bu məhkəmə yoluynan mən həll eliyirəm Aqil: Amil dayı, vallah billah Arif o sözü demədi, Quran haqqı demədi. Dedim bunu həll elə, ağzından çıxan sözdü, dedi ki, o kişini gördüm hər şeyin yolun yolacağını bilir, kişi çətin adamdı qoy özü həll eləsin. Çöndü bunu dedi. Vallah, billah bunu dedi Amil: Səni aparacam Arifnən də görüşdürəcəm də Aqil: Gedəndə görüşəriy Amil: İndi sən Vüsalı nə vaxt ortaya çıxarassan ki, o pulu deyirsən ki, vermişəm Vüsala Aqil: İndi mən bir dənə gedim nömrəni çıxardım, adam var onnan danışım ***** Amil: indi saat ikiyə qədər, bu gün saat ikiyə qədər məsələni bitiririk də hamısını Aqil: Bəli, bəli, bəli. Mən ikiyə qədər sizi yığacam Amil: Yaxşı gözdüyürəm, saat ikiyə qədər gözdüyürəm. Protokol oxundu, əlavə və qeyd daxil olmamışdır. Cinayət işinin 162-173-cü vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların məcmusuna qiymət vermə haqqında” 16 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 05 fevral 2021-ci il tarixdə istintaqa könüllü təqdim etdiyi 01 ədəd CD diskin yaddaşında olan məlumatlara görə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın bilavasitə əsaslılığına dəlalət etməklə mötəbər sübut əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 201-204-cü vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 4(011)-203/2021 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 17 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəlinin 17 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 65.000 (altmış beş min) manatın alınıb onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə iclasında çıxış edərkən mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasında tələb etdiyi Təqsirləndirilən şəxs tərəfindən ona 65000 (altmış beş min) manat məbləğində maddi ziyan vurulduğunu və ona heç bir məbləğin ödənilmədiyini bildirərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası tam təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 65000 (altmış beş min) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 17 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 65.000 (altmış beş min) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar