Məhkəmə qərarları › İş №1(005)-277/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-277/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-277/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46B, mənzil 12 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5,726 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 04 fevral 2022-ci il tarixdə tanışı Şahid1 pay olaraq Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46B, mənzil 12 ünvanında əldə edərək özündə saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Şahid1 04 fevral 2022-ci il tarixdə saat 19:10-da Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46B ünvanının qarşısında olduqları zaman saxlanılaraq BMCMl-yə gətirilmiş və orada Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bağlamada təmiz çəkisi 29,317 qram, həmin gödəkçənin sol yan cibindən bir ədəd sellofan bağlamanın içərisində olan 111 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 58,195 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən ümumilikdə 87,512 qram, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 5,238 qram və həmin şalvarın sağ yan hissəsində yerləşən kiçik cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,488 qram olmaqla öz aralarında və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eynilik təşkil edən ümumilikdə 5,726 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 fevral 2022-ci il tarixdə saat 16 radələrində Şahid1 onunla əlaqə saxlayaraq narkotik vasitə qurudulmuş marixuana əldə etdiyini bildirmişdir. Buna görə də Turala bildirmişdir ki, ünvan 2 ünvanda tək yaşayır. Tural ilə münasibəti yaxşıdır, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Eyni zamanda narkotik vasitə olan qurudulmuş marixuananın istifadəçisidir, Şahid1 isə həm istifadəçisi, həm də narkotik vasitənin satışı ilə məşğul olur. Tural ilə birlikdə dəfələrlə narkotik vasitə nəşədən istifadə etmişdir. Tural ilə danışdıqdan bir müddət sonra yaşadığı ünvana gəlmişdir. Yaşadığı ünvanda olarkən o ciblərində olan iki ədəd sellofan torbanı çıxarıb stolun üzərinə qoymuş və demişdir ki, həmin sellofanların hər birinin içərisində nəşə vardır və sellofanlardan hər biri bükümlər formasındadır və hər bir bükümün içərisində narkotik vasitə olan nəşə vardır. Tural onun nəşə istifadə etdiyini bildiyi üçün içərisində bükümlər olan sellofanı açıb içərisindən iki ədəd bükümdə olan narkotik vasitə olan nəşəni ona vermişdir ki, istifadə etsin. Tural ona nəşəni nəyinsə qarşılığında yox, sadəcə olaraq nəşəni gördüyü üçün ona pay olaraq vermişdir. Qalan narkotik vasitələri Tural üzərində saxlamışdır. İki ədəd bükümü isə o öz üzərində saxlamışdır. 04 fevral 2022-ci il tarixdə saat 19.10 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46B ünvanının qarşısında tanışı Şahid1 ilə birlikdə onun idarə etdiyi “Nissan Sunny” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Şahid1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb hər ikisi səmimi olaraq etiraf edib bildirmişrlər ki, hazırda üzərilərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə Şahid1 idarə etdiyi avtomobillə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibində olan 01 ədəd sellofan bağlamanı, gödəkçəsinin sol yan cibində olan 01 ədəd sellofan bağlamanı, əynində olan şalvarının arxa sol cibində olan 01 ədəd "Samsung" markalı mobil telefonu və şalvarının arxa sağ cibində olan 01 ədəd “Nokia" markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 20 manat pulu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini, şalvarının sol yan cibində olan avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 02 ədəd sellofan bağlamanın içində narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Onun təqdim etdiyi sellofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda birinci sellofan bağlamanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuana və ikinci sellofan bağlamanın içərisindən isə 111 ədəd kağız büküm aşkar olunmuşdur. Sonra həmin kağız bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Şahid1 şalvarının sol arxa cibindən 01 ədəd üzərində hər hansı qeydiyyat aparılmamış kağız parçası aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş 01 ədəd sellofan bağlamada və 111 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O narkotikin satışı ilə heç vaxt məşgul olmamışdır. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, təxminəniki aydır ki, narkotik vasitənin “nəşə" yəni qurudulmuş marixuana növündən istifadə edir. Lakin son zamanlar maddi vəziyyəti pisləşmişdir. Buna görə də pul qazanmağın asan yollarını axtarmışdır. Bu səbəbdən düşünmüşdür ki, asan yolla ancaq narkotik vasitənin satışından qazanc əldə edə bilər. Buna görə də narkotik vasitə satmaq üçün ucuz narkotik vasitəni almağın yollarını axtarmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olarkən orada X4 ilə tanış olmuşdur. Şahin Quliyevlə söhbət edəndə o narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Narkotik vasitənin satışını həyata keçirmək niyətində olduğu üçün 04 fevral 2022-ci il tarixdə saat 15-16 radələrində Şahinlə söhbət edəndə ondan 800 manatlıq narkotik vasitə nəşə ala biləcəyini bildirmişdir. Şahin də onunla razılaşmışdır və ondan uzaqlaşmışdır. 15-20 dəqiqə sonra ona yaxınlaşaraq iki ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı ona vermişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanaları götürüb cibinə qoymuşdur və 800 manat pulu Şahinə vermiş və oradan uzaqlaşmışdır. Narkotik vasitəni aldıqdan sonra tanışı Təqsirləndirilən şəxs zəng etmişdir. Şahmarla münasibəti çox yaxşı olmuş, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Şahmar da narkotik vasitə nəşənin istifadəçisidir və tək qalır. Şahmara onlara gəlmək istədiyini bildirəndə, Şahmarda buna görə onu yaşadığı Bakı şəhəri, ünvan 3 ünvana gəlmişdir, içərisində narkotik vasitə nəşə olan sellofanların birini maşında 113 ədəd bükümə bükmüşdür. Digər sellofanı isə olduğu kimi saxlamışdır. Bükümləri yenə də həmin sellofana doldurub, iki ədəd sellofanı cibinə qoymuş və Şahmarın yaşadığı ünvana gəlmişdir. Şahmarın yaşadığı ünvanda cibində saxladığı iki ədəd sellofanı çıxarıb stolun üzərinə qoymuşdur. Çünki onun narkotik vasitə istifadə etdiyini bildiyindən və əldə etdiyi narkotik vasitə barədə ona bildirdiyinə görə çəkmək üçün ona da pay olaraq narkotik vasitə vermək qərarına gəlmişdir. Qablaşdırdıgı və bükümlər formasında olan sellofanı açmış və içindən 2 ədəd bükümü çıxarıb istifadə etmək məqsədi ilə təmənnasız dost kimi pay olaraq Şahmara uzatmışdır. Şahmarda həmin narkotik vasitəni götürüb cibində saxlamışdır. İçərisində narkotik vasitə olan sellofan torbaları cibinə qoymuşdur. Daha sonra isə mənzildə bir müddət gözləyib çölə çıxmışlar. 04 fevral 2022-ci il tarixdə saat 15.16 radələrində ünvan 4 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi “Nissan Sunny" markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibində olan 01 ədəd sellofan bağlamanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bağlamanın içində narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Təqdim etdiyi sellofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda birinci sellofan bağlamanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuana və ikinci sellofan bağlamanın içərisindən isə 111 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin kağız bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan qısa qol gödəkçəsinin sol yan cibində olan 02 ədəd mənzil açarını, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, cins şalvarının sol yan cibində olan 5 manat pulu, cins şalvarının sağ yan cibində olan 01 ədəd kağız bükümü və cins şalvarının sağ yan hissəsində yerləşən kiçik cibində olan 01 ədəd kağız bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kağız bükümün içində narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmış və götürülmüşdür. Daha sonra sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 04 fevral 2022-ci il tarixdə saat 15-16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “İlkin" adlı şəxsdən ümumilikdə 800 manat pul müqabilində satmaq məqsədi ilə almışdır, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi ilə üzərində saxlayıb daşımış və təxminən 2 aya yaxın müddətdir ki, Bakı şəhərində narkotik vasitə qurudulmuş marixuananın satışı ilə məşğul olmuşdur, ilkin təhqiqat zamanı narkotik vasitəni İlkin adlı şəxsdən aldığını bildirmişdir. Şahinin satmağı düzgün deyil. Buna görə də narkotik vasitəni X1 alsa da, ilkin təhqiqat zamanı narkotik vasitəni İlkin adlı şəxsdən aldığını bildirmişdir. Şahin Quliyevin adını verməsə də o çox insanı zəhərləyəcəkdir deyə düşünmüşdür. Buna görə də üzərindən aşkar edilən narkotik vasitəni X1 aldığını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 04 fevral 2022-ci il tarixdə Turalın ona verdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 04 fevral 2022-ci il tarixdə X3 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46B ünvanının qarşısında olduğunu öyrəndikləri üçün 04 fevral 2022-ci il tarixdə saat 19:10-da həmin ünvana gəlmişrlər. Qeyd edilən vaxtda və həmin yerdə “Nissan Sunny" markalı. 99- PF-953 qeydiyyat nişanlı avtomobilin yanında iki nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslərdən biri zahiri cəhətdən Şahid1, digəri isə Təqsirləndirilən şəxs oxşadığı üçün həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan anket məlumatları barədə bildirməsini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Şahid1, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etdiyindən onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Həmin şəxslərin heç biri etiraz etmədiyindən Təqsirləndirilən şəxs və Şahid1, eyni zamanda Şahid1 idarə etdiyi Nissan Sunny markalı avtomobili ilə birlikdə BMCMl-yə gətirilmişdir. Baş idarəyə gəldikdən sonra Şahid1 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacaqları və üzərilərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçilər gəldikdən sonra onlar şübhəli şəxs qismində tutulmuşlar. Onların üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. İlk öncə şəxsi axtarış və götürmə zamanı Şahid1 üzərində hər hansısa qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibində olan 01 ədəd sellofan bağlamanı, gödəkçəsinin sol yan cibində olan 01 ədəd sellofan bağlamanı, əynində olan şalvarının arxa sol cibində olan 01 ədəd Samsung' markalı mobil telefonu və şalvarının arxa sağ cibində olan 01 ədəd “Nokia” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 20 manat pulu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini, şalvarının sol yan cibində olan avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid1 təqdim etdiyi 02 ədəd sellofan bağlamanın içində narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Şahid1 təqdim etdiyi sellofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda birinci sellofan bağlamanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə və ikinci sellofan bağlamanın içərisindən isə 111 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin kağız bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Şahid1 əynində olan şalvarının sol arxa cibindən 01 ədəd üzərində hər hansı qeydiyyat aparılmamış kağız parçası aşkar olunmuşdur. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada və 111 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi deyilərək ona üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan qısa qol gödəkçəsinin sol yan cibində olan 02 ədəd mənzil açarını, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, cins şalvarının sol yan cibində olan 5 manat pulu, cins şalvarının sağ yan cibində olan 01 ədəd kağız bükümü və cins şalvarının sağ yan hissəsində yerləşən kiçik cibində olan 01 ədəd kağız bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, bundan əlavə əlində saxladığı kağız solfeti masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid1 təqdim etdiyi 02 ədəd kağız bükümün içində narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni 04 fevral 2022-ci il tarixdə saat 15-16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi ilkin" adlı şəxsdən ümumilikdə 800 manat pul müqabilində satmaq məqsədi ilə almışdır, üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi ilə üzərində saxlayıb daşımış və təxminən 2 aya yaxın müddətdir ki, Bakı şəhərində narkotik vasitə qurudulmuş marixuananın satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs verilən suallar zamanı o bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin 04 fevral 2022-ci il tarxidə tanışı Şahid1 ona vermiş, həmin narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşımışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş BMCMİ-nin digər əməkdaları Şahid3, Şahid4 şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 04 fevral 2022-ci il tarixdə saat 19:10-da tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5,726 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 04 fevral 2022-ci il tarixdə tanışı Şahid1 pay olaraq Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46B, mənzil 12 ünvanında əldə edərək özündə saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Şahid1 04 fevral 2022-ci il tarixdə saat 19:10-da Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46B ünvanının qarşısında olduqları zaman saxlanılaraq BMCMl-yə gətirilmiş və orada Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bağlamada təmiz çəkisi 29,317 qram, həmin gödəkçənin sol yan cibindən bir ədəd sellofan bağlamanın içərisində olan 111 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 58,195 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən ümumilikdə 87,512 qram, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan goy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 5,238 qram və həmin şalvarın sağ yan hissəsində yerləşən kiçik cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,488 qram olmaqla öz aralarında və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eynilik təşkil edən ümumilikdə 5,726 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2022ci il tarixli, 7/111 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "şübhəli şəxslər Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə" yazılar və imzalar olan 1 N-li ağ rəngli kağız paketdə 2 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 5,238 qram; 0,488 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 5,726 qramdır.-Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuana tərkibinə görə eynidir. Qeyd: Marixuanaların ümumi çəkisi - 5,726 qram tədqiqata sərf edildi cəmi -2,28 qram qalıqlar - 5,686 qram; “Maddi sübut kimi tanıma haqqında” 07 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi qalıq çəkisi 5,686 qram olan narkotik vasitə - qurudulmuş marixuana göstərilən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-yə saxlanışa verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-137/2022 nömrəli, 06 fevral 2022-ci il tarixli qərarından görünür ki, CM-in 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 fevral 2022-ci il tarixdən hesanlanmışdır; 06 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 07 mart 2022-ci il tarixli 1152 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 fevral 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif olunmaqla, ona 16 mart 2022-ci il tarixdə həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. “Sübutların qiymətlənsirilməsi haqqında” 14 mart 2022-ci il tarixli qərarına əsasən cinayət işi Təqsirləndirilən şəxs münasibətdə tamamlandıgından onun barəsində cinayət işi ayrılmış, şəxsi axtarış və baxışı özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut hesab edilib iş materiallarında saxlanıldır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 5,726 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Nizami rayon MKTB-nin 28 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamə); ailə vəziyyəti, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli (CPM-162.1.2), iş üzrə maddi sübut –BMCMİ-də saxlanışa verilmiş narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir (CM-in 93.1.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 5 (beş) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut – BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 5,686 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar