Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-277/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhər Nərimanov rayonu Böyüşor qəsəbəsi Daş karxanası küçəsi ev 166-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.142 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və 02 mart 2023-cü il tarixdə, saat 16 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan gey rəngli şalvarın sol yan cibindən bir ədəd sellofana bükülmüş təmiz çəkisi 1.142 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası almışdır. Təxminən bir ildir ki, psixotrop maddədən arabir istifadə edir. Belə ki, o, 02 mart 2023-cü il tarixdə günorta vaxtlarında Abşeron rayonu Mehdiabad qəsəbəsində olarkən tanımadığı şəxsdən özünün istradəsi üçün bir bükümdə olmaqla 50 manata psixotrop maddə olan metamfetamin alıb üzərində saxlamışdır ki, sonra istifadə edər. Daha sonra həmin gün saat 16 ünvan 3 ünvanda özü tək piyada hərəkət edərkən iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib barəsində əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında qərarla tanış etmiş və onu onlarla birlikdə Polis Şöbəsinə dəvət etmişdirlər. O da bundan sonra etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gəlmiş və orada xidməti otaqların birində təhqiqatçısı Baş Narkotiklərlə mübarizə idarəsinin təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev ona bildirmişdir ki, üzərində narkotik vasitə və ya psoxotrop maddə olmasında şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqdırlar. Bundan sonra ona vəkil dəvət edilmişdir. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O əynində olan göy rəngli cins şalvarının sağ cibində olan 10 manat pulunu, sol cibindən sellofan bükümündə olan psixotrop maddə metamfetamini və gödəkçənin iç cibindən isə iki ədəd biri Realmi olmaqla digəri Nokia markalı mobil telefonunu və sağ yan cibindən isə azaqdlığın məhdudlaşdırılması üçün ona təhkim olunmuş cihazı təqdim etmişdir. Daha sonra polis əməkdaşı pulunu və cihazı özünə qaytarsada sellofan bükümündə olan psixotrop maddəni açaraq göstərib, tərəzi üzərinə qoyaraq çəkmiş, qablaşdırma ilə birlikdə 1.3 qram olması məlum olmuşdur. Həmin bükülü təhqiqatçı tərəfindən zərfə qoyaraq qablaşdırılıb möhürlənərək götürüldükdən sonra bu barədə protokol tərtib etmiş və onlar imza etmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün xidmət etdiyi Baş İdarənin rəisinə 02 mart 2023-cü il tarixdə raportla məruzə etdikdən sonra alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirin həyata keçirməyə başlamışdır. Qabaqcadan hazırlanmış plana əsasən o, tədbirə«cəlb edilmiş Baş İdarənin digər baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə 02 mart 2023-cü il tarixdə, saat 16:00 radələrində ünvan 4 ünvanının yaxınlığında, Təqsirləndirilən şəxs piyada hərəkət edən zamarı saxlanılaraq təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmişdir. X3 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 22 saylı vəkil bürosunun vəxili X8 dəvət edib ona təqdim edəndən sonra, sonuncunun üzərində şəxsi axtarış aparacağını nəzərinə çatdırmışdır. Sonra, təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən içərisində ***-***-**-** GSM nömrə olan 1 ədəd “Realmi” markalı, içərisində ***-***-**-** GSM nömrə olan 01 ədəd Nokia markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd azadlığın məhdudlaşdırılması üçün nəzərdə tutulmüş cihazını, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 10 manat pulunu, sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsada üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs məxsus 10(on) manat pulu, lakin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə sonuncuya izah verilməklə 1(bir) ədəd, “Realmi” və 1 ədəd Nokia markalı mobil telefonlar götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış zamanı içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan “metamfetamin”ə bənzər psixotrop maddəyə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elekron tərəzi ilə çəkilmişdir. Həmin metamfetaminə bənzər maddənin təxmini çəkisinin 1.3 qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə elektron tərəzi ilə birlikdə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 01 ədəd kağız zərfin üzəri “DİNnin Zərflər üçün 7 saylı möhürü ilə möhürlənərək üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamindir, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, həmin gün Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata aldığını, 1 ilə yaxındır ki, narkotik tərkibli maddə istifadəçisi olmasını, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Həmin vaxt isə əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılraq iş materialına əlavə edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, göstərilən vaxtda Təqsirləndirilən şəxs göy rəngli şalvarının sol yan cibindən sellofana bükülmüş 01 ədəd bükülünü könüllü olaraq çıxarıb təqdim edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərlərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qara rəngli gödəkçənin iç cibindən Realmi və Nokia markalı mobil telefonları, sağ yan cibindən azadlığın məhdudlaşdırılması cihazını, göy rəngli şalvarının sağ yan cibindən 10 manat pulunu və şalvarının sol yan cibindən isə sellofan bükümü təqdim edir. Sonra onun üzərində axtarış aaprılsada heç bir əşya aşkar edilmir. Pulu və azdlığın məhdudlaşdırılması cihazı özünə qaytarılsada sübut əhəmiyyəti kəsb etdiyi üçün mobil telefonları götürülür. Daha sonra təhqiqatçı tərəfindən sıfırlanmış halda olan elektron tərəzi vasitəsilə Təqsirləndirilən şəxs təqdim etdiyi maddə çəkilərkən qablaşdırma ilə bilikdə təxmini çəkisinin 1.3 qram olması məlum olur. Həmin maddə qablaşdırılaraq götürülür və üzəri imzalanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1291 nömrəli rəyindən görünür ki, тядгигата тягдим olunmuş üzərində “Azərbaycan respublikası DİN Arayışlar üçün №7 dairəvi möhür əks olan, “,,,Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 1,142 qram olan ağ rəngli kristallardan ibarətmaddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Qeyd: metamfetaminin təmiz çəkisi: 1,142 qr, tədqiqata sərf edilən ümumu miqdar- 0,05 qram, qalıq-1,092 qram. Aparılmış tədqiqatın dəyəri 92 manatdır; Məhkəmə-narkoloji ekspertizasının 15 mart 2023-cü il tarixli 1523 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(006)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Maddi sübut kimi tanıma haqqında 06 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü yaddaşında əks etdirən 01 ədəd CD-R formatlı disk iş maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə qalıq çəkisi – 1,092 qram narkotik vasitə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r. İşdə olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(006)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasənn AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmışdır. Cəzasının əvvəli xx.xx.2023-cü il, cəzasının sonu isə xx.xx.2026-cı il tarixə hesablanmışdır.Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə cəzasından 05 ay 22 gün çəkmiş və onun 02 il 06 ay 04 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,142 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olması; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(006)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 il 05 ay 29 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasına AR CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzasına qismən birləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(006)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi hissəsi- CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməli, şübhəli şəxs qismində tutulduğu 02 gün (02-04 mart 2023-cü il), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı(CM-nin 69.3) və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(006)-798/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 il 05 ay 29 gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 1,092 qram olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 (iyirmi dörd) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-277/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-277/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver