Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-278/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin ofisində həyat yoldaşı Emilin əvvəllər qeyri rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, yoldaşı Emilin Zərərçəkmiş şəxs verdiyi pulu bəhanə edib ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə özünü cəmiyyətin fövqündə qoyaraq Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək əli ilə sonuncunun bilək nahiyəsindən dartaraq ona sağ mil bilək oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hemotoması və sağ mil bilək oynağının hemortrozu ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ötən ilin yay aylarında təxmini 2 iyul tarixində Aysel xanım ona zəng edərək, onun həyat yoldaşının dənizdə onun yanında olduğunu və ondan nə istədiyini soruşmuşdur. Halbuki, həmin vaxt onun həyat yoldaşı evdə olmuşdur. Eyni zamanda Ayselin bacısı onun həyat yoldaşına təhqiredici məzmunlu mesaj yazmışdır. O, həmin vaxtı istirahətdə olmuşdur, sonradan isə Aysel xanımın anasının yanına getmişdir. Lakin onun anası bu məsələyə qarışmayacağını bildirmişdir. Sonradan o, özü məcbur qalıb Ayselin iş yerinə getmişdir. Bir dəfə isə Ayselin əri Orxan ona zəng edərək, ona ərinin Aysel ilə Gürcüstan Respubliksında istirahət etdiklərini demişdir. O isə öz növbəsində ərinin müdiri ilə birlikdə ezamiyyətdə olduğunu bildirmiş və ona görə də Orxanla birlikdə ərinin yanına getməkdən imtina etmişdir. Onun yoldaşı Ayselin işlədiyi şirkətdə işləmədiyi təqdirdə, dəfələrlə onun iş yerinə getdiyini öyrənmişdir. Bundan başqa, Ayselin yalnız Aqibət adlı şəxsdən çəkindiyi öyrənmişdir və birbaşa onun yanına getmişdir. Orada Nəcibə adlı bir xanım onu içəri daxil olmağa qoymamışdır. Aysel isə onu tanımadığını demişdir. O, Ayselin əxlaqsız hərəkətlərinin aşkar ediləcəyini demiş və bundan sonra Aysel də ona hücum etmişdir. Hadisə baş verən vaxtı orada bir kök xanım və bir oğlan olmuşdur. O, Ayseli vurmamış, döyməmişdir. Amma ittiham aktında göstərilir ki, guya o, Ayselə bıçaq çıxarmışdır. Sonra isə post patrul hadisə baş verən yerə gəlmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aysel ilə yoldaşı iki il yarım görüşmüşlər, lakin o bundan son bir ildə məlumatlı olmuşdur. Həmçinin əri Emil ilə nikahın pozulmasına dair işi məhkəmənin icraatında olmuşdur. İlk məhkəmə iclası zamanı Emil boşanmaq istədiyini bildirmiş, lakin sonrakı məhkəmə iclasında isə Emil geri qayıdaraq ailəsi olmadan qala bilmədiyini bildirmişdir. Bundan əvvəl isə Emil Ayselə məxsus evdə qalmışdır. Nəticədə əri Emillə boşanmamışdır. O əvvəllər Ayseli görməmişdir, ilk dəfə onu iş yerində görmüşdür. O Ayselin foto şəkillərini yalnız əri Emilin mobil telefonunda görmüşdür. Onun Ayselin iş yerinə getməsinin səbəbi isə Ayselin bacısının Emilə təhqiredici məzmunlu mesaj yazması və Ayselin özünün zəngi olmuşdur. Ayselin bacısı demişdir ki, guya Emil onun bacısını, yəni Ayseli narahat edir, qapısını sındırır. O isə öz növbəsində şikayət edəcəyini bildirmişdir. Aqibət Ayselin işlədiyi şirkətin rəhbəridir. Ayselin iş yerində olarkən Aysel Süleyman adlı şəxsin otağında olmuşdur və onu görərək dəhlizə çağırmışdır. Aysel isə onun kim olduğunu soruşanda özünü Emilin arvadı kimi təqdim etmişdir. Bu zaman Aysel çıxıb getmişdir. Daha sonra isə ona “gəl görək əxlaqsız sənsən ya mən” demişdir və bu vaxtı Aysel də ona hücum etmişdir. Orada gənc oğlan, qız işçilər, xadimə olmuşdur. Bundan başqa, Ayselin ən yaxın rəfiqəsi Günel də həmin vaxtı orada olmuşdur, lakin onun izahatı alınmamışdır. Onun Ayselə dırnağı belə dəyməmiş, lakin Aysel ona şər atmışdır. O, yalnız əli ilə özünü müdafiə etmişdir. Hadisə 5 dəqiqə davam etmişdir. Daha sonra isə hadisə yerinə polis gəlmişdir. Onun Ayselin yanına getməkdə və mübahisə etməkdə məqsədi yalnız ailəsini və uşaqlarını qorumaq olmuşdur. Martın 21-də yoldaşı Emil evə qayıtmış və Aysellə münasibətini tamamilə kəsmişdir. Bundan sonra bu mesajlar, zənglər başlanmış, həmçinin Aysel də öz əri ilə boşanmasının səbəbini əri Emillə olan münasibətlərinə görə baş verdiyini bildirmişdir. Hazırda əri Türkiyə Respublikasındadır. Zərərçəkmiş şəxslə hazırda barışmamışlar. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, sözügedən hadisə avqust ayında baş vermişdir. Belə ki, "xxxx"də işləmiş və Hicran şirkətə gələn zaman o, müdiriyyətin otağında olmuşdur. Saat 11 radələrində Təqsirləndirilən şəxs şirkətə digər xanımla daxil olmuş və onu müdiriyyətin qarşısında təhqir etmişdir. Eyni zamanda, onun bacısını da təhqir etmişdir. Onun bacısı da həmin yerdə işləyir. O Təqsirləndirilən şəxs haqqında məlumatlı olmuş, lakin onu ilk dəfə görmüşdür. Bildirmişdir ki, Emil ilə münasibətə başlayanda onun evli olması barədə məlumatı olmamış, lakin sonradan onun evli olduğunu öyrəndiyindən ayrılmaq qərarına gəlmişdir. Bundan sonra Emil onu şantaj etmiş və dəfələrlə yaşadığı evin qarşısında döymüşdür. Həmçinin onun keçmiş yoldaşı ilə əlbir olaraq azyaşlı uşağını əlindən almışlar. Hicran onu təhqir etmiş və onun xəstə anasına təhqiredici məzmunlu mesaj yazmışdır. Günlərin bir günü Emil onun eyvanına gülün içinə qeyd qoymuşdur, istirahət etdiyi yerdə istirahət mərkəzinə gəlmişdir. Bundan sonra o, Hicrana Emilin onu güdməsi barədə məlumat vermək üçün yazmışdır. Eyni zamanda bildirmişdir ki, Emillə olan münasibəti 2022-ci ildə bitmiş, sadəcə işi ilə əlaqədar mobil nömrəsini dəyişə bilməmişdir. Hicran xanım onu orada çox nalayiq sözlərlə təhqir etmiş və həmin sözləri eşitməmək üçün otaqdan çıxan zaman Hicran onun qolundan dartaraq “hara gedirsən?” demişdir. O, Hicranı itələyərək otaqdan çıxmış və başqa bir otağa Zeynəb xanımın otağına getmişdir. Həmçinin Hicran xanım orada bütün işçilərə onun şəkillərini nümayiş etdirərək onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hicranla aralarında hər hansı barışıq yoxdur və iş yerində böyüklər olduğuna görə Hicrana qarşı nalayiq ifadələr işlətməmişdir. Lakin Hicran dəfələrlə onu təhqir etmiş, ünvanına nalayiq ifadələr işlətmiş, o isə bunların qarşılığında ona Hicran xanım deyərək müraciət etmişdir. Hicranı təhqir etmədiyini və ona xəsarət yetirmədiyini bildirmişdir. Daha sonra o, kadrların otağından ikinci dəfə çıxarkən öz telefonunu götürüb polisə zəng etmək istəyərkən bu zaman Hicran təkrar onun qolundan tutmuşdur. Təqsirləndirilən şəxs ofisə gələndə onun bacısını görməyi tələb etmişdir. Bu zaman Hicran “bunun anası bunu pula satır”, “ərimdən əl çəkmir” kimi ifadələr işlətmişdir. O da Süleyman müəllimin otağında olmuşdur. Hicran gələn kimi söyüş söyməyə başlamışdır. O, həmin sözləri eşitməmək üçün otaqdan çıxmaq istəmişdir, həmin vaxtı Hicran “hara gedirsən?” deyərək onun qolundan tutub dartmışdır. Hadisə vaxtı isə orada Süleyman müəllim, maliyyə şöbəsinin rəisi Nəcibə xanım, kadrlar şöbəsinin rəisi Zeynəb xanım, Mamed, Elçin, Nazim və xadimə Nazpəri olmuşdur. Hadisə baş verən zaman şirkətdə kamera olmamışdır. İşlədiyi yer səhv etmirsə 8 mərtəbəli binadır, onların ofisi 6-cı mərtəbədə yerləşir. 6-cı mərtəbədə yeddi işçi kabineti, bir mətbəx və Məmmədov Aqibətin şəxsi kabineti, mətbəxi və görüş zalı var. Həmin vaxt otaqda Süleyman müəllimlə ondan başqa heç kəs olmamışdır və hamı sonradan səs küyə toplaşmışdır. Mübahisə isə təxminən yarım saat davam etmişdir. Hadisə baş verənə qədər o, dəfələrlə Hicranla danışmış və Emil evə getməyən günü Hicran ona nalayiq sözlər yazmışdır. Baş verən hadisə nəticəsində sağ əlinin bilək hissəsində xəsarət almış, əlində dırnaq izləri qalmış və buna görə avtomobil idarə edə bilməmişdir. Polis gələnədək Hicran nalayiq ifadələr işlətməkdə davam etmişdir. Ofisdə yeddi nəfər işçi olmuş və hadisə vaxtı hamı dəhlizdə olmuşdur. Təqsirləndirilən şəxs qolundan tutan zaman Süleyman müəllim bunu görmüşdür. Ondan sonra isə Hicranla danışmamış və onunla barışmaq niyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində iş yerində xidməti otağında olan zaman keçmiş müdirləri Süleyman müəllimin xidməti otağında səs-küy gəldiyini eşitmişdir. Həmin vaxt o, şirkətin dəhlizinə çıxan zaman Süleyman müəllimin iş otağında adının sonradan Hicran olduğunu bildiyi qadının Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, nalayiq ifadələr işlətdiyini görmüşdür. O və Süleyman müəllim Hicrandan kim olduğunu, nə istədiyini soruşan zaman həmin şəxs adının Hicran olduğunu, Zərərçəkmiş şəxs onun həyat yoldaşı ilə münasibəti olduğunu bildirmişdir. Həmin vaxt o, Hicran və sonuncu ilə birlikdə gəlmiş xanımdan şirkəti tərk etmələrini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman onlar otaqda olmuşlar. Aysel onun köməkçisidir. O, sonradan səs-küyə çıxmışdır. Hadisə təqribən yarım saat davam etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 qızının məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 qızının ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 qızı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində iş yerində xadimələr üçün ayrılmış otaqda olan zaman ofisin daxilində səs-küy olduğunu eşitmişdir. Dəhlizə çıxan zaman tanımadığı bir nəfər şəxsin Zərərçəkmiş şəxs ilə mübahisə edərək nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin vaxt otaqda olan şirkətin digər işçisi Nəcibə xanım və Süleyman müəllim həmin şəxsdən kim olduğunu, nə istədiyini soruşan zaman həmin şəxs Zərərçəkmiş şəxs gəzdiyi insanın həyat yoldaşıdır. Bir qədər sonra X3 müəllimin otağından çıxıb digər iş otağına keçmək istəyən zaman adının sonradan Hicran olduğunu öyrəndiyi xanım Ayselin qolundan tutub dartaraq özünə tərəf çəkmək istəmişdir. Bundan sonra o, öz iş otağına getmiş və sonradan olanlardan məlumatı olmamışdır. Bir qədər sonra şirkətə polis əməkdaşlarını gəlməsini görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin ofisidir. Ofisin girişinə daxil olan zaman 3 otaq açılır. Sol tərəfdə mətbəx yerləşir. Sağ tərəfdə sanitar qovşaq vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin 07 sentyabr 2023-cü il tarixli, 1068 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ mil bilək oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi – hematoması və sağ mil bilək oynağının hemartrozu küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünürki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin 20 fevral 2024-cü il tarixli, 104/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ mil bilək oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi – hematoması və sağ mil bilək oynağının hemartrozu küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 24 avqust 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəblərinin müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əri X2 Zərərçəkmiş şəxs ilə münasibətinin olmasını öyrənmiş və qisqanclıq zəminində xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxsin iş yeri olan "xxxx" ASC-nin ofisinə gələrək dəhlizdə Zərərçəkmiş şəxs çağıraraq söhbət etməyə çalışmış, daha sonra aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs bilək nahiyəsindən dartaraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin ofisinin dəhlizi ilə ifadə olunmuş, lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin ofisinin dəhlizində zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız 2 şəxs- təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Şahidlər siyahısında yalnız 2 nəfər şəxs göstərilmişdir ki, onlar ibtidai istintaqda vermiş olduqları ifadələrdə, həmçinin məhkəmə iclasında verilmiş ifadədə bildirmişlər ki, onlar səs-küyü sonradan eşitmiş və dəhlizə çıxarkən Hicranın Ayseli söyməsini eşitmişlər. Daha sonra da Hicran Ayselin qolundan tutub dartmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməsi zərurəti olduğu halda bunu etməyərək, eyni zamanda baş vermiş hadisənin qısqanclıq zəminində törədilməsini nəzərə almayaraq Təqsirləndirilən şəxs əməlin əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, onun qısqanclıq zəminində törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə dövlət adından məhkəmənin hökmü ilə tətbiq edilən, qanunla nəzərdə tutulan məhrumiyyətlərdə, yaxud da məhkumun hüquq və azadlıqlarının məhdudlaşdırılmasında ifadə olunan dövlət məcburiyyət təsiridir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Məhkəmə, hazırki cinayət işi üzrə sözügedən maddədə göstərilmiş belə bir əmlakın olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs baş vermiş cinayət hadisəsi nəticəsində ona dəyən maddi ziyanla bağlı xərcləri tələb etsə də, onun bu xərclərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs baş vermiş hadisə nəticəsində sağlamlığına yüngül xəsarət yetirilməsi ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 azn cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməməmk haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs mənəvi zərərə görə 500 manat və ödənilmiş 138 manat dövlət rüsumu tutularaq, cəmi 638 manat mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-278/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-278/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver