Məhkəmə qərarları › İş №1(005)-278/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-278/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-278/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla 04 aprel 2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısına daşımış, 04 aprel 2025-ci il tarixdə saat 17:40 radələrində Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısına saxlanılaraq, üzərində video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,567 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitələri adətən tanımadığı şəxslərdən almışdır. 04 aprel 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində parkda gəzişən zaman yerdə 01 ədəd şəffaf rəngli sellofan büküm olduğunu görmüşdür. Büküm ona maraqlı gəldiyi üçün yerdən götürüb açaraq içinə baxan zaman içərisində narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. Buna görə də həmin bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 17:40 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. O da üzərində narkotik vasitə heroin olduğu üçün həyəcanlanmış və özünü təqdim edərək polis əməkdaşlarından uzaqlaşmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onun hərəkətlərindən şübhələnib üzərinə razılığı əsasında şəxsi axtarış keçirmək istədiklərini bildirmiş, etirazı olmadığı üçün videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini, “Samsung’' markalı mobil telefonu, əynində olan qısaqol gödəkçənin sol yan cibindən 01 ədəd “Vincestr” markalı siqareti və 01 ədəd alışqanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümə baxış zamanı içərisindən qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, 04 aprel 2025ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində, parkda gəzişən zaman yerdən taparaq götürdüyünü bildirmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə olan maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə zərfin üzərini imzalayaraq təsdiq etmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə gəlmişdir. Orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, Hər hansı qanunsuz predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən saxlanılarkən polis əməkdaşlarına təqdim etdiyi zərfin içərisində olan 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilmişdir. Baxış zaman həmin bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin maddə yenidən zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bir daha qeyd edir ki, həmin narkotik vasitə olan heroini 04 aprel 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində, parkda gəzişən zaman yerdən tapmışdır. Heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki zor və digər təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin NMBnin sabiq əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 04 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O və Tural birlikdə daxil olmuş məlumat əsasında saat 04 aprel 2025-ci il tarixdə saat 17:40 radələrində ünvan 3 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rafətin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli aparmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Rafət də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü, qısaqol gödəkçənin sol yan cibindən 01 ədəd “Vincestr” markalı siqaret qutusunu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Montin qəsəbəsində parkda gəzən zaman yerdən taparaq şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmiş və həmin bükümdə olan maddə qablaşdırılaraq möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-yə gətirmişlər və orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılan zaman onlara təqdim etdiyi və içərisində narkotik vasitə heroin olan zərfi təqdim edərək, həmin zərfin içərisində olan bükümdəki maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs zərfin içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 04 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində parkda gəzən zaman yerdən tapdığını bildirmişdir. Təhqiqatçı tərəfindən zərfdə olan bükümə baxış keçirildikdən sonra yenidən zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin əməkdaşı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qısa qol gödəkçəsinin sol yan cibindən 01 ədəd “Vinçester” markalı siqaret qutusunu, göy rəngli cins şalvarının sağ yan cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofanla bükülmüş bükümü könüllü və sol yan cibindən “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Ona verilən suallara cavabında 01 ədəd bükümdə olan narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsinin üstünün yoxlanılması həmin gün 17:45-dən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə keçəsi 12 ünvanında keçirilmişdir. (i.v. 10-12) Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya aşkar olunmamışdır. Şahid1 Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş bir ədəd Samsung markalı mobil telefon, bir ədəd Vincestr markalı siqareti və bir ədəd alışqanı, bir ədəd zərfi təqdim edərək həmin zərfin içərisindəki predmetin Təqsirləndirilən şəxs üzərindən aşkar olunduğunu bildirmişdir. Zərfə baxış keçirilən zaman zərfdə bir ədəd bükümdə olan qəhvəyi rəngli, toz halında maddənin narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdu. Təqsirləndirilən şəxs bir ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu və Montin qəsəbəsində parkda gəzən zaman yerdən tapdığını qeyd etmişdir. Həmin büküm zərfdə qablaşdırılaraq iştirakçılar tərəfindən zərf imzalanmış və möhürlənmişdir. (i.v. 35-36) CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 10 aprel 2025-ci il tarixli protokollardan görünür ki, görüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 04 aprel 2025-ci il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. (i.v. 111-112) CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 10 aprel 2025-ci il tarixli protokollardan görünür ki, görüntülər əməliyyat müvəkkili tərəfindən saxlanıldıqdan sonra ərazidə Təqsirləndirilən şəxs üstünün yoxlanılması aparılarkən qeydə alınmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında 04 aprel 2025-ci il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. (i.v. 113-114) Məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2025-ci il tarixli 6/824 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,567 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir. (i.v. 45- 49) Məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli 1921 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. (i.v. 134-135) Məhkəmə-psixiatrik ekspertizasının 07 aprel 2025-ci il tarixli 1038 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 136-139) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi - 0,567 qram olan narkotik vasitə heroin, şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 02 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra narkotik vasitə heroinin 0,467 qram qalığı saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş, 02 ədəd disk isə cinayət işinə əlavə edilmişdir. (i.v. 142- 149) Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən heroinin aşağı həddi 0,15 qram olduqda xeyli, aşağı həddi 2 qram olduqda külli, aşağı həddi 800 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün 17:45-də Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə keçəsi 12 ünvanında saxlanılmış və üstü yoxlanılmışdır. (i.v. 10-12) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə tutulması haqqında protokol həmin gün saat 18:55-də tərtib olunmuşdur. (i.v. 25-26) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. (i.v. 67-69) Həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. (i.v. 86-88) Qətimkan tədbirinin seçilməsi barədə 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 89-90) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 119) Məhkəmə, Azərbaycan Respubikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını və əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs kimi tutulduğu müddət (iş materiallarından görünür ki, xx.xx.2025-ci il saat 17:45-də azadlığı faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdə saat 16:30-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra Nərimanov rayon prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli qərarı ilə tutulmadan azad edilmişdir. Qərarla şəxsin konkret olaraq hansı saatda azad olunması müəyyən olunmasa da, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə xx.xx.2025-ci il saat 17:20-də tanış olması nəzərə alınaraq faktiki olaraq 48 saatdan artıq müddətdə azadlığı məhdudlaşdırılmadığı üçün həmin müddət 2 gün kimi nəzərə alınır.) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə köçürülməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla 8 iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 aprel 2025-ci ildən 06 aprel 2025-ci ilədək tutulduğu 2 (iki) gün müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,467 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üstünün yoxlanılması və üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntülərin köçürüldüyü iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla 8 iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya qaydasında protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar