Məhkəmə qərarları › İş №1(005)-279/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-279/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-279/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Nəzərov Xalid Xaliq oğlunun, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Qədirli Vasif Vaqif oğlunun, təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlunun iştirakları ilə, 08 yanvar 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Hacıyev Orxan Əhməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıyev Orxan Əhməd oğlu istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil edilən 7,593 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Orxan Hacıyev 02 dekabr 2021-ci il tarixdə saat 19:00-da ünvan 3 ünvanın qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,036 qram və 3,557 qram olmaqla ümumilikdə 7,593 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Hacıyev Orxan Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci il tarixdə “Neftçilər” metrostansıyasının yaxınlığında üzdən tanıdığı şəxsdən 70 manat məbləğində pul ödəməklə 02 ədəd bükümdə narkotik vasitə heroin alıb şalvarının cibinə qoymuşdur. Həmin narkotik vasitəni asudə vaxtlarında istifadə etmək məqsədi ilə almışdır. Musazadə Calal Telman oğlu ilə əvvəllər idman yarışlarında birlikdə iştirak etdiyi üçün tanışlıqları yaranmış və bir-biri ilə daima əlaqə saxlamışlar. Calal Musazadə hazırda Yasamal rayonunda yerləşən “Quzu Qabırğa” adlı restoranda adminstrator vəzifəsində işləyir. Calal tez-tez onu həmin restorana dəvət edir və orada birlikdə yemək yeyirlər. 02 dekabr 2021-ci il tarixdə Calal onu yığıb axşamtərəfi restorana dəvət etdiyini və bir neçə ortaq tanışları ilə birlikdə oturub yemək yeyəcəklərini demişdir. O da Calalın dəvətini qəbul etmiş və 02 dekabr 2021-ci il tarixdə “Quzu Qabırğa” adlanan restorana getmişdir. Orada Calal, Firuz, Faiq, Səddam və Ülvi adlı ümumi tanıdığı şəxslərlə masa arxasında əyləşib çay içmişlər. Bir qədər oturub söhbət etdikdən sonra o, Cəlal və Firuz siqaret çəkmək məqsədi ilə bayıra çıxmışlar. Saat 19 radələrində “Quzu Qabırğa” restoranının qarşısında olduqları zaman 5-6 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış, Firuz Kərimov və Calal Musazadənin üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu, əynində olan gödəkçənin sol yan cibində olan 5 manat pulu və 01 ədəd idman papağını çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini 01 dekabr 2021-ci il tarixdə təxminən saat 18-19 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında üzdən tanıdığı adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 70 manat pul müqabilində öz istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 5 manat pul və 01 ədəd idman papağı özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Kərimov Firuz Kərim oğlunun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Firuz Kərimov üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, üzərində olan 2 manat pulu və “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Firuz Kərimov onunla aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 2 manat pul və mobil telefon Firuz Kərimovun özünə qaytarılmışdır. Bundan sonra Musazadə Calal Telman oğlunun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Calal Musazadə üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, üzərində olan 10 manat pulu təqdim etmişdir. Sorğu zamanı Calal Musazadə onunla aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 10 manat pul Calal Musazadənin özünə qaytarılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlu əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azəərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Əliyev Hətəm İsmayıl oğlu ifadəsində göstərmişdir ki, 02 dekabr 2021-ci il tarixdə Baş İdarəyə Hacıyev Orxan Əhməd oğlunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Hacıyev Orxan Əhməd oğlunun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvləri əməliyyat müvəkkilləri Yaqubov Tərlan Əlibaba oğlu, Məcidov Namiq Hakim oğlu, Mikayılov Elnur Məhərrəm oğlu, Ağayev Fərid Rəfael oğlu və Allahverdiyev İlqar Vaqif oğlunu təlimatlandırarkən Baş İdarəyə Hacıyev Orxan Əhməd oğlunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Orxan Hacıyevin xarici əlamətlərini bildirmişdir. 02 dekabr 2021-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Orxan Hacıyevin olacağı Yasamal rayonu Ş.Mehdiyev küçəsinə getmişlər. Qeyd olunan ünvanda bir qədər müşahidə apardıqdan sonra saat 19:00-da Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 141 saylı ünvanda fəaliyyət göstərən “Quzu Qabırğa” restoranının qarşısında Hacıyev Orxan Əhməd oğluna bənzər və digər 2 nəfər şəxsin birlikdə dayanmalarını görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Onlara özlərini təqdim etmələrini söyləmişlər. Həmin şəxslər Hacıyev Orxan Əhməd oğlu, Kərimov Firuz Kərim oğlu və Musazadə Calal Telman oğlu olmalarını bildirmişlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Orxan Hacıyevə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş və yanında olan adları qeyd olunan şəxslərlə birlikdə Baş İdarəyə gətirmişlər. Baş İdarədə Hacıyev Orxan Əhməd oğluna dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Orxan Hacıyevin üzərində şəxsi axtarış, Firuz Kərimov və Calal Musazadənin üzərinə baxış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Hacıyev Orxan Əhməd oğluna üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Orxan Hacıyev əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının digər cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu, gödəkçəsinin cibində olan 5 manat pulu və 01 ədəd idman papağını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Orxan Hacıyev təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Orxan Hacıyevin təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Orxan Hacıyevin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Orxan Hacıyev üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 01 dekabr 2021-ci il tarixdə təxminən saat 18-19 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında üzdən tanıdığı adını və anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 70 manat pul müqabilində öz istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Orxan Hacıyevin üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Aşkar edilmiş 5 manat pul və idman papağı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Orxan Hacıyevin özünə qaytarılmış, 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Kərimov Firuz Kərim oğlu və Musazadə Calal Telman oğlunun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Firuz Kərimova və Calal Musazadəyə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Firuz Kərimov və Calal Musazadə hər ikisi üzərlərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişlər. Baxış davam etdirilərkən Firuz Kərimov və Calal Musazadənin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Firuz Kərimov və Calal Musazadə Hacıyev Orxan Əhməd oğlu ilə aralarında tanışlıq münasibətləri olduğunu, narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiklərini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını. Orxan Hacıyevin üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Yaqubov Tərlan Əlibaba oğlu, Mikayılov Elnur Məhərrəm oğlu, Ağayev Fərid Rafael oğlu, Allahverdiyev İlqar Vaqif oğlu digər şahid Əliyev Hətəm İsmayıl oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Məcidov Namiq Hakim oğlu və Musazadə Calal Telman oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Məcidov Namiq Hakim oğlu və Musazadə Calal Telman oğlunun ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Bundan başqa, şahid Musazadə Calal Telman oğlu məhkəməyə teleqramla müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tuutlması haqqında” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Hacıyev Orxan Əhməd oğlu 02 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-29-cu vərəqələrində olan “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Orxan Hacıyev şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Orxan Hacıyev əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil teİefonu, əynində olan gödəkçəsinin sol yan cibində olan 5 manat pulu və 01 ədəd idman papağını çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Orxan Hacıyev təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirdi. Orxan Hacıyevin təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edildi. Şəxsi axtarış davam etdirilərkən Orxan Hacıyevin üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Orxan Hacıyev üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 01 dekabr 2021 -ci il tarixdə təxminən saat 16:00-19:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında üzdən tanıdığı adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 70 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirdi. Bundan sonra Orxan Hacıyevin üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 5 manat pul və 01 ədəd idman papağı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Orxan Hacıyevin özünə qaytarıldı, şəxsi axtarış zamanı Orxan Hacıyevin üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Cinayət işinin 50-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli, 6/5361 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Hacıyev Orxan...oğlunun üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,036 qr., 3,557 qr., ümumi təmiz çəkisi 7,593 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Cinayət işinin 100-102-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-1272/2021 nömrəli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hacıyev Orxan Əhməd oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hacıyev Orxan Əhməd oğlunun barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 02 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 109-110-cu vərəqələrində olan “Maddi sübut hesab etmə haqqında” 04 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Hacıyev Orxan Əhməd oğlunun üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 7,593 qram çəkidə narkotik vasitə heroinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq 7,493 qram çəkidə narkotik vasitə heroinin saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamaya dair xx.xx.2021-ci il tarixli, 4867 nömrəli rəydən görünür ki, müayinə zamanı Hacıyev Orxan Əhməd oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibəin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 168-169-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Hacıyev Orxan Əhməd oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 179-190-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 16 mart 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Hacıyev Orxan Əhməd oğlunun üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Hacıyev Orxan Əhməd oğlunun üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Hacıyev Orxan Əhməd oğlunun əynində olan şalvarın sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 7,593 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Hacıyev Orxan Əhməd oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlu barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlunun təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Hacıyev Orxan Əhməd oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Hacıyev Orxan Əhməd oğluna Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Hacıyev Orxan Əhməd oğlunun üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Hacıyev Orxan Əhməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Qədirli Vasif Vaqif oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Qədirli Vasif Vaqif oğluna məhkəmədə iştirak etdiyi 29 (iyirmi doqquz) iş saatına görə 174 (yüz yetmiş dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Hacıyev Orxan Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hacıyev Orxan Əhməd oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablansın. Hacıyev Orxan Əhməd oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hacıyev Orxan Əhməd oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7,493 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Hacıyev Orxan Əhməd oğlunun üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki) manat Hacıyev Orxan Əhməd oğlundan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Qədirli Vasif Vaqif oğlu tərəfindən təqsirləndirilən şəxs Hacıyev Orxan Əhməd oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 29 (iyirmi doqquz) iş saatına görə 174 (yüz yetmiş dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar