Məhkəmə qərarları › İş №1(005)-28/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-28/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-28/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs vəkili Müdafiəçi1 oglunun Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Kürdəmir rayonu, Muradxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumlugu olmayan, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqında “İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Daşınmaz əmlakın Texniki inventarlaşdırılma şöbəsinin texniki inventarlaşdırma işləri sektorunun yerquruluşu üzrə mühəndisi vəzifəsində işləyərkən tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 5 (beş) hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququna dair müvafiq çıxarış təşkil edəcəyini yalandan vəd edib inandırmaqla aldadaraq Elşad Əlsgərovdan 2017-ci ilin may ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev 42 D ünvanında yerləşən 33 saylı Azərpoct MMC-nin qarşısında 62.000 (altmış iki min) manat məbləğində pul vəsaitini alaraq, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs vəsaitinin bir qismini, yəni 37.000 manatı hissə-hissə 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayına qədər geri qaytarıb, həmin vəsaitin 25.000 manatını isə məqsədli olaraq tamah niyyəti ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda 25.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o 2008-ci ildən 2019-cu ilin avqust ayınadək Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mərkəzi aparatında mühəndis vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs 2017-ci ildən etibarən tanıyır, yerli və dost olmuşlar. Dostları vasitəsilə tanış olmuşdur. 2017-ci ilin mart və ya aprel ayında işdə olan zaman Zərərçəkmiş şəxs onun mobil telefon nömrəsinə zəng vuraraq tanışlıq verib, Kürdəmir rayonundan olduğunu bildirdikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4 (dörd) hektar ərazini özəlləşdirmə yolu ilə şəxsi mülkiyyətinə keçirmək istədiyini bildirib, bir həmyerli kimi bu məsələ ilə bağlı ona kömək etmək imkanının olub- olmadığını soruşmuşdur. O, cavabında Zərərçəkmiş şəxs sözügedən torpaq sahəsi ilə bağlı sənədləri aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi təklif etmişdir. Telefon danışıqlarından təxminən 15-20 gün sonra, bazar günü Zərərçəkmiş şəxs təklifi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində görüşüb həmin qəsəbədə yerləşən sözügedən torpaq sahəsinə baxdıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs həmin 4 (dörd) hektar torpaq sahəsinə dair sənədləri ona təqdim etmişdir. O, sənədləri oxuduqda torpaq sahəsinin Zərərçəkmiş şəxs heç bir aidiyyətinin olmadığını, həmin torpaq sahəsinin X4 aid olduğunu gördüyünü göstərmişdir. Odur ki, bu barədə Zərərçəkmiş şəxs ətraflı izah edərək sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla X4 aid olmasını və Kənd Təsərrüfatı Nazirliyindən müvafiq arayış əldə etdikdən sonra özəlləşdirmə üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edib dövlət rüsumunu ödəməklə həmin torpaq sahəsini özəlləşdirib şəxsi mülkiyyətinə keçirə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs cavabında Ukrayna Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, lakin işləri yaxşı getmədiyini, təcili pula ehtiyacı olduğunu və bu səbəbdən sözügedən torpaq sahəsini qısa müddət ərzində özəlləşdirib şəxsi mülkiyyətinə keçirməklə başqa şəxsə satmaq istədiyini bildirdiyini göstərmişdir. Söhbət əsnasında həmçinin Zərərçəkmiş şəxs artıq bununla bağlı müştəri tapdığını söyləyib həmin şəxsdən sözügedən torpaq sahəsinin satışı ilə bağlı ilkin ödəniş, yəni beh almaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs özəlləşdirmə məsələsinin kifayət qədər vaxt tələb etdiyini söyləyib beh almaq üçün tələsməməyini tövsiyə etdiyini, Zərərçəkmiş şəxs onunla razılaşaraq bu məsələ ilə ətraflı maraqlanmağını xahiş edib, sözügedən torpaq sahəsinə aid sənədlərin surətini ona təqdim edərək yaxın günlərdə təcili Ukrayna Respublikasına çıxıb getmişdir. Təxminən 2-3 ay sonra Zərərçəkmiş şəxs Ukrayna Respublikasından Bakı şəhərinə qayıtdığını və Bakı şəhərində onunla görüşərək özəlləşdirmə ilə bağlı məsələnin nə yerdə olduğunu soruşduğunu, o, bir daha Zərərçəkmiş şəxs sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla X4 aid olmasını və Kənd Təsərrüfatı Nazirliyindən müvafiq arayış əldə etdikdən sonra özəlləşdirmə üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edib dövlət rüsumunu ödəməklə həmin torpaq sahəsini özəlləşdirib şəxsi mülkiyyətinə keçirə biləcəyini dediyini bildirmişdir. Söhbət əsnasında sözügedən torpaq sahəsinə dair Zərərçəkmiş şəxs ona təqdim etdiyi sənədlərin surətini onun özünə qaytardığını, Zərərçəkmiş şəxs cavabında torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı ona arxayın olduğunu və özəlləşdirmə işinin müsbət həll olunacağını düşünüb borc pul aldığını söyləyərək narazılığını bildirdiyini göstərmişdir. O, Zərərçəkmiş şəxs ondan narazılıq etməsi üçün heç bir əsasının olmadığını bildirdiyini, Zərərçəkmiş şəxs isə özəlləşdirmə işinin müsbət həll olunacağını düşünüb ona inandığı üçün borc- xərc etdiyini söyləyib Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləməyinə imkan verməyəcəyini göstərmişdir. Şahid2 2008-ci ildən etibarən tanıyır, Şahid2 onunla birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmişdir, Şahid2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın texniki pasport şöbəsində kompüter operatoru vəzifəsində işləyirdi. Şahid2 ilə Zərərçəkmiş şəxs telefon vasitəsilə o, tanış etmiş, belə ki, dəqiq tarixini xatırlamadığı 2017-ci ilin yay aylarında Elşadla növbəti görüşləri zamanı Zərərçəkmiş şəxs Ləhiş bağları ərazisində torpaq sahəsinin olduğunu bildirib həmin torpaq sahəsinin fərdi yaşayış zonasına aid olub-olmamasını müəyyənləşdirmək istədiyini bildirdiyi üçün o, bir həmyerli kimi Şahid2 mobil telefon nömrəsini Elşada verərək Kamranla əlaqə saxlayıb bu barədə danışmasını tövsiyə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, Elşad ona Ləhiş bağları ərazisində torpaq sahəsinin olduğunu bildirib həmin torpaq sahəsinin fərdi yaşayış zonasına aid olubolmamasını müəyyənləşdirmək istədiyi üçün ondan köməklik etməsini istəmiş, həmin məsələlərə Dilavər adlı şəxsin baxdıgını, bu səbəbdən Kamrana bu məsələ ilə bağlı Elşadla danışmasını xahiş etmişdir. Kamrandan Ləhiş bağlarına baxan Dilavər adlı şəxsin adı ilə Elşadla danışması barədə xahiş etməsi yalandır. Belə bir hal olmayıb. Dilavər adlı şəxs bir müddət əvvəl vəfat etmişdir. O, Zərərçəkmiş şəxs heç bir məbləğdə pul almadığı üçün Şahid2 da heç bir pul verməmişdir. Ona görə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında videokanfrans vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Binə qəsəbəsində, Qala yolunun üstündə yerləşən ərazidə torpaq sahəsi olmuş, 2017-ci ildə həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istədiyi üçün, yaxın dostlar və tanışlarla əlaqə saxladığını və ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Nərimanov rayonu ərazisində yerləşən BT adlı qurumun işçisi olan Təqsirləndirilən şəxs telefon nömrəsini vermişlər. O da bu adamla telefonla danışaraq görüşüb torpağına sənəd düzəltmək istədiyini bildirdiyini göstərmişdir. Ramin də özünü ona Əmlak Komitəsinin işçisi kimi təqdim etmiş və o da inandığı üçün bu adamın ona kömək edə biləcəyini bildirmişdir. O, qısa zamanda torpağına sənəd düzəltmək üçün bu şəxslə razılığa gəlmişdir. Təqsirləndirilən şəxs bu işin mütəxəssisi oluğunu və ona kömək edəcəyini düşündüyünü bildirmişdir. 2017-ci ilin aprel ayının ortalarında o, Raminlə tanış olandan sonra Raminin ona torpaqlarının sənədlərini düzəldə biləcəyini dediyini göstərmişdir. O da 2017-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev 42 D ünvanında yerləşən 33 saylı Azərpoct MMC-nin qarşısında görüşüb, ona inanaraq 62.000 (altımış iki min) manat pulu orada Təqsirləndirilən şəxs vermişdir. Pulu verəndə dostu Rəşad onu maşında gözləmiş, hətta pulu saymağa ona köməklək etmişdir. Raminlə danışıqlarına əsasən, guya Raminin 1 və ya 2 ay ərzində sənədləri hazır edib ona çıxarış verəcəkdi. Daha sonra iş uzandığı üçün narahat olmağa başlamış, bununla bağlı Raminə dedikdə, Raminin “narahat olmayın artıq sənədləri Əmlaka verib” deyə bildirdiyini göstərmişdir. Hətta Raminin onun etibarını qazanmaq üçün guya sənədləri BT adlanan quruma verdiyini və bununla bağlıda ona müvafiq sənədlərin qəbul edildiyini təsdiq edən kiçik həcmli üstündə kod yazılan bildiriş vermiş, həmin bildirişdə sənədlərin hansı tarixdə hazır olduğu, hansı sənədlərin qəbulu, ərizənin kodu qeyd edildiyini bildirmişdir. O, bu işin yenə uzandığından şübhələndiyi üçün həmin bildirişləri yoxlamaq qərarına gəlmiş, bildirişləri yoxladıqdan sonra Raminin onu aldatdığının məlum olmuşdur. Raminin onu aldatdığından əmin olduğu üçün pulu dərhal qaytarmağı tələb etmiş, Ramin pulu qaytarmadığı üçün məcbur olub Raminə BT adlanan quruma şikayət edecəyini demiş, bundan sonra Raminin onun evinə tanış adamlar göndərmiş, pulunu tezliklə qaytaracağı ilə bağlı vədlər vermiş, o da xahiş minnətdən sonra gözləmək qərarına gəlmişdir. O, sonradan Raminin bu qanunsuz işlərini Şahid2 vasitəsilə bir yerdə həyata keçirdiyini öyrənmişdir. Çünki, Kamran adlı şəxs özü ona dəfələrlə zəng edərək “qardaş bəs sənin işin məndədi və narahat olmayın düzələcək”demişdir. Daha sonra Raminin telefonda ona uşağının şəklini göndərərək, uşaq aparata qoşulduğunu demiş, onun da ona təbii ki, insan olaraq yazığı gəlmişdir. Amma bir müddət keçdikdən sonra bu adamın yalan danışdığını və onun pulu ilə özünə cücə ferması tikdiyini başa düşmüşdür. O, bunu bildikdən sonra dərhal şikayət etmək qərarına gəlmiş, Raminin məsələnin ciddiliyini anladığı üçün 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayına kimi onun pulunu hissə-hissə qaytarmağa başlamış və hətta ona bu ferma işindədə ortaqlıq təklif etmiş, o da imtina edərək pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayına kimi onun Raminə verdiyi 62.000 manat puldan 37.000 manatını qaytarmışdır. Onun Təqsirləndirilən şəxs hazırda 25.000 manat pulu qalmışdir. Hazırda şikayətçidir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 10 ilə yaxındır ki, tanıyır, onunla çox yaxın dostluq münasibətləri var. Zərərçəkmiş şəxs Binə qəsəbəsində, Qala yolunun üstündə yerləşən ərazidə torpaq sahəsi olduğunu bilirdi. 2017-ci ildə həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istədiyi üçün, Elşadın yaxın dostlar və tanışlarla əlaqə saxladığını, ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Nərimanov rayonu ərazisində yerləşən BT adlı qurumun işçisi olan Təqsirləndirilən şəxs telefon nömrəsini verdiklərini və Elşadın Raminlə telefonla danışaraq görüşüb torpağına sənəd düzəlmək istədiyini bildirdiyini göstərmişdir. Raminin də özünü Əmlak Komitəsinin işçisi kimi təqdim etdiyi üçün Elşad ona inanaraq “bu adam mənə kömək edə bilər” deyə düşünürdü. Elşadın qısa zamanda torpağına sənəd düzəltmək üçün bu şəxslə razılığa gəlmiş, 2017-ci ilin aprel ayının ortalarında Elşadın Raminlə tanış olandan sonra Təqsirləndirilən şəxs Elşada torpaqlarının sənədlərini düzəldə biləcəyini demişdir. Bundan sonra Elşadın 2017-ci ilin may ayının ortalarında onunla birlikdə Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev 42 D ünvanında yerləşən 33 saylı Azərpoct MMC-nin qarşısına gəlmiş, o, atomobildən düşməmiş, Elşadın isə avtomobildən düşərək Təqsirləndirilən şəxsla 33 saylı Azərpoçt MMC-nin qarşısında görüşmüş və Raminə inandığı üçün 62.000 (altımış iki min) manat pulu orada Raminə vermişdir. Raminlə Elşadın danışığına əsasən Ramin 1 və ya 2 ay ərzində sənədləri hazır edib onlara çıxarış verəcəyini demişdir. Daha sonra iş uzandığı üçün narahat olmağa başlamış, bununla bağlı Elşad Raminə dedikdə, Ramin “narahat olmayın artıq sənədləri Əmlaka verib” deyə bildirmişdi. X15 etibarını qazanmaq üçün guya sənədləri BT adlanan quruma verdiyini və bununla bağlıda Elşada müvafiq sənədlərin qəbul edildiyini təsdiq edən kiçik həcmli üstündə kod yazılan bildiriş verdiyini göstərmişdir. Həmin bildirişdə sənədlərin hansı tarixdə hazır olduğu, hansı sənədlərin qəbulu, ərizənin kodu qeyd edilmişdir. Onlar bu işin yenə uzandığından şübhələndikləri üçün həmin bildirişləri yoxlamaq qərarına gəlmişlər və bildirişləri yoxladıqdan sonra Raminin onları aldatdığı məlum olmuşdur. Elşad Raminin onu aldatdıgına əmin olduğu üçün pulu dərhal qaytarmağı tələb etmiş, şikayət edəcəyini demişdir. Bundan sonra Raminin Elşadın evinə tanış adamlar göndərərək pulunu tezliklə qaytaracağı ilə bağlı vədlər vermiş, Elşadın da xahiş minnətdən sonra gözləmək qərarına gəlmişdir. Amma bir müddət keçdikdən sonra bu adamın yalan danışdığını və Elşadın pulu ilə özünə cücə ferması tikdiyini başa düşmüşdür. Elşadın bunu bildikdən sonra dərhal şikayət etmək qərarına gəlmiş, Raminin məsələnin ciddiliyini anladığı üçün 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayına kimi Elşadın pulunu hissə-hissə qaytarmağa başlamış və hətta Elşada bu ferma işində də ortaqlıq təklif etmiş, Elşadın isə imtina edərək pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayına kimi Elşadın ona verdiyi 62.000 manat puldan 37.000 manatını qaytarmışdir. Elşadın Ramində hazırda 25.000 manat pulu qalib. Həmçinin şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onunla Təqsirləndirilən şəxs arasında üzləşmə baş tutmamışdır. Belə ki, o müstəntiqlə Raminin saxlanıldığı müvəqqəti saxlama məntəqəsinə getmiş, orada Ramin səs-küy saldıgından üzləşmə baş tutmamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 12 il yaxındır ki, tanıyır, onunla dostluq münasibətləri var. 2017-ci ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs ona zəng edərək “Ləhiç bağlarında” torpaq almaq istəyən olduğunu, həmin torpağın sənədləşməsinə köməklik edə bilməsini ondan soruşmuş, o isə Raminə cavabında Ləhiç bağlarının torpaqlarının sənədləşməsinə Dilavər müəllim baxdığını demişdir. Bundan sonra Raminin Dilavər müəllimlə danışıb Ləhiç bağlarında olan torpağa çıxarış düzəltdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs Elşad adlı şəxsdən həmin torpaq sahəsinin çıxarışı üçün nə qədər pul almasını bilmir, Elşad adlı şəxsi ümumiyyətlə tanımır, adını sadəcə Ramindən eşitmişdir. Bir dəfə 2018 və 2019-cu ildə Təqsirləndirilən şəxsla ilə bir yerdə olduqda Raminin telefonuna teztez zəng gəldiyini, bu zaman Raminin ona “mən sənin nömrəni həmin şəxsə verəcəm, sən onunla “Dilavər müəllimin bu işi həll etməsini, narahat olmasın iş düzəlir”deyə bildirdiyini göstərmişdir. O da Raminə etiraz edə bilmədiyini və həmin şəxsin onun telefon nömrəsinə zəng etdiyini, o da həmin şəxslə öz adından, lakin işi Dilavər müəllimin həll etməsini bildirmişdir. O, həmin şəxslə cəmisi bir dəfə danışmış, bundan sonra Təqsirləndirilən şəxs ona “sən şəxsiyyət vəsiqəni mənə ver, mən sənin adına etibarnamə yazdıracam, sən yalnız sənədləri Əmlak Komitəsinə təqdim edərsən” deyə bildirmiş, o da Raminlə dost olduğu üçün Raminə etiraz etməmiş və şəxsiyyət vəsiqəsinin surətini ona vermiş, lakin bunun müqabilində Raminin ona hər hansı bir məbləğdə pul verməmiş, onun adına etibarnamə yazdıraraq təqdim etmədiyi üçün o da bununla heç maraqlanmamışdır. O, sonradan Ramindən həmin şəxsin şikayət edərək onu işdən çıxartdırdığını eşitmişdir. Təqsirləndirilən şəxs Elşad adlı şəxsdən nə qədər pul alması bardə heç bir məlumatı yoxdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş cinayət işinin istintaqını aparan müstəntiq X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işinin istintaqını aparmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı bütün subutları araşdırmış və işi yekunlaşdıraraq ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora vermişdir. Raminin ilkin və son ifadələri arasında ziddiyyət olmayıb. Bu halda işi saxtalaşdırmağa heç bir əsası yoxdur. Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə ararılması üçün Raminin saxlanıldığı müvəqqəti saxlama məntəqəsinə getmişlər, orada Ramin səs-küy saldıgından üzləşmə baş tutmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15 mart 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumlugu olmayan şəxsdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-74/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.3 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2 maddəsinə əsasən işə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İşdə olan Kürdəmir Rayon İHB Muradxan kənd ərazi dairəsi tərəfindən verimiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərazi üzrə müsbət xarakterizə olunur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X3r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X3r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X3r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X3r. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 09 aprel 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus İPHONE 11 Pro Max markarı qara rəngli içərisində ***-***-**-** sim nömrəsi olan mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun Vatsap yazışmaları olan faylına daxil olduqda müəyyən edilən yazışmalarda - Ramin adlı şəxs ***-***-**-** mobil nömrəsindən müxtəlif şəxslərin adına olan order və şəxsiyyət vəsiqələrinin surətlərini ataraq guya torpağa sənəd düzəltməyi yazışmalarda vəd edir, Zərərçəkmiş şəxs Haqqverdi oğlu isə iş düzəlməmdiyi üçün pulunu tələb edir.Həmin yazışmalarda Təqsirləndirilən şəxs pulun qaytarılması üçün vaxt istəməsi, müxtəlif bəhanələr gətirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/1610 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş cinayət işinin 148-153-cü vərəqlərində (cild 1) olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda “Təqsirləndirilən şəxs” adından olan imzaların, xx.xx.2021-ci il tarixli üzləşmə protokolunda (i.v.154- 155, cild 1) “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar və xx.xx.2022-ci il tarixli üzləşmə protokokunda (i.v.254-256,cild 1) “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar- Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/60 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş cinayət işinin 1-ci cildinin 148- 153-cü vərəqələrində olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunun 1ci vərəqəsindəki 2 ədəd imza və 1-ci cildinin 254-256-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli Üzləşmə protokolunun 1-ci vərəqəsində olan imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 148-153-cü vərəqələrində olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunun 2-6-cı vərəqəsində Təqsirləndirilən şəxs adından olan imzalar (7 ədəd imza), 154-155-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli üzləşmə protokolunda Təqsirləndirilən şəxs adından olan 4 ədəd imza və 1-ci cildin 254-256-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli Üzləşmə protokolunun 2-ci vərəqəsində Təqsirləndirilən şəxs adından olan 1 ədəd imza- Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs(şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdikləri xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin, zərərçəkmişin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, himayəsində 4 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-nin 46.2 maddəsinə əsasən- Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə eyni zamanda CM-nin 46.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-nin 46.2-ci maddəsinə əsasən ona 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 02 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 248 (iki yüz qirx səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar