Məhkəmə qərarları › İş №1(005)-282/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-282/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-282/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X6 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Oleqovişin və onun müdafiəçisi Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il hökmü ilə barəsində 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində Nərimanov rayon məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə “Azərbaycan Respublikası ƏN-in PX-nın 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda narkotik vasitə heroin və xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin və xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 14 mart 2024-cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanın qarşısında olarkən, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, daim narkotik vasitələrdən istifadə etsə də, hadisə baş verən günü onun üzərində narkotik vasitə olmamışdır. Daha əvvəl o, bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işləri üzrə özünü təqsirli bilmiş, üzərində narkotik vasitələrin olduğunu və ondan istifadə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs onu gecə saatlarında Post Patrulun 2 əməkdaşı tərəfindən saxlanıldığını və onu Polis Bölməsinə aparıldığını bildirmişdir. Həmin vaxt o, polis əməkdaşları ilə mübahisə etmişdir. Onun üzərində heç bir dövriyyəsi qanunla qadağan edilmiş əşya olmamışdır. Təqsirləndirilən şəxs Polis Bölməsində danışmamış və heç bir ifadə verməmişdir. Təqsirləndirilən şəxs onu saxlayan zaman üzərində heçnə aşkar edilmədiyini bildirmişdir. Onun üzərinə baxış keçirilən zaman bir müdafiəçisi olmuşdur. Təqsirləndirilən şəxs Polis Bölməsində döyülməmək üçün deyilənlərə qol çəkmişdir. Təqsirləndirilən şəxs onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə gəzintidə olarkən ünvan 3 ünvanın qarşısında 1 nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görüb bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin 17-ci PŞnin əməkdaşları olmalarını bildirmiş, bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs danışarkən davranışı, hərəkətləri, bədən quruluşu, gözlərinin formasından onun narkotik maddə audəçisinə bənzədiyindən üzərində narkotik vasitə daşımasından şübhələnib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişdirlər. PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdir. Bu barədə raportla PŞ-nin rəhbərliyinə məruzə etmişdirlər. Daha sonra isə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Sadiq Qasımlmın, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş 25 saylı vəkil bürosunun vəkili X7, tərcüməçi X4 və onun iştirakı ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Mahmud Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli bükümü və bir ədəd ağ rəngli bükümü çıxarıb masanın üzərinə qoymuş, şəffaf olan bükümün içərisində narkotik vasitə heroin olduğunu, ağ rəngli bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Şəffaf büküm açıldıqda içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Ağ rəngli bükümdə isə kristal şəkilli ağ rəngli kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 219 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar və tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümləri xx.xx.2024-cü il tarixdə gecə saatlarında Nərimanov metrosu qarşısında tanımadığı sadəcə adını Emin kimi bildiyi şəxsdən 20 manata əldə etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı psixi və ya fiziki zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru Şahid2 şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli bükümü və bir ədəd ağ rəngli bükümü çıxarıb masanın üzərinə qoymuş, şəffaf olan bükümün içərisində narkotik vasitə heroin olduğunu, ağ rəngli bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Şəffaf büküm açıldıqda içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Ağ rəngli rəngli bükümdə isə kristal şəkilli ağ rəngli kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli büküm və 1 ədəd içərisində kristal şəkilli ağ rəngli kütlə olan büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 219 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar və tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümləri xx.xx.2024-cü il tarixdə gecə saatlarında Nərimanov metrosu qarşısında tanımadığı sadəcə adını Emin kimi bildiyi şəxsdən 20 manata əldə etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı psixi və ya fiziki zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin 01 ədəd ağ rəngli DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyulmuş və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, “WhatsApp Video 2024-03-14 at 13.22.52...” yazısını görmək mümkündür. Fayldakı görüntülər 06 dəqiqə 39 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 01 dəqiqə 11 saniyəsində əynində olan boz rəmgli cins şalvarın sol yan cibindən 02 ədəd bükümü təqdim edir. Aşkar edilmiş 02 ədəd büküm içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilməmişdir. DVD diskə baxış zaman Təqsirləndirilən şəxs görüntüdə üzərində 02 ədəd büküm aşkar edilən edilən şəxsin özü olduğunu qeyd etmiş və həmin bükümlərdən birində “Kakos” adı ilə tanınan heroin, digər bükümdə isə kristalşəkilli maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. DVD disklə bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuşdur. Heç bir şikayət və vəsatət daxil olmamışdır. Düzgün tərtib edilmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 14 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1517 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 219 dairəvi möhür əksi olan “Vət.Təqsirləndirilən şəxs üzərindən” sözləri,soyad və imzalar qeyd edilmiş ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetmindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısma(Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,182 qram, tədqiqata sərf edildi - 0,03 qram, qalıq - 0,152 qram. Heroinin təmiz çəkisi - 0,641 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,591 qram. Ekspertiza xərci 65 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 4(005)-394/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəli 14 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 dair 19 aprel 2024-cü il tarixli, 2522 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni maddə ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş və son olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(005)-23/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş təmiz çəkisi 0,641 qram olan narkotik vasitə heroin və 0,182 qram olan psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 0,591 qram narkotik vasitə heroin və 0,152 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 14 mart 2024-cü il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır.; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri daşıması və məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,641 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,182 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-23/2024 nömrəli, 17 aprel 2024-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin və metamfetaminin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-23/2024 nömrəli, 17 aprel 2024-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış əvvəlki iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspet tədqiqatdan sonra qalan təmiz çəkisi 0,591 qram narkotik vasitə olan heroin, 0,152 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxsnun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar